“Yalnız islahatlar bizi qarşıda qoyulan
hədəflərə yaxınlaşdıra bilər”
Qüdrət
Həsənquliyev: «2014-cü ildə Azərbaycan iqtidarı,
xalqı və siyasi qüvvələri ciddi düşünməlidir
ki, mövcud vəziyyəti necə dəyişmək olar»
«İnsanın
şüuru, dünyagörüşü, həyatı
inkişaf etdikcə, o, mütləq daha demokratik və ali dəyərlərə sadiq ölkədə
yaşamaq istəyir»
«Türkiyənin
bu böhrandan daha güclənmiş
çıxmasını, nəhayət, qardaş ölkənin
öz dünyəvi dövlətçilik modelinə, kursuna
qayıtmasını arzulayıram»
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət
vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat
xidmətinə verdiyi müsahibəni təqdim edirik
- Qüdrət
bəy, yola salmağa hazırlaşdığımız
2013-cü il Azərbaycanda bir sıra
mühüm ictimai-siyasi proseslərlə zəngin olub. Ən əsası
isə bu il daha çox seçki ili kimi
yadımızda qalacaq. Seçkiyə qədər
və seçkidən sonra baş verən proseslərə bir
daha aydınlıq gətirərdiniz.
-2013-cü
il sözsüz ki, Azərbaycanın siyasi
həyatında prezident seçkilərinin keçirilməsilə
əlamətdar oldu. Seçkilər ərəfəsində
bir qədər gərginlik yaşandı. Çünki
ilk dəfə idi ki, Rusiya seçki ərəfəsində
açıq-açığına Azərbaycana təzyiqlər
edirdi. Ancaq sonradan Rusiya prezidenti Vladimir
Putinin Azərbaycana səfəri bu vəziyyəti
köklü şəkildə dəyişdi və ölkədə
stabil, sakit şəraitdə seçkilər keçirildi.
Bu seçkilər həm də onu göstərdi
ki, Azərbaycanda nə iqtidar, nə də Azərbaycan
xalqı ciddi, köklü radikal dəyişiklik istəmir.
İndi aparılan siyasət həm iqtidarı,
həm də xalqı qane edir. Bu il,
eyni zamanda, onunla yadda qaldı ki, Azərbaycan həm Avropa
Birliyi ilə viza rejiminin sadələşdirilməsinə, həm
də ilin sonunda «Şahdəniz-2″ qaz yatağının
istismarına dair sazişlərə imza atdı. «Şahdəniz-2″ qaz yatağının
istismarına dair saziş Azərbaycan üçün
çox önəmlidir. Hətta mən
deyirdim ki, «Əsrin müqaviləsi»nə bərabər bir
layihə idi. 2013-cü il ölkəmiz
üçün müsbət mənada bu hadisələrlə
yadda qaldı. 2013-cü ildə
torpaqlarımızı işğaldan azad edə bilməməyimizi
isə uğursuzluğumuz hesab edirəm. Həm
də torpaqlarımızın 2014-cü ildə azad
olunacağının perspektivlərini də görmürəm.
- Siz hər
zaman hakimiyyəti islahatlara
çağırmısınız. Hecə
düşünürsünüz, islahatlar aparılacaqsa
birinci nədən başlamaq lazımdır?
- Mən
hər zaman söyləmişəm, Azərbaycanı irəli
aparmaq yalnız ölkənin siyasi elitasının üzərinə
düşən böyük bir mənəvi və siyasi məsuliyyətdir.
Çünki xalqımızın cəmiyyəti
dəyişmək, yeni bir mərhələyə keçirmək
üçün yetərincə gücü və
potensialı yoxdur. Xalqımızın o
zaman bəxti gətirə bilər ki, islahatlar yuxarıdan
aparılsın. Bunu düşünən
insanların isə iqtidardan gözləntiləri çox
böyükdür. Təəssüf ki,
iqtidar bu islahatları sürətləndirmir. Prosesləri sanki təbii axarına buraxıb. Əlbəttə düşünürəm ki, Azərbaycanda
sabitliyin qorunub saxlanması, bu sabitlik dinamik olmasa da belə,
müsbət qiymətləndirilməlidir.
Hər zaman söyləmişəm, seçki
kampaniyası zamanı partiyamızın cəmiyyətə təqdim
etdiyi platformada da var ki, Azərbaycan tipli ölkələrdə,
xüsusilə də müsəlman və şərq aləmində
yüz illər ərzində insan haqları, demokratiya və
qanunun aliliyilə bağlı bir mentalitet formalaşıb. Əlbəttə
qısa müddət ərzində bu
dünyagörüşü dəyişmək çox
çətindir. Bu baxımdan
yaranmış vəziyyətə görə bütün
günahları iqtidarın üzərinə qoymaq istəmirəm.
Yalnız islahatlar bizi qarşıda qoyulan hədəflərə
yaxınlaşdıra bilər. Ancaq dediyim
kimi, iqtidar da bu islahatlarda maraqlı görsənmir.
- Bu
gün bölgədə baş verən proseslər necə,
Azərbaycanın xeyrinəmi inkişaf edir? Eyni
zamanda, xarici siyasət kursumuzu uğurlu hesab etmək
olarmı?
- İranda 2013-cü ildə prezident seçkiləri
keçirildi.
Ancaq bu seçkilərin İranın siyasətinin
dəyişməsində rolu olmadı. Rusiyanın
siyasətində də Azərbaycana yönəlik müsbət
dəyişikliklər baş vermədi. Bilirsiniz
ki, Ermənistan həm Avrasiya, həm də Gömrük
İttifaqına qoşulur. Bu isə Ermənistanı
yenidən Rusiyaya daha da yaxınlaşdıracaq. Sözsüz ki, Ermənistanın Azərbaycanın
torpaqlarını işğal altında saxlamağa daha da
şirnikləşdirəcək. Azərbaycanın
xarici siyasət kursunu heç də uğurlu hesab etmirəm.
Çünki faktiki surətdə müharibə
vəziyyətində olan bir ölkə özünə
müttəfiq tapmalıdır. Biz isə
«Qoşulmayanlar Hərakatı»nın
üzvü olmuşuq və özümüz
özümüzü müttəfiqsiz qoymuşuq. Türkiyədəki molla rejimi Azərbaycanın
dünyəvi dövlət olmasından qıcıqlanır.
Yəni, bu gün hakimiyyətdə olan
Ərdoğan hökuməti qıcıqlanır ki, niyə Azərbaycan
onlardakı kimi dini dövlətlə
çulğalaşdırmır. Və Azərbaycanda
hakimiyyət dinin siyasətə bulaşmasına imkan vermir.
Biz bilirik ki, onların siyasi elitasının-fərqi yoxdur
dindarı, ateisti, dünyəvi dövlət tərəfdarı
olsun-Qərb ölkələrilə sıx ilişkiləri
var. Ona görə də Qərb Türkiyəni Azərbaycana
ciddi dəstək verməyə imkan vermir. Əksinə,
Türkiyənin Ermənistanla iqtisadi, ticari əlaqələri
gündən-günə genişlənir. Hətta
onlar diplomatik əlaqələr də qurmaq istəyirlər.
Baxmayaraq ki, Ermənistanın özünün
Türkiyəyə qarşı ərazi və soyqırım
iddiaları var. Yəni, bu baxımdan bizə qardaş olan
ölkə ilə münasibətlərimizdə də problemlər
mövcuddur.
İranda 30 milyondan artıq azərbaycanlı
yaşayır.
Və bu ölkə Şimali Azərbaycanın çiçəklənməsindən
qorxur ki, burada dünyəvi dövlətin qurulması Cənubi
Azərbaycan üçün bir nümunə ola
bilər. Bu baxımdan İran da Dağlıq
Qarabağ münaqişəsinin qorunub saxlanmasında
maraqlıdır və Rusiya ilə bacardıqları səviyyədə
Ermənistana dəstək verirlər. ABŞ
və Fransada güclü erməni lobbisi fəaliyyət
göstərir. Bu ölkələrdə islamafobiya
var və
xristian həmrəyliyi mövcuddur. Belə
faktorlar da bizim əleyhimizədir. Üstəgəl
bizdə qanunun aliliyi və demokratiya ilə bağlı beynəlxalq
təşkilatların verdikləri mənfi rəylər vəziyyətimizi
bir qədər də çətinləşdirir. Ona görə də fikrimcə, 2014-cü ildə Azərbaycan
iqtidarı, xalqı və siyasi qüvvələri ciddi
düşünməlidirlər ki, mövcud vəziyyəti
necə dəyişmək olar. Çox ümid edirəm
və istərdim ki, 2014-cü il Azərbaycanın
tarixində böyük islahatlar ili kimi qalsın.
- Ukraynada
baş verən son proseslərlə bağlı fikirlərinizi
bilmək istərdik. Artıq bilirsiniz ki,
dekabrın 17-də Moskvada Rusiya və Ukrayna prezidentləri
görüşdülər. Və hər
iki ölkə arasında investiya və qaz tariflərinə
dair saziş bağlandı. Həmin sazişə görə,
Rusiya qazının min kubmetri Ukraynaya 268,5 dollara
satılmalı və Rusiya Ukrayna hökumətinin qiymətli
kağızlarına 15 milyard dollar yatırmalıdır. Əldə olunan razılıq və bağlanan
saziş narazı elektoratı sakitləşdirə biləcəkmi?
-
Hazırda bizim daha sıx əməkdaşlıq etdiyimiz
ölkələrdən biri Ukraynadır. Bu
gün Ukrayna uğrunda Avropa ilə Rusiya arasında
açıq savaş gedir. Yanukoviç
Rusiyanın dəstəyilə hakimiyyətə gəlmiş
bir şəxs kimi Ukraynanın Avropaya inteqrasiyasında
böyük bir əngələ çevrilib. Və Rusiya ilə əməkdaşlığa daha
çox meyl edir. Bu da Ukraynada böyük
xalq etirazlarına yol açdı. Ancaq bu
etirazlar bir nəticə vermədi. Bundan sonra da ciddi nəticələr
verəcəyi az gözlənilir. Bilirsiniz, xalqın seçkilər yoluyla hakimiyyəti
dəyişməyi və yaxud prezidentin seçkilər yoluyla
hakimiyyətə gəlməyi hələ o ölkənin
demokratik ölkə olmasına dəlalət eləmir. Türkiyənin timsalında biz bunu gördük.
Yəni, demokratik ölkə o ölkədir ki,
bəli, orada ilk öncə hakimiyyət seçkilər
yoluyla dəyişilir. Ancaq bununla
yanaşı hakimiyyətə gələn iqtidar da xalqın
ona səs verməyən digər hissəsinin-xüsusən
ümummilli və dövlət əhəmiyyətli məsələlərdə-maraqlarını
nəzərə alır. Yəni, demokratik
ölkələrdə ümummilli və dövlət əhəmiyyətli
məsələlər müzakirəyə
çıxarılmamışdan və müəyyən qərarlar
qəbul olunmamışdan əvvəl müxalifətlə
razılaşdırılır. Ancaq Ukrayna
demokratik ölkə olmadığına görə iqtidar
xalqın etirazlarına heç bir əhəmiyyət vermədi.
Rusiya isə əhalinin bir hissəsini sakitləşdirmək
məqsədilə onların böyük məbləğdə
qiymətli kağızlarının alınması öhdəliyini
götürdü, qazın qiymətini az
qala iki dəfə aşağı saldı. Bunlar
sözsüz ki, Ukrayna xalqını sakitləşdirməyə
hesablanmış qərarlardı. Əvvəl
də söylədiyim kimi, iqtidarlar, dövlət
başçıları ya prosesləri sürətləndirə
bilərlər, ya da tormozlayıb gecikdirə bilərlər.
Ancaq proseslərin qarşısını almaq
mümkün deyil. Ona görə də əminəm
ki, həm Ukrayna, həm də gələcəkdə
Rusiyanın özü belə demokratikləşəcək.
Çünki bu, ümumbəşəri bir
prosesdir. Və insanın inkişafına
bağlı olan bir məsələdir. İnsanın
şüuru, dünyagörüşü, həyatı
inkişaf edirsə, dəyişirsə, mütləq daha
şüurlu insanlar daha demokratik, ali dəyərlərə
sadiq ölkədə yaşamaq istəyəcəklər. Bu baxımdan Ukraynanın yolu Avropayadır. Bu gün Avropa dəyərlərin daha çox
qorunduğu bir məkandır. Düzdür
mən demirəm ki, Avropada hər şey idealdır. Ancaq müqayisədə, bu belədir.
- Sizin
Avroasiya və Gömrük ittifaqlarına Azərbaycanın
qoşulmasıyla bağlı fərqli mövqeyiniz var. Bu
gün də həmin mövqedə qalırsınızmı?
- Mənim
fikrimcə, Azərbaycan uzun illərə hesablanmış bir
strateji hədəflər haqqında düşünməkdən
daha çox, öz xarici siyasətini müəyyənləşdirərkən
yaxın hədəfləri önə çəkməlidir. Azərbaycan siyasi elitası, Azərbaycan xalqı
daha çox Avropaya inteqrasiya haqqında düşünmək
əvəzinə, Dağlıq Qarabağı necə azad etməliyik,
yəni ölkənin başlıca problemini necə
çözməlikyik üzərində düşünməlidir.
Bunun üçün yaxın on ildə və
yaxud 50 ildə regionda proseslər necə baş verəcəyini
oturub gözləyə bilmərik. Sovet imperiyası 74 il davam elədi. Biz indi oturub
gözləməliyik ki, Rusiya nə vaxt dağılacaq?
Rusiya hazırda Dağlıq Qarabağ
münaqişəsini nəzarətində saxlayan əsas
ölkədir. Bu gün regionda əsas
söz sahibi nə Amerika, nə də Fransadır. Əsas söz sahibi Rusiyadır. Ona
görə də mən həmişə
vurğulamışam ki, Azərbaycan Rusiya ilə
açıq danışmalıdır və xalqa da
açıq formada deyilməlidir-biz Rusiyaya nə təklif
edirik ki, Rusiya Qarabağ məsələsində ədalətli
mövqe tutsun. Hazırda biz bilmirik ki, Azərbaycan
Rusiyaya nə təklif edir və Rusiyanın cavabı nədən
ibarətdir. Mənim fikrimcə, biz təklif etməliyik
ki, əgər Rusiya Dağlıq Qarabağ məsələsində
beynəlxalq hüquqa söykənən ədalətli
mövqe tutarsa və bəyan edərsə ki, bu problem
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır və
Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü tanımalıdır,
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir,
eyni zamanda, hərbi-siyasi müttəfiqindən də
bunları tələb edərsə, o halda Azərbaycan
Avroasiya İttifaqına da, Gömrük İttifaqına da
qoşula bilər. Azərbaycan hətta
özünün energetika siyasətini, yəni neft, qaz
ixracatçısı kimi özünün bu sahədəki
siyasətini, Rusiya ilə razılaşdıra da bilər.
Həm də sərhədlərin birgə
qorunmasına qədər Azərbaycan gedə bilər. Hesab etmirəm ki, bunlar bizim dövlət suverenliyinin
itirilməsinə gətirib çıxaracaq.
Mən güman eləmirəm ki, hazırda biz
Qazaxıstandan daha çox müstəqil dövlətik. Qazıxıstan
özünün reallıqlarını nəzərə
aldı və prezident Hursultan Hazarbayev çox
ağıllı siyasət yürütdü. O bilir ki, əhalinin
40 faizə qədəri ruslardır və onların da
böyük bir hissəsi Rusiya ilə həmsərhəd ərazidə
yaşayırlar. Və onlar da etnik separatizmi
yaya, ölkənin sabitliyini poza bilər. Qazaxıstan
çox ağıllı siyasət yürüdür və
öz neftini xarici ölkələrə də satır, onlarla
sıx əməkdaşlıq edir və dünyada da kifayət
qədər nüfuzlu ölkələrdən biridir.
-
Türkiyədə baş verən son hadisələrlə
bağlı mövqeyinizi bilmək istərdik.
- Türkiyəni Qərb standartlarına cavab verən demokratik bir ölkə saya bilmərik. Bu ölkədə də həbsdə olan jurnalislər var. Və beynəlxalq jurnalist təşkilatları və insan hüquqlarını müdafiə təşkilatları Türkiyədəki real durumu kəskin tənqid edirlər. Son hadisələr də göstərdi ki, Türkiyə iqtidarının sərgilədiyi davaranış demokratik bir ölkənin davranış tərzi deyil. Belə ki, ortada real korrupsiya faktları var. Ancaq hökumət bu ittihamlara cavab vermək əvəzinə dərin dövlətin və xaricdə oturan hansısa qüvvələrin ölkədə çevriliş hazırlamasından danışır. Əlbəttə, biz də bilirik ki, bu korrupsiya faktlarının ortaya çıxmasında Türkiyənin yürütdüyü xarici siyasətin də rolu var. Mən əminəm ki, bir çox telefon danışıqlarını-hansılar ki, o xüsusi şifrələnmiş danışıqlar olub, onların kodlarını xarici ölkələr yazıb-Türkiyədəki müəyyən güc strukturlarındakı şəxslərə ötürüblər. Bunu tək güc strukturlarına deyil, paralel mətbuata da veriblər.
Burada sözsüz ki, yəhudi lobbisinin də çox böyük rolu olub. Ona görə ki, İsraillə Türkiyənin üz-üzə dayanması, bölgədə Türkiyə onun üçün cızılmış çərçivədən kənar daha iddialı siyasət yürütməsi, məsələn, Misirlə bağlı yanlış bir siyasət ortaya qoyması, Suriya ilə bağlı ilkin dövrlərdə gücünün çatmayacağı bir işə girişib həddindən artıq fəallıq göstərməsi və bu zaman Suriyada prosesləri dalana dirəməsi, eyni zamanda, baş nazir Rəcəb Tayyib Ərdoğanın həddindən artıq avtoritarizmə yuvarlanması, bütün bunlar Türkiyənin həm beynəlxalq imicinə, həm də iqtisadiyyatına çox böyük ziyan vurdu. Artıq Türkiyənin bu korrupsiya məsələsindən sonra itkiləri on milyardlarla dollar hesablanır. Ərdoğan bu gün nazirləri istefaya göndərir, ancaq bunu əvvəldən planlaşdırılmış bir dəyişikliklər kimi cəmiyyətə təqdim edir ki, bu da kökündən yanlışdır. Bugünkü günə qədər Ərdoğanın hələ də korrupsiya faktına münasibət bildirməməsi onu deməyə əsas verir ki, baş nazir özü də bu mövzuya toxunmaqdan çəkinir. Ancaq bütün bunlara baxmayaraq ümid edirəm ki, Türkiyə toplumu güclü bir toplumdur. Türkiyənin bu böhrandan daha güclənmiş çıxmasını, nəhayət, qardaş ölkənin öz dünyəvi dövlətçilik modelinə, kursuna qayıtmasını arzulayıram. Təmizlikdən, düzlükdən danışanlar, ancaq real olaraq həm də bu tipli əmllərlə bizim islam dinimizi gözdən salmasınlar. Ümid edirəm bu, Türkiyə ictimaiyyəti üçün sonuncu dərs olacaq ki, məscid, kilsə, senaqoq, bunların hamısı dövlətdən kənarda tutulmalıdır. Bu zaman həm dinin təmizliyini qoruyub saxlamaq olar, həm də insanların dini dəyərlərə sevgisi, sayğısı daha çox artar. Ancaq insan görəndə ki, bu adam Allahdan, dindən danışır, ibadətlə məşğul olur, sonra haqsız qərarlar qəbul edir, korrupsiyaya qurşanır, bir çox bəd əməllərlə məşğuldur, o zaman insanların dəyərlərə də inamı itir. Onun üçün din mütləq siyasətdən kənarda saxlanmalıdır. Hesab edirəm ki, Türkiyə cəmiyyəti son hadisələrdən nəticə çıxaracaq və din pərdəsinə bürünmüş siyasi qüvvələri bir daha hakimiyyətə buraxmayacaq.
- Azərbaycan xalqına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il arzularınız.
- Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Xalqımıza müdriklik arzulayıram. Bu müdriklik də sözsüz ki, ilk növbədə təhsillə, mütaliə ilə gəlir. İnsanların elmə marağıyla, dünyada baş verən prosesləri öyrənməsilə gəlir. Yalnız belə olan halda insanlar müdrik ola bilər. Təkcə yaşamaqla həyatda müdrik olmaq mümkün deyil. Mariflənməklə, özümüzün fərdi inkişafına çalışmaqla cəmiyyəti irəliyə apara bilərik. Öz intellektimizi artırmaqla cəmiyyətin intellektini artıra bilərik. İntellekti güclü olan cəmiyyət də qarşısında duran problemləri həll etmək gücündə olur.
Allah bizə kömək olsun ki, torpaqlarımızı azad edək və insanlar üçün layiqli həyatı təmin edə biləcək bir dövlət quraq.
Xalq Cəbhəsi.-
2013.- 28 dekabr.- S.3-4.