Yarıda qırılan istedadlı ömür

 

Bəkir Çobanzadənin ədəbi-nəzəri görüşlərində Azərbaycan ədəbiyyatının yalnız doğma Şərq ədəbi-tarixi kontekstində inkişafının mümkünlüyü əsas yer tuturdu

 

Ötən yüzilin 30-cu illərində Sovet imperiyasının qılıncının dalının-qabağının kəsdiyi bir vaxtda repressiyaya tuş gələnlərdən biri də Bəkir Çobanzadədir. Professor Hizaməddin Şəmsizadə bildirir ki, marksist-leninçi ehkamların, ədəbiyyat və sənət haqqında ideoloji sxemlərin milli mədəniyyəti sıxışdırdığı bu dövrdə həmin ehkamlara qarşı Şərq təfəkkürünün yaradıcı suverenliyi ideyasını irəli sürənlərdən birisi Bəkir Çobanzadə olub: «Dərin Şərq təhsili almış B.Çobanzadənin ədəbi-nəzəri görüşlərində Azərbaycan ədəbiyyatının yalnız doğma Şərq ədəbi-tarixi kontekstində inkişafının mümkünlüyü haqqında konsepsiya əsas yer tutur. Həmin konsepsiya mahiyyət etibarilə obyektiv tarixi xarakter daşıyır. XX əsr tarix səhnəsində ilk addımlarını atmağa başlayanda səfalı Krım yaylarında varlıların qoyun sürülərinin arxasınca 13-14 yaşlı yaraşıqlı bir yeniyetmə addımlayırdı. Hamının yalnız çoban kimi tanıdığı muzdur Vahabın heç ağlına belə gəlmirdi ki, varlı balalarının ələ salmaq üçün adı və soyadı ilə deyil, çoban oğlu (Çobanzadə) çağırdıqları təmkinli Bəkir atasının əzablı ömründən yeganə yadigar olan bu kəlməni böyük iftixar hissi ilə daşıyıb, onunla bir araya sığmayan «professor» adı ilə şöhrətləndirəcək. Zamanın və tarixin hökmü başqa imiş. Sonralar «qızıl professor» deyərək onu ittiham edəndə B.Çobanzadə qəzəb və iftixar hissi ilə yazırdı: «Bəli, çoban oğlu çoban: necə ki, siz də «bəy oğlu bəy»siniz. Azərbaycanda sovet ədəbi-nəzəri fikrinin təşəkkülü və formalaşmasında Ə.Nazim, M.Quliyev, Ə.Abid, S.Mümtaz, H.Zeynallı, V.Xuluflu, M.K.Ələkbərli, M.Hüseyn, M.Rəfili, M.Arif kimi görkəmli nümayəndələri sırasında ilk sovet professorlarından Bəkir Vahab oğlu Çobanzadənin xüsusi rolu olub. Görkəmli türkoloq, ədəbiyyatşünas, şair və ictimai xadim B.Çobanzadə 1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində çoban ailəsində anadan olub. 14 yaşında onu birinci sinfə qəbul edirlər. O, istehzalar altında bir il «43 nömrəli şagird» adı daşıyır. Lakin həmin il müddətində o, qeyri-adi istedadı sayəsində bütün məktəb proqramını başa vurub böyük müvəffəqiyyətlə buraxılış imtahanı verir. 1908-ci ildə o zaman Krımda fəaliyyət göstərən Dini Xeyirxahlar Cəmiyyətinin vasaiti ilə oxumaq üçün Türkiyəyə göndərilir. 1914-cü ildə B.Çobanzadə Qalatasaray liseyi «Sultaniyyə»ni müvəffəqiyyətlə başa vurur, paralel şəkildə İstanbul Universitetində ərəb və fars dilləri üzrə ali 3 illik kursu bitirərək, orta məktəb və liseydə bu dillər üzrə dərs demək hüququ qazanır. Həmin il Budapeşt universitetinin tarix-filologiya fakültəsinə daxil olub türk, ərəb və macar filologiyasını öyrənir. 1918-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. 1920-ci ildə isə B.Çobanzadə doktorluq dissertasiyası müdafiə edir. Müxtəlif pedaqoji məktəblərdə Krım-tatar dili və ədəbiyyatından dərs deyir, universitetin dilçilik kafedrasının dosenti seçilir. Krım Xalq Komissarları Sovetində tatar şöbəsinə rəhbərlik edir. 1922-ci ildə B.Çobanzadə Krım Universiteti Şərq fakültəsinin professoru işləyir, türk dillərinin müqayisəli qrammatikasından mühazirələr oxuyur. Bu dövrdə yerli qəzet və jurnallarda fəal çıxış edir, üçüncü çağırış Krım Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilir. 1924-cü ildə Krım Universitetinin rektoru seçilir və həmin il S.Ağamalıoğlu yeni əlifba məsələsi ilə əlaqədar türkdilli respublikalara səfəri zamanı B.Çobanzadəni tapır və onu Bakıya gətirərək sonralar yeni əlifba komitəsinə sədr təyin edir. 1926-cı ilin sonunda o, I Ümumittifaq türkologiya qurultayının təşkilində fəal iştirak edir. 1927-ci ildə S.Ağamaloğlunun təşəbbüsü, SSRİ MİK-nın qərarı ilə Ümumittifaq Mərkəzi yeni türk əlifbası komitəsinin yaradılış plenumunda B.Çobanzadə proqram məruzəsi ilə çıxış edir. Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinə B.Çobanzadə rəhbərlik edir. Onun rəhbərliyi ilə 1930-cu illərədək müxtəlif türkdilli sovet respublikalarında komitənin plenumları keçirilir, yeni əlifba layihələri müzakirə olunur. 1928-ci ildə Moskvada instruktor kurslarında yeni türk əlifbası haqqında məruzələr oxuyur. 1929-cu ildə Azərbaycan SSR XKS Baş elmi idarəsində terminologiya komitəsinə rəhbərlik edir. Onun əsas iş yeri Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi idi. 1924-29-cu illərdə əvvəlcə professor, sonra kafedra müdiri, nəhayət, dekan kimi fəaliyyət göstərir. Bu zaman Azərbaycanın iki görkəmli ədəbiyyat xadimi, böyük yazıçı Y.V.Çəmənzəminli və ədəbiyyatşünas H.Zeynallı türk dili və ədəbiyyatı kafedrasında B.Çobanzadənin rəhbərliyi altında elmi işçi kimi tədqiqat aparırlar. 1929-cu ilin sonlarından B.Çobanzadə Azərbaycan DETİ-də aspiranturanın müdiri işləyir, kadrlar hazırlanmasına rəhbərlik edir. O, 1928-ci ildə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvi seçilir və aspiranturada türkoloji məşğələlərə rəhbərlik edir. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildən isə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilir. Görkəmli Azərbaycan filoloqları M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, Ə.Dəmirçizadə, M.Hüseynzadə və başqaları onun tələbələri olmuşlar. B.Çobanzadə 1935-ci il mart ayının 16-da Paris Dilçilik Cəmiyyətinin üzvü seçilir. O, alman, türk, macar, çex, slovak, polyak, fransız, ərəb, fars, rus, Sovet Şərqi xalqlarının bir çox dillərini bilir, tədqiqatlarında istifadə edirdi. Bəkir Çobanzadə 1938-ci ildə aprel ayının 18-də uzun və ağır işgəncələrdən sonra güllələnir».

Araşdırmaçı Mahmud Allahmanlı bildirir ki, o, barəsində daha çox danışılmalı olan şəxsiyyətlərdəndir. Təəssüf ki, bu ensiklopedik zəka sahibi gərək olduğundan az araşdırılıb: «Bəkir Çobanzadə az yaşadı. Yaşadığı 44 il özü qədər də ağrılarla, əzablarla dolu olan bir ömrün payıdır. Bu 44 ildən sonrakı illər onun mənəvi yaşam dövrüdür. İndi o, taleyinin həmin dövrünü yaşayır. Türk xalqlarının mədəniyyət tarixində mövcud olan tarixi şəxsiyyətlər təkcə mənsub olduqları xalqa deyil, habelə bəşər mədəniyyətinə, onun zənginləşməsinə xidmət ediblər. Bəkir Çobanzadə də belə şəxsiyyətlərəndir. Özünün dediyi kimi o, türk xalqlarında mədəni inqilabın dərinləşməsinə böyük yardımçı olan ziyalıdır. Şeirlərindən birində «Nə mirzə var soyumda, nə aytulu bay, babam bir çoban, anam Yeydabay» deyir. İsmayıl bəy Qasprinski, Həsən Səbri Ayvazov bu tatar balasının belə bir istedada malik olduğunu görüb böyük maraqla qarşılayırlar. Xeyirxah adamların, imkanlı kənd camaatının köməkliyi sayəsində Bəkir Çobanzadə Türkiyəyə yola düşür. Burada bir müddət maddi ehtiyac ucbatından çayçı yanında şagird işləməyə məcbur olur. Sonra «Sultani» məktəbində oxuyur. Həmin vaxt İstanbul universitetində təşkil olunmuş kursda fransız və ərəb dillərini öyrənir. Bununla o, məktəblərdə fransız və ərəb dilindən dərs demək hüququ qazanır. Ona «Sultani» məktəbində oxumağa İstanbuldakı «Krım» tələbə cəmiyyətinin sədri Cəfər Seyid Əhməd yardımçı olur. Buranı müvəffəqiyyətlə qurtaran Bəkir Çobanzadəyə Macarıstanın Peşte Universitetində təhsilini davam etdirmək üçün zəmanət verilir. Çobanzadə həmin universitetin filologiya-fəlsəfə fakültəsini bitirir. Akademik Dyul Nemətin rəhbərliyi ildə 1920-ci ildə «Kodeks-Kommanikus»da zahiri ahəng uyğunsuzluğu və türk dillərində məxrəc bazası problemləri» mövzusundə doktorluq dissertasiyası müdafiə edir».

Həyatının bu dövründən sonra Bəkir Çobanzadənin müstəqil fəaliyyət və yaradıcılıq dövrü başlayır. Mahmud Allahmanlı bildirir ki, Bəkir Çobanzadənin fəaliyyətini bir neçə istiqamətdə araşdırmaq zərurəti var: «Əvvəla, o, dilçi alim kimi neçə-neçə kitab və məqalələrin müəlifidir. «Türk-tatar lisaniyyətinə mədxəl», «Türk-tatar dialektolojisi», «Türk dili», «Türk qrameri», «Elmi qramerin əsasları» və başqaları bu qəbildəndir. İkincisi, Bəkir Çobanzadənin ədəbiyyatın ayrı-ayrı dövrləri və nəzəri problemləri ilə bağlı apardığı araşdırmalarıdır. Son dövr krım-tatar ədəbiyyatı», «Türk ədəbiyyatı» və başqa kitabları bu qəbildəndir». Bəkir Çobanzadənin xalq ədəbiyyatının tədqiqi istiqamətində yazdığı əsərlər də xüsusi diqqətçəkəndir. O, postsovet məkanında türkologiya sahəsində ilk elmlər doktoru, professor olub. Bu adı ona sovet hökuməti verdi bu ittihamla da ona ölüm hökmü oxudu».

Bəkir Çobanzadənin siyasi fəaliyyəti barədə danışan M.Allahmanlı deyir: «Hələ erkən yaşlarından Krım milli firqəsində digər ziyalılar kimi ideoloq olaraq çalışıb. Sonralar Ziya Göyalpın turançılıq düşüncələri ilə bir müddət yaşayıb. Bu, Bəkir Çobanzadənin fəaliyyətinin əsas istiqamətləridir. Onun yaradıcılığının müəyyən bir hissəsini şeirləri təşkil edir».

Bəkir Çobanzadənin həyatının, fəaliyyətinin böyük bir dövrünün Azərbaycanla bağlı olduğunu bildirən M.Allahmanlı daha sonra deyir: «Həyatının sonlarında təhlükəsizlik idarəsinin əməkdaşlarının suallarına verdiyi cavabların birində deyib ki, mən indiyə kimi 150 əsər yazmışam. Onun 100-ü Azərbaycan dilinin, ədəbiyyatının müxtəlif problemləri ilə bağlıdır. Bu, Bəkir Çobanzadənin qədər zəhmətkeş, türkologiyaya, ədəbiyyata yaxından bələd olduğunu təsdiqləyir».

Bəkir Çobanzadənin araşdırmalarının mühüm bir qismini türk xalqları folklorunun təşkil etdiyini deyən M.Allahmanlı alimin bu sahədə gördüyü işləri belə ümumiləşdirir: «Bəkir Çobanzadə xalq ədəbiyyatının mənşəyi, spesifikası, janr xüsusiyyətləri haqqında da maraqlı mülahizələr yürüdüb. Xalqın ağrılarını, əzablarını yaşayan bu şəxs onun etnoqrafiyasına, mədəniyyətinə dərindən bələd olub. Bu səbəbdən Bəkir Çobanzadənin mülahizələri olduqca səmimi inandırıcı görünür. O, bədii sözü insanın ilk yaradıcılıq uğurlarından hesab edir. Bu ilkinliyin müəyyən çaları bu ya digər formada zəmanəmizə qədər gəlib çatıb. O, yazılı abidələrin ilkin nümunələrinə xüsusi diqqətlə yanaşır. Bu baxımdan Orxon-Yenisey abidələrinə, «Kitabi-Dədə Qorqud» dastanlarına daha çox diqqət yetirir. Eyni zamanda bu nümunələr həmin dövrün ədəbi düşüncəsini əks etdirən fakt kimi dəyərləndirilir. Bəkir Çobanzadə «Kitabi-Dədə Qorqud» dastanlarına təkrar-təkrar müxtəlif münasibətlərlə müraciət edib. Bunlardan biri müəllifin Firdovsinin 1000 iliyi münasibətilə yazdığı «»Şahnamə» dünya epik ədəbiyyatı» məqaləsidir. Müəlif bu yazısında «Dədə Qorqud» haqqında mülahizələrini ümumiləşdirir bir çox maraqlı qənaətlərə gəlib çıxır. Düzdür, məqalənin mahiyyətində «Şahnamə» dayanır. Burada müəllifin apardığı paralellər orijinallığı ilə diqqəti cəlb edir. «Şahnamə» İran şahlarının dastanı olduğu halda «Dədə Qorqud» Oğuz xanlarının dastanıdır» — deyən araşdırmaçı onları ardıcıllıq baxımından da müqayisə edir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 1 fevral.- S.14.