«Rəssam və zaman»

 

Sənəntşünas Mürsəl Nəcəfovun elmi yaradıcılıq fəaliyyətinin xeyli hissəsini XX əsr Azərbaycan incəsənəti təşkil edir. Yarım əsrdən artıq bir dövrdə o, onlarla maraqlı, aktual tədqiqatlar aparmış, müxtəlif mövzularda yüzlərlə məqalə, esse, oçerk yazmışdır. Sənətlə bağlı məktubları, gündəlikləri də var. Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfovun «Rəssam və zaman» kitabı görkəmli rəssam və heykəltəraşlarımızın bir növ yaradıcılıq portretlərindən ibarətdir. Burada müəllif, dəsti-xəttinə yaxşı bələd olduğu, inkişaf yollarını müntəzəm izlədiyi fırça və tişə ustalarının yaradıcılığını təhlil edib dəyərləndirmişdir. Kitabda toplanmış ayrı-ayrı sənətkarlara həsr olunmuş portret-oçerklər bütövlükdə Azərbaycan rəssamlıq sənəti haqqında gözəl təsəvvür yarada bilir.

Kitabın əvvəlində sənətin keçmişinə boylanan sənətşünas-alim Azərbaycan dilində nəşr olunmuş ilk şəkilli satirik məcmuə olan «Molla Nəsrəddin» jurnalının rəssamlarından söz açır. Azərbaycanın görkəmli ədib və şairlərilə bir sırada jurnalın fəaliyyətində təmənnasız iştirak etmiş görkəmli rəssamların fəaliyyətini yad edən rəssam, eyni zamanda «Molla Nəsrəddin»çi rəssamların Azərbaycanda satirik qrafikaillüstrasiya sənətlərinin inkişafındakı rolunu qiymətləndirir, onlara milli incəsənətimizin tarixində layiqli yer verir.

Alimin «Rəssam və zaman» kitabında istedadlı rəssam Nəcəf Rasim haqda verdiyi məlumat xüsusi maraq doğurur. Nəcəfovun təsadüf nəticəsində aşkar etdiyi Nəcəf Rasimin iki mənzərə janrında işlədiyi əsərlərin tədqiqi zamanı rəssamın həyat və yaradıcılığına aid maraqlı faktlar üzə çıxarmış, onun maraq dairəsini, üslub xüsusiyyətlərini, fərdi manerasını, dəst-xəttini müəyyən etməyə nail olmuşdur.

M.Nəcəfov sehrli fırça ustası Səttar Bəhlulzadənin sənətinin vurğunu idi. Uzun müddət rəssamla bərabər ölkəni qarış-qarış gəzən alim onun yaradıcılığına yaxından bələd idi, xasiyyəti, vərdişləri, metodlarından da xəbərdar idi. Rəssamın qeyri-adi yaddaşından heyrətə gələn sənətşünas onun görmə yaddaşını da qeyd edir, eyni zamanda Səttarı özünə qarşı diqqəti xoşlayan adam kimi yadda xatırlayır.

Rəssamlar adətən ən kiçik rəsmlərini belə qoruyub saxlamağa çalışırlar. Onlardan bir çoxu öz əsərlərindən ayrıla bilmir. Səttar Bəhlulzadə isə «xəsislik» eləmirdi. Nəinki rəsmlərini, hətta iri ölçülü mənzərələrini, natürmortlarını dostlarına, tanışlarına bağışlayırdı. M.Nəcəfovu istedadlı fırça ustasının bu xüsusiyyəti valeh edirdi.

Xalq rəssamı Maral Rəhmanzadənin çoxşaxəli yaradıcılığını tədqiq edərkən professor M.Nəcəfov onun xüsusi olaraq dəzgah qrafikasında yaratdığı əsərlərə böyük dəyər verirdi. Rəssamın işıq və kölgə elementlərindən məharətlə faydalandığını qabardan alim, onun müasir həyata, zəhmət adamlarının fəaliyyətinə həssaslığını və tükənməz müşahidə qabiliyyətinə malik olduğunu qeyd edir. M.Nəcəfov bir tənqidçi kimi M.Rəhmanzadənin 1948-ci ildə yaratdığı bir avtolitoqrafiya seriyasının təsvir formalarının kamilliyi cəhətdən qüsurlu hesab edərək, kompozisiyalarda rəsm xətalarına yol verildiyini göstərmişdi. O vaxt tənqiddən bərk inciyən Maral xanım, özünə söz veribmiş ki, yeni dəniz mədənlərində əməlli-başlı işləməsə, neftçilərin həyatını, əməyini, məişətini dərindən öyrənməsə, evə qayıtmayacaq. Sözünün üstündə duran Rəhmanzadə Neft daşlarında neçə müddət qalır və nəticədə rəssamın «Bizim Xəzərdə» silsiləsi meydana gəlir. Avtolitoqrafiyaların əksəriyyəti Neft daşları üçün xarakterik olan mənzərələrin təsviridir. Bununla belə, litoqrafiyalara baxanda, adamda romantik gözəllikdən doğan bir əhvali-ruhiyyə oyanır. Eyni zamanda Neft daşlarında rəssam yalnız romantik təbiət təsvirlərinə aludə olmayıb, açıq dənizdə bu əzəmətli gözəlliyi yaradanların — estakada quraşdırıcılarının və qazma ustalarının fədakar əməyi ilə maraqlanmışdır, onları hər yerdə — estakada üzərində və katerdə, yeməkxanada və tənha buruqda izləmişdir. Beləliklə, görkəmli sənətşünas-alimin tənqidi çıxışları M.Rəhmanzadəni öz üzərində daha çox işləməyə, dəst-xəttini cilalamağa sövq etmişdi.

M.Nəcəfov rəssam Tağı Tağıyevin sənət yollarına nəzər salmış, yaradıcılığını araşdırmışdır. Portretlər qalereyası yaratmış Tağı Tağıyevi professor psixoloji surətlər yaradıcısı kimi təqdim edir. Həqiqətən, «Bəhruz Kəngərli», «Səttar Bəhlulzadə», «Qarayanız qız», «Qaynaqçı» və başqa əsərlərlə sərgilərdə iştirak edən rəssam surətlərin daxili aləmini və zahiri cizgilərini canlandırmaq üçün bədii forma komponentlərindən səmərəli istifadə etmişdir. T.Tağıyevin portretləri haqqında mülahizə yürüdən alim onun «Afrika silsiləsi»ndən olan bir neçə əsərini xüsusi qeyd edir. «Afrika qızı», «Gitara çalan zənci» və s. əsərlərində Nəcəfov istedadlı rəssamın müstəsna müşahidə qabiliyyətini, görüb-götürmək bacarığını nümayiş etdirdiyini bildirir.

Müəllif «Gözəllik aləminə səyahət» kitabında (1973, 1985) oxuculara sənətkar və sənət inciləri haqqında yığcam məlumat verir. O, doğma Azərbaycan torpağındakı memarlıq abidələrini, Bakı muzeylərində cəmlənmiş sənət əsərlərini dünya incəsənətinin kamil örnəklərilə bir sırada qiymətləndirərək «səyahətə» respublikamızın paytaxtı Bakı şəhərindən başlayır. Azərbaycan ərazisində aşkara çıxarılmış ən qədim nümunələrindən olan Qobustan qaya təsvirləri nəinki tarixçiləri, arxeoloqları və rəssamları maraqlandırır, hətta Azərbaycandan çox-çox uzaqlardan Bakıya gələn sənət adamlarını, alimlərin, gənc mütəxəssislərin və tələbələrin diqqətini özünə cəlb edirdi. M.Nəcəfov Bakıya gəlmiş xarici qonaqlarla, Sovet İttifaqının müxtəlif respublikalarından gələn həmsənətləriylə dəfələrlə Qobustana səfər etmiş, burada tapılan maddi-mədəniyyət nümunələri haqqında adı çəkilən kitabında ətraflı məlumat verir.

Məlumdur ki, milli mədəniyyətimizin çoxəsrlik, zəngin tarixini öyrənmək, incəsənətimizin yüksəlişini öz gözü ilə görmək istəyən hər bir şəxs, əsrlərdən bəri günlərimizə kimi gəlib çıxmış mədəniyyət abidələrinə — qaya təsvirlərinə, binalara, daş oymalara yerində baxmaqla kifayətlənə bilməz. O, həm də muzeylərimizə bələd olmalıdır. Ona görə ki, arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi-mədəniyyət nümunələri, nadir əlyazmaları və incəsənət əsərləri muzeylərdə qorunub saxlanır. Bizim muzeylərdə Azərbaycan mədəniyyətinin bütün sahələrinə aid zəngin material toplanmışdır. Professor Nəcəfov Azərbaycanın paytaxtını muzeylər şəhəri adlandırır və Bakıda cəmləşən bir sıra muzeylər arasında R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaranma tarixi, burada toplanan nadir sənət incilərindən söhbət açır. Məlum olur ki, muzey insanların, xüsusilə gənc nəslin estetik tərbiyəsi sahəsində səmərəli tədbirlər həyata keçirir. İncəsənət aləminə nüfuz etmək, Azərbaycan, rus, Qərbi Avropa, İran, Hindistansair ölkələrin incəsənətinə bələd olmaq istəyən hər bir bakılı, azərbaycanlı bizim İncəsənət muzeyinin kolleksiyalarını da görməlidir. Alim hamıya Bakının meydanlarını və parklarını bəzəyən monumental abidələrə, gözəl memarlıq nümunələrilə yaxından tanış olmağı, bu abidələrin, binaların yaradıcıları haqqında zəngin məlumat əldə etməyi də məsləhət görür.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 2 fevral.- S.15.