Qafqaz türklərinin tarixini əks etdirən mənbə

 

 «Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri» əsəri maraqlı məlumatlarla zəngindir

 

Türk xalqlarının tarixi, mənşəyi, mədəniyyəti, folkloru, psixologiyası və sairlə bağlı indiyə kimi çoxsaylı mənbə və materiallar nəşr olunub oxuculara çatdırılsa da, elələri də var ki, əvvəllər bəzi siyasi, hərbi və digər baxımdan dövriyyəyə daxil edilməyib. Bu isə xalqların tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsində bəzi qaranlıq məqamların sona qədər aydınlaşdırılmasında yardımçı ola bilməyib. Bu baxımdan XIX əsrin 30-cu illərinin əvvəllərindən başlayaraq rus hərbi xidmətində və Qafqazda işləmiş əslən almaniyalı mühəndis-topoqraf İohann Blaramberqin bu regionda yaşayan xalqların həyatına,

coğrafiyasına, tarixinə, etnoqrafiyasına həsr etdiyi «Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri» əsəri Qafqazda yaşayan digər xalqlarla yanaşı, həm də türk xalqlarının altı-kəsək (tatar-türk), qaraçayların, bassianların (malkarların), kumukların tarixi, coğrafi və etnoqrafik həyatından maraqlı məlumatlarla zəngindir.

Planetin kifayət qədər unikal regionlarından biri olan Qafqaz daim missioner, səyyah və alimlərin diqqətini cəlb edib. Qafqazda yaşayan xalqların əcdadları haqqında ilk məlumatlar hələ e.ə.VI-I əsrlərə aid olub, yunan və Roma müəlliflərinin əsərlərində yer alsa da, sonrakı dövrlərdə (V-X əsrlər) Bizans, ərəb müəlliflərinin əsərlərində, rus salnamələrində, daha sonralar Rəşidəddinin, Əl-Ömərinin, Qərbi Avropa müəlliflərinin (Vilhelm Rubruk, Plano de Karpini) və digərlərinin əsərlərində tapırıq. XVII-XVIII əsrlərə aid salnamə və diplomatik sənədlərdə də Qafqazda yaşayan xalqlar, o cümlədən türk qövmləri haqqında xeyli məlumatlar yer almaqdadır.

XVIII əsrdə Rusiyada hərbi xidmətdə olmuş alman İohann Qustav Herber 1728-ci ildə hökumət tapşırığı ilə Qafqaza gəlmiş və burada yaşayan yerli əhalinin həyatının təsvirini vermişdi. Təxminən eyni missiyanı Pavel Sergeyeviç Potyomkin XVIII əsrin ikinci yarısında yerinə yetirmişdi. Yenə də rus hərbi xidmətində olmuş milliyyətcə alman akademik İohann Anton-Güldenştedt 1770-1773-cü illərdə Rusiya Elmlər Akademiyasının tapşırığı ilə Qafqazda olmuş, noğaylar, qaraçaylar, malkarlar və eləcə də qeyri-türk xalqları haqqında yığdığı materiallar Sankt-Peterburqda 1809-cu ildə nəşr olunmuşdu. XVIII əsrdə akad. Pyotr Simeon Pallas Rusiya Elmlər Akademiyasının həqiqi üzvü kimi 1793-1794-cü illərdə Astarxan Şimali Qafqaz və Krım ərazilərinə səyahət etmiş, maraqlı məlumatlar toplayıb nəşr etdirmişdi.

XIX əsrin əvvəllərində yenə də Rusiya Elmlər Akademiyasına dəvət edilən Henrix Julius Klaprot Qafqazın etnoqrafiyası, təsərrüfat həyatı, sosial-siyasi quruluşu, xarakter və adətləri ilə bağlı məlumatlar vermişdi. Qafqaz xalqlarının tarixinin və etnoqrafiyasının öyrənilməsinə bu dövrdə maraq göstərənlər sırasında S.Bronevski və İ.Debunun da adı qeyd olunmalıdır. Qafqazda yaşayan xalqlara olan belə maraq həm də XIX əsrdə Rusiyada nəşr olunan qəzet və jurnallarda özünə geniş yer alırdı. «Kavkaz», «Oteçestvennıye zapiski», «Literaturnaya qazeta», «Voennıy jurnal», «Severnaya pçela», «Vestnik Yevropı», «Panteon», «SMOMPK» və başqalarında burada illər boyu yaşamış xalqların həyatının müxtəlif tərəflərini əks etdirən məqalə və materiallar çap edirdi.

Bununla belə Qafqazda yaşayan xalqlar, o cümlədən türklər haqqında XIX əsrin 30-cu illərinə aid maraqlı məlumatları İ.Blaramberqin yuxarıda adını çəkdiyimiz əsərində görürük. İ.Blaramberq 1800-cü ildə Frankfurtda müflisləşmiş zadəgan ailəsində dünyaya göz açıb. Atası Flamandiyalı, anası alman qızıdır. Anasını 2, atasını 12 yaşında itirmiş İohann əvvəl xüsusi Offenbaxdakı və Frankfurtdakı pansionlarda 4 yaşından təhsil alıb, 1820-ci ildə isə Gessen Universitetinin hüquq fakültəsinə daxil olub. Atasının kiçik qardaşı hələ 1804-cü ildə Rusiyaya gəlib mayor rütbəsi alaraq Novorossiya Dairəsinin Gömrük Müfəttişliyində xidmət edərkən Odessada yaşayan dövrlərdə Şimali Qara dəniz sahillərinin arxeologiyası ilə məşğul olub. Əmisinin Rusiyada yaşaması İohannı da bura cəlb edib və o, hüquq üzrə magistr dərəcəsi aldıqdan sonra Rusiyaya gəlib. Əvvəl Moskvada əmisi oğlanları Fransua və Teodora de Kurtenegildə qalarkən bir sıra Avropa dillərini yaxşı bilsə də, burada rus dilini mükəmməl öyrənib və rus təəbəliyini qəbul edib İvan Fyodroviç Blaramberq kimi vətəndaşlıq alıb.

Qeyd edək ki, İ.Blaramberqin Qafqaza marağının da öz səbəbləri var. Belə ki, hələ 1828-ci ildə imperator I Nikolay Hərbi Nazir qraf A.İ.Çernışova Qafqazda yaşayan dağlı və köçəri xalqlar haqqında materiallar toplusunun hazırlanması haqqında əmr vermişdi. Hərbi nazir də öz növbəsində Baş Qərargah vasitəsilə Xüsusi Qafqaz Korpusunun baş komandanı İ.F.Paskeviç-Yerivanskiyə əmr etmiş, o isə öz növbəsində dörd zabit Zubov, Bartenov, İskritski və Novitskiyə Qafqazın müxtəlif ərazilərindən məlumatların yığılmasından sonra onları polkovnik Qalyaminə sistemləşdirməyi tapşırmışdı.

Tiflisdən hərbi nazir qraf A.İ.Çernışova 14 aprel 1832-ci ildə yazdığı məktubda İ.Blaramberq Qafqaz xalqlarının təsvirini vermək məqsədi ilə öz xidmətini təklif etmişdi. Təklif qəbul olunmuş və həmin ilin sentyabrında Sankt-Peterburqa xidmətə köçürülərkən İ.Blaramberq təklif etdiyi əsərin proqramını Baş Qərargah Departamentində general-adyutant Neydqarta təqdim etmişdi. Proqram generalın xoşuna gəlmiş və o, bildirmişdi ki, təklif olunan əsər hərbi baxımdan mühüm və səmərəli olması ilə yanaşı, həm də elmi nöqteyi-nəzərdən maraqlılığına baxmayaraq, orada təqdim olunmuş materialların əksəriyyəti ölkəyə məlum deyil. Beləliklə, 1833-cü ildə gərgin zəhmət sayəsində kapitan İ.Blaramberq Hərbi Nazirliyə əsərinin birinci hissəsini fransız dilində təqdim edir. Bu fundamental əsərin birinci hissəsi 348, ikinci hissəsi isə 574 səhifədən ibarət olur.

Hərbi nazir A.İ.Çernışov əsəri oxuduqdan sonra bu barədə imperator I Nikolaya məlumat verir. Əsərlə tanış olduqdan sonra imperator İ.Blaramberqi 3 min rublla mükafatlandırır və başlanmış işi davam etdirməyi məsləhət bilir. Əsər əlyazmasında general-feldmarşal İ.F.Paşkeviçə I Nikolayın götərişi ilə qeyd və iradlar üçün göndərilir. İ.F.Paşkeviç əsərlə tanışlıqdan məmnun olmaqla bu əsərə qədər Qafqazın belə ətraflı təsvirinin mövcud olmadığını bildirir. Blaramberq birinci hissənin hər iki cildini Paşkeviçin qeydlərini nəzərə almaqla işləyir, onu yeni məlumatlarla zənginləşdirir. 1834-cü ilin noyabrından isə ikinci hissə üzərində işə başlayır. 1835-ci ildə Baş Qərargahda general-kvartirmeyster işləyən general-leytenant Şubert İ.Blaramberqə onun əsərinin imperator tərəfindən müsbət qarşılandığını söyləyir. İkinci hissə də İ.F.Paskeviçə rəyə göndərilir. Qafqazın ikinci hissədəki təsvirinə görə ştabs-kapitan Blaramberq 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə və 1500 rublla mükafatlandırılır. Bununla belə Qafqaz xalqlarının ictimai-mədəni həyatına həsr olunmuş bu kitab, təəssüf ki, nəşr olunmur və o arxivdə «tam məxfi» qrifi altında saxlanılmağa verilir. İ.Blaramberqin əsərinin əhəmiyyəti ondan ibarətdir ki, o digər əsərlərlə yanaşı hərbi tarixçi N.F.Dubrovin tərəfindən «Qafqazda müharibə tarixi və rusların hökmranlığı» kitabının yazılmasında geniş istifadə olunur.

İ.Blaramberqin səriştəli tədqiqatçı olduğu nəzərə alınaraq, 1835-ci ildə o, məşhur Q.S.Karelin ekspedisiyasının tərkibinə daxil edilir. Ekspedisiyanın məqsədi Xəzər dənizinin şərq sahillərinin ticarət əlaqələrini genişləndirmək məqsədi ilə tədqiq edib sahilyanı xalqlarla yaxından əlaqələr qurmağa istiqamətlənmişdi. İ.Blaramberqin topladığı materiallar «Rus Coğrafiya Cəmiyyətinin qeydlərində» əksini tapır və tədqiqatçı 1845-ci ildən bu Cəmiyyətin həqiqi üzvü olur.

XIX əsrin 50-ci illərində İ.Blaramberqin fəaliyyətinin ən mühüm tərəflərindən biri «Coğrafiya» cəmiyyətinin iclaslarında yaxından iştirak etməsi və onun rəhbərliyi altında «Avropa Rusiyası xəritəsi»nin hazırlanmasıdır.

1867-ci ildə istefaya çıxdıqdan sonra İ.Blaramberq Simferopol yaxınlığında Çorqundakı malikanəsində ömrünün sonuna qədər yaşayır. Coğrafi istiqamətli məqalələri tərcümə edərək «Hərbi məcmuə» və «Rusiya əlili» jurnalında nəşrə hazırlayır, tanınmış Avropa alimləri — topoqraflarla yazışır. Onun «Həyat haqqında xatirələr» əsəri Berlində alman dilində üç cilddə çıxmaqla məhz İ.Blaramberqin bütün ömrü boyu apardığı çoxsaylı gündəlik qeydlər əsasında işıq üzü görür.

İ.Blaramberqin vaxtı ilə işıq üzü görməmiş «Qafqazın… təsviri» kitabı bu regionda yaşayan xalqların tarix və etnoqrafiyasını əks etdirmək baxımından yararlı mənbədir. Lakin eyni zamanda bu da nəzərə alınmalıdır ki, İ.Blaramberq mənşə etibarı ilə zadəgan köklərə məxsus olduğundan onun əsərinin rəsmi zadəgan-monarxiya tarixşünaslığı mövqeyindən yazıldığını da nəzərdən qaçırmaq olmaz. Əsəri oxuduqca bəzi məsələlərin şərhində müəllifin tendensioz dəyərləndirmə metodikasını da hiss etməmək mümkün deyil. Az qala iki əsrə yaxın zaman kəsiyində əlyazması şəklində qalıb, bu mənbəni XX əsrin 80-ci illərində qafqazşünas İ.M.Nəzərova rus dilinə çevirməklə onu geniş auditoriyaya çatdırıb. Tərcüməçi iş prosesində əsər müəllifinin imla manerasını və əsərin üslubunu, özünün qeyd etdiyi kimi, qoruyub saxlamağa çalışıb. İ.Blaramberqin «Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri» əsərinin ikinci hissəsində çərkəz, kabardin, osetin və svanlarla yanaşı, altı-kəsəklər, tatar (türk) qəbilələri, qaraçaylar, bassianlar; üçüncü hissədə isə Qafqaz dağlarında yaşayan gürcü qəbilələri və mıçkizlərlə (çeçen) bağlı materiallar təqdim olunub. Kitabın adında əks olunmuş məsələlər onun məzmununda da kifayət qədər öz əksini tapır. İ.Blaramberq əsərində daha çox tatar etnonimindən istifadə edir və türk qəbilələrini də məhz «tatar» adı altında göstərir. Məsələn, İ.Blaramberq adını çəkdiyimiz əsərinin 288-ci səhifəsində Şimali Qafqazın ətəklərində qismən yerləşmiş Donquzlu və Camış çayın mənbələrinə yaxın köçəri tatar qəbilələrindən danışarkən noğaylar sırasında kazbulat, qıpçaq, manqut (qaraqalpaqlarda manqıt), canıbulat, yedisan, yedişgül, novruzlu və mansurlular haqqında məlumat verir. Eyni zamanda noğayların bu ərazilərə (həm də Dnepr və Dnestrə) kimlər tərəfindən və hansı şəraitdə yerləşdirildiyi ilə yanaşı, həm də noğay qəbilələrinin tarixinə ekskurs edir. Kitabın «Noğaylar haqqında qısa tarixi oçerk» hissəsində coğrafi vəziyyət, təbiət, çaylar, Qafqaz quberniyasının Kuban, Terek və Kuma çayları arasında köçəri həyat tərzi keçirən noğay qəbilələri, yedisanlar, qaranoğaylardan söhbət açarkən əhalinin sayı, mansurlular, novruzlular, noğayların zahiri siması və dili, dini, yaşayışları, qida məhsulları, xarakterləri və s. haqqında danışılır.

 

 

Nizami Tağısoy,

professor

 

Xalq Cəbhəsi.- 2013.- 5 fevral.- S.14.