Həbib Sahirin Azərbaycan dərdi
«Farslaşan ağalar
satdılar gözəl yurdumu»
XX
yüzildə Güney Azərbaycanın milli ruhunun, milli
şüurunun oyanmasında, inkişaf etməsində
özünəməxsus xidmətləri olan şairlərimizdən
biri də Həbib Sahirdir. Araşdırmaçı Əli
Şamil bildirir ki, kiçik Həbib gözünü
açıb dünyanı dərk etmək istəyəndə
doğma yurdunu döyüş meydanı kimi gördü:
«Konstitusiya tərəfdarlarına divan tutulurdu. Xalq ayağa
qalxmışdı. İrticaçılara qarşı
baş qaldıran etiraz hərəkatına Səttarxan və
Bağırxan kimi cəsur insanlar rəhbərlik edirdi. Şəhərin
küçələri döyüş meydanını
xatırladırdı. 5 yaşlı Həbibin gözü
qarşısında Səttarxan kiçik dəstəsiylə
evlərin üzərindəki təslimçilik əlaməti
olan ağ bayraqları vurub yerə sərirdi. 9 yaşında
isə Təbriz mücahidlərinə Tehranda divan
tutulduğunu, xalqın Sərdari-milli
adlandırdığı Səttarxanın
yaralandığını və bir neçə il sonra vəfat
etdiyini eşidir».
Atasını
çox erkən itirən Həbib ilk təhsilini mollaxanada
alıb: «Təhsildə yaşıdlarından fərqlənir.
Ədəbiyyata daha çox maraq göstərir. 17
yaşında isə o, Təbrizdə Şeyx Məhəmməd
Xiyabanının qurduğu qısa ömürlü
Azadıstan hökumətinin qan içində
boğulduğunun şahidi olur. Başa düşür ki,
azadlıq mübarizəsi yalnız silahlı müqavimətlə
uğur qazana bilməz. Bunun üçün xalqın
savadlanması, dünyagörüşünün
formalaşması da vacibdir. Odur ki, özünün
savadlanması qayğısına qalmaqla yanaşı
xalqının maariflənməsi üçün də əlindən
gələni əsirgəmir: «İstanbul Universitetində tarix
və coğrafiya fakültəsini bitirdikdən sonra Azərbaycana
qayıdır. Türk və fransız şeirilə
yaxından tanış olan Həbib Sahir İrana
döndükdən sonra Rüfətlə yaxından
tanış olur və özünü onun şagirdi hesab edir.
Azərbaycanın istedadlı şairi Tağı Rüfət
Fransada təhsil almış və çağdaş
fransız şeirini örnək götürərək
şeirdə yeniliyi, çağdaşlığı və sərbəstliyi
müdafiə edirdi. O, fransız poeziyasına dayanaraq fars
dilində sərbəst şeirlər yazırdı. Bu gün
çağdaş və sərbəst fars poeziyasının
atası sayılan Nima Yüşic (Əli İsfəndiyari)
Tağı Rüfətdən bir neçə il sonra sərbəst
şeir yazmağa başlayıb. İranda sərbəst
şeirin əsaslarını qoyan, ədəbiyyata Avropa
metodlarını gətirən Tağı Rüfət ilə
dostluq Həbib Sahiri İranda yenilikçi hərəkatın
öncüllərindən birinə çevirir. O, Lamartinin məşhur
«Göl» poemasını Azərbaycan Türkcəsinə tərcümə
edir. Gənc Həbib sərbəst şeiri əvvəllər
ustadı Rüfət kimi farsca yazmağa
başlamışdı. Amma onun bu yabançı dildə
yazmağı çox çəkmir. Tağı Rüfət
millətimizə qarşı edilən zülmlərə, ədalətsizliyə
və həqarətə dözməyərək intihar
etmişdi».
Araşdırmaçı
bildirir ki, Pişəvərinin rəhbərliyi ilə qurulan
Azərbaycan Milli Hökumətinin apardığı islahatlar
və həyata keçirdiyi tədbirlər Həbib Sahirə
güclü təsir göstərir: «O, bütün
gücü ilə ana dilində yazıb-yaratmaqla yanaşı
yad dillərə yazanlara qarşı mübarizəyə
başlayır. Ona görə də farsca yazan bir sıra Azərbaycan
şairlərini kəskin tənqid edərək deyirdi:
Yada qul ol
Dərdə
alış
Farsca
danış…
Əsirliyi,
dərvişliyi
Təlqin
elə uşaqlara
İnansınlar
türrahata…
Milli
hökumət Tehran ağalarının qanlı əlləri
ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi
məktəbdən qovularaq sürgünə göndərilmişdi.
Ustadın sürgünə həsr olunan poemasından bir
parça:
Hava soyuq
axşamüstü
bir qafilə yola düşdü.
Öz
yurdundan qovulanlar,
Dar dibindən
qurtulanlar,
Öz
dilində qəzəl yazan,
Özün
azad insan sanan
Qoşuldular
o karvana…
Azərbaycan
Milli Hökuməti devriləndən sonra şah rejiminə
qulluq edən Azərbaycan türklərinə belə
yazır:
Xarabazar
eylədi
Od
diyarını, əfsus,
Quru və
isti diyardan
Axıb gələn
ordu
Elim əsir
olaraq oymağım köçüb getdi.
Və
farslaşan ağalar satdılar gözəl yurdumu.
Ustad Həbib
Sahir «Mən əsir ellərimin şairiyəm» şeirində
Güney Azərbaycan ziyalısının faciəsindən
yazır, Azərbaycan türklərinin bir millət kimi
alın yazısına etiraz edir:
Binəhayət,
bu göyün altında
Bizə
bir qübbeyi-füruzə də yox.
Yanar əflakda
minlərlə çıraq
Bizə
bir şam, bir avizə də yox.
Bu qədər
ulduz arasında bizə
Yeddi
göylərdə bir ulduz yoxumuş.
Öldülər
quşları aləmdə məgər,
Bizə
çatdı o ağlar Bayquş
Qovalarkən
məni hər gün möhlət
Qapımı
döymədədi hər gecə qəm
Hamı
azadə elin şairi var
Mən əsir
ellərimin şairiyəm…
Ə.Şamil
bildirir ki, ustad Sahir «Səhər işıqlanır»
kitabında yazırdı ki, o qanlı və yaslı
payızdan, yəni Milli Hökumətin süqutundan ötən
dövrdən artıq xeyli keçib, amma hələ yaralar
sağalmayıb… Bununla belə soyuq güllər altında
közlər qaldı… Uzun illərdən, o qanlı faciədən
sonra deyəsən, səhər işıqlanır:
Bizim
Türkü şirin dildir
Ana
güldür, bir gün solar,
Ana dili
şirin olar.
Bizim
Türkü şirin dildir,
Xoş sədalı,
zəngin dildir.
Dil
günəşdir, ışıq saçar,
Azadlığa
qapı açar.
Yadın
dili boyunduruq,
Bir
keçiddir buruq-buruq.
Boyunduruq
xalqı boğar,
Geçidlərdə
quldur soyar.
Qoy
yadlaşsın senatorlar,
Xalqı
soyan tacir-tüccar.
Yaltaq
şair yolun azsın,
Təkcə
farsı qəzəl yazsın.
Araşdırmaçının
fikrincə, Həbib Sahir geriçiliyə, xurafat,
ehkamçılıq, dərvişçiliyə qarşı
da çıxış edərək güney azərbaycanlıları
azad, sərbəst və çağdaş bir millət
olmağa çağırırdı: «Ədəbiyyatşünaslar
onu Güney Azərbaycan şeirinin qocaman, qərib və
tanınmayan ustadı kimi dəyərləndirirlər. Həbib
Sahir bütün varlığını Azərbaycan şeiri
və milləti yolunda sərf etməsinə baxmayaraq təəssüflər
olsun ki, o taylı-bu taylı yurddaşlarımız bu görkəmli
mübariz şairlə çox az tanışdırlar. Həbib
Sahir 1979-cu il inqilabının Azərbaycana köklü dəyişiklik
gətirməyəcəyini elə ilk aylardanca sezmişdi. O
yazırdı:
Mənim
içərimdə inləyən bu saz
Yalnız
türkçülükdən söyləyir avaz.
Elə
vurulmuşam bu avaza mən,
Bu səslə
bağlandım sənə, ey Vətən.
O
bütün şüurlu həyatını şahlıq
üsul-idarəsinə və onu əvəz edən indiki rejimə
qarşı kəskin və barışmaz mübarizəyə
həsr etmişdi, Azərbaycan türklərinin haqqı məsələsində
bir addım da geri çəkilməmişdi.
Ustad
şair mübarizəyə qoşulmazdan öncə romantik
bir şair idi: «Onun poeziyasında təbiətin gözəlliyi,
varlığın sirri, qəribəliyi,
anlaşılmazlığı ana motiv kimi özünü
qabarıq şəkildə göstərirdi. Zaman keçdikcə
yavaş-yavaş ictimai romantizmə yönələrək bu
dövrdən başlayaraq yeni bir fəza qazanır. Azərbaycan
təbiətinin gözəlliyi və insanın belə bir
gözəl təbiətdə, mühitdə
yazıqcasına yaşaması onun şeirlərinin əsas
mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə
görən ustad millətinin, Azərbaycan türklərinin,
ölkəsi Güney Azərbaycanın dərdini öz dərdi
bilirdi.
Ustad Həbib
Sahir də İslam inqilabından sonrakı illərdə
üzləşdiyi ədalətsizliyə və təhqirlərə
dözməyərək ömrünü Tağı Rüfət
kimi başa vurur. 85 yaşında Tehran
yaxınlığındankı Aria şəhərində
yaşadığı mənzilin pəncərəsindən
özünü asır».
Həbib
Sahirin tanınmış araşdırmaçısı Vəfa
Əliyev deyir ki, mərhum akademik Rüstəm Əliyev o
vaxtacan haqqında xüsusi məlumatımın
olmadığı Həbib Sahirin həyat və
yaradıcılığını
araşdırmağımı məsləhət bildi,
mövzunu araşdırmaq üçün gərəkli olan ədəbiyyat
göstəricisi və mənbələr haqqında məlumat
verdi: «O dövrdə bizim arxivlərdə Həbib Sahirlə
bağlı məlumatlar demək olar, yox idi. R.Əliyev tez-tez
İrana yaradıcılıq səfərlərinə gedirdi.
Dedi sənə Həbib Sahirin əlyazmalarını da verərəm,
araşdırarsan. Şairin şeirlərini kiril əlifbasına
çevirdim. 1979-cu ildən başlayaraq «Azərbaycan», «Ulduz»
jurnallarında, həmçinin «Ədəbiyyat və İncəsənət»
qəzetində Həbib Sahir haqqında Azərbaycan oxucusuna
ilk dəfə məlumat verdim. Təxminən iki il yarım ərzində
mövzunu işlədim, lakin müdafiə etmək əngələ
çevrildi. İradımı bildirdim ki, şahlıq
üsul-idarəsi dövründə təzyiq-təqiblərə
məruz qalan, ana dilli ədəbiyyat uğrunda mübarizə
aparan, milli şüurun yaranmasında özünəməxsus
rolu olan H.Sahir barəsində yazılan işə niyə əngəl
törədilməlidir? Rüstəm müəllim mövzunun
müdafiə edilməsini çox istəyirdi. Hə isə
mövzunu müdafiə elədim. Opponentlərim mərhum
istedadlı alim Qafar Kəndli və Hökumə Billuri
olmuşdu».
V.Əliyevin
Həbib Sahirin həyat və yaradıcılığına həsr
etdiyi kitab işıq üzü görüb. «Hürriyyət
fədaisi» («Həbib Sahiri taleyi və ədəbi irsi») adlanan
kitabda şairin həyatı və
yaradıcılığı haqqında ciddi, dolğun bilgi
verilir: «Azərbaycan oxucusu ilk dəfə olaraq şair
haqqında ətraflı bilgi ala bildi. Həbib Sahir
ömrü boyu çəkdiyi əzab-əziyyətə, məşəqqətlərə,
yasaqlara baxmayaraq heç vaxt əqidəsindən dönməyib.
Dəfələrlə sürgündə olan şair əsərlərini
ancaq ana dilində yazıb. Şairin əsərlərinin
çox az qismini farsca yazıb». Həbib Sahir həmişə
əsarətə qarşı barışmaz olub:
Düşmən
ilə barışmaram,
Hamərd
ilə qarışmaram,
Özgə
dildə danışmaram,
Ana dilim,
ana dilim.
Ana dilinə
bitib-tükənməz sevgi Həbib Sahir
yaradıcılığının əsas sütunlarından
biridir. Heç də təsadüfi deyil ki, şairin ana
dilimizə həsr olunmuş xeyli şeirləri var.
Tədqiqatçı
həmçinin Həbib Sahirin şeirlərini «Məndən
salam deyin gözəl Təbrizə» adı ilə kitab
halında çap etdirib: «O, bəşəri duyğular
şairidir».
Güney
Azərbaycanda Milli Azadlıq Hərəkatının müxtəlif
dövrlərində Həbib Sahirin şeirləri həmişə
dildən-dilə gəzib: «O, Şəhriyarla dost olub. H.Sahir
türk poeziyasının nümunələri ilə də
yaxından tanış idi. Bir müddət Qəzvində, Zəncanda
müəllimlik edib. Şair sürgün dövrünü
yaradıcılığında xüsusi ifadə edib.
«Varlıq» jurnalı nəşrə başlayarkən bu xəbərdən
çox sevinib, «Azadlıq quşu, «»Varlığ»ım»
şeirini yazıb. 1945-1946-cı illərdə Milli Hökumət
dövründə yazdığı şeirlər
özünün mübarizə əzmi, duyğusallığı,
döyüşkənliyi ilə diqqəti cəlb edir.
Şairin Süleyman Rüstəm, Osman Sarıvəlli və
başqaları ilə sıx ünsiyyəti olub. Rüstəm
Əliyevə çoxlu şeirlər həsr edib.
Şair
1986-cı ildə 83 yaşında vəfat edib. O,
ömrünün son illərinə qədər xalqın
azadlığı uğrunda qələm çalıb,
mübarizəsindən dönməyib. Məhz 80-ci illərdə
yazdığı azadlıq ruhlu şeirlərinə görə
şair təqib olunmağa başlayır. O, bilir ki, yenə də
həbs olunacaq. Qoca yaşında həbsə yenidən
düşməmək üçün intihar edib».
Bu,
artıq onun ləyaqətini qorumaq məqsədilə
atılmış zəruri addım idi. Həbib Sahirin
şeirlərinə mahnılar bəstələnib. Güneydə
şairin kitabları işıq üzü görüb.
Şair tərcümə sənəti ilə də məşğul
olub. Şairin «Ana yurddan qovulanlar» adlı poemasında
sürgünün insan həyatında yaratdığı əzab-əziyyət,
sarsıntılar dərin ifadəsini tapıb. O, fars
şovinizminin bütün hücumlarına baxmayaraq
inadından qalmır, döyüşkənliyindən əl
çəkmir. Özü demişkən, «yada qul olub, dərdə
alışmır, farsca danışmır». Əks təqdirdə
onun üçün «bu beş günlük diriliyin qiyməti»
olmazdı. Şair daim yurdun taleyini düşünür,
könlü sızlayır…
Uğur
Xalq Cəbhəsi.- 2013.- 12
fevral.- S.14.