«Varlığ»ın baş yazarı

 

Həmid Nitqi Təbrizdə doğuldu, qürbətdə öldü, İstanbulda dəfn edildi…

 

Güney Azərbaycanın yüksək amallı ziyalılarından olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulub, ibtidai təhsilini İranda məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə alıb, 1933-cü ildən isə Firdovsi litseyində oxuyub. Araşdırmaçı Əli Şamil bildirir ki, uşaqlıqdan atasının şeir yazdığını görən, evlərindəki köhnə qəzetlərin, «Nəsimi-şimal» və «Molla Nəsrəddin» jurnallarını oxuyan Həmid Nitqidə şeir yazmağa marağı Həbib Sahir oyadıb: «Litseydə coğrafiyadan dərs deyən şair Həbib Sahir 15 yaşlı Həmidin ilk şeirinin «Şahin» qəzetində çap olunmasına kömək edib. Litseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alsa da ədəbiyyata marağı azalmır».

Həmid Hitqi 1933-cü ildən İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış edir: «İranda onun türkfars ədəbiyyatından bəhs edən əsərləri, eləcə də hekayələr kitabı nəşr olunub.

1942-ci ildə ölkədəki siyasi durumun dəyişməsi və Milli Azadlıq hərəkatının yüksəlişi Azərbaycan ziyalılarına «Azərbaycan» cəmiyyəti yaratmağa imkan vermişdi. Cəmiyyətin orqanı «Azərbaycan» qəzetinə baş redaktor Həmid Nitqi təyin olunmuşdu».

1943-cü ildə 100-ə yaxın gənci Türkiyəyə oxumağa göndərilir. Onların sırasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqibu gün dünyada məşhur ürək cərrahı kimi tanınan alim Cavad Heyət də olur: «İstanbul mühiti Həmid Nitqinin dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O, hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, Türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir. Həmid Nitqi universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra İrana qayıdır və Abadandakı neft şirkətində yeni açılan ictimaiyyətlə əlaqələr və jurnalistika idarəsində çalışmağa başlayır. Şirkətin orqanı olan «Xəbərhaye-ruz» («Günün xəbərləri») qəzetinin müdiribaş yazarı təyin olunur. Az sonra onu şöbə rəisi vəzifəsinə irəli çəkirlər. Bir müddətdən sonra isə tədqiqat aparmaq üçün İngiltərə və Amerikaya göndərilir».

1962-ci ildə Həmid Nitqi yenidən Tehrana qayıdır və neft konsorsiumunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutur. Eyni zamanda onu Tehran universitetində yeni açılan «İctimaiyyətlə əlaqələr» fakültəsində dərs demək üçün dəvət edirlər. Çünki artıq o, İranda ictimaiyyətlə əlaqələr elminin banisi kimi tanınmışdı. Həmid Nitqi universitetdə 25 ildən artıq çalışır, yüzlərlə tələbə yetişdirir, 2 il dekan olur. 1994-cü ildə çalışdığı Əllamə Təbatəbai Universiteti tərəfindən 25 illik xidmətlərinə görə ona «yeni ictimaiyyətlə əlaqələr elminin atası» rəsmi titulu verilir».

H.Nitqi uzun müddət Tehranda nəşr olunan «Varlığ»ın baş yazarı olub, dərgidə türkologiya, ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirləri ilə çıxış edir. Dilçiliyin ümumi problemləri, milli-mənəvi intibah, milli düşüncənin formalaşması və s. onun yazılarının əsas mövzularındandır: «Pəhləvilərin apardığı assimilyasiya siyasəti nəticəsində Azərbaycan Türkcəsi ancaq məişət çərçivəsində istifadə olunduğundan dil öz işləkliyini itirir, inkişafdan qalırdı. Güneydə ədəbi dil danışıq dilindən uzaqlaşa bilmir, Quzeydəkindən xeyli geri qalır, formalaşa bilmirdi. Dilin yaşaması və dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan ziyalılardan biriH.Nitqi olur. Onun dərgidə dərc etdiyi məqalələrində Azərbaycan dilinin tarixi, onun Türk dilləri sistemində yeri, lüğət tərkibi və s. kimi mühüm məsələlərə toxunulur.

H.Nitqi «Zəngin yoxsullar» adlı məqaləsində Azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibinin və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsini irəli sürür. Sonralar da doktor Həmid Nitqi Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışır, başqa həmkarlarının da rəyini nəzərə almaqla «İmla qaydaları» adlı məqaləsini «Varlıq»ın əlavəsi kimi nəşr etdirir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olur».

Həmid Nitqinin yaradıcılığı çoxşaxəli idi. O, uzun müddət jurnalistika ilə yanaşı elmi və bədii yaradıcılıqla da məşğul olub: «Türkologiya, ədəbiyyat və tarixlə də yaxından ilgilənən H.Nitqi «Yönətiçilik və xalqla ilişkilər», «Dünyanın ən güclü 25 qəzeti», «Sosial ilişkilər üzərinə», «İnandırma, təbliğat və reklamçılıq» və başqa dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirib. İran ədəbiyyatında həm forma, həm də məzmunca yeniləşməsində Həmid Nitqinin də əməyi az olmayıb. Həmid Nitqinin şeirləri öz yeni forması və dərin fəlsəfi məzmunu ilə seçilib. «Kitabi-Dədə Qorqud»dan gələn sərbəst vəzn və simvolik üslub onun şeirinin səciyyəvi xüsusiyyətlərindən olub. Bir çox şairlər kimi o simvolikadan hakim rejimdən sığortalanmaq üçün deyil, lirik şeirlərinin fəlsəfi məzmun çalarlarını oxucuya çatdırmaq üçün istifadə edib. H.Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biriŞeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsadüf edib. Şair bunu bir şeirində özünəməxsus kədərli notlarla əks etdirib:

 

Sənin gözlərin yumulanda mən

Gözlərimi açdım.

Hər yan dumandı, sisdi, tüstüydü,

Yanğın külləri hələ istiydi.

Şəhərimdən

Bütün mavi quşlar uçmuşdu.

Lakin sən röyalarımı xəyalınla doldurdun,

Gözümdə nur,

Dizimdə zor,

Ürəyimdə qürur oldun.

Ammaüçün

vəd etdiyin

saat çalmadı?

Hədən əkdiyin ağac qol-budaq salmadı,

yaralar sağalmadı?

 

İlk dəfə Bakıya səfər edən şair, «keçmişin gələcək çağlarla xəlvəti qovşağında»kı bu görüş təəssüratlarını aşağıdakı sətirlərdə bölüşür:

 

Tarixin cövrünə,

Zamanın amansız seyrinə.

Əsrlik əsirlik dövrünə

«Yetər artıq dayan» deyilən meydanından

yol aldıq.

Ağaran təzə bir səhərin

Sehrinə tutulduq və qaldıq.

Bir quşun uçuşu oyandırdı bizi,

Fəcr ilə doldurduq qədəhlərimizi.

Könlümüzdə cücərən umuda

Tapşırdıq qədərlərimizi.

qara gecənin ən son dəmlərində

Röyalarla dolu bir dərin baxışda,

Əritdik kədərlərimizi.

 

Həmid Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin «İslam Orta Şərq Araşdırmaları» bölümündə çalışıb: «O, Böyük Britaniyada çap etdirdiyi Azərbaycan Türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər İranda Azərbaycan Türklərinə, onların dil mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir. H.Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat edib, Türkiyə torpağında dəfn edilib. İstanbulun Zəncirli quyu qəbiristanlığındakı bir məzar daşı üzərinə «Həmid Nitki 1920-1999″ yazılıb. O, bu şəhərdə doğulmayıb. Bu şəhərdə ölməsə , gəncliyini burada keçirib, burada təhsil alıb, burada doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru adı alıb, burada sevib-seçilərək ailə qurub…»

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 13 fevral.- S.14.