Şizofreniya xəstəliyi
Psixoloq Nail Cəlil:
«Şizofreniya müxtəlif fəsadları,
ağırlıqları ilə özünü göstərən
psixi xəstəlikdir»
Ötən
ilin noyabrında «Qafqazinfo»nun əməkdaşı Sevinc Mənsimlinin
psixoloji problemi olan atası tərəfindən
öldürülməsi iki məsələni xüsusilə
qabartdı; qadınların zorakılığa məruz
qalması, ruhi xəstələrin aşkarlanması və
müalicəsinin icbariliyi. Problemin biri müəyyən qədər
işıqlandırılsa da, ikincisi haqda demək olar ki,
danışan olmadı. Özlüyündə problem çox
kəskin olsa da Azərbaycan ailələrində bir çox
hallarda üzərindən ötməyə və ailə
üzvünün kaprizlərinə dözməyə
üstünlük verirlər. Təəssüf ki, bu halda faciəli
sonucu kimsə nəzərə almır. Elə gənc Sevincin
yarımçıq qalmış həyatı kimi…
Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə
müalicə profilaktika müəssisələrində
qeydiyyatda olan ruhi xəstələrin sayı 116 min nəfər
olub. Əhalinin hər 100 min nəfərinə isə 1276 nəfər
xəstə düşüb. Psixoloji problemlərdən əziyyət
çəkən xəstələrin bir çoxu
şizofreniya xəstələridir.
Əsasən
irsi yollarla keçir. İnsanın özünün və ətrafındakıların
düşüncə, duyğu və davranışlarına əhəmiyyətli
dərəcədə təsir edən bəzi dəyişikliklərə
səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər
keçici ya da qalıcı ola bilər. Xəstəliyin ən
sıx təzahürləri eşitmə qarabasmaları,
paranoik və ya fantastik sayıqlama və ya sosial
disfunksiyanın fonunda nitqin və düşüncənin,
işləmək qabiliyyətinin pozulmasından ibarətdir. Yəni
bəzi hallarda belə xəstələr küçədə
öz-özünə danışa-danışa
yanımızdan ötürlər. Kişilərin və
qadınların xəstəliyə tutulma sayı təxminən
eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin
başlanğıcı kişilərə nisbətən daha
gec baş verir. Şizofreniya daxilə qapanma, gerçəklərə
laqeydlik və şəxsiyyət ikiləşməsi, zehn
bölünməsi, daxilə istiqamətlənmiş
düşüncə quruluşunun yerləşməsi şəklində
meydana çıxan bir psixozdur. Daxili aləminə
qapanmış olan xəstə xülyalar aləmində
yaşayır. Bu xəstəliyə tutulma yaşı
ümumiyyətlə 15-35 yaşları arasındadır.
Şizofreniyaya aid əlamətlər başqa psixiatrik xəstəliklərdə
də görülə bilər.
Heç
bir əlamət tək başına diaqnoz qoymaq
üçün yeterli sayılmır. Diaqnoz psixiatriya eksperti
tərəfindən xəstənin ruhi müayinəsi, xəstə
yaxınları ilə görüş və çox vaxt xəstənin
klinik izlənilməsi nəticəsində qoyulur.
Bəzi
fiziki xəstəliklərin analizi əsnasında da
oxşarlıq yaranır, bu səbəblə fərqləndirici
diaqnozu edə bilmək üçün fiziki müayinə və
qan təhlillərinin edilməsi lazımdır.
Şizofreniyanın
ana mənşəyi və tam müalicəsi indiyə kimi
tapılmayıb. Şizofreniya müalicəsi əsasən dərmanla,
psixo-və sosioterapiya ilə aparılır və bu zaman ailə
dəstəyindən də istifadə edilir. Bəzi hallarda
şizofreniya xəstələrin ictimai dəstək
ehtiyacı artmaqdadır. Məsələn, müalicə olmaq
istəməyən və müalicə olmağı rədd
edən xəstələri həkimə getməyə razı
salmaq lazımdır. Xəstəliyin təbiəti elədir
ki, başlanğıcda xəstələr xəstə
olduqlarını qəbul etmir. Bəzən də özlərinə
və ya ətraf mühitə zərər verəcək
ölçüdə təcavüzkar ola bilirlər. Bu vəziyyətdə
xəstə həkimə getməyi qəbul etmirsə, həkimə
apara bilmək üçün təhlükəsizlik güclərindən
kömək tələb edilə bilər. Həmçinin
müayinə əsnasında bəzən xəstələr əlamətləri
həkimlə paylaşmaq istəməyə bilər. Doğru
diaqnozun qoyulması üçün xəstə ilə bir
yerdə yaşayan yaxınlarının mövcud vəziyyətlə
bağlı həkimi məlumatlandırmaları əhəmiyyətlidir.
Müalicənin erkən başlanması müalicədə
müvəffəqiyyət şansını artırır. Ailəsi
və yaxını olmadığından nizamlı müalicə
görə bilməyən xəstələr cinayət işləyərək
həbsxanaya həyatına və ya aclıq, yoxsulluq
içində küçələrdə yaşamağa məhkum
olurlar. Statistik məlumatlara görə, hazırda dünyada
60 milyon insan şizofreniyadan əziyyət çəkir.
Skleroz, epilepsiya kimi beyin xəstəlikləri kimi alovlanma və
sakitləşmə dövrləri olur.
Psixoloq
Nail Cəlilin bildirdiyinə görə, xəstəliyi
yanlış olaraq bəzən şəxsiyyətin
bölünməsi, ikiləşməsi ilə eyniləşdirirlər.
Lakin şizofreniya qətiyyən şəxsiyyət
bölünməsi demək deyildir. Bir çox insan
şizofreniya xəstələri barədə yanlış
fikirdədir. Söhbət ondan gedir ki, müəyyən psixi
çatışmazlıqları olsa da, bu insanlar ruhi xəstə
deyillər, yəni ağıllarını, mühakimə,
düşüncə qabiliyyətlərini itirməyiblər:
«Şizofreniya müxtəlif fəsadları,
ağırlıqları ilə özünü göstərən,
nisbətən geniş yayılmış psixi xəstəliklərdən
hesab edilir. Bu, epilepsiya, Multipl Skleroz kimi bir beyin xəstəliyidir.
Bəzən insanlar normal həyat tərzi keçirən belə
xəstələri çox təhlükəli hesab edirlər.
Əslində, bunun gerçəkliklə əlaqəsi yoxdur.
Şizofreniya xəstələri nadir hallarda ətrafa zərər
verə bilir, kiməsə xətər yetirir. Sadəcə, bu
insanların daimi şübhə içində olması, gərginlikləri,
qəribə davranışları onların ciddi psixi problemləri
olduğunu göstərir. Şizofreniyanın müalicəsi
mümkündür, lakin onun simptomlarını tam aradan
qaldırmaq çətindir. Müalicə edilə bilən
bir xəstəlik olmaqla yanaşı, vaxtaşırı alovlanır,
terapiyaya, müalicəyə bir qədər çətin tabe
olur. Belə vəziyyət həmin insanın
çalışmasını, ətrafdakılarla ünsiyyət
qurmasını,
normal həyat sürməsini çox çətinləşdirir.
Bu ciddi xəstəlik yer üzündəki hər yüz
adamdan birinə təsir edə bilər. Yəni dünyanın
hər yerində, o cümlədən, Azərbaycanda hər
100 nəfərdən birində şizofreniyanın əlamətlərinin
olması ehtimal edilir. Dünyada 60 milyon, Türkiyədə də
600 min şizofreniya xəstəsi yaşayır. Bır
sıra hallarda xəstəliyin orta yaşlarda başlaması
da mümkündür. Xəstəlik nə qədər erkən
başlayarsa, insan üzərində mənfi,
dağıdıcı təsiri bir o qədər çox olur,
insanın normal həyat sürmə şansı bir qədər
azalır».
Nail
Cəlilin bildiryinə görə, ailədə belə xəstələrə
diqqət yetirilməməsi, onların vaxtaşırı zəruri
profilaktik müalicə almaması xəstəliyin
ağırlaşmasına və hətta müxtəlif cinayətlərə
də səbəb ola bilir: «Ağrılı məqam ondan ibarətdir
ki, belə insanlar çox vaxt ruhi xəstə kimi dəyərləndiriləcəklərindən
ehtiyat edərək, həkimə müraciət etmirlər.
Digər tərəfdən, ailə üzvləri də buna
çox vaxt ciddi əhəmiyyət vermir, dözür,
baş verənləri adi hal, şıltaqlıq, bir
insanın kaprizləri kimi qəbul edirlər. Bu da əksər
hallarda xoşagəlməz sonluqla nəticələnir, faciələrə
gətirib çıxarır. Çalışmaq
lazımdır ki, belə əlamətlər hiss edildikdə,
həmin insana mümkün olan tibbi-rsixoloji yardım göstərilsin.
Bu yardımın davamlı olması məqsədəuyğundur,
çünki baş verən fəsadların,
ağırlaşmanın qarşısını bu halda daha
uğurlu bir şəkildə almaq olur».
Həkim
psixoterapevt Nihad Məmmədovun mətbuata verdiyi məlumata
görə, uşaqların döyülməsi və ya
çox dərs oxumaq, çox işləməyin
şizofreniya yarada bilməsi fikri tamamilə
yalnışdır. Lakin sevginin bu xəstəliyin
yaranmasındakı rolu böyükdür: «Belə ki, emosional
insanlar ayrılıq əzabına dözə bilmədiyindən,
yaşadığı problemlər nəticəsində bu xəstəliyə
düşə bilər». Sevgi özlüyündə nə qədər
arzuolunan və ali duyğu olsa da bəzi hallarda insanı məhv
etməyə, ömür boyu xəstəliyə diz
çökdürməyə də qadirdir. Sizə ətrafınızdakıları
çox sevməyi və sağlam sevməyi arzulayırıq.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 14 fevral.- S.15.