Türkiyə ədəbiyyatı

 

Aşıq Paşa, Bədrəddin Simavi, Şeyxoğlu Mustafa, Xoca Məsud bin Əhməd…

 

XIV əsrdə Anadoluda yetişən təsəvvüf şairlərindən biri də Aşıq Paşadır (1271-1333). Qaynaqlarda onun adının Əli olduğu göstərilir. Aşıq adını isə haqq aşığı olduğu üçün alıb. Onun ailəsi Xorasandan Anadoluya gəlib, şairin özü isə Kirşəhirdə anadan olub. Aşıq Paşa OsmanOrhan Qazi zamanında yaşayıb, Hacı Bektaş Vəlinin çağdaşıdır. Onun ən məşhur əsəri «Qəribnamə»dir. Əsər 12000 beytdən ibarətdir, xalqa təsəvvüfü öyrətmək məqsədilə yazılıb. «Qəribnamə» 1330-cu ildə yazılıb. Bu əsər dini-təsəvvüfi mövzuda yazılan əxlaqi bir əsərdir. Bundan başqa şairin «Vəsf-i hal-i hər kəsi», «Fəqirnamə», mənzum-mənsur qarışıq «Kimya» risaləsi də var.

Aşıq Paşa Yunis Əmrənin davamçılarındandır. Ailənin böyük oğlu olduğu üçün ona «paşa» ləqəbi verilib. O, bir müddət Anadolu valisi Timurtaşın vəziri olub, Anadolu üsyanı yatırılanda Misirə qaçıb, orada həbs edilib. Həbsdən çıxandan sonra o, Amasiyaya gəlib, 1333-cü ildə Kirşehirdə vəfat edib. Onun yaşadığı dövrdə Kirşehirdə təriqət şeiri çox güclü yayılmışdı, onun da həyatı övliyalar arasında keçmişdi.

O, Yunis Əmrə tərzində ilahilər yazırdı. Onun ölümündən sonra 12 min beytlik lirik şeirləri qalıb. Aşıq Paşanın «Fəqirnamə» adlı alleqorik poeması var. Burada onun sufi-mistik görüşləri əks olunub. Aşıq Paşanın həm heca, həm də əruz vəznində şeirləri var. Bu şeirlərin dili sadədir, xalq üslubunda yazılıb. Onun ən böyük əsəri «Maarifnamə» adı ilə tanınan «Qəribnamə» adlı nəsihətləridir. Onun nəsihətlərinin birində deyilir ki, bir hökmdarın 30 oğlu varmış, hökmdar öləcəyini hiss edəndə onları yanına çağırır, hər birinin bir ox gətirməsini istəyir. Sonra bu oxları bir-bir qırır, təkrar yenə ox gətirmələrini istəyir. Bu dəfə oxları bir-birinə bağlayır, oğlanlarının qırmasını istəyir. Onlar ox dəstəsini qıra bilmirlər. Aşıq Paşa hökmdarın dilindən belə bir beyti söyləyir:

 

Bəs bilin, yalnız kişi gücsüz olur,

Birikənlər dövləti ucsuz olur.

 

O, «Qəribnamə»də alplıqda 9 xüsusiyyətin — alpın ürəkli, qüvvətli olmasını, yaxşı ata, geyimə, oxayaya, qılınca, süngüyə və silahdaşa sahib olmasını söyləyir.

Aşıq Paşa «Qəribnamə»sində türk dilinin qorunmasına dair yazırdı:

 

Türk dilinə kimsələr baxmaz idi,

Türklərə hərgiz könül axmaz idi.

Türk dəxi bilməz idi bu dilləri

İncə yolu, ol ulu mənzilləri.

 

Bu dövrlərdə Türkiyə ədəbiyyatında dünyəvi poeziya da doğulurdu. Bu əsrlərdə «Şahnamə»nin təsiri ilə Yazıçıoğlu Əli tərəfindən «Səlcuqnamə» əsəri də yazılıb. Osmanlı ədəbiyyatının yaranma dövrü (XIV-XV əsrin birinci yarısı). Bu dövrün ədəbiyyatının yaranması ölkənin siyasi və dövlətçilik təşkilatının güclənməsi ilə bağlıdır. Ölkədə bəylərbəyliklər yaranır, Səlcuq sultanlığı tənəzzül edir. Bu dövr daha çox ədəbi şəxsiyyətləri və ədəbi abidələri ilə yadda qalıb. Belə şəxsiyyətlərdən biri Bədrəddin Simavi idi. Bədrəddin Simavi (1358 — 1416) şeyx olub. Onun çoxlu traktatları var. Kəndli üsyanına başçılıq edib. Bu dövrün ən böyük yazılı abidəsi «Kitabi-Dədə Qorqud»dur, «Battalnamə» və «Battal qazi» dastanları da bu dövrün hərbi mövzuda yazılmış əsərləridir. Bu dövrdə Türkiyə ədəbiyyatında məhəbbət dastanları da yayılıb. Məsud bin Əhmədin «SüheylNovbahar» (1350) və Şeyxoğlunun «Xurşid və Fərəhşad» («Xurşidnamə») poemaları da (1387) bu dövrün məhsuludur.

Xoca Məsud bin Əhməd XIV əsrdə yaşayıb-yaradan şairlərdən biridir. Onun həyatı haqqında qaynaqlarda məlumat çox azdır. Onun əldə olunan əsəri «Süheyl və Novbahar»dır. O, bu əsəri 1350-ci ildə farscadan tərcümə edib. Əsər 5000 beytdən çox olub, əruzun «Şahnamə vəzni» adlanan «failün failün faül» qəlibində yazılıb. Məsnəvi formasında olan «Süheyl və Novbahar»ın 1000 beyti şairin özününkü, qalan 4568 beyt isə onun tərəfindən türkcəyə çevrilib. Müəllif qeyd edir ki, o, bu poemanı farscadan tərcümə edib. «SüheylNovbahar» poemasının qəhrəmanı Süheyl Yəmən padşahının oğludur, Çin hökmdarı Faqfurun qızına aşiq olub. O, ayrıca olaraq məsnəvinin beytləri arasında verdiyi qəzəllərlə əsərin ədəbi üslubunu dəyişib, onu tərcümə əsər görünüşündən çıxarıb. Türk ədəbiyyatı mütəxəssisləri bu əsərin əsas müəllifinin kim olduğunu bilə bilməyib və şairin bu əsərin orijinalına nə dərəcədə sadiq qaldığını təyin etməkdə çətinlik çəkiblər. «SüheylNovbahar» əsərinin Berlin Dövlət Kitabxanasında tapılan ən əski əlyazma nüsxəsi J.H.Mordthmann tərəfindən 1925-ci ildə Almaniyada yayımlanıb.

Xoca Məsudun Sədinin «Bustan»ından seçərək türkcəyə çevirdiyi «Fərhəngnameyi-Sədi» əsəri də var. Bu əsər «SüheylNovbahar» qədər məşhur deyil. Lakin İran ədəbiyyatından ünlü didaktik əsərin türkcəyə ilk mənzum tərcüməsi kimi qiymətlidir. Hər iki əsərin bədii dəyəri, yüksək texnika əsasında yazılması şairin farscaya yaxşı bələd olduğunu göstərir.

Türkiyə ədəbiyyatında XIV yüzildə yetişən şairlərdən biriŞeyxoğlu Mustafadır. O, 1340-1410-ci illərdə Germiyan hakimi Süleyman şahın yanında nişançılıq və dəftərdarlıq edib. Şeyxoğlu Mustafanın ən məşhur əsəri «Xurşidnamə» əsəridir. O, bu əsəri Süleyman şahın dövründə yazmağa başlayıb, 1387-ci ildə tamamlayıb. Şair «Xurşidnamə»də əsərin İldırım Bayazid tərəfindən bəyənildiyini və özünün İldırım Bayazidə yaxın olmasını qeyd edir. Aşiqanə mövzuda olan bu əsər 7640 beyt olub, əruzun «məfailün məfailün failün» qəlibində yazılıb. Bu məsnəvinin müəyyən beytlərinin arasında qəhrəmanların dilindən 19 qəzəl və bir tərcibənd də var. Şeyxoğlu Mustafanın «Kənzül-Kübəra» adlı bir əsəri də var. Əsər mənsur formada yazılıb.

«Xurşidnamə» əsərində təsvir olunan Xurşid İran şahının qızıdır. Onu 4 nəfər sevir, onun dərdindən dəli olan oğlanlar biri Məğribə, biri Çinə, biri Misirə, digəri başqa yerə baş götürüb gedir. Onlar getdikləri yerlərdə Xurşidi şeirlərində tərif edirlər. Xurşid Məğrib sultanının oğlu Fərəhşada üstünlük verir. Fərəhşad təkbətək döyüşdə o biri «nişanlı»lara qalib gəlir. Şeyxoğlu bu əsərdə özündən əvvəl türkcənin qaba bir dil kimi başa düşüldüyünü, digər dillər arasında tanınmamasını anladır. O, Anadolu insanının türkcə danışa bilməsi üçün əsərini türkcə yazdığını nəzərə çatdırır. O, bu əsərdə türk xalq dilinin gözəlliyini bir daha sübut edir, çoxlu atalar sözlərindən, bədii ifadə vasitələrindən və deyimlərdən istifadə edir.

XIV yüzilin məsnəviçi şairlərindən biriYusif Məddahdır. Onun təzkirələrdə «Xamuşnamə», «Dastani-iblis», «Məkteyi-Hüseyn» adlı məsnəvilərinin, «Vərqa və Gülşa» poemasının da adı çəkilir, ancaq onun bu əsərin müəllifi, yoxsa təfsirçisi olduğu bilinmir. Məddah Yusifin «Vərqa və Gülşa» poeması məhəbbətə həsr olunub. Poemanın mövzusu ərəb ədəbiyyatından götürülüb. Burada təsvir olunur ki, Gülşanın toyunda qonşu ərəb tayfasının başçısı onu qaçırır. Bundan sonra Vərqanın Gülşanı xilas etmək üçün göstərdiyi qəhrəmanlıqlar təsvir olunur.

Bu dövrün türk ədəbiyyatında Əhmədinin adı xüsusilə çəkilir. Əhmədi XIV yüzilin ikinci yarısı-XV yüzilin ilk illərində yaşayıb. Onun əsil adı Tacəddin ibn İbrahim ibn Xızrdır. Onun doğulduğu yer məlum deyil. Şairin ölüm tarixini 1412/1413-cü il kimi qəbul edib onun təxminən 80 yaşında vəfat etdiyini, beləliklə, doğum tarixini 1334/1335-ci illər kimi təxmin edirlər. Rus tədqiqatçıları onun doğum tarixini 1329-cu il kimi götürürlər. Bəzi qaynaqlarda anadan olduğu yer GermiyanSivas göstərilir. Onun ilk təhsilini Anadoluda aldıqdan sonra Misirə getdiyi və təhsilini davam etdirdiyi söylənilir. Şair Qahirədə tibb təhsili alıb. O, İbn Sinanın tələbəsi olub, Nizaminin poetik təsiri ilə «İsgəndərnamə» poemasını yazıb. Əhmədi süjetə yeni motivlər əlavə edib, bəzi olayları çıxarıb, yeni olaylar qatıb, öz əsərini müstəqil bir əsərə çevirib. Əsərdə İsgəndərin eşq macəralarına da yer verilib. 8000-dən artıq beyti olan bu məsnəvi «failatün, failatün, failün» qəlibində yazılıb. Əsərin içində «Mevlid», «Dastani-Təvarihi-Müluki Ali Osman» bölümləri də var. Osmanlı müəlliflərinin əsərlərində bu əsərin yazılma tarixi 1405-ci il kimi verilib. O, «İsgəndərnamə» əsərinin «Mevlid» bölümünü Bursada Süleyman şahın zamanında yazıb. Misirdən qayıtdıqdan sonra onun Germiyan hakimi Süleyman şahla dostluq etdiyini və həyatının sonuna qədər bu dostluğun davam etdiyini söyləyirlər. Əhmədi əsərlərinin çoxunu Süleyman şaha ithaf edib. Onun «Tərvihül-Ərvah» («Təmizlənmiş ruh») məsnəvisi var. Yaradıcılığında «Cəmşid və Xurşid» məsnəvisinin də adı qeyd edilməlidir. Əhmədi «Cəmşid və Xurşid» məsnəvisini 1403-cü ildə tamamlayıb. Hər iki əsər Süleyman şahın adına yazılıb. Süleyman şah öləndən sonra şair «Cəmşid və Xurşid» məsnəvisini kiçik düzəlişlər edərək yeni hökmdarın — I Mehmedin himayəsini qazanmaq üçün ona bağışlayıb. O, bu əsəri fars şairi Səlmani Savecinin eyniadlı məsnəvisindən təbdil edib, ancaq məzmuna əlavələr edib, yeni əsər ortaya qoyub. Əhmədinin məsnəvisi Səlmani Savecinin məsnəvisindən 2300 beyt çoxdur. Aşiqanə mövzuda olan «Cəmşid və Xurşid»də Çin faqfurunun oğlu Cəmşid Rum qeysərinin qızı Xurşidi yuxuda görüb ona aşiq olur. Uzun əziyyətlərdən sonra onlar qovuşurlar.

Əhmədi ən çox əsər yazan alim-şairlərdəndir. Əhmədi divanı — qəsidələr, qəzəllər, tərkibbənd və tərcibəndlərdən ibarət böyük həcmli əsərdir. «Tərvihül-Ərvah» Əhmədinin tibblə bağlı məsnəvisidir. Bu əsər də Süleyman şaha ithaf olunub. Əsər 10.000 beytdən ibarət olub, «məfailün, məfailün, failün» qəlibində yazılıb. Bu əlyazmanın İstanbulda Ayasofya və Topqapı sarayı Muzeyi Kitabxanasında 2 nüsxəsi var. B.Şahsuvaroğlu bu məsnəvinin 1403-1410-cu il tarixləri arasında yazılması qənaətindədir.

Əhmədinin Fəridəddin Əttarın «Əsrarnamə» əsərini farscadan türkcəyə tərcümə edib-etməməsi türk ədəbiyyatşünaslığında xeyli müzakirəyə səbəb olub. Bursalı Mehmet Tahir bu tərcümənin Əhmədiyə məxsus olduğunu, Nihat Əzəmət isə bu tərcümənin Təbrizli Əhmədə aid olduğunu söyləyirlər. F.Köprülü bu tərcümə əsərinin yazılış tarixini 1475-1476-cı il kimi verir. Məsnəvi Əttarın «Əsrarnamə» adlı əsərinin deyil, onun «Müsibətnamə»sindən bəzi parçaların tərcüməsidir. Dini-təsəvvüfi, əxlaqi-didaktik mövzuda olan bu məsnəvini F.Köprülü Təbrizli Əhməd adlı şairin qələminə məxsus hesab edir. Bu məsələ türk ədəbiyyatşünaslığında hələ araşdırılıb başa yetməyib. Əhmədinin «Mirkatül-Ədəb» adlı ərəbcə-farsca mənzum lüğəti də var. Bu lüğətin sonunda onun «Mizanül-Ədəb» və «Miyarül-Ədəb» adlı iki qəsidəsi də verilir. Ədəbiyyat nəzəriyyəsi ilə bağlı olan bu iki qəsidədən birincisi ərəb dilinin morfologiyasına (ərəb dilinin morfoloji quruluşuna), ikincisi isə leksikasına (leksik quruluşuna) həsr edilib.

 

 

Ramil Əliyev,

filologiya elmləri doktoru

 

Xalq Cəbhəsi.- 2013.- 14 fevral.- S.14.