«Musiqi türkologiyası»

 

Rəna Məmmədova Azərbaycan muğamının problemlərinin sistemli şəkildə tədqiqatını aparıb

 

Alimin yubileyi adətən tədqiqatçının məşğul olduğu, təmsil etdiyi və ya başçılıq etdiyi elmi istiqamət haqqında daha geniş danışmağa, fikir mübadiləsi aparmağa imkan yaradan bir hadisədir. Elmin hər bir sahəsi ideyalar məcmusundan ibarət olub, özünəməxsus mərkəzə və əyalətlərə malikdir. Mərkəzin yerini elmi istiqamətin lideri müəyyən edir və ondan hər tərəfə yeni biliklər, innovasiya dalğaları yayılır. İdeal halda lider o zaman elmi məktəbin başçısına çevrilir ki, irəli sürülən problematikaya və metodlara görə, həyata keçirilən elmi proqramın nəticələrinə görə, elmi kadrların yetişdirilməsinə görə məsuliyyət daşımağa qadirdir.

Bu cəhətlər bütövlükdə yubilyara — AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna xanım Məmmədovaya aid olub, onun portret cizgiləridir. Əlbəttə ki, həmin portreti dolğunlaşdırmaq üçün standart ensiklopedik məqalənin sətirlərindən də istifadə edə bilərik: Rəna Azər qızı Məmmədova Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1978-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1981-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 110-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq namizədlik dissertasiyası müdafiə olunmuşdur. Lakin Rəna Məmmədovanın şəxsiyyəti heç cür bu standartlara, şablonlara, stereotiplərə sığmır. Bunu, eyni dərəcədə onun həm insani keyfiyyətləri, həm də elmi bioqrafiyası haqqında da demək olar.

Mənim üçün Rəna xanım, hər şeydən əvvəl, heyranedici yumor hissiyyatına malik bir insandır. Dərindən əminəm ki, darıxdırıcı sima ilə ciddi elmlə məşğul olmaq mümkün deyil. Yadınızdadırsa, elə baron Münhaüzenlə bağlı məzəli hekayətlər də bu qəbildəndir. Elmdə də belədir. Yumor, təbəssüm, hətta yerində söylənilmiş lətifə belə düşüncəni itiləşdirir, faydalı informasiyanın dərk olunması müddətini qısaldır, qavramanı fəallaşdırır. Yumor, ümumiyyətlə hər bir yaradıcı, yenilikçi fəaliyyətin əsasını təşkil edir. Hər şeydən əvvəl isə yumor elmi məktəbə liderlik edən şəxsiyyət üçün vacib olan bir hissdir. Yaxşı yumor hissinə malik insan öz ətrafında xüsusi psixoloji bir aura, xoşniyyətli, yaradıcı, nikbin və deməli, böyük əməllərə qadir olan bir mühit formalaşdırır. Rəna xanımı kolleqaları, həmfikirləri və tələbələri arasında həmişə belə görürük. Bax, indi Rəna Məmmədovanın əsl portreti alındı.

Şəxsən Rəna Məmmədovanın və onun ətrafında formalaşmış yaradıcı mühitin yüksək nailiyyəti kimi sənət haqqında elmimizin yeni bir sahəsinin təşəkkülünü — musiqi türkologiyasını qeyd etməliyik. Məhz bu məqsədə doğru irəlilədikcə, Rəna Məmmədovanın adi tərcümeyi-halı yaradıcı insanın bioqrafiyasına, daha sonra isə bir elmi istiqamətin liderinin bioqrafiyasına çevrilmişdir. Bu yolun mühüm mərhələlərini onun monoqrafiyaları təşkil edir: «Üzeyir Hacıbəyovun yaradıcılığında sonata forması», «Azərbaycan muğamında funksionallıq problemi», «Azərbaycan muğamlarının musiqi-estetik xüsusiyyətləri», «Azərbaycan muğamı: təşəkkül və fəaliyyəti mənbələri» doktorluq dissertasiyası. Fikrimizcə, məhz bu dissertasiya işi R.Məmmədova üçün bir təkan nöqtəsi, çevriliş anı oldu. Bundan sonra tədqiqatçı cəsarətlə və ardıcıllıqla, buna aid bütün institutlarla birlikdə, yeni elmi istiqamətin yaradılması yoluna qədəm qoydu. Bu fikrimin təsdiqi olaraq, qeyd edim ki, doktorluq dissertasiyasının müdafiəsi ilə eyni vaxtda onun təşəbbüsü ilə Memarlıq və İncəsənət İnstitutunda «İncəsənətin qarşılıqlı əlaqələri» şöbəsi yaradıldı və bu günə kimi Rəna xanım həmin şöbəyə uğurla başçılıq edir.

R.Məmmədovanın doktorluq dissertasiyası ölkə musiqişünaslığında Azərbaycan muğamının problemlərinin sistemli şəkildə tədqiqi ilə bağlı ilk işlərdən biri oldu. Burada muğam sənətinin genezisi və təşəkkülü, musiqi dilinin, strukturunun və ifaçılıq üslubunun xüsusiyyətləri araşdırılmışdır. Mahiyyətcə, bu iş Azərbaycan muğamlarının tədqiqinin elmi-nəzəri və metodoloji əsaslarını qoydu. İyirmi ildən sonra da R.Məmmədovanın bizim mədəniyyətimiz üçün gördüyü işlərin aktuallığının şahidi oluruq. Belə ki, hətta 2009-cu ilin mart ayında Bakıda keçirilən «Muğam aləmi» birinci beynəlxalq elmi simpoziumda da bizim hörmətli yubilyarın müəyyən əməyini qeyd edə bilərik. Görünür, məhz muğamı Azərbaycan mədəniyyətinin genetik kodu kimi dərk etməsi R.Məmmədovanı öz elmi axtarışlarının üfüqlərini genişləndirməyə ruhlandırmış, onun tədqiqatlarının Azərbaycan incəsənətinin növlərarası və regionlararası müstəviyə çıxmasına təkan vermişdir. Bu prosesdə müqayisəli sənətşünaslığın elmi aparatı formalaşmış, mədəniyyət sahəsindəki tədqiqatlarda coğrafi ərazi baxımından birincilik iddiası irəli sürülmüşdür. Beləliklə, R.Məmmədovanın rəhbərlik etdiyi «İncəsənətin qarşılıqlı əlaqələri» şöbəsinin uzunmüddətli elmi proqramı müəyyənləşmişdir.

Lakin alimin özünün tədqiqatlarının dairəsi həmişəlik olaraq, türk dünyasının mədəniyyəti ilə bağlanmışdır. Burada fikrimizcə, biz R.Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsinə yaxınlaşırıq. Söhbət musiqi türkologiyasının elmi əsaslarının yaradılmasından gedir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü gördü ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoydu.

Yeni elm sahəsinin müddəalarının şərhini müəllif belə bir fikirlə başlayır ki, «Azərbaycan musiqi tarixinin məlum faktları toplanmış, təsvir olunmuş, lakin heç də həmişə izah olunmamışdır». Alimin bu müddəasının əhəmiyyətini nəzərə alaraq, deməliyik ki, belə bir vəziyyət Azərbaycan incəsənətinin bütün sahələrinin — memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər, teatr, kino və əlbəttə ki, musiqi və musiqi folklorunun tədqiqi üçün səciyyəvidir. R.Məmmədova haqlı olaraq iddia edir ki, musiqişünaslığın yeni yollarının inkişafını dərk etmək üçün izahlı parametrlərin üzə çıxarılması vacibdir.

Gördüyü işlərə yekun vuraraq, Rəna Məmmədova yazır: «Türk mədəniyyətini bir neçə milli ənənələrin cəmi kimi deyil, tərkib hissələrinin genetik, rabitəli, tipoloji əlaqələrindən yaranmış, inkişaf etmiş və fəaliyyət göstərən xüsusi dinamik sistem kimi qavramaq, dərk etmək vacibdir». Müəllifin ardınca, eyni fikri başqa şəkildə təkrarlamaq istərdim. XXI əsrin başlanğıcında, qloballaşan dünyada biz qohum türkdilli mədəniyyətlərlə ünsiyyətdə oluruq ki, bu da türk mədəniyyətinin parametrləri ilə müəyyən olunur. Yəni Azərbaycan mədəniyyətini öyrəniriksə, deməli, türk mədəniyyətini tədqiq edirik və əksinə, türk mədəniyyətini araşdırarkən, azərbaycanlıların mədəniyyətini öyrənmiş oluruq, onun daha dərin qatlarına nüfuz edirik, onu dərindən dərk edir və izahını verə bilirik.

AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın elmi fəaliyyətinin əhəmiyyəti musiqişünaslığın hüdudlarından çox-çox kənara çıxır. Onun bir sıra fundamental işləri və ilk növbədə, «Musiqi türkologiyası» monoqrafiyası elmimizin ümumixtisas səviyyəsində aparıcı vektorunun gələcək inkişaf xəttini müəyyən edən tədqiqatlar sırasında layiqli yer tutur. Bunların arasında Siyavuş Dadaşovun «Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi» (2006), Həsən Həsənovun «Qız qalası» (2009) kimi tədqiqatları da qeyd oluna bilər. Bu tədqiqatlar humanitar elmin yeni sahəsinin — türkoloji sənətşünaslığın formalaşmasına gətirib çıxarmışdır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 14 fevral.- S.13.