Zeki Demirkubuzun filmləri
«Yeraltı»ndakı
«Bulantı»
Məşhur və daha da əhəmiyyətlisi «qeyri-adi» rejissor Zeki Demirkubuzun «Yeraltı» (2012) adlı filmi saxtakarlıqlar üzərinə qurulmuş nizamlara, sistemlərə dözə bilməyənlərin baxa biləcəkləri bir filmdir… Demirkubuzun bu son filmini izlədikdən sonra, ard-arda dörd filmini daha izlədim: «Etiraf» (2001), «Yazı» (2001), «Gözləmə otağı» (2003) və «Kader» (2006). «Yeraltı» haqındakı düşüncələrimə keçməmişdən əvvəl, həmin beş filmdə də müşahidə etdiyim və heyran qaldığım ortaq bir xüsusiyyətdən bəhs etmək istəyirəm: Demirkubuzun filmlərində, «sıfır» nöqtəsindəki başlanğıclar ya da «tamamlanmış» sonluqlar yoxdur. Məsələn, «Yeraltı»… Film bitdi, amma hələ də Məhərrəmin həyatında nələrin olacağı bulanıq və naməlumdur. Belə ki, «Etiraf»da da, Harun və də Nilgün arasında keçən dialoq hər hansı bir qərara bağlanmadan film bitdi. Yenə «Yazı»dakı «Musa-Sinem» ya da «Qədər»dəki «Bəkir-Uğur» cütlükləri üçün də eyni tamamlanmamışlığa işarə etmək mümkündür. Fikrimcə, bu xüsusiyyət, Demirkubuzun filmlərini — özünün də çox əhəmiyyət verdiyi — «gerçək»liyə yaxınlaşdıran xüsusiyyətlərdən biridir. Çünki Demirkubuz, filmlərində, «sıfır» nöqtəsindəki başlanğıclara ya da «tamamlanmış» sonlara yer verməyərək, həyatın axıcılığını, davamlılığını təhrif etməmiş olur… Beləliklə Demirkubuz filmləri, həyatdan «qoparılmış» və də qoparıldıqları yerlərdən «estetik əməliyyat olunmuş», öz-özünə çatan «otarşik» «dizayn»lar yox, davam edən həyat içindəki hər hansı bir hissəyə işıq tutaraq diqqət çəkən «gerçək»ləri ehtiva edir!
Gələk (ya da düşək!) «Yeraltı»na… Filmdəki əsas qəhrəman Məhərrəm kimiləri üçün qəribə (eksantrik), kimiləri üçün xəstəlikli (patoloji), kimiləri üçünsə varoluşsal (ontolojik) sayıla biləcək düşüncələrə, davranışlara sahib olan, narahat, əsəbi bir məmurdur. O, Oğuz Atayın məşhur deyimi ilə, yapışmaq istəsə də «yapışmağı bacarmayan», yapışa bilmədikçə da özünü hazırki nizamdan, sistemdən kənarlaşdırıb evinə, ya da öz deyimi ilə «yeraltı krallığı»na çəkilən bir adam… Məhərrəmin bu halı, eynilə J.P.Sartrın «Bulantı»da göstərdiyi növdən bir təklik halıdır elə bil.
«… Amma mən təkliyin səthində, qərarlı, bir təhlükə anında aralarına qarışa biləcəyim şəkildə, insanlara çox yaxın idim»… Bu sözləri hər dəfə oxuyanda, Məhərrəmin oyun oynayan adamın yamacındakı ya da idman salonundakı mübariz halı düşür yadıma! Çünki o hallar, tam da Sartrın bəhs etdiyi növdən bir «aralarına qarışma» hərəkətləri idi! Məlum olduğu kimi, Zeki Demirkubuz, dərdləri olan bir rejissor…
«Yeraltı»ndakı Məhərrəmin dərdi isə əvvəla saxtakarlıqlarladır. Bəli, ətrafındakı insanlar tərəfindən həqiqətlərin yerinə keçirilməyə istənən saxtakarlıqlarla! Həmin saxtakarlıqlar, filmdə, xüsusilə Məhərrəmin yoldaşları və qulluqçu qadın Türkan tərəfindən, iki fərqli formada dilə gətirilir: Məhərrəmin yoldaşlarını «fikri — ədəbi intibah» iyi gələn, «Ankara çətinliyi» adlı romanı ilə Cavad və onun ətrafında toplaşmış «yaltaqlar» kimi yekunlaşdırmaq mümkündür. Qısacası Nizamın mükafata layiq gördüyü Cavad və onun dostluğa layiq gördüyü, ya da bir başqa deyişlə, dostluqla mükafatlandırdığı kiçik, «intellektual» bir kütlə!
Məhərrəmin bu kütləyə olan münasibəti, eynilə bir rəqqas kimi: «Get-gəl»lərlə dolu! Məhərrəmin bu kütlə ilə bağlı düşüncələrini isə, fikrimcə, yenə Sartrın «Bulantı»sından bir fikirlə yekunlaşdırmaq mümkündür: «…Bu qəribə, ağıllı səslər ortasında tək-tənhayam. Bütün bu insanlar bir-birlərinə dərdlərini danışır, eyni fikirdə olmağın verdiyi xoşbəxtliyi bölüşməklə keçirirlər vaxtlarını. Anlamıram, Tanrım, hamısı birdən eyni şeyləri düşünməyə niyə bu qədər əhəmiyyət verirlər. Balıq gözlü, içə qapanıqmış kimi görünən, eyni fikirdə olmadıqları bir insan keçsin əllərinə, beyinləri çönür dərhal…»
Qulluqçu qadın Türkan isə Məhərrəmin yoldaşlarından bir az daha fərqli bir prosesi açıqlayır. O, üç uşağı ilə birgə qanadları altında yaşadığı adamın dərdindən, əziyyətindən bezmiş, bununla bağlı tez-tez Məhərrəmə dərdini danışan bir qadındır… Hətta bu bezginlik elə bir haldadır ki, ən sonda Türkan Məhərrəmin verdiyi məsləhətlə kişini öldürmək də istəyir. Ancaq sonralar öldürmək istədiyi şəxsin onunla evlənmək istəməsi, Türkanda da qəribə bir vəziyyət meydana gətirir. Daha əvvəl öldürmək istədiyi kişini — «gələcək əri» kimi, Məhərrəmin qarşısına çıxıb ciddi şəkildə müdafiə edir! Çox təbii Məhərrəm də Türkandakı bu «nizam tərəfdarı» hiyləgərliyə «sağ ol» demədiyi kimi, eyni zamanda bu saxtakarlığa hiddətlə reaksiya verir!
Digər tərəfdən, əlbəttə, Məhərrəm, təkcə «həqiqət sevdalısı» bir intellektual deyil. O (bəlkə də yenə bir çox intellektual kimi!), eyni zamanda «hər şeyə maraq göstərən» «Obsesif» bir adamdır. Məsələn, Türkana, zülm edən kişini «öldür getsin!» — deyəndə də hətta Məhərrəm təkcə Türkanın pis vəziyyətdə olmasından hərəkətlə bu təklifi etmir. Çünki Məhərrəm təkcə yalnız Türkana zülm edən adama yox, eyni zamanda ona «ət torbası» deyən adama da ziyan vurmağın yollarını axtarır!
Bundan əlavə, Məhərrəmin həyatını, «Maarifçilik Dövrü»ylə birlikdə ən son həddə gəlib çatan «instinktiv həyat»ın bir növ patlayışı kimi də dəyərləndirmək mümkündür. Məsələn, Məhərrəmin izlədiyi «təbii həyat» sənədli filmləri («Sprutların cinsi həyatı, «Çitaların ov etməsi»), böyük bir həzzlə oxuduğu, Fridrix Nitşenin «Zərdüşt belə buyurdu» adlı əsəri və bəzən fərqli hadisələr qarşısında reallaşan əsəb krizislərinə kimi hər bir hərəkəti, sanki instinktiv boşalmanın bir parçası kimi…
Bu tərz instinktiv demarjlar, Demirkubuzun «Qaranlıq haqqında hekayələr» («Etiraf», «Yazı», «Gözləmə otağı») adlı triologiyasında da çox diqqətə çarpan amillərdəndir. Məsələn, «Yazı»dakı Musanın və «Gözləmə Otağı»ndakı Əhmədin şəhvəti ya da «Etiraf»dakı Harunun zorakılığı həmin demarjların ən görünən tərəfidir. Bundan başqa, hazır Nitşedən söz düşmüşkən dərhal qeyd edək ki, Demirkubuz filmlərindəki «Mövcudluq» vurğusuna, eynilə «Yeraltı»nda olduğu kimi açıq-aşkar «Gözləmə otağı»nda da rast gəlmək mümkündür.
Yada salaq ki, o filmdə də Kerem adlı qəhrəmanın doktorluq dissertasiyası «Nitşe və Heidegger» haqqındadır! Yəqin ki, Demirkubuzun «kinoda fəlsəfəyə qaçmaq» kimi bir dərdi var və özü bu dərdinə filmlərində cürbəcür metodlarla dərman axtarır. Demirkubuzun bu axtarışına da ikinci yazımda xüsusi ilə toxunacağam. Hələlik bu qədər…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 16 fevral.- S.15.