Şeyxi, Həmdullah Həmdi, Əhməd
Paşa, Nəcati
Təzkirələr
XV əsrdə Şeyxinin məsnəvidə, Əhməd
Paşanın qəsidədə, Nəcatinin qəzəldə
usta olduğunu yazırlar
XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib.
Onun əldə üç əsəri var. Bunlar «Divan», «Xərnamə»,
«Xosrov və Şirin»dir. Divanın 1438-ci il
nüsxəsi Əli Nihad Tərlanın incələməsi
ilə birlikdə Türk Dil Qurumu tərəfindən
1946-cı ildə yayınlanıb. Onun divanı
tövhid, nət və qəsidələrdən ibarətdir.
O, bu qəsidələrdə ən çox II Muradı tərif
edir. Şeyxi «Xosrov və Şirin» məsnəvisini
Nizaminin eyniadlı əsəri əsasında yazıb sultan II
Murada təqdim edib. Bu əsər 6944 beytdən
ibarətdir. Təzkirələr məlumat
verir ki, Şeyxi bu əsəri tamamlaya bilməyib və əsər
Cəmali tərəfindən sona çatdırılıb.
Ancaq bu, doğru deyil. Şeyxinin
bu gün ən tanınan, sevilən məsnəvisi «Xərnamə»dir
(«Eşşək haqqında poema»). 126
beytlik bu əsər həcv kimi qələmə
alınıb. O, sultan Çələbi Mehmedin gözlərini
müalicə edəndən sonra ona
bağışlanmış Tokuzluya gələrkən kəndin
əvvəlki sahibləri şairi yaxşı
qarşılamamış, döyüb qovubmuşlar. Şeyxi də bu olaydan təsirlənərək «Xərnamə»sini
yazıb sultana bağışlamışdı. Digər rəvayətə görə, II Murad ona vəzirlik
vermək istəyirmiş, ancaq sarayda şairi sevməyən
adamlar Nizaminin «Xəmsə»si kimi bir əsər ortaya qoyduqdan
sonra ona vəzirlik verilməsinin doğru olduğunu söyləyirlər.
Onların sözünə cavab kimi şair
«Xosrov və Şirin»i tərcümə etməyə
başlayır, 1000 beytini çevirərək sultana
bağışlayır. Əsər
sultanın xoşuna gəlir. Sultan II Murad
ona çoxlu hədiyyələr verir. Aldığı
hədiyyələrlə vətəninə dönən
şairi yolda oğrular soyurlar. Şeyxi də
başına gələn bu hadisəni həcv kimi yazıb II
Murada göndərir. Bəzi tədqiqatçılar
bu həcvin I Mehmedə bağışlanması fikrindədirlər.
Təsəvvüflə maraqlanmasına
baxmayaraq, şairin qəzəllərində sufizmin çox da
dərin izlərinə rast gəlinmir. Ancaq
şair qəzəllərində təsəvvüfün məzmun
və düşüncə tərzindən böyük
ölçüdə faydalanıb. Onun
türkcə divanı var, məhəbbətdən bəhs edən
çoxlu qəzəllər də yazıb.
XV əsrdə Şeyxidən sonra ən ünlü məsnəvi
yazan Həmdullah Həmdi olub (1448-1509). O, XV yüzilin ikinci
yarısında yaşayıb, məşhur şeyx Ağşəmsəddinin
kiçik oğludur. Onun «Xəmsə»si və divanı var.
Onun «Xəmsə»sinə «Yusif və Züleyxa», «Leyla və Məcnun»,
«Mevlid», «Qiyafətnamə», «Töhfətül-Üşşaq»
məsnəviləri daxildir. Bu əsərlər
içərisində ən tanınmışı «Yusif və
Züleyxa»dır. O, bu məsnəvini yazarkən Caminin
eyniadlı əsərini örnək götürüb, Camiyə
əsaslanaraq gözəl təsvirlər yaradıb. Onun «Leyla və Məcnun»u o qədər də
tanınmayıb. Şair «Mevlid» əsərini
xalq üçün yox, aydınlar üçün yazdığından
dili ağırdır.
«Töhfətül-Üşşaq» kiçik bir eşq
dastanıdır. «Qiyafətnamə» isə insanın
görünüşündən onun xarakterinin özəlliklərini
təyin edən elmi biliklərə həsr olunmuş bir əsərdir.
Onun «Sevgililərin mükafatı» adlı
alleqorik poeması da var. Bu əsərdə gənc tacirin
Konstantinopolda yunan qızına aşiq olması,
xristianlığı qəbul edərək onunla evlənməsi
təsvir olunur. Əsərin sonu alleqorik
şəkildədir.
Türkiyə ədəbiyyatında renessans dövrü
(XV əsrin ikinci yarısı-XVI əsr). Bu dövr
türk ədəbiyyatının qızıl dövrüdür.
1453-cü ildə Konstantinopol Sultan Məhəmməd
Fateh tərəfindən fəth edildi. Sultan
Məhəmməd Fateh özü də şeirlər
yazırdı və ədəbiyyatı himayə edirdi. Bu dövrdə riyaziyyat, coğrafiya, təbiət
elmləri inkişaf edirdi. Səyahətlər
başlanmışdı. Həm səyyah,
həm də şair olan Seyid (Sidi) Ali Rəis
özünün əsərində Hind okeanını təsvir
etmişdi. Bu dövrün ən
böyük rəssamı Nigari idi (1492-1577). O,
miniatür üslubda şəkillər çəkirdi.
1493-cü ildə İstanbulda yəhudilər tərəfindən
mətbəənin yaradılması Şərqdə kitab işinin
yayılmasına səbəb oldu. 1567-ci ildə ermənilərin,
1627-ci ildə yunanların mətbəəsi fəaliyyətə
başlamışdı. XV-XVI əsrlərdə
təzkirə ədəbiyyatı yaradılırdı. «Səkkiz cənnət» (1358) adlanan birinci türk təzkirəsi
Sehl (Süheyl) adlı şair tərəfindən
yazılmışdı. Kastamonulu Lətifinin
təzkirəsi (1546), Aşıq Çələbinin,
Kınalızadə Həsən Çələbinin (1586),
Mustafa Alinin «Ustadlıq kitabı» (1587) əlyazmaları da bu
dövrdə yazılıb.
Əhməd Paşa (?-1497) türk intibahı
dövrünün tanınmış şairidir. O, Ədirnədə
doğulub. Bursa mədrəsəsində təhsil
alıb, Ədirnədə qazi (hakim) olub.
«Bağışlanma haqqında qəsidə»sini sultana
göndərib, edam cəzası
sürgünlə əvəz olunub, Bursaya göndərilib. O,
məhəbbət mövzusunda çoxlu qəzəllər
yazıb. Nəvai onunla şeirləşib.
Bu şeirləşmə nəticəsində Nəvai
ona 33 şeirini göndərib. Əhməd
Paşanın Hafiz ruhunda qəzəlləri də var. Şair
«Saray haqqında qəsidə»sini İstanbul sarayına həsr
edib.
Əhməd Paşanın ardıcılı Nəcatidir
(?-1509). Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir.
Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla
oğludur. Rus tədqiqatçıları
onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın
böyüdüb, Saili adlı bir şair isə onun
istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı
şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət
qazandığı yer Kastamonudur. O, Ədirnədən
Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan
sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət
olunub. Sultan Məhəmməd Fatehə
yazdığı «Bahariyyə» və «Şitaiyə» qəsidələri
ilə Fatehin rəğbətini qazanıb, sultanın divan
katibi olub. Şair şöhrətinin zirvəsinə
sultan II Bayazidin hakimiyyəti illərində çatıb.
Sultan Məhəmməd Fateh dövrünün sonunda
Kastamonudan gələn karvan onun «Dönə-dönə» rədifli
qəzəlini Bursaya gətirirdi. Bununla bağlı Kınalızadə
Həsən Çələbinin atası Əli Əfəndi
öz atası Miri Əfəndidən eşitdiyini
danışır:
-
Zamanın şairləri bursalı Əhməd Paşanın ətrafında
toplanır, söhbət edirdik. Bir gün Kastamonudan bir karvan gəldi
və o şəhərdə Nuh isimli və «Nəcati» ləqəbli
bir şairin zühur etdiyini və «Dönə-dönə» rədifli
iki qəzəllə böyük şöhrət
tapdığını xəbər verdi.
O, Sultan Məhəmməd
Fatehə qəzəllər ithaf edib, onun diqqətini cəlb
edib. Nəcatinin Sultan Bayazidə də qəsidələr
həsr etməsi məlumdur. O, 1483-1504-cü illərdə
Sultan Bayazidə qəsidələr yazıb təqdim edib və
mükafatlandırılıb.
Nəcati Sultan Mahmudun sarayında nişançı
olub.
Şair
Şahzadə Mahmud 913-cü ildə (1508) Manisada vəfat edəndə
Dünya evi məşəqqətü rəncü ana
imiş, Səhni-səfa dedikləri matəm sera imiş — mərsiyəsini
yazmışdı. Özü Sultan Mahmud öləndən bir il sonra — 27 mart 1509-cu ildə vəfat edib. Nəcatinin divanı qalıb. Nəcati
öz divanını onu himayə edən Müəyyəd Zadə
Əbdürrəhman Çələbiyə ithaf edib.
Aşıq Çələbi onun haqqında bir rəvayəti
nəql edir.
Bir gün Nəcati Fatehlə şətrəng oynarkən -
Əsər
etməz nidəlim ahi-səhər gah sana,
Məgər
insaf verə sevdiyim Allah sana.
- mətləli qəzəl yazıb onun nədimlərindən
Cekerginin sarığına qoyur. Sultan
kağızı görüb alır. Özü
də şair olan Fateh başa düşüb 7 ağça
ilə onu divan katibi təyin edir. Türk tədqiqatçıları
bu hadisəni Sultanın hakimiyyətinin axırına
yaxın, hicri 886 (1481)-cı ildən bir il
əvvələ aid edirlər. Onun yaşının da bu
dövrdə təxminən 25 olduğunu güman edib
doğulduğu ili 855-859-cu illər
arasında təxmin edirlər.
Nəcati qocalandan sonra oğlu Hüseyn Çələbi,
damadı Əbdüləziz Çələbi, yaxın dostu
Sehi bəy və Nəqqaş Bayramla çox ünsiyyətdə
olurdu, söhbət edirdilər. Nəcati ölərkən
son qəzəlini də onlara vermişdi. Qəzəl bu
beytlə başlanır:
Bir dəm
ikən dövləti-dünyayi bir dəm sandılar,
Bu rəna ilə gülzarının ayşını aləm
sandılar.
Onun sözügedən əsərlərindən
yalnız divanı əldədir. Onun divanından
başqa «Münazarayi-gülü Husrev» adlı bir məsnəvisinin
olduğunu, ancaq tapılmadığı söylənilir.
Bu barədə məlumat verən Sehi bəy təzkirəsində
bu məsnəvidən 5 beyti örnək verib.
Təzkirələr
XV əsrdə Şeyxinin məsnəvidə, Əhməd
Paşanın qəsidədə, Nəcatinin qəzəldə
usta olduğunu yazırlar. O, qəzəllərində xalqdan gələn
deyimlərdən, atalar sözlərindən məharətlə
istifadə edib. Onun şeirlərinə
çoxlu nəzirələr yazılıb. Qaynaqlar ondan «Husrevi-Rum» (Rumun hökmdarı) deyə
bəhs ediblər. Onun əsərlərinə
Əhməd Paşa, Zati, Xəyali, Baki, Füzuli, Yəhya bəy
və Nədim kimi şairlər nəzirələr
yazıblar.
Ramil Əliyev,
filologiya elmləri doktoru
Xalq Cəbhəsi.-
2013.- 20 fevral.-S.14.