Vanda-R kimdir?

 

Birinci yazı

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı haqqında sevimli müəllimim Şirməmməd Hüseynov kifayət qədər təhqiqat işləri aparıb və əsərlər çap eləyib. Eyni zamanda, Rəsulzadənin irsinin gələcək nəsillərə çatdırılması üçün Cümhuriyyət qurucusunun əsərlərinin də çapını öz vəsaiti hesabına gerçəkləşdirib. Rəsulzadəylə bağlı tədqiqatçı alim Həsiman Yaqublunun da dəyərli əsərləri və məqalələri var.

Sözügedən əsərləri əldə edə bilməyən hər kəs internet vasitəsilə Rəsulzadə ilə bağlı bütün məlumatları ala bilərlər. Bu gün dəyərli oxucularımıza Rəsulzadənin mühacirət dövrü zamanı yaşadıqlarından və ikinci evliliyindən söz açacağıq. Və öncədən qeyd edək ki, Cümhuriyyət qurucusunun ikinci xanımı Polyak əsilli Vanda Rəsulzadə haqqında da internettdə lazımı qədər bilgi var, ancaq biz Şəhla Kazımovanın yazdıqlarından istifadə etməyə üstünlük verdik.

Azərbaycanın bolşevik işğalından öncəki və sonrakı istiqlal savaşını əks etdirən materiallar Şimali Qafqaz mühacirətinin mətbu orqanları «Gorcy Kavkaza» («Qorsı Kavkaza», 1929-1934), «Severnıy Kavkaz» («Severnıy Kavkaz», 1934), «Vschod» («Şərq», 1930-1938), Prometey cəmiyyətinin eyni adlı məcmuəsində və iki dünya müharibəsi arasındakı dövrdə çap olunan digər jurnallarda və müxtəlif arxiv sənədlərində öz əksini tapıb. Lakin bütün bu sənədlərin arasında Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründəki fəaliyyəti, polyak əsilli Vanda xanımla ailə qurması, bu cütlüyün həyatın ağır sınaqlarından ləyaqətlə çıxması, Vanda xanımın Ankaradan Londona yazdığı məktubları xüsusilə diqqət çəkir. Rəsulzadə Vandaya «Leyla» deyə müraciət edərmiş. Lakin Vanda xanım yazdığı məktubları «Vanda R» (Vanda Rəsulzadə — red.) olaraq imzalayırdı. Bu məktublar nəinki Azərbaycan mühacirət tarixi üçün böyük əhəmiyyət daşıyır, həm də vətən ağrısı çəkən tənha qadının həyat hekayəsini uzun illərdən sonra bizə çatdırır.

 

Prometey klubu

 

Vanda Rəsulzadənin məktubları barədə söz açmamışdan öncə Məhəmməd Əmin Rəsulzadənin Polşaya gəlişini və buradakı fəaliyyətini qısa şəkildə xatırlatmaq yerinə düşərdi.

Məhəmməd Əmin Rəsulzadənin Polşaya dəqiq nə zaman gəldiyinə cavab vermək çətindir. Varşavaya o, türk jurnalisti adı ilə gəlmişdi. Qeyd edək ki, Polşa Sovet İttifaqı ilə təcavüz etməmək barəsində saziş imzalamışdı. Polşa dövləti anti-sovet mühacirəti ilə əməkdaşlığı Xarici İşlər Nazirliyində demək olar ki, tamamilə kəşfiyyatın sahəsinə keçirmişdi. Rəsulzadə Varşavada türk jurnalisti adı ilə yerləşdirilmişdi.

Məhəmməd Əmin Rəsulzadə Polşada Prometey klubunun görüşlərində iştirak edir, Şərq İnstitutunda mühazirələr oxuyur, fəal publisistik iş aparırdı. Azərbaycanın istiqlaliyyət döyüşündə qələmi ilə dayanmadan savaş aparırdı. 1938-ci ildə yazdığı «Azərbaycan istiqlaliyyət döyüşündə» kitabında Polyak oxucularına ölkəsini tanıtdırır, dövlətinin çəkdiyi əzablara Qərb aləminin diqqətini yönəldib kommunistləri ifşa edirdi.

1939-cu ildə almanlar Polşaya təcavüz edərək II Dünya müharibəsinə başladılar. Rəsulzadə Varşavanı tərk etmək məcburiyyətində qalır. Rəsulzadə və digər görkəmli prometeyçilər zənnimizcə, məhz polyak məxvi orqanlarının köməyi ilə Varşavanı tərk etdilər. 1942-ci ilin son aylarında Məhəmməd Əmin bəy Berlində alman rəhbərliyi və Şərq Nazirliyi ilə danışıqlarda müharibə bitdikdən sonra Azərbaycanın müstəqilliyini, onun tanınmasını əməkdaşlıq üçün əsas şərt olaraq ortaya qoymuşdu. Lakin Hitlerin Azərbaycanın müstəqilliyini tanımayacağını başa düşdükdə Berlini tərk edib Buxarestə geri dönmüşdü.

 

Rəsulzadə Moskvaya təhvil verilmir

 

1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyir. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə izn vermirlər. Bu arada amerikanlılar yaxınlaşır və vəziyyətin dəyişəcəyinə güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir. Qeyd etməliyik ki, müttəfiqlər anti-sovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də bu tale gözləyirdi. Lakin onu buraxırlar. Məhəmməd Əmin Rəsulzadəni xilas edən onun həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları oldu. Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır. Neçə illər sonra onun Ankaradakı qonşusu Bülent Danışoğlu xatirələrini «Poloniyalı azeri gelini Vanda Resulzade» adlı məqaləsində yazıb.

 

Onu «madam» deyə çağırıblar

 

Məqalənin bəzi maraqlı hissələrini təqdim edirik:

«Leyla xanımı 1970-ci illərdə tanıdım. Kızılırmaq Sokakda indiki Ankapol Sinemasının yerləşdiyi yerdəki binanın son mərtəbəsində qalırdı. Küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla getdiyini görürdüm. Zəif, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadın idi. Küçədəki dükan sahibləri ona «madam» deyərək müraciət edərdilər. Görünüşündən türk olmadığı bəlli idi. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir vaxtdan sonra adının Vandadan Leylaya dönməsinin tarixçəsini danışdı. Sevgili yoldaşı ona Leyli və Məcnun hekayəsini danışıb və adının Leyla olmasını istəyib».

Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd edib (Vanda xanım Polşanın Rusiya tərəfindən işğal olunmuş hissəsində doğulub boya-başa çatıb və məktəbə gedib. Üsyançı polyakları ruhən sındırıb tabe etmək üçün rus çar administrasiyası məktəbdə və bəzi ictimai yerlərdə polyak dilini qadağan ediblər. Bu səbəbdən Vanda rus dilini mükəmməl bilsə belə, bu dilə nifrət edib — red.). Lakin rus dilinə düşmənçilıyı ruslara düşmənçilik demək deyildi, həyatının son günlərində bir rus qadınla dostluq edir.

Leyla xanımın savadlı və bacarıqlı olduğu bəlli idi. Varşavada fransız filologiyası fakültəsinin məzunu olub. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Şirin-şirin gülərək «hamımız inqilabçı idik» — deyərdi. Bir gün Leyla xanımla küçədə rastlaşdıq. Əynimdəki kürkə işarə edərək «biz də mujik kaskası taxardıq» — dedi. Mujik kaskası taxmaqla bərabər ailəsinin ona rahat həyat verdiyi bəlli idi.

 

Vanda xanım marşal Pilsudskinin qardaşı qızıdır?

 

Məhəmməd Əmin irsini araşdıran bəzi Azərbaycan tədqiqatçıları Vanda xanımın marşal Pilsudskinin qardaşı qızı olduğunu iddia edir (N.Yaqublu, Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə, Bakı 2001, s. 97). Əfsuslar olsun ki, belə bir qənaətə hansı mənbə əsasında gəldikləri qeyd olunmur. Bu məlumat marşalın ailəsi tərəfindən təsdiq olunmur (marşal Yuzef Pilsudskinin nəvəsinin həyat yoldaşı ilə yazışma müəllifin şəxsi arxivindədir). Bülənt Danışoğlu da bu məqama toxunaraq yazır: «Leyla xanımın mənə Pilsudski haqqında danışdığını xatırlamıram. Bəlkə də danışmışdı, amma mən o illərdə Pilsudskini tanımadığım üçün anlamamışdım».

Lakin zənnimizcə, Vanda xanım Pilsudskini nəinki yaxın, hətta uzaq qohumu olsaydı, bu fakt onu tanıyanların diqqətindən yayınmazdı. Marşal Juzef Pilsudski Polşa dövlətçiliyi ilə eyniləşdirilən tarixi şəxsiyyətdir, polyaklar onu dövlət atributları ilə bərabər tutur. Demək olar ki, Pilsudski Polşanın «Atatürküdür», bu baxımdan onun ailəsindən olmaq və qürur hissi ilə bunu hər addımbaşı qabartmamaq bizə inanılmaz gəlir.

Vanda xanım Bülənt bəyə Varşavanı necə tərk etdikləri haqqında danışıb. Maraqlıdır ki, bu hadisələrə Vanda xanımın məktublarında da rast gəlirik. Görünür müharibə illərində yaşadığı dəhşətli anlar ömrünün sonuna qədər ona rahatlıq vermirdi.

«1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə əlaqədar rahatlıqları pozulur (Rəsulzadə ailəsinin-red.). Leyla xanımın ailəsi bu dəfə alman işğalçılarına qarşı aparılan müstəqillik mücadiləsinə qatılmışdı. Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evləri seçilir. Çünki Rəsulzadə Varşavaya türk jurnalisti simasında gəlmişdi və onun evində axtarış keçirilməsi ehtimalı polyaklara baxanda çox az idi. Leyla xanımın bacısının həyat yoldaşı Polşa ordusunun zabitlərindən idi və işğal ordusuna sabotajlar təşkil edirdi. Bir gün gestapo evinə basqın edib ailəsinin gözləri qarşısında onu öldürürlər. Bu hadisədən sonra Polşadan qaçmaq məcburiyyəti qarşısında qalırlar.

Polşadan qaçdıqdan sonra Ruminyada məskunlaşırlar. Ruminyada uzun müddət qala bilmirlər. Sovet ordusunun Ruminyaya yaxınlaşması səbəbindən Yuqoslaviyaya, oradan da Macarıstana qaçırlar. Həm sovet, həm alman ordularından qaçmağa çalışan ailənin sığına biləcəyi tək yer İsveçrə idi. Lakin İsveçrə ordusu müharibəyə qatılmaq istəmədiyindən sərhədləri bağlamış, heç bir qaçqını qəbul etmirdi. Çoxsaylı bir qrupla birlikdə üç aya qədər dağlarda yaşayırlar. Gözləyənlərin sayı günü-gündən azalır, amma onlar gedəcək başqa bir yerləri olmadığından qalırlar. Leyla xanım hər gün təkbaşına bir təpəyə çıxıb müttəfiq əsgərlərini gözləyirdi. Bir qrup əsgərlərin gəlişini görən həyəcanla qaçıb başqalarına xəbər verən o idi.

 

 

Aysel

 

Xalq Cəbhəsi.- 2013.- 21 fevral.- S.10.