İlk türk
ensiklopediyası
Kaşğarinin
«Divanü lüğat-it türk» kitabı Türk
Dünyası haqqında ən dəyərli mənbələrdən
biridir
Türk
Dünyasının mənəvi sınırlarının,
dil zənginliyinin, özünəməxsusluğunun öyrənilməsində,
kitablaşdırılaraq sabaha çatırılmasında
ayrıca xidmətləri olan Mahmud Kaşğarinin həyatı
haqqında geniş və bitkin məlumatımız olmasa
da,onun ləyaqətli çabalarının təsiri
ortadadır. İndi Kaşğarinin ünlü kitabı
yüzillərdən o yana Türk Dünyası haqqında ən
dəyərli mənbələrdən biridir. Bu yöndə
araşdırmalar aparan Ramiz Əsgər Mahmud Kaşğarini
dahi dilçi, filoloq və ensiklopedist, türk ruhunun tərcümanı,
türk soysevərliyinin və türkçülüyün
bayraqdarı, türkologiyanın banisi kimi xarakterizə edir.
Çoxsaylı araşdırıcıların qənaətinə
əsaslanan R.Əsgər Kaşğarinin tarixdə ilk
türk-islam dövləti olan Qaraxanilər xanədanına mənsubluğunu
bildirir: «Onun babası Məhəmməd Yağan Təkin,
atası isə şahzadə Hüseyn Əmir Təkindir.
1055-56-cı illərdə M.Y.Təkinlə öz doğma
qardaşı, Şərqi Qaraxani hökmdarı Süleyman
Arslan xan arasında müharibə başlayıb, nəticədə
Süleyman Arslan əsir düşüb, Buğra xan Məhəmməd
Yağan Təkin Şərqi Qaraxanilər taxtını ələ
keçirib. 18 aylıq xaqanlıq dövründən sonra
hakimiyyəti könüllü olaraq böyük oğlu
Hüseyn Əmir Təkinə vermək üçün mərasim
təşkil edir. Ziyafətdə Məhəmməd Buğra
xanın kiçik arvadı taxta oğlu İbrahimi oturtmaq
üçün xaqanı və şahzadələrin bir
qismini zəhərləyir. M.Kaşğarinin də atası zəhərlənib
ölənlər sırasında olur. Saray çevrilişindən
sonra əsir düşən xaqan Arslan xan da boğularaq məhv
edilir, xaqan İbrahim olur. M.Kaşğari təqibdən
qurtulmaq üçün Qərbi Qaraxani dövlətinin
torpaqlarına keçir. Yerini tez-tez dəyişir, uzun
müddət gizli həyat tərzi keçirir, tanınmamaq
üçün özünü alim və səyyah kimi təqdim
etməli olur».
Alimin
harada doğulması ilə bağlı mülahizələrə
toxunan R.Əsgər deyir: «Mahmud Kaşğarinin əyalət
şəhəri Barsğanda, yoxsa imperiyanın paytaxtı
Kaşğarda doğulması haqqında da biri-birinə zidd
fikirlər var. Akademik A.H.Kononov Kaşğarinin atasının
barsğanlı olduğunu, Kaşğara köçdüyünü,
Kaşğari nisbəsini alan Mahmudun ehtimal ki, burada
doğulduğunu yazır».
R.Əsgərin
qənaəti isə belədir: «Mahmud Kaşğari həqiqətən
Barsğandan bəhs edərkən «Bu şəhər Mahmudun
atasının şəhəridir» — deyə yazıb. Ancaq
buradan nə anlaşılır? Barsğanda doğulmaq, yoxsa
bir əmir (vali) kimi Barsğanı idarə etmək: Qaraxani
şahzadəsi Hüseyn Təkinin bu mənada barsğanlı
olması şərtidir. Əslində o, bütün ölkənin
sahibi idi. Bu sülalənin başçılığı
altında türklər 922-ci ildə Buxaranı Samanilərdən
alıb, 999-cu ildə bütün Mavərvaün-nəhri zəbt
edərək Samani dövlətinə son veriblər.
Şübhəsiz, Hüseyn Təkin də bu savaşlarda fəal
iştirak edib».
R.Əsgər
bu qənaətdədir ki, bir qələm əhli olaraq Mahmud
Kaşğarinin «Kaşğari» nisbəsini qəbul etməsi
onun heç də mütləq Kaşğarda doğulması
demək deyil, burada böyümək, yaşamaq, oxumaq da bunun
üçün kifayətdir: «Bir xanədan üzvü kimi
ağası olduğu imperiyanın paytaxtının
adını daşımaq onun haqqıdır. Hətta
kiçik bir şəhər və ya kənddən
çıxmış sənətkarlar da çox vaxt iri və
məşhur şəhərlərin adını nisbə
olaraq alıblar».
M.Kaşğari
dövrünə görə mükəmməl təhsil
alıb: «Həmin dövrdə Kaşğarda çoxlu məktəb
və mədrəsənin mövcud olduğu haqda tarixi məlumatlar
mövcuddur. Onun Səmərqənddə, Hişapurda və
Buxarada oxuduğu haqqında məlumatlara da rast gəlirik. Deməli,
Kaşğari bu yerlərdə olub. O, buralara yerli türk ləhcələrinin
xüsusiyyətlərini öyrənmək üçün gələ
bilərdi. Ancaq o dövrdə Hişapurda türk
yaşamaması belə qənaətə gəlməyə əsas
verir ki, Kaşğari bu yerlərə təhsil almaq
üçün gəlib. Kaşğari dövrünün bir
çox elmlərini mükəmməl şəkildə
öyrənib, o zamanlarda mədrəsələrdə tədris
olunan riyaziyyat, hesab, həndəsə, astronomiya, dil, ədəbiyat,
tarix, coğrafiya, fəlsəfə, hüquq, təbabət,
ilahiyyat, pedaqogika, psixologiya, hərb sənəti, məntiq,
siyasət, etika və başqa elmləri öyrənib. Eləcə
də o, bir neçə dili mükəmməl bilirmiş».
Kaşğarinin
doğum, ölüm tarixi ilə bağlı müxtəlif
mülahizələr olsa da, Ramiz Əsgər onun 1008-ci ildə
anadan olması, 1105-ci ildə vəfat etməsi mülahizəsini
doğru sayır. Mahmud Kaşğarinin qəbrinin
tapılmasının maraqlı tarixçəsi haqqında
danışır: «1983-cü ildə Çinin «Sinxua» agentliyi
Urumçi müxbiri Van Yufu tərəfindən göndərilən
«Mahmud Kaşğarinin qəbri tapıldı»
başlıqlı teleqram yaydı. Əslində qəbrin yeri
hələ 1930-cu ildən məlum idi. 1957-ci ildə
Urumçi muzeyinin əməkdaşı İsmayıl Mahmud
Kaşğarinin Opalda dəfn olunduğunu qeyd etmişdi. Ən
sonda isə 700 il öncə tərtib edilmiş bir torpaq
alqı-satqı sənədində və 1836-cı ildə
Emin Həsən Qazi tərəfindən yazılmış bir
vəqfiyyə sənədində Mahmud Kaşğarinin
adına rastlandı. Məzarın yeri dəqiqləşdirildikdən
sonra hökumətin xüsusi qərarı ilə 500 min
yuanlıq büdcə ayrıldı, Mahmud Kaşğarinin qəbri
üzərində möhtəşəm türbə tikildi.
Kaşğarinin qəbrinin yanında təqribən min
yaşı olan «hay-hay tərək» adlı qocaman qovaq
ağacı ucalır. Rişəsini türk torpağından
alan bu ağac neçə yüz ildən bəri tarix boyu gəlib
keçmiş ən böyük türklərdən birinin məzarına
keşik çəkir».
Hazırda
türk xalqları arasında ortaq türk dilinin
yaradılması yönündə kövrək də olsa,
addımlar atılmaqdadır. Belə bir çətin işin
araya-ərsəyə gəlməsi birdən-birə olmayacaq,
bəhrəsini tədricən verəcək. Bu gərəkli
axtarışlar prosesində türk dillərinin mövcud vəziyyətinin
müqayisəli şəkildə araşdırılması
ilə yanaşı həmçinin türk dillərinin qədimdə
mövcud olmuş durumunu da nəzərdən keçirmək
əhəmiyyətlidir. «Divani-lüğət-it-türk» əsərini
Mahmud Kaşğarlı 1074-cü ildə yazıb. Lüğətdə
9 mindən çox söz verilir, hansı yarımqrupa aid
olduğu göstərilir. Bu, ortaq türkcə ilə
bağlı tədqiqatçılara ciddi qənaətlər
verəcək: «Bu əsər əlimizdə olmasa, «Dədə
Qorqud dastanları»nı, «Kutaqdu-bilik»i və
başqalarının yaxşı oxuyub anlaya bilmərik. Bu əsər
min il əvvəlki Türk Dünyasının
aynasıdır. Lüğətdəki bütün titullar, ləqəblər,
kişi, qadın adları, flora, fauna, silah, parça adları,
saray titulları, bir sözlə, hər sahəyə aid adlar
orada var. Kaşğari öz dövründəki bütün
sözləri lüğətinə yazıb: «Bu, elə-belə
yox, ensiklopedik lüğətdir. Burada 318 atalar sözü
verilib. Bu, o dövrdən soraqvermə baxımından
çox böyük xəzinədir. 240 beyt və bənd şeir, 40-a yaxın yemək, içki reseptləri verilib. Bunlar türk mədəniyyəti
tarixi üçün
əvəzsiz xəzinədir.
Bu əsərin orijinalı 1914-cü ildə
tapılıb, 1915-1917-ci illərdə
İstanbulda nəşr
olunub». Bir neçə il
əvvəl Azərbaycanda
işıq üzü
görən kitabın
birinci cildi 512, ikinci, üçüncü
cildlərinin hər biri 400, dördüncü
cild isə 752 səhifədir.
Kaşğari uyğur, oğuz, qıpçaq, türkmən,
qırğız, yağma
və başqa türk soylu xalqları Türk adı altında birləşdirən bir türkoloq sayılır. Türklərin
yaşadıqları ölkələri,
şəhərləri, kəndləri
tanış edən, təfərrüatlı
məlumat çatdıran
qiymətli əsəri
xəritə ilə də Türk coğrafiyaşünası adına
layiq görülüb.
Mahmud Kaşğarlı türklərin bölgələrini,
kəndlərini və
çöllərini qarış-qarış
gəzib. Uzun illər
o, türk, oğuz, qırğız şəhərlərini,
kəndlərini, düşərgələrini
dolaşaraq onların
lüğətini yazıb.
Nəticədə M.Kaşqari
Xəzərin şərq
sahillərindən başlamış
Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın
cənub sərhədlərinə
qədər olan geniş ərazini öyrənib, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını
aparıb, eləcə
də türk xalqları və abidələrinin məskunlaşma
sərhədlərini və
yerlərini böyük
dəqiqliklə müəyyən
edib. «Divani-lüğət
it-türk» (1072-1074) əsərində
türk qəbilələri,
çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında
geniş məlumatlar toplanıb. Tyan-Şan
və Yeddigöllük,
İssık-Kul gölü,
Balasaqun dağları
(Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə
səciyyələndirilib. O, Narının yuxarı hövzəsində olub, Çatırgöl və
Siziç (Songöl) gölünü qeydə alıb. «Divan»ın
sonuna əlavə olunmuş xəritə
Mahmud Kaşğari dövründə
türkdilli xalqların
yaşadığı ərazilərin
təsvirini verən
ilk xəritədir. O, bir sıra paralel
formada düzülmüş
Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində
daha düzgün əks etdirib. Kaşğari Manqışlak
(Manqıstan) yarımadası
ilə də tanış idi — bu yarımadaya
ilk dəfə məhz
onun xəritəsində
rast gəlinir.
Türk xalqları arasında ortaq türk dilinin yaradılması birdən-birə olmayacaq, bəhrəsini tədricən
verəcək. Bu gərəkli
axtarışlar prosesində
türk dillərinin mövcud vəziyyətinin
müqayisəli şəkildə
araşdırılması ilə
yanaşı habelə
türk dillərinin qədimdə mövcud olmuş durumunu da müqayisəli şəkildə nəzərdən
keçirmək yaxşı
olar. Professor Ramiz Əsgərin Mahmud Kaşğarlının məşhur
«Divanü luğat-it türk» («Türk dillərinin izahlı lüğəti») əsərini
ana dilimizə tərcümə edərək
nəşrə hazırlaması
türkologiyada yaddaqalan
ciddi işlərdən
oldu.
R.Əsgər deyir ki, ümumtürk
ədəbiyyatının ən
əski qaynağı
VI-VIII əsrlərdə yaradılmış
Orxon-Yenisey abidələridir. Daha sonra
oğuz, qıpçaq
və qarluq qrupları meydana gəlib. Oğuz qrupunun ortaq
abidəsi «Kitabi-Dədə
Qorqud»dur. Onu bütün
oğuzlar, yəni Azərbaycan türkləri,
türkmənlər, türklər
və qaqauzlar rahatlıqla başa düşürlər. Qıpçaq qrupunun ortaq əsəri «Manas» dastanıdır. Qazaxlar, qırğızlar,
qaraqalpaqlar və noqaylar bu əsəri
yaxşı anlayırlar.
Qarluq qrupunun şah əsəri Yusif Balasağunlu tərəfindən
qələmə alınmış
«Qutadğu bilig» («Xoşbəxtlik haqqında
elm») poemasıdır. O, özbək, uyğur, sarı uyğur və bu qrupa
daxil olan digər xalqlar üçün ortaq əsərdir. Bütün
qrupları əhatə
edən ortaq universal abidə isə Mahmud Kaşğarinin məşhur
«Divanü lüğat-it
türk» əsəridir:
«2008-ci ildə 1000 illik
yubileyi YUHESKO xəttilə
bütün dünyada
geniş qeyd edilən Mahmud Kaşğari
bizim ilk türkoloqumuz,
ilk dilçimiz, ilk mədəniyyətşünasımız,
ilk tarixçimiz, ilk folklorçumuz,
ilk coğrafiyaşünasımızdır.
Onun «Divanü lüğat-it türk» əsəri dünya dilçilik elminin incilərindəndir.
«Divan»ın ən
mühüm özəlliyi
onun sadə bir lüğət deyil, ilk türk ensiklopediyası olmasıdır.
Burada min il əvvəlki türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti, türklərin
adət-ənənələri, həyat tərzi, sosial münasibətləri,
geyimi, mətbəxi, oyunları, bir sözlə, hər şeyi ideal şəkildə
əksini tapıb. Mükəmməl məlumat və
biliklər toplusu yaratmaq sahəsində
Mahmud Kaşğari Qərbi
Avropanın Didro, Monteskyö, Russo və Volter kimi maarifçi
ensiklopedistlərini 7 əsr
qabaqlayıb». «Divanü lüğat-it türk» əsərində
mətnin yarısı
ərəb əlifbası
ilə qədim türk dilində verilib. Kitabda işlənmiş 8 min sözün hər birinin hansı cilddə, hansı səhifədə, hansı
sətirdə getdiyi, mənası, onunla birlikdə işlənmiş
şəkilçilər tək-tək
verilib.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 22 fevral.- S.14.