Milli irsin qorunması
problemləri
İctimai Qida Muzeyinin
yaradılması Azərbaycanda qədim qonaqpərvərlik ənənələri
baxımından əhəmiyyətli olardı
Bu
gün ölkəmizdə mədəniyyət və incəsənət
sahəsində öz həllini tapmamış bir sıra vacib
problemlər hələ də qalmaqdadır. Hazırda incəsənətin
bir çox sahələrində xoşagəlməz hadisələrlə
üzləşməyimiz də bunun təsdiqidir.
Belə
halların aradan qaldırılması üçün
müvafiq tədbirlər həyata keçirmək məsuliyyəti
dövlət orqanları ilə yanaşı, sənət sahəsi
ilə məşğul olan insanların da üzərinə
düşür. Öncədən deyək ki, vəziyyət
heç də çıxılmaz deyil və qeydlərimizdə
onların həlli yollarını da göstərməyə
çalışacağıq.
Bakıya
gələn qonaqların hər şeydən əvvəl
görmək istədikləri yerlərdən biri İçərişəhər
memarlıq kompleksidir. Müstəqilliyimizə qədər bu
kompleks daha çox qədimliyi ilə diqqəti cəlb edirdisə,
indi onun keçmiş əsrlərin abidəsi olduğuna inam
azalıb. Səbəbi isə bu unikal abidənin son dərəcə
müasir üslübda «bərpa» edilməsi və yeni tikililərin
əlavə olunmasıdır. Ətrafında ucaldılmış
göydələnlər azmış kimi, kompleksə daxil olan
qədim tikililər də bu «yenilik»lərlə əvvəlki
görkəmini itirmək üzrədir. Artıq bu qədim
guşənin «fatihəsi oxunub», desək, yanılmarıq.
Konkret
fakta keçək, İçərişəhərdə yerləşən
Cümə məscidinin minarəsi də öz ilkin
konstruksiyasından məhrumdur. Minarənin şərəfə-eyvan
hissəsi əvvəl daşdan ibarət olmuş, sonra 1721-ci
ildə paytaxtımıza hücum çəkən rus ordusu tərəfindən
dağıdılmışdır. Hazırda bu hissə dəmirdən
və tamam başqa bir quruluşda tikilmişdir. Bu isə minarənin
qədimliyinə xələl gətirir. Memarlıq abidələri
əcdadlarımızdan bizə qalan ən dəyərli
yadigarlardandır. Hər dəfə onların yanından
qürurla, möhtəşəmliyinə heyranlıqla
keçirik. Bəs görəsən bu Azərbaycan incilərinin
bugünkü vəziyyəti və sonrakı taleyi kimisə
düşündürürmü?
Naxçıvanda
yerləşən Qarabağlar türbəsinnin günbəzi
son vaxtlaradək dağıdılmış halda idi. İndi
isə bərpadan sonra metal lövhələrlə
örtülmüş günbəzlə bu XIV əsr abidəsinin
daş və kərpicdən olan gövdəsi arasında sanki
əsrlərlə zaman fərqi yaranmışdır. Əlbəttə,
ölkədə belə tikililərin sayı çoxdur və
adlarını saymaqla siyahını bir az da uzatmaq olar. Bu sahədə
məsuliyyət daşıyan şəxslər bilməlidirlər
ki, bərpaçılıq sənətinin məqsədi əşya
və ya abidənin istənilən şəkildə deyil,
ilkin konstruksiyası əsasında qurulmasından ibarətdir.
1993-cü
ilə qədər Ağdam rayonunda çox zəngin
çörək muzeyi fəaliyyət göstərirdi. Bu
muzeydə Azərbaycanın ən qədim yaşayış məskəni,
mədəniyyət və əkinçilik mərkəzlərindən
biri olmasını sübut edən müxtəlif növ
daşlaşmış dənli bitki qalıqları
saxlanır və sırf bizim mətbəximizə məxsus
olan müxtəlif çörək növləri
nümayiş olunurdu. 1993-cü ildə Ağdamın ermənilər
tərəfindən işğalı zamanı bu muzey
dağıdıldı. Muzeyin məsul işçiləri
qoruya bildikləri eksponatları Bakıya gətirdi, yerdə
qalanları isə məhv edildi. İndi məlum səbəblərə
görə çörək muzeyini əvvəlki yerində bərpa
etmək mümkün deyil. Amma salamat qalan eksponatları
toplayıb ölkəmizə məxsus olan çörək və
un məmulatları nümunələrini əlavə etməklə
Azərbaycanın başqa bir ərazisində eyni adlı bu
muzeyi yenidən yaratmaq olar.
Məlumdur
ki, dünyanın bir çox ölkələrində
(İngiltərə, Rusiya, Fransa, Çin və s.) kulinariya
muzeyləri yaradılıb. Məsələn, Moskvada on iki
zaldan ibarət İctimai Qida Muzeyi fəaliyyət göstərir.
Muzeyin zallarında qədim mətbəx ləvazimatlarını
və müxtəlif çeşidli cihazlar, XIX əsr
restoranlarında stolların, süfrələrin bəzədilməsində
istifadə edilən əşyaları görmək olar. Bu
eksponatlar həm də beynəlxalq tədbirlərdə, şəhər
və kənd məclislərində, mərasimlərdə
göstərilən xidmət metodlarından, mətbəx mədəniyyətindən
xəbər verir.
Nazirlər
Kabinetinin qərarına görə 1991-ci ildə Azərbaycanda
da Milli Kulinariya Muzeyi yaradılmalı idi. Təəssüflər
olsun ki, yaxşı təbliğat vasitəsi olacaq bu məsələ
bu gün də həll edilməmiş qalır. İctimai Qida
muzeylərində, adətən eksponatların bir hissəsini
kulinarların işləri təşkil edir. Beynəlxalq
müsabiqələrdə rəssam-qənnadçılar
karamel və şokoladın müxtəlif növlərindən
kiçik ölçülü plastika nümunələrini
elə incə yaradırlar ki, heykəltəraşlıqda
istifadə olunan materiallarla bu iş o qədər də
uğurlu alınmaz. Belə ki, heykəltəraşlıq
materialları olan gil, gips, mərmər və s. daha zərif
işləmə imkanlarını məhdudlaşdırır.
Başqa ölkələrdə keçirilən
yarışlarda qənnadçılar, karvinqlə (karvinq —
meyvə, giləmeyvə, tərəvəz üzərində
bədii oyma sənəti, bitki mənşəli məhsullardan
hazırlanmış sənət əsərləri) məşğul
olan kulinarlar, rəssam və heykəltəraşlarla birlikdə
çalışırlar. Azərbaycanda isə bütün bu
kimi vəzifələr onlardan birinin üzərinə
düşdüyündən istədiyimiz, layiq olduğumuz nəticəni
əldə etməkdə çətinlik çəkirik. Təsviri
sənətlə məşğul olan yaradıcı gənclərə
təklif edərdik ki, öz fantaziya və qabiliyyətlərini
bu sahədə də sınasınlar. Düşünürəm
ki, heykəltəraş və rəssamlar qənnadıçı
və kulinarlarla birgə işləyərsə,
sadaladığımız problemlər göz dağına
çevrilməz.
İctimai Qida muzeyinin yaradılması Azərbaycanda qədim qonaqpərvərlik ənənələrinin saxlanılması, təqdim olunması və təbliği baxımından əhəmiyyətlidir. Bu addım Azərbaycan etnoqrafiyasının dünyada tanınmasına xidmət edə bilər. Yerli əhali şəxsi kolleksiyasında saxladığı keçmişdən qalma mətbəx əşyalarını bu muzeyə təqdim etməklə ekspozisiyanın zənginləşməsində yardımçı olar. 1990-cı illərin əvvəllərindən başlayaraq bazar dəllalları kəndbəkənd gəzib qədim qabları, xalçaları yeniləri ilə dəyişir və ya çox ucuz qiymətə satın alırlar. Sakinlər də bu əşyaların bədii və tarixi dəyərini bilmədiyindən buna dərhal razı olur, lakin onların sonrakı aqibətindən xəbərsiz qalırlar. Dəllalların arasında aldıqları əşya və xalçaları sonradan xarici ölkələrin nümayəndələrinə satıb külli miqdarda gəlir əldə edənlər kifayət qədərdir. Bunun da mənfi nəticəsidir ki, bəzən bu əşyaların bir çox dünya muzeylərində başqa ölkələrin adı altında nümayişini görürük. Belə halların baş verməsinin qarşısını almaq üçün əhalini məlumatlandırıb qabaqcadan xəbərdar etmək və bu tarixi əşyaları sahiblərinin razılığı ilə öz muzeylərimiz üçün almaq daha məqsədəuyğun olardı. Ümumiyyətlə, muzeylərimizin səyyar yolla eksponat toplamaq ənənəsi unudulub. Odur ki, halal mallarımıza özgələr sahib çıxırlar.
Yuxarıda yaradılmasını arzuladığımız muzeylərdən söhbət açdıq, amma mövcud olanların da vəziyyəti qənaətbəxş deyil, eksponatlara qarşı laqeydlik mövcuddur. Gediş-gəlişə nəzarət, ümumi müşahidə isə bəzilərində tamamilə yox dərəcəsindədir. Muzeylərə ixtisaslı işçilərin qəbul olunması, eksponatlara qarşı nəzarətin gücləndirilməsi belə arzuolunmaz cəhətləri aradan qaldıra bilər. Ölkədə muzey kadrları hazırlansa da, onların işlə təminatı müşkül məsələyə çevrilib.
Xalq sənətləri mili-mənəvi irsimizdən xəbər verən peşələr sırasındadır. Müasir zəmanəmizdə dünya ölkələri tərəqqiyə meyl edir, məhsullar mexaniki yolla istehsal olunur və nəticədə qədim ənənəsi olan xalq sənətləri unudulur. Aydın məsələdir ki, hazır məhsul almaq daha asan başa gəlir. Amma tətbiqi sənəti qiymətləndirməklə unudulmaqda olan xalq yaradıcılığının sıradan çıxmasının qarşısını almaq mümkündür. Belə sənətləri dərindən öyrənib dünyaya təqdim etmək ölkəmizə çox böyük nailiyyət qazandıra bilər, heç maddi gəlirlərimiz də az olmaz.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 27 fevral.- S.13.