Uşaq hüquqlarının qorunması prinsipləri

 

Hər bir uşaq doğulduğu andan etibarən cəmiyyətin bərabərhüquqlu üzvü sayılır

Hüquqi dövlət quruculuğunda sağlam ruhlu vətəndaşın yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsana, xalqa, dövlətçiliyə münasibətində ciddi, təəssübkeş, insanlığın

qaydalarına əməl edən şəxslərin varlığı cəmiyyətin özülü sayılır. Yaxşı insanlar yaxşı cəmiyyət yaradırlar. Təbiidir ki, insanların tərbiyəsi ilə uşaqlıqdan məşğul olduqda istənilən bəhrəni verə bilər. Uşaq tərbiyəsi ilə məşğul olmaq isə olduqca çətindir.

Hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Ancaq hələ ki, dünyada uşaqların müdafiəsi problemi həll olunmayıb. Əgər dünyada qan-qada, müharibə gerçəkliyi qalırsa, uşaqların hansı beynəlxalq müdafiəsindən danışıla bilər? Dünyada insan alveri tüğyan edir. İnsan alverinin əsas hədəfi isə uşaqlar və qadınlardır.

Dövrümüzün gərginlikləri artdıqca uşaqların təlim və tərbiyəsi sarıdan problemlər də getdikcə düyünə düşür. Bütün tərbiyə haqqında deyilənlər əksər hallarda sözdən o yana getmir.

Heç bir insan anadan bilikli, kamil doğulmur. Ona görə də hər bir insan məktəb keçir, müəllimlərdən təhsil alır, onda həyat, insani münasibətlər, təbiət, dünya haqqında təsəvvürlər yaranır, möhkəmlənir. Zaman-zaman dünya filosofları elm, təhsilin əhəmiyyəti, öyrənilməsi qaydaları haqqında fikirlər söyləyiblər. O deməkdir ki, təhsilin mayasında ilk növbədə inam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, yeriyirsən, inanırsan ki, oxuyursan, oxuduğuna inanırsan. Bilik insana məhz insanilik üçün, özünü əvəzsiz, müstəqil varlıq olaraq təsdiq etmək üçün gərəkdir. İnsanilik tələbi insanı Vətənə sevgi üstə kökləyir.

Təhsilin xüsusən uşaqların, gənclərin həyatında rolu təkcə

sistemli bilgi verməkdənmi ibarətdir? Hədən bu gün məktəbə münasibət əvvəlki kimi ehtiraslı deyil? Bu gün hətta ən imkansız ailə belə balasına məktəbli forması, dəftər-kitab alır, qarnını birtəhər doydurur. Ancaq hamı məhz əvvəlki onillərin təhsilini nostalji ilə xatırlayır. Səbəbi hər şeydən əvvəl insan xarakterinin biryolluq köklənməməsi ilə bağlıdır. Əvvəla, adam xarakteri elədir ki, o, daim təzəlik axtarır, habelə yaşanmışları idealizə etmək təzə söhbət deyil. Adamların ömrü bu gün sanki dairədə ilişib qalıb, cəmiyyətdə imkanlılarla yanaşı imkansızların da çabaları sonda böyük fərəhə aparıb çıxarmır. Təhsil adamlara tam çıxış yolu göstərə bilmir, mənimsənilmiş biliklər insanın yenilməz dünyabaxışının formalaşmasına gərək olmur.

Bilik çoxluğu səhrada qumun çoxluğundan fərqlənmir. Yəni beləliklə çox şeyi bilən əslində özünü bilmir. Təhsilimiz insanı anatomik cəhətdən öyrənir, ancaq onun insani-milli-mənəvi dünyasını böyük mənada öyrənməyə cəhd etmir.

Balalarımıza ciddi söhbətlər etməliyik. Hamı özgələşməyin dəhşətini gördüyü dərəcədə ona qarşı müqavimət göstərmir. Bu gün Azərbaycanda təbəqələşmənin nəticəsi olaraq bir neçə təbəqəli ailələr yaranıb. Şübhəsiz ki, ailələr arasındakı fərqlər maddi imkanların təsiri ilə formalaşıb. Azərbaycanda hər şeylə təmin olunmuş ailələrlə müqayisədə şübhəsiz ki, sırf kasıb ailələr mütləq əksəriyyət təşkil edir. Kasıb ailələrin uşaqları xoşbəxtliyi yalnız varlı balaları kimi yaşamaqda görürlər. Belə ailələrdə uşaqlar əsasən oxuyub pula, mənsəbə çatmağı, bu yolla varlığını sübut etməyi hər şeydən üstun tutur. Millətin sabahı haqqında ciddi düşünənlərin sayı azalır. Əksinə, atüstü düşünənlərin sayı artır. Uşaqların əxlaqına, tərbiyəsinə çoxsaylı telekanallar fəlakətli təsir göstərir.

Bu gün cəmiyyətdə tez-tez hamının adını çəkdiyi, müraciət etdiyi Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni, hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər. Konvensiya 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:

İnkişaf hüquqları — bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

Müdafiə hüquqları — bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə edir.

İştirak hüquqları — bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.

Yaşamaq hüquqları — bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Heç bir uşağa din, dil, irq, rəng, cinsiyyət, milliyyət, mülkiyyət, siyasi, sosial və s. kimi ayrıseçkilik göstərilməməlidir.

Uşaqlar qorunmalı, qanun və lazımi qurumların köməyi ilə fiziki, zehni, əxlaqi, ruhi və s. olaraq sağlam və normal şərtlər əsasında yetişdiriləməsi təmin edilməlidir. Qürur və heysiyyatının tapdalanmasına yol verilməməlidir. Bunları nəzərə alaraq qanunlar uşaq haqlarını ən yüksək səviyyədə qorumalıdır. Hər bir uşağın doğulduğu andan etibarən dövlətin vətəndaşı olma haqqı var.

Uşaqlar sosial sığortadan yararlanmalı və sağlam şəkildə böyüdülməlidir. Anası uşaq dünyaya gələcəyi müddət ərzində xüsusi diqqət və qoruma ilə təmin edilməlidir. Fiziki və ya ruhi baxımdan əlil olan uşaqlar lazımi müalicə və təhsillə təmin edilməlidir. Uşağın şəxsiyyətinin formalaşması üçün anlayış və sevgi əsasında böyüdülməlidir. Valideynlərinin qayğısı və məsuliyyəti altında sevginin var olduğu mühitdə yetişdirilməlidir. Ailəsi və maddi vəziyyəti olmayan uşaqlara adiyyatı qurumlar tərəfindən xüsusi diqqət və qayğı göstərilməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün ciddi tədbirlər görülməlidir. Uşaq sayı çox olan ailələrə dövlət tərəfindən maddi yardım edilməlidir.

Cəmiyyətə yararlı və layiqli bir şəxsiyyət olaraq yetişməsi üçün təhsil alması şərtdir. Təhsilin bütün məsuliyyəti ailənin üzərinə düşməlidir. Təhsilin və elmin ilk hissəsi pulsuz və məcburi olmalıdır. Hansısa qəza və fəlakətlər zamanı uşaqlar ilk olaraq xilas edilməlidir.

Uşaqlar hər cür istismar və təzyiqə qarşı qoruma altında olmalıdır. Uşaqlar müəyyən yaş həddinə çatmayana qədər hər hansı bir işdə (mənfi təsir göstərən) çalışmamalı və buna icazə verilməməlidir. Uşaq irqi, dini və.s kimi ayrıseçkilikdən uzaq tutulmalıdır. Anlayış, xoşniyyət, insanlar arasında dostluq, barış və qardaşlıq mühitində böyüdülməlidir.

Azərbaycan Respublikasının sözügedən mövzuda qanunu var. Orada vurğulanır ki, Konstitusiyaya, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq

Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət

siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Uşaqların bu qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.

Uşaq hüquqları barəsində qanunvericilik bu qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan

Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə

zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 1 iyun.- S. 12.