«Məndən xoşbəxti elə
mən özüməm»
Əzizə
Cəfərzadənin bədii əsərləri gözəl
sənət inciləri hesab edilə bilər
Tanınmış
yazıçı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin
yaradıcılığı Azərbaycan tarixinin
ayrı-ayrı dövrlərinə bədii ölçüdən
yanaşmaqla xalq həyatı, ictimai-siyasi hadisələr, mədəniyyətimiz
haqqında oxucuda müəyyən yetkin təsəvvürlər
yarada bilir. Araşdırmaçı Maşallah Xudubəyli mərhum
yazıçının yaradıcılığını təhlil
edir. O, ədəbiyyata 1937-ci ildə nəşr olunmuş «Əzrayıl»
adlı hekayəsi ilə gəlib. Bundan sonra arabir mətbuat səhifələrində
xırda hekayələri ilə çıxış etsə
də, bədii yaradıcılıq dövrü əsasən
ötən yüzilin 60-cı illərin sonundan
başlayıb: «Yazıçının bir-birinin ardınca
müxtəlif vaxtlarda dərc etdirdiyi «Natəvan» haqqında
hekayələr, «Qızımın hekayələri», «Sahibsiz
ev», «Qızıl sahilə səyahət» və «Əllərini
mənə ver» kimi neçə-neçə kitabları
oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Onun ilk hekayələrindəki inamlı
addımları sonralar özünü doğruldub,
oxucularını povestləri və geniş epik planda tarixi
romanları ilə sevindirib. Bu baxımdan
yazıçının Şirvanda yaşayıb
yaratmış Azərbaycanın görkəmli sənətkarları
haqqında trilogiyası diqqəti çəkir».
Trilogiyanın
«Vətənə qayıt» adlı birinci hissəsi XVII əsrin
sonu, XVIII əsrin əvvəllərində yaşayıb-yaratmış
Nişat Şirvaninin həyatından bəhs edir. «Aləmdə
səsim var mənim» Seyid Əzim Şirvaninin, «Yad et məni»
adlı üçüncü hissədə isə Abbas Səhhətin
həyatı fonunda baş verən mühüm hadisələr
qələmə alınıb: «Əzizə Cəfərzadə
tarixi şəxsiyyətlərin həyatına müraciət
etsə də, onun trilogiyası bədii tərcümeyi-hal
xarakterində yazılmayıb. Yalnız hər üç sənətkarın
həyat və fəaliyyəti Ə.Cəfərzadə
üçün bədii vasitə rolu oynayıb. Bu görkəmli
adamların həyatı ətrafında Azərbaycan
xalqının mübarizələrlə dolu tarixinin ən
mühüm dövrlərini təsvir edib. Ə.Cəfərzadə
zəhmətə qatlaşıb, arxivləri
araşdırıb, arxeologiyanı, etnoqrafiyanı və
başqa sahələri öyrənməyə
çalışıb. Xalqın bədii təfəkkürünə
yaxından bələdlik yazıçıya kömək edib
və buna görə də «Vətənə qayıt» əsərində
hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında
oxucuda bitkin təsəvvür yarada bilib. Bu baxımdan
romanın başlanğıcı olan «Beş qız idik…»
hekayəsi xüsusilə nəzəri cəlb edir. Təsvir
edilən hadisə xalqın faciəvi həyatını
öyrənmək üçün oxucunu keçmişə
aparır. Əsil ismət timsalı olan Sürəyya
xanımın gözəl qızı Nisəbəyimin yad ellərə
düşməkdənsə övladı ilə birlikdə od
içində yanması xalqın sonsuz qəzəbindən xəbər
verir. Nə Əsir Sumaya, nə şair təbiətli Şəhid
Gülşad, nə də elin qəzəbini ifadə edən
Sevgili qarı oxucunun və eləcə də əsərin qəhrəmanı
Nəcəfin gözləri önündən gedirlər.
Romanda
təsvir olunan hadisələr əsasən qədim
Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq
böyük ticarət şəhəri olan Şamaxı həm
də elm, mədəniyyət və memarlıq sahəsində
böyük müvəffəqiyyət qazanmışdı. Sonralar
Nadir şahın Şirvana hücumu Şamaxını bərbad
vəziyyətə salmışdı. Bir müddət
istiqlaliyyət qazana bilməyən Şirvan Türkiyə
sultanlığının əlinə keçmiş,
Zaqafqaziyada İran və Türkiyəyə qarşı
münasibətin kəskinləşməsi Rusiyaya tərəf
meylin yaranmasına səbəb olmuşdu. Belə ziddiyyətli
bir dövrdə Şirvanda yaşayıb-yaradan Nişat
Şirvani, Zülali, Ağa Məsih Şirvani, Raci,
Şirvanlı Rəşid və digər şairlər
özlərini bu mübarizələrə həsr etmiş,
hamısı vətəndən didərgin
düşmüşdülər. Əsərin süjet xətti
dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də,
bəzi tarixi şəxsiyyətlərin adları olduğu
kimi saxlanılsa da, müəllifin hadisələrə
qabarıq münasibəti aydın nəzərə
çarpır. Əslində elə romanda bu iki cəhət
gözlənilib, biri digərini tamamlayır. Xüsusən
Nişat Şirvaninin qəzəllərinin təsiri, Maro əhvalatı,
onların romantik məhəbbətlərinə inamı daha
da gücləndirib. Əsərdə təsvir edilən Əsgər
bəy və Şəbnəm yazıçı tərəfindən
çox xarakterik təsvir edilib.
Müəllif Əsgər bəyin də ziddiyyətli xarakterini çox böyük ustalıqla qələmə alınıb. Zahirdə Türkiyə sultanının Şamaxıdakı hakimi Ehsan bəyin ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nişatın qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur və son halda üsyana xəyanət edir. Onun xarakterindəki bütün bu ziddiyyətlər yazıçı tərəfindən məharətlə işlənib».
Professor Xalid Əlimirzəyev «Şirvan» trilogiyası qəhrəmanları yazır: «»Şirvan» trilogiyasının əsas qəhrəmanları Nişat Şirvani, Seyid Əzim Şirvani, Abbas Səhhət, Sabir kimi böyük sənətkarlar, ölməz şəxsiyyətlərdir. Yazıçı bu qəhrəmanların xarakterlərini, dünyagörüşlərini, fərdi ictimai simalarını hərtərəfli açmaq, tamamlamaq üçün onların həyat və fəaliyyətlərini geniş planda götürüb, dövrlərinin ən vacib ədəbi, ictimai, siyasi, mədəni hadisələri fonunda təsvir edib. Onların şəxsiyyətinə, əməllərinə xalq, vətən qarşısındakı xidmətlərinə xüsusi qayğı və səmimiyyətlə yanaşıb. Müəllifin öz qəhrəmanlarına olan dərin ehtiramı, məhəbbəti romanları oxuduqca bizim də qəlbimizə yol salır, ürəklərimizi isidir, gözlərimiz önündə sevgili sənətkarlarımızın parlaq obrazları canlanır, reallaşır».
Yazıçının «Hun dağı» povesti haqqında danışan M.Xudubəyli bildirir ki, bu əsərində o, eramızdan əvvəl Azərbaycanda yaşayan ulu babalarımız hunların bu torpağa gəlişindən bəhs edir: «»Cəlaliyyə» povestinin süjet xətti XII əsrdə Naxçıvanda hökmdarlıq etmiş Cəlaliyyə Xatunun həyatı və yaşadığı dövrdə baş verən ictimai-siyasi hadisələrlə bağlıdır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Orta Asiya, Yaxın Şərq və başqa yerlərə səyahət etmiş coğrafiyaşünas alim Hacı Zeynalabdin Şirvaninin uşaqlıq illərindən danışan «Xoş gördük, səyyah» povesti də oxucu diqqətinə layiq bir əsərdir. Bunlardan başqa Ə.Cəfərzadənin müxtəlif vaxtlarda yazdığı «Əllərini mənə ver» və «Səməndər quşu» əsərləri də var ki, onlar nisbətən son dövrlərə həsr edilib. Müasir qurucuların, gəncliyin həyatından, məhəbbətindən bəhs edən bu povestlər həm mövzu, həm də bədii quruluş cəhətdən maraqla oxunmaqdadır. O, 200-dən artıq elmi-publisistik məqalənin, oçerk və tədqiqatların müəllifi idi. İstedadlı alim həmişə axtarışdaydı. 1971-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən buraxılmış «Fatma xanım Kəminə», «Azərbaycanın aşıq və şair qadınları», «Şirvanın üç şairi», «Sünbülüstan» və «Abdulla Padarlı» adlı kitabları son ağır və gərgin zəhmətin bəhrəsidir. «Fatma xanım Kəminə» adlı əsərində XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış, zahirən gözəl və qəlbən təmiz, əxlaqlı Fatma xanım Kəminənin həyatından və eyni zamanda yaradıcılığından danışır. Məlum olur ki, Fatma xanım Kəminə Şərqin Məhsəti, Nigar xanım, Nuricahan bəyim, Ayişə və Teyyibə kimi şairləri içərisində xüsusi yeri olan şairlərdən imiş. O, Şuşada Mir Möhsün Nəvvabın başçılıq etdiyi «Məclisi Fəramuşan» kimi dövrün ədəbi məclislərində özünün ictimai-fəlsəfi fikirlərini ifadə edən saqinamə və qitələr söyləyib. Ədəbiyyat tarixindən öyrəndiyimiz kimi inqilaba qədərki dövrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq və şair qadınlarımız bizim ədəbiyyatımızın inkişafına mühüm təsir göstərib. Bu mənada 50-yə yaxın aşıq və şair qadının haqqında bizə maraqlı məlumatlar verən «Azərbaycanın aşıq və şair qadınları» kitabı Əzizə xanımın ən gözəl sənət incilərindən biri hesab edilə bilər. Bir-birindən uzaq əsrlərdə yaşamış Məhsəti Gəncəvi, Natəvan və Heyran xanım haqqında sətirləri həyəcansız oxumaq mümkün deyil. Onların hər birinin özlərinəməxsus həyat faciələri var. Gənclər arasında musiqini təbliğ etdiyinə görə Məhsəti Gəncəvi sürgün etdirilib, məhəbbəti özünə qəbahət sayılan Heyran xanım sevdiyinə görə bəlalara düşüb, Natəvanın qəlbi isə el və övlad dərdilə döyünüb. Əslində onların hər üçünün kədəri ümumxalq kədərinin timsalına çevrilir, onlarla birləşir. Belə ki, XVII əsrin əvvəllərində Türkiyəyə sürgün olunan şairə Gülşadın əldə qalan yeganə əsəri yüzlərlə əsir azərbaycanlı qızının fəryadından xəbər verir. Fətəli şaha ərə verilmiş Ağabacı da qürbətdə ah-nalə çəkən bir şairə kimi ürəklərə od salır. Haqqında bioqrafik məlumat olmayan Qızyetər, Əsmər, Göyçək, Leyla, Nabat, Nazlı, Saribəyim, Sədət və Şəhrəbanı kimi şair qadınların əsərləri baxımından çıxış edilir, onlar haqqında inandırıcı mülahizələr söylənilir».
Ə.Cəfərzadə «Hun dağı» povestinin proloqunda yazır: «…Əziz oxucum, səndən suçum varsa, üzr istəyirəm, nə tapmış, nə toplamışamsa, əski dünyamızın bir parçasında canlandırmaq istəmişəm. Zövqünü oxşasa, ürəyində bircə qığılcım yandırsa, demək istəyimə çatmışam. Məndən xoşbəxti elə mən özüməm».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 4 iyun.- S.15.