Gəncə qiyamı-20 il

 

Dünən 4 iyun Gəncə qiyamının 20 ili tamam oldu. Milli Azadlıq Hərakatının əvəzsiz lideri, mərhum prezident Əbülfəz Elçibəyin imzasıyla Milli Qəhrəman adı alsa da, əsas amacı xarici kəşfiyyata qulluq edib ölkəni daxildən parçalamaq olan, tabeliyindəki hərbi birləşməylə qiyam törədən, yun biznesinin başında duran Surət Hüseynov sonda məqsədinə çatdı. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti devrildi. Bu hakimiyyətin devrilməsini şərtləndirən daxilixarici faktorlar da vardı ki, heç bir siyasi savadı olmayan Surət Hüseynov burada katalizator rolunu oynayırdı.

Daxili faktorlar

Birincisi, AXC iqtidarının hakimiyyət təcrübəsi yox idi. Bəzən «bütün mitinqlərdə iştirak edib, əziyyət çəkib» prinsipilə vəzifəyə təyin olunanlar bir müddətdən sonra hakimiyyətin üzqarasına çevrilirdilər. Təkcə bir faktı qeyd etməklə nələri nəzərdə tutduğum çox güman aydınlaşacaq. O vaxt da, indi də əhalinin ən çox müraciət etdiyi ünvan Mənzillərin qeydiyyatı və bölüşdürülməsi idarəsi olurdu. Sumqayıtda bu sahəyə rəhbərlik naşı birisinə tapşırılmışdı. Bir dəfə həmin idarənin rəhbərinin qəbul günündən reportaj hazırlamalı oldum. Anladım ki, bu adam problemin həllini, ancaq qəbula gələn dərdli insanların dərdini dinləyib, göz yaşları tökməkdə görür. Konkret isə kiminsə işini görmək məsələsi yoxdur. Redaksiyaya dönəndə həmkarlarıma bildirdim ki, hakimiyyətdə bu cür şəxslər çoxluq təşkil edirsə, AXC iqtidarının ömrü çox qısa olacaq.

Hamımızın bildiyi digər bir fakt. Torpağı işğal olunan müharibə aparan bir ölkənin müdafiə naziri postu, orduya rəhbərlik təcrübəsi olmayan, ancaq populist çıxışlarıŞuşa getsə, başıma güllə sıxacağam»-ilə tanınan Rəhim Qazıyevə etibar edildi. Ölkənin digər güc strukturuna-Daxili İşlər Hazirliyinə rəhbər çılğın, istədiyi vaxt canlı efiri basıb dialoq iştirakçılarını təhqir edən İskəndər Həmidov gətirildi. AXC iqtidarının ən çətin vaxtlarında İskəndər Həmidov vəziyyəti düzəltməyə kömək etmək əvəzinə, istefa verib kənara çəkildi. 4 iyun Gəncə qiyamında isə Surət Hüseynova birbaşa dəstək olan Rəhim Qazıyevin yanında yer aldı.

İkincisi, AXC hakimiyyətə gələndən az müddət sonra iqtidarda ikinci şəxs qismində təmsil olunan İsa Qəmbər Müsavat Partiyasını yaratdı demək olar ki, əksər vəzifələrə müsavatçılar təyin olundu. Yəni hakimiyyət daxilində hakimiyyət yaradan İsa Qəmbər AXC iqtidarının dayaqlarının laxlamasına yardım göstərdi.

Üçüncüsü, iqtidara müxalifətdə dayanan Milli İstiqlal Partiyasının sədri, vəzifə hərisi Etibar Məmmədov qiyam iştirakçılarına parlament səviyyəsində yardım göstərdi. Yəni Əbülfəz Elçibəyin səlahiyyətlərinin əlindən alınmasıyla bağılı qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etdi və məqsədinə çatdı. Etibar Məmmədov elə bildi ki, bu fəaliyyəti qiymətləndiriləcək və yüksək vəzifəyə layiq görüləcək. Ancaq qiyam tərəfdarına nəinki vəzifə verildi, heç müxalifət rəhbəri olaraq siyasi arenada qalması çox görüldü. Elə bir vəziyyət yarandı ki, Etibar Məmmədov özü partiya sədrliyindən istefa verməli oldu.

Dördüncüsü, AXC iqtidarının ən böyük səhvlərindən biri də əksərən kommunistlərdən ibarət olan parlamentin buraxılıb, yeni seçkilərin keçirilməməsiydi ki, bu da heç bir il tamam olmamış özünü büruzə verdi.

Xarici faktorlar

AXC hakimiyyəti həm də qəliz regionalqlobal münasibətlər dövrünə təsadüf edirdi.

Birincisi, erməni təcavüzü. AXC iqtidarı hakimiyyətə gəldiyi elə ilk gündən işğal altında olan torpaqların azad edilməsinə qərar verdi. Həmin vaxt qardaş Türkiyyənin yüksək çinli komutanları Bakıya gələrək, hakimiyyətə «atəşkəsə nail olunbundan sonra ordunu gücləndirib torpaqları işğaldan azad edin» təklifini versələr də, Rəhim Qazıyev kimiləri bunun əksinə getdilər. Həticədə AXC iqtidarı nizamsız orduyla həm düşmənə müqavimət göstərir, həm də demokratik islahatların həyata keçməsinə çalışırdı.

İkincisi, Rusiya faktoru. Əbülfəz Elçibəyin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi işğalçı rus ordusunun ölkədən çıxarılmasıydı. Təbii ki, bölgədə böyük iddiaları olan Rusiya bununla razılaşmır, Azərbaycanda demokratik qüvvələrin varlığını qəbul etmir, dəridən-qabıqdan çıxırdı ki, qısa zamanda neft ölkəsində itirilən mövqelərini bərpa etsin, ləğv olunan hərbi bazalarını qaytarsın ve s. Rəsmi Moskva öz məqsədinə-demokratik qüvvələrin hakimiyyətdən devrilməsinə əlində alətə çevirdiyi qiyamçı Surət Hüseynov kimilərin fəaliyyətilə nail oldu.

Üçüncüsü, Qərb dövlətlərinin marağında olan neft faktoru. Mərhum prezident Əbülfəz Elçibəy bağlanılacaq neft müqavilələrindən gələn gəlirin 90 faizinin Azərbaycanın payı olmasını bildirirdi. Ancaq neft marağında olan ölkələr bununla razılaşmırdılar. Və onlar AXC iqtidarının hakimiyyətdən devrilməsini gizliolsa dəstəkləyirdilər. Qərb üçün demokratik qüvvələrin hakimiyətdə qalması əsas deyildi, əsas neft foktoru idi ki, bunu da istədikləri qaydada əldə etdilər.

Dördüncüsü, Türkiyə rəhbərliyinin-Süleyman Dəmirəl hökumətinin baş verənlərə loyal münasibəti ölkədə gedən neqativ proseslərin mahiyyetini qiyamçıların xeyrinə dəyişməsinə yardımçı oldu.

…Beləliklə, AXC iqtidarının faciəsi həm də onda idi ki, o, üç böyük tarixi vəzifənin öhdəsindən eyni zamanda gəlməliydi — erməni təcavüzünə layiqli cavab verməli, dövlətçiliyi daxildən və xaricdən möhkəmləndirməli, demokratik islahatları həyata keçirməli idi.

Bir ildən az müddətdə AXC iqtidarı bu yöndə az görmədi. Milli valyutanı dövriyyəyə buraxdı, möhkəm sabitliyin qarantı olan orta təbəqənin formalaşmasına təkan verdi, ilk hərbi uğurlarla milli ruhu qaldırdı, qələbəyə inamımızı möhkəmlətdi, rus bazalarını ölkədən çıxardı, milli azlıqlara geniş hüquqlar verdi, təhsildə yenilik-test üsuluyla ali məktəblərə qəbul-etdi, rüşvətin və korrupsiyanın ləğvi üçün işlər başladı və s.

Bu gün çoxları deyir ki, Gəncə qiyamını yatırmaq olardı. Bəli olardı, ancaq bu, çoxlu sayda insan təlafatıyla nəticələnə bilərdi. Millətini hər şeydən uca tutan, zülmə və zorakılığa qarşı olan Əbülfəz Elçibəy bu yolu seçmədi. Vaxt gələcək onun seçdi

 

Almaz

 

Xalq Cəbhəsi.- 2013.- 5 iyun.- S.8.