Azərbaycan dövlətçiliyinin tarixi əsasları müzakirə olundu

 

«Müasir İnkişaf» İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar» layihəsi çərçivəsində «Azərbaycan milli dövlətçiliyinin tarixi əsasları» adlı ilk tədbirini keçirib.

Tədbiri giriş sözü ilə açan «Müasir İnkişaf» İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü layihə haqqında iştirakçılara məlumat verib. Mübariz Göyüşlü layihə çərçivəsində daha iki dəyirmi masanın keçiriləcəyini bildirərək indiyə qədər görülmüş işlərdən danışıb: «Dəyirmi masaları keçirməkdə məqsədimiz milli ideologiya haqqında bu istiqamətdə araşdırma aparan insanların fikirlərini öyrənməkdir. İrəli sürülmüş təkliflər araşdırılaraq yekunda hazırlanacaq konsepsiyaya daxil ediləcək. Ümumiyyətlə milli kimlik, milli ideologiya, milli şüur, vətənpərvərlik, azərbaycançılıq, türkçülük, islamçılıq kimi məfhumlarla bağlı bu günə qədər xeyli çalışmalar etmişik. Ancaq irəli sürülmüş təkliflər, bu məsələ ilə bağlı araşdırmalar ümumiləşdirilməyib. Layihə çərçivəsində belə bir işin görülməsi bizə imkan verir ki, müvafiq sənəd (şərti olaraq biz bunu konsepsiya adlandırırıq) hazırlayaq. Layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümüzü bildiririk. Bu Şura ilə artıq üçüncü layihəmizdir. İyunun 5-i «Müasir İnkişaf» İctimai Birliyinin səkkiz, nəşr etdiyimiz «Türk Eli» jurnalının beş yaşı tamam olur. Türk-İslam amili təşkilatın fəaliyyətində həmişə əsas olub. Çünki bu prinsiplər bayrağımızda öz əksini tapıb. 8 illik fəaliyyətlə bağlı hesabat hazırlayıb təşkilatın uluturk.info saytına yerləşdirmişik. Hesabat vermək də təşkilatın nümayiş etdirdiyi mədəniyyətdir». Mübariz Göyüşlü daha sonra çıxışında Milli Kimliyi formalaşdıran ideoloji məsələlərlə bağlı bunları söyləyib: «Əsas problem milli ideologiyanı vahid sənəd, konsepsiya formasına salmaq, bu şəkildə əks etdirməkdir. Bu sahədə dərin boşluq var. Bu günlərdə azərbaycanlıların Suriyada hər iki tərəfdən vuruşduqları haqqında xəbərlər eşidirik. Bütün bunlar məhz ideoloji boşluqdan qaynaqlanır. Azərbaycan 20 ildən artıq bir müddətdir ki, bütün sahələrdə inkişaf edir. Ancaq ideoloji sahədə bir boşluq var. Tarix dərsliklərinin monitorinqini aparanda ciddi nöqsanlar üzə çıxmışdı. Aəzrbaycan tarixi dərslikləri elə formada yazılır ki, biz bu dərsliklərlə böyümüş nəsildən vətənpərvərlik gözləyə bilmirik. Bu yaxınlarda etnogenezlə bağlı tədbir keçirdik. Elmlər Akademiyasından olan mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbirdə məlum oldu ki, xalqımızın etnogenezi ilə bağlı vahid konsepsiya yoxdu. Halbuki, qonşularımız bu sahədə problemi həll edib, ortaya vahid konsepsiya qoyublar».

Daha sonra layihənin eksperti, hüquqşunas Aqşin Atalızadə çıxış edib: «Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi müddət ərzində bir çox sahələrdə nailiyyətlər əldə edib. Ən azından müstəqilliyimiz möhkəmlənib və ölkəmiz dünyada öz sözünü deyə biləcək dövlətlər sırasına daxil olub. Ancaq bir sıra vacib məsələlər vardır ki, ötən müddət ərzində hələ də öz həllini tam tapıb qurtara bilməyib. Bu məsələlərdən biri də dövlətimizin milli ideologiyasının formalaşdırılmasıdır. Biz «Müasir İnkişaf» İctimai Birliyi olaraq dəfələrlə bu problemə müraciət etmişik. Bu müzakirələrdə əsas məqsədimiz öz mövqeyimizi deyil, ziyalıların mövqeyini müəyyən etmək və ortaq nəticələr əldə etmək olub. Layihə çərçivəsində görüləcək işlərlə bağlı deyim ki, tezislərimizi formalaşdırmağa çalışmışıq». Aqşin Atalızadə daha sonar deyib: «Milli dövlətçilik ideologiyası keçmiş üçün yox, dövlətimizin bugünü və gələcəyinə xidmət etməlidir. Necə ki, bir ağacın təyinatı öz gövdəsi və budaqları vasitəsilə bar vermək və yarpaqları ilə kölgə yaratmaqdır. Ancaq, istənilən ağac ilk növbədə kökündən qidalanır. Onun kökü nə qədər möhkəm olsa gövdəsi də bir o qədər küləyə və digər təsirlərə qarşı möhkəm dayanar. Buna görə də hesab edidrik, mövcud problemin araşdırılmasına məhz milli dövlətçilik ideologiyamızın tarixindən başlamaq lazımdır. Qanunvericilik səviyyəsində Azərbaycan Respublikasının 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması təsbit edilmişdir. Konstitusiya Aktı ilə yanaşı bir çox digər sənədlərdə, eləcə də dövlət başçısının çıxışlarında da də dövlətimizin 1918-20-ci illərdə mövcud olmuş cümhuriyyətin varisi olması vurğulanmışdır. Elə dövlətçilik atrubutlarının saxlanması da bu amilin hamılıqla qəbul edilməsini təsdiq edir. Lakin buna baxmayaraq, bildiyimiz kimi Azərbaycan xalqının dövlətçilik tarixi minillərlə ölçülür. Konstitusiyanın Preambulası da məhz bu sözlərlə başlayır: «Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək» — Yəni Konstitusion səviyyədə bu müddəa təsbit edilmişdir. Gerçəklikdə bu məsələlərdə də müəmmmalı məqamlar mövcuddur. Məsələn, tarix dərsliklərində ərazisinin əhəmiyyətli hissəsi hazırkı Azərbaycan dövlətindən kənarda qalan Atabəylər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar dövlətləri Azərbaycan dövlətləri kimi qəbul edilir. Buna səbəb kimi məhz həmin dövlətlərin banilərinin Azərbaycan türkü olması baxımından yanaşılır. Hazırkı Azərbaycan ərazisindən tamamilə kənarda mövcud olmuş Midiya, Atropatena kimi dövlətlər, eləcə də banilərinin türk olması tam olaraq qəbul edilməyən Albaniya, Şirvanşahlar, Şəddadilər dövlətləri də milli dövlətlər kimi qəbul edilir. Lakin, nədənsə Azərbaycan ərazisində də mövcud olmuş mənşəcə türk olan Elxanilər, Osmanlılar və bütün hökmdarları təmiz Azərbaycan türkü Qacarlara az qala işğalçı kimi yanaşılır. Göründüyü kimi tariximizə yanaşma tərzimizdə belə vahid qanunauyğunluq yoxdur». Sonda məruzəçi təkliflərini səsləndirib: «Fikrimizcə, məsələyə optimal yanaşma tərzi kimi dövlətin mahiyyətini ifadə edən 3 ünsürün: Ərazi, əhali və hakimiyyət aspektlərinin vəhdətindən yanaşılması düzgün hesab edilir. Yəni bir dövlətin Azərbaycan dövlətinin tam olaraq sələfi hesab edilməsi üçün 3 amil mütləq olmalıdır:

Bu dövlət hazırki Azərbaycan ərazisində tam, yaxud qismən mövcud olmuşdur

Ölkənin əhalisinin əsas hissəsini Azərbaycan türkləri və ya digər hazırki etnik qruplar təşkil etmişdir.

Dövlətin baniləri Azərbaycan türkləri və ya digər hazırki etnik qrupa məxsus olmaqla yanaşı hakimiyyət də məhz onların maraqlarına xidmət etmişdir.

Sosioloq Əhməd Qəşəmoğlu çıxışında bunları söyləyib: «Milli ideologiya ilə bağlı on illərlə yazılmış məqalələr, araşdırmalar sistemləşdirilməmiş qalıb. Milli ideologiya ilə bağlı yazanlar özlərindən əvvəliklərə müraciət etmədən yazırlar, demək olar ki, sıfırdan başlayırlar. Milli İdeologiyanın olması üçün milli ideya lazımdır. Milli ideologiya ölkənin tərəqqisinə xidmət etməlidir, xalq o zaman tərəqqi edir ki, hərtərəfli hazırlanmış milli ideologiyası olsun. Dövlətçiliyimizin milli ideologiyası və ümumtürk ideyası var. Biz çox zaman bunları qarışdırırıq. Bu yanlışdır. Yer üzü etnik göstəricilərlə deyil ölkələr üzrə bölünür. Milli ideya ortaya qoymaq üçün sistem nəzəriyyəsi ilə tanış olmaq lazımdır. Azərbaycan dili anlayışı var, amma dilimiz türk dilidir. Çünki bu dil türk dilinin bazasında, əsasında inkişaf edib».

Tədbir digər iştirakçıların maraqlı çıxışları ilə davam edib.

 

Nicat Göyüşlü

 

Xalq Cəbhəsi.- 2013.- 5 iyun.- S.15.