«İnsana həyatda ailəsindən
yaxın heç kim olmur»
Xalq
artisti Ağaxan Abdullayev: «25-30 tələbənin içindən
bir Alim Qasımov çıxırsa, mənə bəs edir»
Azərbaycanın xalq artisti Ağaxan Abdullayevin APA-ya müsahibəsi
-
Ağaxan müəllim, səhhətinizdə problem vardı.
İndi özünüzü necə hiss edirsiniz?
-
Şükür Allaha ki, indi yaxşıyam. Özümü
çox gümrah hiss edirəm. Hər işimi də
özüm görürəm. Onsuz da səhhətimlə
bağlı ciddi problemim olmayıb. Sadəcə, soyuqdəymə
nəticəsində qulağımda fəsad
yaranmışdı. Həmin problem də Azərbaycanda
düzgün müalicə olunmadığından, dövlətimizin
və şəxsən Mehriban xanım Əliyevanın köməkliyi
ilə xaricdə ambulator müalicə aldım. Müalicə
müddətində heç bir xəstəxanada
yatmamışam və əməliyyat da olmamışam. Fikrim
var ki, yay aylarında yenidən səhnə fəaliyyətinə
başlayım. Xalqım üçün, səhnə
üçün, sənətim üçün çox
darıxmışam. Bilirəm ki, xalqımız da mənim
üçün çox darıxıb. Bilirsiniz, sənətkar
həmişə xalqın gözü önündə olur,
onlarla ünsiyyətdə olur. Mən də artıq iki ildir səhnədən
uzaqlaşmışam. Şükürlər olsun ki, artıq
səsim də yerindədir. Bir neçə verilişə dəvət
almışam və artıq yavaş-yavaş
muğamlarımızı yenidən ifa etməyə
başlamışam. Xəstə olduğum müddətdə
deyirdim Pərvərdigara, yenidən bu muğamları ifa edə,
bu boğazları edə bilərəmmi? Dolurdum, amma
ağlamırdım. Daxilimdə nə qədər həyəcan
keçirsəm də, bunu heç kimə bildirmirdim. İndi
isə ifa etdikcə bir daha özümə sübut edirəm
ki, həqiqətən də mən həmin Ağaxanam və
muğamı yenidən ifa edəcək güc var məndə.
Bir məsəl var. Deyirlər «qatıq dağılar, yeri qalar,
ayran dağılar, nəyi qalar?» İndi bu sənət elə
sənətdir ki, əsl sənətkarsansa, gərək hər
halda ifa edə biləsən. Səs yerində olanda hamı
oxuyur. Əsas məsələ səs yerində olmayanda
oxumaqdır. Bunu isə yalnız ustadlar bacarır.
- Deyirlər
ki, dost dar gündə tanınar. Xəstə olduğunuz
müddətdə sizin dost ələyinizdən kimlər
keçə bilmədi?
-
İnsana həyatda ailəsindən yaxın heç kim olmur.
Düzdür, qohumlar, dostlar, tanışlar da var. Allah
onların da canını sağ eləsin. Amma bir şeyi də
deyim ki, əgər mən bu az müddətdə xəstə
olmasaydım, xalqımızın və dövlətimizin mənə
olan sevgisini, hörmətini bu dərəcə də
olduğunu bilməzdim. Tək qohumların, dostlarım yox, Azərbaycanın
elə bir guşəsi olmadı ki, oradan zəng edib səhhətimlə
maraqlanmasınlar. İndinin özündə nə qədər
zənglər alıram. Deməli, mən hələ varam və
hələ də məni istəyirlər.
- Amma yenə də narazı qaldığınız məqamlardan danışmadınız…
- Bilirsiniz, hər şeyi danışmaq olmur. Bu, hansısa çəkingənlikdən irəli gələn bir şey deyil. Bu, insanın mədəniyyətindən, qabiliyyətindən asılı olan bir şeydir. Sözsüz ki, hər bir insanın olduğu kimi, sənətkarın da sevəni də olur, sevməyəni də. Amma sənətkarlıqdan əlavə, insan kimi xalq arasında elə bir yol qoyub, elə bir hörmət qazanmışam ki, onların əksəriyyətinin mənə böyük hörmətləri var. Bir gün mən olmayanda da haqqımda yaxşı sözlər danışıb, övladlarımı hörmətlə qarşılayacaqlar.
- Muğam ustadlarından dərs alıb, bu mərtəbəyə qalxmısınız. Bəs bu gün sizlərdən təhsil alan gənclərin ustad olmaq şansları varmı?
- Şükür Allaha ki, aralarında istedadı, ifası ilə qənaətbəxş olanları var. Muğam müsabiqələri də onların inkişafına çox böyük köməklik göstərir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqələr və muğama olan diqqət və qayğı gənclərin muğama olan marağını daha da artırır. Düzdür, əvvəllər bu o dərəcədə də deyildi. Amma indi Azərbaycan muğamı dünyanın şah əsəri səviyyəsinə çatıb. Müəllim sözsüz ki, tələbəyə yol göstərir, muğamın sirlərini öyrədir. Biz tələbəyə muğamın əlifbasını öyrədirik. Pedaqoji fəaliyyətim dövründə əgər mənim yüzlərlə tələbəm olubsa, onlardan yalnız bir neçə nəfəri tanınmış ola bilər. Amma Alim kimisi elə bir dənə olur. Yəni müəllimin zəhməti də hədər getməyəndə, 25-30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir. Düşünürsən ki, bəli, zəhmətim hədər getməyib. Elə Alimi ustad adlandırmaq olar. Alim böyük sənətkardır və əlbəttə ki, mən onunla fəxr edirəm.
- Ağaxan müəllim, bildiyiniz kimi, tar UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Amma iranlılar tarın onların musiqi aləti olduğunu iddia edirlər. Bu iddialara necə cavab verərsiniz?
- Bilirsiniz, yaxşı nə varsa, onun müştərisi çox olur. Amma lazımsız bir şey olanda hamı ondan üz döndərir, boyun qaçırır. Bu məsələ bir daha sübut edir — tar gözəl alətdir ki, hamı ona sahib çıxmaq istəyir. Tarın tarixi qədimdir. Tar Hindistanda yaranıb. Onun ilk adı setar olub və əvvəllər diz üstə çalınırmış. Sonra Sadıqcan onu sinəsinə qaldırıb və bir sim daha əlavə edib. Bizim Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Məmmədağa Muradov, Həbib Bayramov, Bəhram Mansurov, Ramiz Quliyev kimi sənətkarlarımız var ki, dünyanın heç bir yerində onlar kimi gözəl tarzənlər yoxdur. Onların mükəmməl ifaları bunun bariz nümunəsidir. Həm kimlərinsə mətbəximizdən tutmuş musiqi, hətta yeməklərimizə kimi sahib çıxılması təəccübləndirici hal deyil. Vaxt var idi ki, bədxah düşmənlərimiz kamançanı özlərinin musiqi aləti kimi qələmə verməyə çalışırdılar. Əgər həmin millətdən biri gəlib Habil Əliyev kimi kamançada ifa edə bilsə, onları haqlı hesab edərəm. Habil Əliyev kamança ifası tarixində elə bir yol, elə bir istiqamət qoyub ki, heç kim və heç bir ölkə deyə bilməz ki, kamança bizimdir.
- Bəs muğam haqqında nə deyərdiniz?
Bildiyiniz kimi, bu iddialar həm
də muğama aid edilir…
-
Muğamı da bu cərgəyə daxil edirəm. Şərq
dünyasında İran, Türkiyə, Hindistanda və
başqa ölkələrdə də muğam var. Amma Azərbaycanda
olan dəsgah şəklində, şöbələri,
guşələri aydın şəkildə ifa olunan muğam
yalnız bizdə var. Muğamı olan əksər ölkələri
gəzmişəm heç bir ölkədə bu cür
muğam ifasına rast gəlməmişəm. Bu il Azərbaycanda
keçirilən və münsiflər heyətinin tərkibində
fransızlar, ərəblər, hindistanlılar da olan beynəlxalq
muğam müsabiqəsinin «Qran-pri» mükafatını da azərbaycanlı
gənc xanəndə aldı. Bu bir daha sübut edir ki, mu?am
bizlikdir və bizimkidir.
- Son zamanlar gənc muğam ifaçıları arasında vokal, estrada sənətinə maraq göstərənlərin sayı artıb. Sizə elə gəlmirmi ki, bununla gənc xanəndələr muğamdan yayınırlar?
- Yox, burada elə bir qəbahət yoxdur. Əvvəla, muğamı bilməyən bir ifaçı yaxşı sənətkar ola bilməz. Tək muğam sahəsində yox, istər bəstəkar, istər vokalist, istərsə də estrada ifaçısı muğamı bilməlidir. Məsələn, Rəşid Behbudov, Bülbül kimi sənətkarlar çox gözəl muğam biliciləri idi. Muğamın klassik formasını itirməmək şərti ilə estrada oxumaq qəbahət deyil. Muğamı muğam kimi ifa etmək lazımdır, yarımçıq olan heç bir şey yaxşı alınmır. Bir şeyi də qeyd edim ki, muğamla vokal düz gəlməyən peşələrdi. Muğamda xırdalıqlar, zəngulələr var. Vokalist muğamı ifa edə bilməz. Amma yaxşı səsi, diapazonu olan xanəndə vokal ifa edə bilər. Ümumiyyətlə, muğamın elə tərəfləri var ki, ən dahi ustad olsan belə, həmişə öyrənəcək bir şey var.
- Muğamların sintezinə necə baxırsınız?
- Özümdə bir zamanlar sintez ifa etmişəm. Muğamın quruluşuna xələl gətirməyəcəksə, niyə də olmasın? Düşünürəm ki, bu bir tərəfdən də muğamın geniş auditoriyaya təbliğidir. Məsələn, Alim Qasımovun sintezlərini çox bəyənirəm. Çünki onun ifası nəinki muğama xələl gətirməyib, əksinə, gözəllik qatıb. Mən Avstraliyada festivalda olan zaman xarici ölkələrin nümayəndələri məndən Alim Qasımovu soruşurdular. Bu da bayaq dediyimin bariz nümunəsidir. Məgər südün içərisinə bal tökəndə pis olur? Əksinə, şirin olur.
- Ailənizdə davamçılarınız varmı?
- Böyük oğlum Xoşbəxtin çox
gözəl səsi var. O,
universitet illərində qrup düzəltmişdi. Özü
də ifa edirdi. Amma sonra arxasınca getmədi. Çünki
onun peşəsi tamam başqa sahə üzrə idi. Amma
ikinci oğlum Orxan tar, kiçik oğlum isə kamança
ifaçısıdır. Onlar dəfələrlə
muğam müsabiqələrində müxtəlif yerlərə
layiq görülüblər. Bizim evdən musiqi səsi
heç vaxt əksik olmur. Hər gün musiqi sədaları
var bizim evdə. Mən inanıram ki, onlar gələcəkdə
musiqi sahəsində öz sözünü demiş insanlar
olacaqlar.
-
Ağaxan müəllimin həyat fəlsəfəsi nədir?
-
Bilirsiniz, insan çox şey istəyə bilər. İstədiklərinin
həyata keçməsi üçün gərək Allah yol
versin. Füzulinin belə bir qəzəli var: «Hər çətin
asan olur, amma çətinliklə asan olur». Mən həyatda həm
dövlətimə, həm də xalqıma namusla, vicdanla xidmət
etmişəm və hiss etmişəm ki, mən onlara
lazımlı insanam. Bundan artıq mənim üçün nə
ola bilər ki?
- Azərbaycanın
milli musiqi sənətini, muğamını təbliğ edən
xanəndələr üçün hansı hərəkətlər
yolverilməzdir?
- Xanəndəlik
sənəti və səs Allah vergisidir. Onu Allah verir və istənilən
vaxt da ala bilər. Ona görə də mənəm-mənəm
deyib sinəyə döymək olmaz. İnsan tar, kamança
deyil ki, kökdən düşdüsə, kökləyib
yenidən düzəldəsən. Bizə verilən səsdir
və bu elə məqamda bata bilər ki, insanı pərt edər.
Füzuli deyir ki «Mənə manəndi bir divanə surət
bağlamaz guya, Qələm sındırdı təsvirim
çəkəndən sonra nəqqaşım». Bu o deməkdir
ki, Allah ən mükəmməl əsəri
adlandırdığı insanı yaratdıqdan sonra qələmini
qırdı. Allah insan kimi varlığı yaradıb və
bu cür yaradılışdan sonra əgər qələmini
qırıb atıbsa, biz kimik. Biz bəndələr nə
etmişik ki, qürrələnək, mənəm-mənəm
deyək. Çoxları var ki, efirə çıxıb
özünü tərifləməklə, sinəsinə
döyməklə məşğul olur. Elə insanları mən
ağılsız adlandırıram.
- Belə
insanlarla tez-tez rastlaşırsınız?
- Tək
mən yox, elə sizlər də rastlaşırsınız.
Elə adamlardan ətrafımızda çox var. Əsl sənətkarlar
heç vaxt mənəm-mənəm deyib sinəsinə
vurmur. Sənəti olmayanlar efirə çıxıb
özünü gözə soxmaqdan ötrü əlindən
gələni edir. Rəhmətlik Üzeyir Hacıbəyov deyirdi
ki, gərək istedadı olanlara yardım edəsən,
istedadı olmayan özünü göstərməyə yer və
məqam tapacaq. İstedadı qızıla bənzədirəm.
Onu torpağa da basdırsan, öz dəyərini itirməyəcək.
Əgər həqiqi sənətkarsansa, sənin
özünü tərifləməyinə ehtiyac yoxdur. Onsuz da
xalqın gözü tərəzidir. Sənətdə də
seçilmiş sənətkarlar qalır və zaman hər
şeyi yoluna qoyur, kimin kim olduğunu sübut yetirir.
- Ən
böyük arzunuz nədir?
- İnsan arzu ilə yaşayır. O, nə qədər böyük arzularına çatsa da, arzular bitmir tükənmir. Mənim ürəyimdə də çoxlu arzularım var. Ömür vəfa etsə, onlar yerinə yetəcək. Əsas odur ki, Allah insanlara cansağlığı versin. Allahın bizə bəxş etdiyi ömür boyu həmişə sağlam olaq. Sağlamlıq hər şey imiş.
Xalq Cəbhəsi.-
2013.- 8 iyun.- S.15.