Şair və ədəbiyyatşünas Cəfər Rəmzi

 

Onun İran, Türkiyə, Bolqarıstan və ərəb ölkələrində 500-dən çox şeir, tərcümə və elmi əsərləri dərc olunub

Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi 1905-ci ildə Bakının Mərdəkan kəndində doğulub. Burada ibtidai təhsil alıb (1913-1917), bir müddət əkinçiliklə məşğul olub. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləyib (1920-1922). Bakı Darülmüəllimində təhsilini davam etdirib (1922-1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirib (1929-1932). Bakı, QubaQazax orta məktəblərində müəllimlik edib. APİ-nin tarix fakültəsində qiyabi təhsil alıb (1941-1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləyib. «Yəğma Cəndaqinin poeziyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 15 yaşından başlayıb, şeirlərini «Sufi» təxəllüsü ilə yazıb-yaradıb. Bundan sonra şeir, elmi əsər və tərcümələrini «Cəfər Rəmzi» təxəllüsü ilə dövri mətbuatda çap etdirib. «Deyilən söz yadigardır» üç cildlik kitabın toplayını və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib nəşr etdirib. XIX-XX əsrlər poeziyasında satira problemi ilə məşğul olub. 1996-cı il sentyabrın 11-də Bakıda vəfat edib.

Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur Cəfər Rəmzi haqqındakı yazısında onun yaradıcılıq, axtarış qayğılarını belə ifadə edir: «Qaranlıq bir yerdə 30 yaşlı bir gənc bardaş qurub kədərli oturmuşdu. Bədənində sanki elektrik cərəyanı var idi. Narahatçılıqdan və fikirdən xeyli düşündü: «Axı mən nə etmişəm, bəlkə «Sufi» təxəllüsümlə mənə tələ qurub, bəlkə azadlıq şərbətini içmək istəmişəm. Bəlkə…» Bu «bəlkə»lərə tam cavab tapmayan gənci iyul 1935-ci ildə həbs etdilər. Yaxşı ki, uzaq Sibir cəhənnəmliyinə sürgün etmədilər. O, illərdə cəza idraklı insanların müxtəlif formada son aqibətləri idi. Yeganə səbəb isə onların zəkalı olmaları, Vətənsevərliyi idi. İllər sərnişin qatarı kimi sıra ilə düzülərək bir-birini əvəz etdi. 21 il 2 ay həbsdə — qaranlıq, üfunətli dörd divar arasında yaşayan gənc isə «Sufi» təxəllüslü şair Cəfər Rəmzi — İsmayılzadə Cəfər Balaəmi oğlu idi. Cəfər Rəmzi 11 aprel 1905-ci ildə dünyaya göz açanda da məşhur tarixi 1905-ci il inqilabı baş vermişdi. Çarizm quruluşu azca laxlamışdı. İnsanlar azad yaşamaq istəyirdilər. Bu silkələnmədə dünyaya göz açan balaca Cəfər boy atdı, yazdı, pozdu. 1913-cü ildə H.Z.Tağıyevin 4 illik ibtidai məktəbində oxudu, 1917-ci ildə yaxşı qiymətlərlə oranı bitirərkən birinci Dünya müharibəsi başladı da, bitdi də.

İnsanlar azadlıq üçün susamışdılar. Bəşər tarixində yeni azadlıq meyarları yarandı: 1918-ci idə çarizm üsul-idarəsi dağıldı, yeni quruluş bərqərar oldu. Sən demə, xalqın həqiqi cümhuriyyətindən başqa yaranan quruluşlar da uzağa getməyəcəkmiş. Ancaq getdi də. XX yüzilliyin yarandığı «sosializm», sovet quruluşunun da insana qarşı özünün hücumları olacaqmış və oldu da».

M.Teymur bildirir ki, Cəfər Rəmzilər 13-15 yaşlarında Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin işığında isinməyə (1918-1920) başlayarkən tiranlər bu azadlığı yalançı azadlıqla əvəz etdilər: «Cəfər Rəmzi artıq bu zaman öz kövrək şeirlərini yazırdı — «Cəfər Sufi» imzasıyla (1954-ci ilə qədər). Şərq klassiklərini vaxtı ilə öyrənərkən yeni hücumlara da rast gələn Cəfər müəllim həbsxanadan azad olandan sonra yenə də «Cəfər Rəmzi» təxəllüsü ilə yazıb-yaratmağa başlayır. 1922-1927-ci illərdə Bakı Darülmüəllimini başa vurur, 1929-32-ci illərdə isə keçmiş Lenin adına APİ-nin ədəbiyyat fakultəsini bitirir. Elə arzularının şirinliyi ilə yol gedən zaman birdən qara buludlar göy üzünü alır, Cəfər Rəmzi 1935-ci ildə həbs olunur. Azadlıq şərbətini içindən sonra (həbsdən buraxılması) candan artıq sevdiyi Abşeron şairlərinin ədəbi irsini araşdırır. O, Şərqin incə rübablı dahilərini öyrənmişdi. Həbsxana həyatı onun Şərq və Qərb yazarlarının klassik irsinin daha dərindən öyrənməsinə «vaxt» ayırır. Həddindən artıq sadə, insanlaşma ləyaqətini özündə yaşadan və əməli işilə başqasını da insanlığa çağıran Cəfər Rəmzi ilə bu sətirlərin müəllifi 1990-cı illərdə tez-tez görüşərdi. Almaz İldırım adlı şairin həyat və yaradıcılığının öyrəndiyini ona deyərkən gülümsəməsi isə heç vaxt yadından çıxmır. Gündəlikdən kiçik qeydlər: «Bu gün (24 mart 1992-ci il) başı bəlalar çəkmiş, haqsız həbs edilərək 21 ildən artıq həbsxanada «cəza»sını vüqarla çəkən Cəfər Rəmzinin nikbinliyi mənə danışdığı və başına gələn söhbətləri ilə birləşəndə 1930-cu illərin haqsızlığına söz tapmadım. Axşamdır, ondan ayrılıram. Amma razılaşdıq ki, şəxsi arxiv sənədlərini yaxın günlərdə dövlət mühafizəsinə qəbul edək». Arxiv sənədləri ilə dolu olan qovluqlar, albomlar, kitablar məni heyrətləndirmişdi. Sənədləri elmi-texniki cəhətdən işlədikdən sonra elmi siyahısını tərtib etdik. C.Rəmzinin yüzlərlə şeirləri, məqalələri, xatirə və tərcümələri, tərcümeyi-hal sənədləri, oxuduğu kitablar, istifadə etdiyi arxiv sənədləri daha çox diqqəti cəlb edir. Cəfər Rəmzi həm də çox ciddi araşdırmaçı-alimdir. Müxtəlif yüzilliklərdə Bakıda və Abşeronda yaşayıb-yaratmış və az qala unudulmuş yazarların əsərlərini bir yerə toplayıb, tədqiq edib, onların xronoloji ardıcıllıqla salnaməsini yaradıb. On beşdən çox albom tərtib edib, yüzlərlə fotoşəkili həmin alboma daxildir. «Deyilən söz yadigardır» («Yazıçı», 1981) kitabına daxil olmayan şəxslər haqqında Cəfər müəllimin tərtib etdiyi albomlardakı sənəd materiallarından da geniş istifadə etmək olar. Həmin kitaba cəmi 87 şəxsin yaradıcılığından nümunələr və qısa informasiya daxil edilib. Bu kitaba daxil edilmiş şairlər klassik ədəbiyyatımızın görkəmli nümayəndələri səviyyəsinə yüksələ bilməsələr də, Azərbaycan poeziyasının inkişaf prosesində müəyyən dərəcədə işlər görüblər. XIII əsrin sonu, XIV əsrin əvvələrində yaşayıb-yaratmış Bakuvinin kitaba daxil olmuş müxəmməsi diqqəti cəlb edir. Şəxsi arxivində irəli sürdüyü şəxslər haqqındakı fikirlərini ömrünün sonuna kimi araşdırıb və yeni yazarları müəyyənləşdirib. Onun 1987-ci ildə nəşr etdirdiyi kitabda artıq 119 şəxsin yaradıcılığını görürük. XIII-XX yüzilliklərdə yaşamış və Abşeronun əbədi vurğunları olan şəxslərdən Nəsir Bakuyidən Əlabbas Müznibə qədərki şəxsiyyətlərin bizə çatan əsərləri çox maraqlıdır. Əbədiyyatımızın klassiki, poeziyamızın XX yüzillikdə günəş kimi parlayan Hüseyn Cavidin aşağıdakı mirsalarını özünə əməli-düstur hesab edən C.Rəmzi son nəfəsinə qədər yorulmaz zəhmətə qatlaşaraq gələcək nəsillər üçün əbədi yadigarlar toplayıb. Onun albomlarındakı söz yadigarları öz tədqiqatçılarının yolunu gözləyir: S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində qayğı ilə qorunan 695-saylı şəxsi fondunda».

C.Rəmzi 91 il yaşadı: «Sabirsayağı yazan Abşeron şairlərinin də bir neçəsini aradı, tapdı və bizə çatdırdı. Cəfər müəllimlə görüşüm zamanı dedi: «Sabir şeirinin təsiri altında yazan Abşeron şairlərindən bir neçəsi Həsənoğlu, Əliheydər Asif, Əlabbas Müznib, Məhəmməd Səmədoğlu, Əsgər Heybət, Məhəmməd Saib və başqalarının poeziyasında M.Ə.Sabirin dəsti-xətti duyulur, istəyirəm ki, bu qisim şairlərin şeirlərini ayrıca toplayıb nəşr etdirim». Lakin bu unudulmaz görüşümüzdən 2 il sonra Cəfər Rəmzi Abşeron torpağında əbədiyyətə qovuşdu. Həbsxanaya düşməsini sonralar C.Rəmzi belə nəql etmişdi: «Orta məktəbdə müəllim işlədiyim vaxt cəza tədbirləri şiddətlənməyə başladı. Məni nahaq həbs etdilər. Məhkəməsiz düz 21 il iki ay dustaq oldum, arzularımdan ayrıldım, yurduma həsrət qaldım. Stalinin cəllad gözləri qapanandan sonra bəraət aldım». Yenə də qayıdıram 1994-cü ildəki görüşümüzə. Mən bədahətən ondan Almas İldırımdan bir soraq bilməsini soruşdum. Cəfər müəllim: «Bir dəqiqə» dedi, sonra ayağa qalxıb bir cildlənmiş albom gətirdi və dedi: «Baxın bu A.İldırım, bu da bacısı Sona xanım». Çox kövrəldim. İki gün sora A.İldırımın «Qara dastan» kitabını (tərtibimdə) ona göstərdim. Sevindi və əzbər olaraq şairin aşağıdakı misralarını söylədi:

«Azərbaycan dərd içində boğulmuş,

Sevənləri diyar-diyar qovulmuş,

Ağla şair, ağla yurdun dağılmış.

Nerdə qopuz, nerdə qırıq kaman hey?

Nerdə böyük Vətən, nerdə Turan hey?

Mən mat-məətəl dayanaraq gözlərimi onun sifətinə dikmişdim. Sonra «Ay qardaş, belə şairlərimiz birdirmi, ikidirmi? Çoxdur! Ancaq A.İldırım mühacirəti seçdi, uzun illər unuduldu, kimini isə məhkəməsiz-filansız həbsxanaya atdılar. «Mənim kimi»- deyib, məni fikirlərdən ayıltdı «Nəvələrimə arzularım» adlı şeirini elə ürəkdən qiraət etdi ki, sanki o, həbsxanada ölməyəcək buradan üzü çıxmaqla nəvələrinə tezliklə qovuşub, ömrümün xəzan çağında başına gətirənləri söyləyirdi».

C.Rəmzi həbsdən qayıtdıqdan sonra 1959-cu ildən ardıcıl olaraq mətbuat səhifələrində yorulmadan yazdığı şeirlərini, elmi əsərlərindən parçalar, Abşeron torpağında yaşayıb-yaradanları bir-bir tapıb dərc etdirib. İranda, Türkiyədə, Bolqarıstanda, ərəb ölkələrinin bəzilərində 500-dən çox şeir, tərcümə elmi əsərlərini dərc etdirən C.Rəmzi 1968-ci ildə «İran şairi Yəğma Cəndəqənin poeziyası» adlı dissertasiyanı uğurla müdafiə edib: «Həyatda çox ağır günlər keçirdiyinə baxmayaraq o, həmişə ümidlə yaşayıb, əqidəsinə sadiq qalmışdı. Quruluşun, hakim məmurun, ədalətsizliyin hücumlarına mərdliklə sinə gərən Cəfər Rəmzinin yüksək insanlığını da xüsusilə qeyd etmək yerinə düşərdi. Elə bu insanlığını həmişə uca tutan professor İslam Ağayev yazmışdı: «Cəfər Rəmzi İsmayılzadənin zəhməti təqdirəlayiqdir. O, diqqətimizi əbədi fikrimizin daha dərin qatlarına yönəldir». Unudulmaz şair, ədəbiyyatşünas, alim C.Rəmzi özü başda olmaqla «unudulanlara xatirə» işini bu gün diqqətlə öyrənib nəşr etdirmək daha çox vacibdir. Araşdırmaçılarımız xırdalıqlarla vaxt itirməməli, Vətən üçün yaşayanları bugünkü nəslə sabahımıza çatdırmaq işlərini gündəmə gətirməlidirlər. Bu bizim Cəfər Rəmzi kimi vətəndaşlıq borcumuzdur. Digər bir professorumuz, şərqşünas alimimiz Rəfael Hüseynovun Rəmzi haqqında obrazlı formada dediyi sözlərə diqqət çəkməklə, onun ruhu qarşısında az da olsa borcdan çıxarıq: «Kaş xalq üçün beləcə faydalı işləri xobbiyə çevirmək çoxlarının həyat meyarı olaydı»".

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 11 iyun.- S.14.