«Cəmiyyətdə qadının rolu yüksəlməlidir»

 

Mətanət Əzizova: «Aktiv xanımı olan ailələrdə həyat daha çox qaynayır və ailə möhkəm olur»

Qadın üçün evdə ən rahat yer mətbəxdir. Orada işləmək də, qonaq qəbul etmək də, düşüncələrlə tək qalmaq da olar. Mənim üçün ən maraqlı xanımlardan olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə elə mətbəxdə baş-başa verərək Azərbaycan ailə institutunun problemlərini müzakirə etdik…

- Azərbaycanda bir dəfə ailə həyatı yaşamış xanımlarla evliliyi utancverici qarşılayan insanların eyni situasiyanı əcnəbi ölkələrdə tam normal qarşılamağı və ona əməl etməsinin sirri nədədir?

- Bizim cəmiyyətdə ailəsi dağılmış qadınlara münasibət birmənalı deyil. Belə insanla qarşılaşan kimi o dəqiqə fikirləşirlər ki, yəqin ayrı bir kəsi var. Qarşısındakının ailə daxilində çəkdiyi problemlər və onu bu addımı atmağa vadar edən səbəblər kimsəni maraqlandırmır. Bəlkə qadın ailədə qalmağa davam etsəydi həyatına təhlükə yaranacaqdı. Son zamanlar KİV-də qadınların həyat yoldaşları tərəfindən öldürülməsi ilə bağlı informasiyalara çox rast gəlirik. Boşanan qadın cəmiyyətə, yazılmamış qanunlara qarşı çıxmış hesab edilir. Qanunlara qarşı çıxıbsa, deməli əxlaqsızdır. Əgər subay gənc ailə həyatı yaşamış xanımla evlənmək istəsə, müxtəlif təzyiqlərlə üzləşəcək. Ailəsi, dostları, tanışları onların ayırmaq üçün müxtəlif üsullardan istifadə edəcəklər. Həmin insan ən azından sevdikləri tərəfindən tərk ediləcək. Bununla qarşılaşmamaq üçün kişi özünə stop deyəcək və cəmiyyətin qanunlarına uyğun yaşayacaq. Həm də kişilər daha konservativ olur, yeniliklərə açıq olmur, daha çox stabil həyata üstünlük verirlər. Qadınlar isə əksinə, inqilaba daha çox meyillidirlər, yeniliyi sevərlər. Əcnəbi ölkələrdə isə cəmiyyət fərqlidir. Orada insan azadlığı deyilən nəsnə, insana bir fərd kimi dəyər var. Kişi anlayır ki, əcnəbi ölkələrdə atacağı anoloji addım cəmiyyətin təzyiqi ilə üzləşməyəcək.

- Eyni situasiyada qadınların daha mübariz olması nədən qaynaqlanır?

- Bu instiktdir. Məsələn, ailədə uşağın probleminin həllində qadın daha aktiv iştirak edir. Analıq instikti ona güc verir. Konfliktli ailənin dağılmasının qarşısını alan da qadındır. Kişilər hər zaman mübarizəni yarımçıq qoyur. Qadınlara isə ailə qurma, ocağını qoruma, analıq instikti güc verir. Ümumiyyətlə, qadınlar qadağalara qarşı çıxmağa daha çox meyillidirlər, nəinki kişilər. Yəxınlarda korrupsiya ilə bağlı psixoloq və sosioloqların birgə apardığı bir araşdırmanı oxumuşdum. Araşdırma kişilərlə qadınların rüşvət alma əmsalını müqayisə etmişdi. Həticədə məlum olmuşdu ki, kişilər rüşvətə almaya daha çox meyillidir, nəinki qadınlar. Qadınlar müsbət dəyişikliyi, cinayətlərin azalmasını daha çox arzulayır. Burada təbii ki, analıq və qadınlıq instikti də əhəmiyyətli rol oynayır.

- Belə çıxır ki, məmurlar arasında qadınların çox olmağı inkişafın daha da sürətlənməsi deməkdir…

- Təbii ki… Cəmiyyətin ən kiçik institutu olan ailəni götürək. Əgər qadın ailədə yalnız yemək bişirmək və ev işləri görməklə kifayətlənirsə, orada həyat da maraqsızdır. Aktiv xanımı olan ailələrdə isə həyat daha çox qaynayır və ailə daha çox möhkəm olur. Cəmiyyətdə də belədir. Məmur vəzifəsində olan xanım daha çox yeniliklərə can atacaq və insanların marağını özündən daha üstün tutacaq.

- Azərbaycan kişisinin qadına kölə kimi baxma və qadın deyiləndə ağzını əymə haqqı hardan qaynaqlanır?

- Onların hər birinə qadın haqqında sual verilsə, pafoslu cümlələrdən istifadə edəcəklər. Amma həmin pafosun arxasında çox faciələr gizlənir. Problemin yaranmasında qadınlar özü günahkardır. Oğlan uşağı doğulandan onu tərbiyə edən, ona müxtəlif informasiyalar verən anadır. Zaman keçir uşaq böyüyür və ailə quranda ana yenə də ona informasiyalar verməkdə davam edir. Ana evləndiyin qadından daha üstündür. Onun vəzifəsi yalnız ev işlərini yerinə yetirməkdir. Amma ayrı bir məsələ də cəmiyyətdəki problemdir. Oğurluğa cinayət kimi baxan cəmiyyət qadının döyülməsini normal sayır və ailə daxili bir iş kimi qiymətləndirir. Özünün cəzasız qaldığını görən ər təbii ki, zülmünü daha da artıracaq. İnsanın psixologiyası belədir ki, cəzasızlıq olarsa, daha çox coşacaq. Qadın ailədaxili zorakılıq zamanı adətən susur. Bu da psixologiya ilə əlaqədardır. Mənə dəstək verməzlər, məni qınayarlar. Qınaq eşitməmək, utanc faktoru, övladını qorumaqdan ötrü qadın susur. İnsanlar adətən olduğundan daha yaxşı görünmək istəyir. Qadın cəmiyyətə həyat yoldaşını olduğundan daha yaxşı təqdim edir. Həyat yoldaşı qadının haradasa vizit kartı hesab edlir. Ölümlə nəticələnən ailə konfliktlərində kişilər çox zaman namus faktorundan istifadə edir. Araşdırma çox zaman bunun belə olmadığını göstərir, amma namus arxasında gizlənən kişi həddən artıq çoxdur. Çünki bilir ki, cəmiyyət namus bəhanəsilə kimisə həyatından məhrum edən kişilərə loyal münasibətdədir. O polisdə, məhkəmədə, cəza çəkmə müəssisəsində hörmətlə qarşılaşacaq və cəzası az olacaq. Bundan təbii ki, ən çox ziyan çəkən qadınlardır. Qadının zamanında şikayət etməməsi, susması onun həyatı bahasına başa gələ bilər. Şillə, təpik, yumruğun axırı ölümdür. Polisə getmək vacib deyil. Əyalətlərdə ağsaqqallar institutu var, onların və ya ailələrin qarşısında məsələ qaldırmaq olar. Təəssüf ki, bu da hər zaman effekt vermir. Cənub zonasında bir kəndə getmişdik. Orada bir həftənin içində üç qadın özünü yandırıb öldürmüşdü. Həmin ailələrin üçündə də eyni ssenari idi. Daim fiziki işgəncələrə məruz qalan qadın ata evinə qayıtmışdı. Ağsaqqallar yığışıb onu geri qaytarmışdılar ki, ayıbdır, dözməlisən, ərindir. Qadın məcburiyyət üzündən qayıtsa da dözə bilməmişdi. Olanlara rəğmən o qadınları intihar həddinə çatdıran kişilərə kimsə bir irad da tutmadı. Yaşamaq istəyən qadın Qeyri-Hökumət Təşkilatlarına və ya sahə müvəkkilinə üz tuta bilər.

- Polisin və sahə müvəkkilinin adətən kişinin tərəfində durduğu sirr deyil. Maddi çatışmazlıq, eləcə də regionlarda fəaliyət göstərən QHT-lərin güclü olmadığını da nəzərə alsaq belə qənaətə gəlmək olar ki, əyalətlərdə yaşayan qadınlar üçün bu situasiyada ölüm göz önündədir…

- Təəssüf ki… Yeganə çıxış yolu ailə zorakılığına qarşı qanundan keçə bilər. Polis qanuna qarşı çıxa bilməyəcək. Qanun qadınların təhlükəsizliyinin qarantı deməkdir. Bizdə iki ildir ki, qanun qəbul olunub, amma onun işləmə mexanizmi yoxdur. İnformasiya bazası yaradılmalıdır, qadın polislərin sayı artmalıdır, ailə zorakılığına aid xüsusi şöbə yaradılmalıdır. Biz təklif edirik ki, ailədə döyülmə küçədə döyülmə faktından daha ağır sayılsın.

- Həyə görə ailəsinə xəyanət edən kişi cəmiyyətin qınağına tuş gəlmir?

- Bir nəfər ilahiyyətçı ilə söhbətim yadıma düşdü. Onun yanında bir xanım demişdi ki, xəyanət edən kişiyə eyni qarşılıqla cavab verərəm. Həmin ilahiyyatçı qadının beyninə belə bir fikrin necə gəlməsinə bərk təəccüblənmişdi. Amma dilindən bir kəlmə də çıxmadı ki, eyni şey kişiyə də haramdır. Təbii ki, xəyanət normal deyil. Amma bu gün cəmiyyət belədir ki, kişinin xəyanət etməsi normal və kişiliyin tələb edilən meyarı kimi qarşılanır.

Avropalı ailələrdə qarşılıqlı inam, etibar anlayışı çox müqəddəs sayılır. Cəmiyyətdə qəbul edilən orta statistik avropalı ailələrdə xəyanət, yalana rast gəlmək olmaz. Qadın və ya kişi heç zaman bir-birini güdməyəcək və xəyanətdə suçlamayacaq. Avropa filmlərində çox zaman rast gəlirik ki, kişi xəyanət edibsə, bu onun üçün böyük bir dərd sayılır. Azərbaycan kişisi çalışacaq ki, ailəsindən gizlətsin, amma dostlarının yanında bunu fəxrlə qeyd edəcək, utanmaq və ya bunu dərd eləmək ağlına da gəlməyəcək.

- Valideynlərin bir çox hallarda övladın əvəzinə qərar vermələri, eləcə də gənc ailələri idarə etmə cəhdlərini necə qiymətləndirərdiniz?

- Bu məsələlərdə qadınlar daha çox aktiv iştirak edirlər. Məsələn, rast gəlmək olar ki, qadın övladını idarə etdiyini məclislərdə fəxrlə qeyd edir. Halbuki uşağa nəzarətedici sərbəstlik vermək, onun istəklərini nəzərə almaq lazımdır. Bu sərbəstlik uşağın şəxsiyyət kimi yetişməsində vacibdir. Bu gün analar dünyaya gətirdikləri övlada özlərinin şəxsi əmlakı kimi baxır və ona seçim hüququ vermirlər. Deyirlər ki, mən isəyirəm övladım xoşbəxt olsun, amma xoşbəxtlik anlayışına da öz prizmalarından yanaşırlar. Valideyni uşağın şəxsi istəkləri artıq maraqlandırmır. Sovet təhsil sistemində hər uşağa individual yanaşma var idi. Yaxşılıq etmə, insanlara və heyvanlara mərhəmət kimi duyğular, idman, musiqi təbliğ edilirdi. Yəni bu biliklər şagirdin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayırdı. İndi bu sistem dağılıb, ailələrdə və cəmiyyət arasında insanlar bir-birinə daha çox aqressiv informasiyalar ötürür. Bu təbii ki, həm də təhsil sistemində olan problemlərlə əlaqədardır. Mətəb təkcə riyaziyyatın, ədəbiyyatın öyrədildiyi məkan deyil. Məktəb psixoloqları uşaqlarla individual işləməlidir. Həm də cəmiyyətdə qadının rolu yüksəlməlidir.

- Yeri gəlmişkən, erkən nikahlar hansı faciələrə yol açır?

- Bir dəfə cənub rayonlarının birində seminar zamanı belə bir oyun keçirdik. İştirakçılara iki kağız lövhədə erkən nikahların mənfi və müsbət tərəflərini yazmaq təklif edildi. Erkən nikahları aktiv müdafiə edən kişi iştirakçıların heç biri müsbət sayılacaq nəsə yaza bilmədilər. Erkən nikah ana və uşaq ölümünün artması, əlil uşaqların doğulması, nikahdan kənar uşaqların doğulması, qızlara arasında intiharların yayılması, zorakılıq faktlarının artması deməkdir. Erkən ərə verilmiş qızlar bir şəxsiyyət kimi tam formalaşmamış olurlar, onların uşağa normal tərbiyə verəcəyi şübhə altındadır. Bu cür ailələr adətən daha tez dağılmağa meyilli olurlar.

- Yaxın qohumlar tərəfindən uşaqlara qarşı törədilən cinsi zorakılığa aid nə deyə bilərsiniz?

- İlk bu sahədə informasiya ilə 20010-cu ildə rastlaşmışıq. Şikayətlər getdikcə artdığından 5 il bundan qabaq hesab etdim ki, artıq tabuya son verməyin zamanı gəlib. Cəmiyyət bunu bilməlidir. Mənə dəhşətli və maraqlı gələn nüanslardan biri də bu məqamda qadınların susmasıdır. Anlayıram ki, cəmiyyət düzgün anlamayacaq, söhbət qız uşaqlarından gedir və onların ailə qurma məsələləri var. Amma heç olmasa təcavüzə məruz qalmış uşağı mühitdən uzaqlaşdırmaq və ya psixoloqa müraciət etmək olar.

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 13 iyun.- S.11.