Sən sükut içində, mən od içində…

 

Səni düşünürəm

 

Bəxtimə çıxmırdın heç axtaranda,

İndi öz-özünə peyda olmusan.

Səni axtarırdım dağda, aranda,

Sənsə mələklər tək göydə olmusan.

Xəbərin olmayıb mən adda kəs var,

Qoşulub gedibsən bir buluda.

Amma ki, mənimçün sənsiz olmayıb,

Bir udum hava da, bir içim su da.

Dərdimi söyləsəm gələr yazığın,

Yüyürüb gələrsən bu qəmə sarı.

Səni tapmamışam, sənə yazdığım,

Məktubu oxuyub bir başqaları.

Səni aradığım bütün yolları,

Payızın çiskini, yağışı tutub.

Don vurub qəlbimdə açan baharı,

Məni nakamların qarğışı tutub.

Gəlibmi səadət, itibmi kədər,

Hər addım başında intizar durur.

Baxıram beləcə məlul, mükəddər,

Arada keçilməz divarlar durur.

İndi təkcə sənsən təsəlli yerim,

Düşmüşəm bir eşqin qaranlığına.

Gözlə ürəyimi, çıxardım verim,

Ovut uşaq kimi, bir anlığına.

Mən necə düşünüm, səndən ayrıyam,

Olur həyəcan da, təlaş da olur.

Sən demə adamı anlayan, duyan,

Ən ülvi sevgisi bu yaşda olur.

Səni düşünürəm, səni tək səni.

Çaxır ildırımtək dilimdə adın.

Ruhum ölənədək sevəcək səni,

Ey mənə səadət gətirən qadın!

 

Bu bir nağıl idi…

 

Ömrümün bir qərib axşamı düşdü,

Zülmətə gözünün şamı düşdü.

Ömür qatarından bax, hamı düşdü

Bircə sən qaldın.

Getdik uzaq-uzaq ellərə getdik.

Ağladıq, qoşulub sellərə getdik.

Laylalı, nağıllı bir yerə getdik

Bir sən, bir də mən.

Getdik göy üzünə allahın olduq.

Gah sevincin olduq, gah ahın olduq.

Tanrı bağışlayan günahın olduq,

Sən sükut içində, mən od içində.

Baxırdın, baxırdın heç nə demirdim.

İçmək istəyirdim, içmə demirdin.

Ney səsi gəlirdi çox-çox uzaqdan.

Açılmırdı sabah, sökülmürdü dan,

Üzümdə od tutub üzüm yanırdı.

İçimdə bir qərib hüzn yanırdı.

Səsin nəğmə-nəğmə qanadlanırdı.

Bağışla deyirdim, məni bağışla,

Bağışla, ömrünə çox gecikmişəm,

Daha neyləyəsən bu qəlbi qışla,

Bu duyğusu qarla, hissi yağışla

Bağışla! Bağışla!

Ulduzlar sönmüşdü, ulduza döndün.

Sonda bap-balaca bir qıza döndün.

Balaca hörüklü, çiçək bir qıza,

Yarlı-yaraşıqlı ürkək bir qıza.

Əlim toxunmamış qaçdım uzağa,

Ağladım, sözümdə, səsimdə qaldın

Qayıdıb təzədən könlümü aldın.

İstədim bir ömür nəğməyə dönəm,

Məni oxuyasan qəmli anında.

Həmişə, hər zaman olum yanında

Uzanıb gedirdi bu sirli gecə,

Hər şey ikimizin idi beləcə.

Amma bir sevginin idik ikimiz.

Bu bir nağıl idi, sevgi nağılı.

Bəlkə də həyatda belə şey olmur.

 

Yağ mənə…

 

Çöldə yağış yağır bahar yağışı

Çıxıb islanıram iliyimədək.

Dünəndən gözümdə qalan rəsminə,

Çırpır damcıları qırmanctək külək.

Saçların dağılıb gözünün üstə,

Əlim qanadlanır telinə sarı.

Yağış bərk dayanıb sözünün üstə,

Döyür dayanmadan navalçaları.

Çöldə yağış yağır, müjdə verirsən,

Qaranquş əllərin çiynimə qonur.

Yağış bir səadət gətirir bu dəm,

Yağış bir məhəbbət heykəli yonur.

Qarşımda mas-mavi bir cüt göz durur,

Salır gah taqətdən, gah haldan məni.

Kim isə xətkeşlə əlimə vurur,

Ayırır bal kimi xəyaldan məni.

Qəlbimi üşütmür soyuq havalar,

Heç bu yağışın da qorxusu yoxdur.

Dünyada nə qədər yazıq adam var,

Burnunda yağışın qoxusu yoxdur.

Çöldə yağış yağır, sevincə bir bax,

Çöldə yağış yağır, yağışlı gözəl.

Sən yağış ətrisən, hər şeydən qabaq,

Min cür məna verən baxışlı gözəl.

Çətir eləmərəm ürəyimi — yox!

Qoy bu nur tökülsün yolların üstə

Öpümmü yağışlı dodaqlarından,

Ölümmü yağışlı qolların üstə.

Daha cəlb eləmir sirli naxışlar,

Taleyin ən gözəl naxışısan sən.

Gözümdə heç nədi yağan yağışlar,

Yazın ən doyulmaz yağışısan sən.

Yağ mənə, həmişə payızda, yazda,

Özündən, sözündən xətircəm elə.

Yağ mənə, yağ mənə, daha bir az da,

Yağ, məni bu bahar sətəlcəm elə.

 

Sizin kirayənişin

 

Mən sənə yazdığım məktubu tapıb,

Qardaşın oxuyub qəzəblənibdir.

Bəlkə də ilk eşqi yadına düşüb,

Ananın yarası təzələnibdir.

Deyinib eləcə oturub-durub -

Gəlib başımıza çıxıb bu lütlər.

Yuyublar-səriblər səni təzədən,

Veriblər hər cürə yersiz öyüdlər.

Ağarıb bacının rəngi qar kimi,

Dünən tənəffüsdə özümə deyib.

Atan susub-susub son qərar kimi,

Bir də görünməsin gözümə, deyib.

Qardaşın əlində mətbəx bıçağı,

Kölgəmi doğrayıb, kəsib o ki var.

Ayazlı-şaxtalı şimal küləyi,

Sizin evinizdə əsib o ki var.

Qadağa qoyulub hər addımına,

Tək çıxa bilməzsən çölə-bayıra.

Bacın deyirdi ki, göz yaşın axır,

Yediyin yeməyə, içdiyin çaya.

Sizdə kirayədə qaldığım üçün

Sevgimi adına eyib sayıblar.

Səni başa düşmək istəməyiblər

Kövrək hisslərini tapdalayıblar.

Hər dəfə gəlirdin gözündə qorxu,

Bizimki ölümdür, qandır demişdim.

Mənim məktubumu bir dəfə oxu,

Sonra da saxlama, yandır, demişdim.

Qoruya bilmədin, xəzana düşdü

Sevən ürəyimdə açan çiçəklər.

Sənin bir məktuba əlin gəlməyib,

Məni sizinkilər öldürəcəklər.

 

Bu suallar şəhərində

 

Sən ya mənim yuxumdasan,

Ya xəyallar şəhərində.

İndi hər hey cavabsızdı,

Bu suallar şəhərində.

Nə qəfəsik, nə də quşuq,

Amma biz də boğulmuşuq.

Elə bil ki, doğulmuşuq,

Qeylü-qallar şəhərində.

Azaq gedək, barışmayaq,

Tanış dəniz, tanış mayak.

Gəl bir müddət danışmayaq,

Gəzək lallar şəhərində.

Şaxta, soyuq, ayaz-adım

Gəldim sənə addım-addım.

Acı yedim, acı daddım,

Həp bu ballar şəhərində.

Bir yerim var, bir göyüm var,

Acı-şirin taleyim var.

Nəyim yoxdu, hər şeyim var,

Ehtimallar şəhərində.

 

Qorxusu var

 

Ömrü-günü dərd belinə.

Çatıb getmək qorxusu var.

Son ümidi son quruşa

Satıb getmək qorxusu var.

Gün əyilir, şər bulanır.

Çərx dolanır, pər bulanır.

Fil qulağı pərqulanır,

Yatıb getmək qorxusu var.

Hər könüldə qəm ləkədi,

Həm işıqdı, həm ləkədi.

İçimizdə məmləkəti

Atıb getmək qorxusu var.

Hamı dünyada naşıdı,

Ölüm — doğum yaddaşıdı.

Dörd tərəfim göz yaşıdı,

Batıb getmək qorxusu var.

Qadınlar bataqlıq çiçəkləridi

Qadınlar bataqlıq çiçəkləridi,

Bəlkə də oxuyub inciyəcəklər.

(Müəllif çiçəyin fərqinə baxmır).

Sevgiyə layiqdi bütün çiçəklər.

Nə olsun tanrının şah əsəridi,

Qadınlar bataqlıq çiçəkləridi.

Gözəldi, məsumdu, ülvidi, pakdı,

Çoxda ki, ucadı, çoxda ki, haqdı.

Əzabdı, qayğıdı, alın təridi,

Qadınlar bataqlıq çiçəkləridi.

Nə var çiçəkləri sevindirməyə,

Yığışıb gedərik çiçək dərməyə

Gedərik, gedərik, çıxıb gedərik

Bir çiçək naminə hər şey edərik.

Hər şey aldadıcı, yalan, vəd kimi,

Bataqlıq eşq kimi, məhəbbət kimi,

Nə çıxa bilərsən, nə can qurtarar

Çiçək mövsümləri haçan qurtarar?

Nə ümid edərsən qurtulmaq üçün

Nə yaxın sahilə üzüb çatarsan,

Elə hey boşuna əl-qol atarsan.

Verərsən özünə təsəlli bəzən,

Ömür gövhəridi, könül zəridi,

Qadınlar bataqlıq çiçəkləridi.

Qaçarsan ən gözəl çiçəyə sarı,

Sevərsən ən dərin bataqlıqları,

Nə sahil görünər, nə ada çıxar,

Nə bir kəs çəkdiyin fəryada çıxar.

Uçar başın üstə pənbə buludlar,

Yağar taleyinə narın-narın qar.

Bir də görərsən ki, bir qız ucundan,

Bir çiçək ucundan ömür əridi,

Qadınlar bataqlıq çiçəkləridi.

Qadınlar dünyanın şah əsəridi.

 

Ürək

 

Mən səni qoruya bilmirəm ürək,

Sən bu təmənnada bulunma daha.

Əzəldən dözümlü olaydın gərək,

Hər böyük ağrıya, hər kiçik aha.

Bəlkə çox yaşamaq həvəsindəsən,

Onunçün artıbdı giley-güzarın.

Tiran fikirlərin qəfəsindəsən,

Dərdin, müsibətin hara azalır?

Umursan, küsürsən, nə gəzir axı,

Məndə sən istəyən nəvaziş, qılıq.

Görmürsən kədərin dəmir caynağı,

Gündə sevincimin belini qırır.

Sən nəsə umursan? Bəs başqaları,

Bəs o dilənçiyə nə verim onda,

Məni bu xislətdə yaradıb tanrı,

Görünə bilmirəm bir ayrı donda.

O yetim əl açıb, necə yan keçim,

Oxu gözümdəki bu qəmi deyir.

Bəs sonra yalandan necə and içim,

Özümə deyim ki, sabahın xeyir.

Küsmə, canım-gözüm, sənə yadammı?

Hər arzun yolunda axmırmı tərim.

Ağrı, neyləyim ki, həkim-zadammı,

Sənə resept yazım, dərman göstərim.

Birgə əl uzatdıq qohuma — yada,

Bəs niyə salırsan məni dizlərə.

Özün demirdinmi atılaq oda,

Gəl ürək göstərək ürəksizlərə.

İndi bu nə ahdı, indi bu nə uf,

Dərman axtarırsan, dəva gəzirsən.

Köçəri quşsan ki, təzədən durub,

Özünə bir isti yuva gəzirsən?

Çoxu daş gəzdirir ürək yerinə,

Daşa canım deyir, ürəyim deyir.

Sən ağrı görk ol ki, elələrinə,

Hər gün əclaflığa çörəyim deyir.

Həyat istehzadı başdan-ayağa,

Qanmazın qanana istehzasıdı,

Ya dön geri boylan, ya bax qabağa,

Arzu matəmidi, sevgi yasıdı.

Mən səni qoruya bilmirəm ürək,

Sən bu təmənnada bulunma daha.

Əzəldən dözümlü olaydın gərək,

Hər böyük ağrıya, hər kiçik aha.

 

 

Ayaz Arabaçı

 

Xalq Cəbhəsi.- 2013.- 13 iyun.- S.15.