«Bizim hökumətimiz demokratik hökumətdir»

 

Seyid Cəfər Pişəvəri millətin iradəsinə əsaslanan milli demokratiya ideyasını əsas götürmüşdü

Seyid Cəfər Pişəvərinin bacısı Suğra xanım qardaşı haqda belə yazırdı: «O, ailədəki beş uşaqdan ikincisi idi. Səfər ayının 13-də doğulmuşdu. Kəndin başbiləni mir Əhməd (onun qabaqcadan hər şeyi görmək qabiliyyəti vardı) atama demişdi ki, bu uşaq çox ağır gündə dünyaya gəlib. Uşağı qada-baladan uzaq eləmək üçün, yeddi il onun özü ağırlığında sədəqə paylanmalıdır. Gələcəkdə onun başına nələr gələcəyini, yalnız Allah bilir. Təzə doğulmuş övladı haqda bu sözləri eşidən atam-anam çox mütəəssir olmuşdular. Yeddi yaşına qədər hər il onu tərəzinin bir gözünə çıxarır, o biri gözünə isə özü ağırlığında düyü, buğda və s. qoyurdular və yoxsullara paylayırdılar».

Seyid Cəfər Pişəvərinin həyatı Mir Əhmədin nə qədər haqlı olduğunu göstərir. İlk təhsilini doğulduğu Güney Xalxal mahalının Zeyvə kəndində alır. 8 yaşında ikən ailə Azərbaycanın quzeyinə köçür və Cəfər təhsilini Bakının Bülbülə qəsəbəsində alır. Sonralar Bülbülə və Xırdalan məktəblərində müəllim işləyir. Bakı mədənlərində işləyən Güneyli fəhlələri toplayıb, onlara öz hesabına gecə kursları düzənləyir.

Beləliklə Zeyvə və Bülbülə qəsəbəsindən başlanan ömür yolu, 11 il Tehran zindanından, Kaşan sürgünündən keçmiş və Gilan Sosialist Respublikasının iç işlər vəzirliyi, Azadlıq Cəbhəsinin yaradılması, Azərbaycan Demokrat Firqəsinin sədrliyi, nəhayət Güney Azərbaycan Milli Dövlətinin Baş Vəziri səviyyəsinə yüksəlir.

Azərbaycanı işğal etmiş rusların Milli Hərəkata qarşı çıxdığı bir şəraitdə Pişəvəri Milli Hərəkata başçılıq edəcək Azərbaycan Demokrat Firqəsinin yaranmasında böyük çətinliklərlə yaşasa da qalib çıxır. Firqənin yaranma prosesi uğurla başa çatır. Firqənin yaranmasına qarşı ilk mənfi reaksiya göstərən rusların dəstəklədiyi Hizbi Tudə olur. Bütün çətinlik və əngəllərə baxmayaraq Azərbaycan Demokrat Firqəsinin birinci qurultayı keçirildi. Azərbaycanın Milli Konqresi işə başladı.

Pişəvəri yoxdan dövlət quran nadir dövlət xadimlərindəndir. Banisi olduğu Milli Dövlət zamanı Azərbaycan sakitlik, azadlıq və xoşbəxtlik dövrünü yaşayıb. Hətta bir fəhlənin deyimi məşhur idi: «Ömrümdə bir il borcum olmayıb. Yayda işləmişdim, qışda həmkarlar birliyindən almışdım. Bu bir il Pişəvərinin qurduğu Azərbaycan Milli Dövlətinin dövrü idi.

Pişəvəri demokratik yollarla ictimai ədalətin qurulmasına çalışan və Avropa mədəniyyətinin bütün yaxşı cəhətlərini ölkəyə tətbiq etməklə cəmiyyətimizi çağdaş mədəniyyətə qovuşduracaq tarixi şəxsiyyət olmuşdur. S.C.Pişəvəri hələ 1920-ci ildə İranın Baş Naziri Seyid Ziya ilə müzakirə zamanı Seyid Ziyanın — «Ölkəni bu vəziyyətdən necə çıxararsınız?»- sualına: «İşləri vətənpərvər və azadxah gənclərə tapşırıb, onları birləşdirmək yolu ilə, Avropa mədəniyyətinin bütün yaxşı cəhətlərini ölkəyə tətbiq edib, xalqın öz əlilə millətimizi bu günkü fəlakətdən və bədbəxtlikdən xilas edərik»- demişdir.

Milli Hərəkatdan öncə fərdi azadlıqlar uğrunda başlanmış dağınıq mübarizə, Pişəvərinin təşkilatçılıq bacarığı nəticəsində, Milli Dövlət quruculuğu uğrunda mübarizəyə çevrildi. Pişəvərinin qurduğu Milli Dövlət dövründə fərdi azadlıq şüarı insan haqları proqramı ilə uzlaşaraq həyata keçirilirdi. O deyirdi: «Qələm azadlığı, dil azadlığı, vicdan və əqidə azadlığına, ictimai və cəmiyyət azadlığına toxunmaq olmaz, bunlar xalqın namusudur. Ona əl atanların əlləri kəsilər və özləri məhv olar».

Pişəvəri milli mənafeyi təmin etmək üçün millətin iradəsinə əsaslanan, milli demokratiya ideyasını əsas götürmüşdü.

Azərbaycanın Milli Demokratik Dövləti hər hansı sinfin hakim olduğu dövlət deyildir. Pişəvəri deyirdi: «Bizim hökumətimiz demokratik hökumətdir, bütün təbəqələrin hökumətidir».

Azərbaycan milli hökuməti fəhlə və əkinçinin mənafeyini qoruduğu kimi Azərbaycan milli burjuaziyasının və tacirinin də mənafeyini güdür. Pişəvəri özünün söhbətlərinin birində İrandan Azərbaycana gətirilmiş keyfiyyətsiz malların yandırılmasına göstəriş verildiyini deyərək, bu işdə Azərbaycan tacirlərinə dəymiş ziyanın milli hökumət tərəfindən ödənilməsini vurğulamışdı. Azərbaycan milli dövlətinin demokratiya üsulunu gözlədiyi və sinfi hakimiyyəti qəbul etməməsi təbii ki, internasional-kommunizm şüarı ilə çıxış edən rusların və Milli Hökumətin həyata keçirdiyi demokratik islahat nəticəsində siyasi avtoritetini itirmiş İran hakimlərinin xoşuna gəlmədi. Pişəvəri deyirdi: «İstiqlaliyyətə çatmaqla iş bitmir. Milli müstəqillik millətin müstəqilliyini əbədi qoruyacaq gücə və qaranta malik olmalıdır». Pişəvəri milləti qurtaracaq gücü millətin ruhundan doğan milli şüurun və milli hissin olğunlaşmasında görürdü: «Başladığımız böyük hərəkətin milli rəng və milli mahiyyətini dəyişdirmək istəyənlər xalqımızın silahını əlindən almağa çalışırlar».

Bu arada isə Cənubi Azərbaycanda baş verən hadisələr Mircəfər Bağırovun da xüsusi diqqət mərkəzində idi. Ona görə də danışıqlar yolu ilə Qəvamülsəltənənin Azərbaycanı qan içində boğmaq üçün fürsət gözlədiyini anladığından 22 oktyabr 1946-cı ildə Stalinə xüsusi məktubla müraciət edir. Məktubda Bağırov vəziyyətin ciddiliyini Stalinə çatdıraraq, Cənubdakı soydaşlarımızı müdafiə etmək üçün onlara, heç olmasa, hərbi və maliyyə yardımları göstərilməsini xahiş edirdi. Amma Moskva bu barədə susmağa və Bağırovun məktubunu cavabsız qoymağa üstünlük verdi. Bir də artıq iş-işdən keçmişdi. Moskvanın xəyanətindən sonra, 1946-cı il iyun ayının 14-də Cənubi Azərbaycan Milli Məclisi öz fəaliyyətini dayandırdı və onu Tehranla daha yumşaq davranan Əncümən əvəz elədi. İyunun 16-da isə Pişəvəri baş nazir postundan istefa verdi. Amma o, faktiki olaraq qeyri-rəsmi şəkildə ölkəyə rəhbərliyi həyata keçirirdi. Yaranmış vəziyyətdən istifadə edən şah qoşunları 1946-cı il noyabrın 12-də Zəncana hücum edərək, orada xalqa divan tutmağa başladı. On minlərlə dinc sakin şah qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirildi. Onların arasında çoxlu sayda qadın və uşaq da vardı. Belə bir vəziyyətdə Pişəvəri yenidən Stalinə məktubla müraciət edərək, heç olmasa, xalqı qırğından qorumaq üçün silahla yardım göstərilməsini xahiş etdi. Eyni xahişi Mircəfər Bağırov da təkrarladı. Ancaq Stalinin hər ikisinə cavabı qısa oldu: «Mən 5 milyonluq Azərbaycana görə III Dünya müharibəsinə başlaya bilmərəm».

Zəncanı qan içində boğaraq yolüstü kəndləri xarabazara çevirən şah qoşunları noyabrın 24-də Təbrizə doğru irəliləməyə başladı. Hadisələrin təhlükəli vəziyyət aldığını görən Seyid Cəfər əsl milli azadlıq hərəkatı rəhbərlərinə xas olan bir xarakter nümayiş etdirdi. «Azərbaycan» qəzetində çap etdirdiyi «Hara və nə üçün gəlirlər?» adlı məqaləsində yazırdı: «Olsun! Biz buna təəssüf etmirik, təəssüfümüz bunadır ki, ağaye Qəvamülsəltənənin qərəz olduğu (qərəzli) və irticai siyasəti nəticəsində vətənimizdə böyük qanlı macəralar hazırlanır. Biz içdiyimiz anda sadiq qalıb, Azərbaycan torpağına silah ilə soxulub, azadlığımızı sərneyzə (süngü) gücü ilə aradan aparmaq istəyənləri kim olursa-olsun xalqın gücü ilə əzib geri qaytaracağıq. Bu isə bizim əvvəl və axır sözümüzdür: Öldü var, döndü yoxdur»

Son nəfəsə kimi döyüşməyi qərara alan Pişəvərinin rəhbərliyi altında Müdafiə Komitəsi yaradıldı. MK-ya Pişəvəridən əlavə, M.Şəbüstəri, P.Qulamyəhya, Qazı Məhəmməd və Pənahian daxil idi. Dekabrın 8-də könüllülərdən ibarət xalq qoşunları və fədai dəstələri Miyan Tkab istiqamətində əks-hücuma keçərək, düşməni geri çəkilməyə məcbur etdilər. Lakin hücumu davam etdirmək üçün silah yox idi. Moskvanın Cənubi Azərbaycan və Pişəvəriyə xəyanətinə baxmayaraq, firqə rəhbərliyi hələ də Stalindən az da olsa yardım almağa, onu insafa gətirməyə ümid edirdi. Onun Sovet rəhbərliyinə olan məktubundan: «Əgər biz təslim olsaq, tarix bizi həmişə lənətləyəcək. Dünyada heç bir xalq öz qüdrətini öz əli ilə məhv etməz. Bütün xalq bizə müraciət edib, öz azadlığını qorumaq üçün cəbhəyə getməyə icazə verməyimizi tələb edir».

Stalin isə Pişəvəriyə silahlı müqavimətdən əl çəkməyi və Tehranla dil tapmağı məsləhət bilmişdi. Güney Azərbaycan kütləvi qətliam törədən, on minlərlə günahsız azərbaycanlını qəddarcasına qətlə yetirən fars hökuməti və onu dəstəkləyən ABŞ, Qərbdəki müttəfiqləri ilə təkbətək qaldı. Lakin Pişəvəri son nəfəsə kimi vuruşmağı qərara almışdı. Moskva hiyləyə əl atdı. Stalinin tapşırığı ilə Pişəvərini «məsləhətləşmək» adı ilə, əvvəl Culfaya, oradan da Naxçıvana dəvət etdilər. Buradan isə onun yenidən Cənubi Azərbaycana dönməsinə imkan vermədilər. Nəticədə şah qoşunlari ilə döyüşə gedən fədailər rəhbərsiz qaldılar. Sona kimi düşmənə qızğın müqavimət göstərsələr də gələn bəlanın qarşısını almaq mümkün olmadı. Dekabrın 12-13-də Təbrizi və Cənubi Azərbaycanı işğal edən şah qoşunları təxminən 1 milyona yaxın azərbaycanlını qətlə yetirdi.

Quzey Azərbaycanda yenə öz mübarizəsindən əl çəkməyən Pişəvərinin əsassız ölümü hər kəsdə bir şübhə yaratdı. Həvəsinin dediklərindən: «Babamın həkimi Cahanşah babamın vəfatı ilə bağlı danışır ki, Seyid Cəfər Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha aradan götürülməsi təhlükəsinin olduğunu söyləyib». Doktor Cahanşah danışır ki, üç gündən sonra Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdüyünü eşidib, yanına gedib. Hətta keyfi yaxşı olduğundan evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə «hələ evə getməsinə icazə yoxdur», cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Ertəsi gün isə Pişəvəri dünyasını dəyişib. Doktor Cahanşahın bildirdiyinə görə, o, Pişəvərinin bədənində qəzadan hər-hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə görüb.

Pişəvəri tarixdə yenilmiş ilk demokrat deyil. O, özünün bütün hesablamalarında, haqlı və zəfərə inamlı idi. Lakin ikinci dünya savaşından sonra, yeni dünya düzəninin formalaşma dövründə ona müstəqil dövlət qurmaq imkanı verilmədi. Azərbaycan Şərqlə, Qərbin mənafeyinin kəsişdiyi nöqtədə yerləşdiyindən daha ciddi çətinliklərlə rastlaşdı. Şərq diktatura idi, Qərb dövlətləri isə onlarla birbaşa hesablaşmayan demokratlardansa, onlara tabe olan diktatorlara üstünlük verdi.

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 15 iyun.- S.15.