QHT-lər və Azərbaycan mədəniyyətinin təbliği

 

«Azərbaycan mədəniyyət incilərinə dair oğurluq hadisəsi həyata keçiriləndə, ilk reaksiya verənlərdən biri QHT-lər olur»

Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində, beynəlxalq arenada tanıdılmasında qeyri-hökumət təşkilatları da mühüm rol oynayırlar. Son dövrlərdə QHT-lərə dövlət dəstəyinin getdikcə gücləndirilməsi, milli donorçuluğun formalaşdırılması vətəndaş cəmiyyəti strukturlarını milli məsələlərlə bağlı daha həssas və diqqətli olmağa vadar edir. Qeyd edək ki, müxtəlif QHT-lər müxtəlif düşüncələr deməkdir.

Bu baxımdan da Azərbaycan mədəniyyətinni təbliği, eyni zamanda tədqiq olunması istiqamətində QHT-lərin sayının çoxluğu bu istiqamətdə həyata keçirilən layihələrin rəngarəngliyi anlamınam gəlir. Bu istiqamətdə təkcə dövlətin müəyyən strukturlarının fəaliyyət göstərməsi yetərli deyil. QhT-lərin də bu işə cəlb edilməsi daha yüksək nəticələrin əldə olunmasına şərait yaradır. Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində mühüm işlər görülür ki, burada ictimai sektorun payı az deyil. Amma istənilən halda daha geniş formatda fəaliyyət göstərilməsinə ehtiyac var.

Bu baxımdan mədəniyyətimizlə bağlı olaraq QHT-lərin nə iş gördüklərini müzakirə etmək maraqlıdır.

Demokratik Azərbaycan Naminə İctimai Birliyin sədri Elməddin Behbud QHT-lərin bu yöndə fəaliyyətindən danışarkən bildirib ki, vətəndaş cəmiyyəti strukturları da dövlətin həyata keçirdiyi siyasətə, mədəniyyət və digər sahələrdə gedən proseslərə, inkişafa öz töhfələrini verməlidirlər: «Azərbaycanda indiki qeyri-hökumət təşkilatlarının formalaşmasının təxminən 20-22 illik tarixi var. Ancaq artıq bizdə də qeyri-hökumət təşkilatları arasında ixtisaslaşma gedib. Vətəndaş cəmiyyəti strukturlarının, QHT-lərin bir funksiyası da ondan ibarətdir ki, dövlətin həyata keçirə bilmədiyi və yaxud müdaxilə şəraiti olmayan məsələləri onlar dolayı yollarla həyata keçirirlər. Amma QHT sektorunda Azərbaycan mədəniyyətinin inkişafı yönündə səy göstərən, bu sahədə səmərəli işlər görən və layihələr həyata keçirən bir xeyli qurumlarımız var».

QHT-lərin Azərbaycan mədəniyyətinin təbliği sahəsində əsas fəaliyyətinin nədən ibarət olduğundan söz açan Elməddin Behmud əlavə edib ki, Azərbaycan mədəniyyətinin təbliğ olunması üçün QHT-lər qanunvericiliyin verdiyi imkanlar çərçivəsində çap məhsulları və sair materiallar buraxırlar: «Qəzetlər, jurnallar, kitablar, təqvimlər nəşr olunur, eyni zamanda disklər buraxılır, iclaslar, seminarlar keçirilir. Bu, Azərbaycanın görkəmli bəstəkarlarından tutmuş milli-mədəni nümunələrinə qədər, həm yazılı, həm də mövcud memarlıq abidələrinə qədər nüansları əhatə edir. QHT-lər bu sahədə səmərəli fəaliyyət həyata keçirməyə çalışırlar. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, bizim əbədi düşmənlərimiz olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət incilərinə dair oğurluq hadisəsi həyata keçiriləndə, onlar mədəniyyətimizi öz adlarına çıxmağa çalışanda ilk reaksiya verənlərdən biri QHT-lər və yaxud da diaspor qurumları olur. QHT-lər bu cür hallardan dərhal xəbər tuturlar, cəmiyyəti məlumatlandırırlar, yaxud dördüncü hakimiyyət olan KİV bunu yaymaqla ictimai rəyi yönəldirlər. Bu kimi hallar da Azərbaycan mədəniyyətinin qorunması və təliğ olunması istiqamətində çox mühüm bir addımdır».

İctimai birliyin sədri vurğulayıb ki, QHT-lərin apardığı tədqiqatlar zamanı mövcud mənbələrin toplanması, həmin mənbələrin toplu şəkildə cəmiyyətdə təbliğ edilməsi istiqamətində heç şübhəsiz ki, QHT-lər də xeyli iş görürlər: «Bununla bağlı kifayət qədər misallar çəkmək olar. Diqqət yetirsək, ölkədə QHT-lərə dövlət dəstəyini həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən effektiv layihələrdə buna aid nümunələr də çoxdur. QHT-lərin fəaliyyəti ilə tanış olsaq, görərik ki, həm ixtisaslaşmış, həm də bir çox sahələr üzrə fəaliyyət göstərən QHT-lər bu sahədə normal çalışırlar. Azərbaycan mədəniyyəti və folklorunun, tarixinin təbliğ olunması sahəsində işlər gedir. Amma real statistika ilə biz bu sahədə aparılan tədqiqatlardan tanış ola bilərik».

Onun sözlərinə görə, ümumiyyətlə vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti ilə bağlı da çox ciddi tədqiqatlara ehtiyac var: «Şuranın yaradılmasından sonra QHT-lərin müəyyən təmərküzləşməsi prosesi gedir. QHT-lərin indiyə qədər gördüyü işlər təsnifatlandırılır və xarakterizə edilir. Bu baxımdan məncə, mədəniyyət sahəsində QHT-lərin fundamental tədqiqatlar aparmasından daha çox, mövcud təbliğati mənbələrin bir araya toplanması, onların təbliği, dünyada tanıdılması daha məqsədəuyğun və asan hesab olunur. Bu istiqamətdə QHT-lər daha aktiv və səmərəlidirlər».

Onu da bildirək ki, son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr, silsilə xarakterli tədbirlər həyata keçirilib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıqla yanaşıb. Eyni zamanda onlar bu kimi məsələlərdə ictimai fəallığın artırılmasına səy göstəriblər. Həmçinin QHT-lər mütəmadi olaraq bu sahədə mövcud olan qüsurların aradan qaldırılmasının ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmağa çalışırlar. Ona görə də, kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz mədəniyyətimizin, milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidir. Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər milli qəhrəmanları, şəhidləri, vətənpərvərliyi, milli adət-ənənələrimizi və mədəniyyətimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qururlar. Bütövlükdə bu qrupdan olan QHT-lərin fəaliyyətini, milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi yüksək qiymətləndirmək olar. Bununla bərabər, QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almalıdır.

QHT-lər qarşısında duran digər məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği, əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur.

Qeyd etməkliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra edir. Ümumiyyətlə, ictimai təşkilatlar milli-mənəvi dəyərlərlə məşğul olmaq, onu təbliğ etmək imkanında olan praktiki qurumlardandır. Onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum şəkildə həmişə yararlanmalıdır. Çünki hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Bu konteksdə, azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bu gün ən mühüm məsələlərdən biridir. Çünki dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır. Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra QHT təsisatları inkişaf etməyə başlayıb. Son illər dövlət tərəfindən QHT-lərə göstərilən maliyyə yardımı bu sektorun daha da inkişafına təkan verib. Bütövlükdə, QHT-lərin Azərbaycanla bağlı keçirdiyi müxtəlif tədbirlərin özü də azərbaycançılığa xidmət anlamına gəlir. Bununla belə, yerli QHT-lər ölkəni beynəlxalq tədbirlərdə təmsil edir, müxtəlif hesabatlar səslənir və s. Bütün bunların hamısı azərbaycançılığın təbliğinə yönəlmiş bir fəaliyyətdir. Bundan sonra da Azərbaycan mədəniyyətinin təbliğində QHT-lərin rolu bir qədər də güclənməlidir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan bəri Azərbaycan mədəniyyətinin, azərbaycançılığın təbliği layihələr içində hər zaman prioritet olub. Bu çərçivədə bir sıra tədbirlər, sərgilər və s. təşkil olunub. Görünən odur ki, QHT-lərin mədəniyyətimizin təbliğinə diqqəti ilbəil artır. Ancaq hər halda QHT-lərin bu işdə daha sistemli fəaliyyət göstərməsinə ehtiyac var. Ona görə ki, daha geniş və ciddi nəticələr əldə olunmalıdır. Azərbaycanlıların zəngin mədəniyyətinin təbliğində QHT-lərin də potensialından faydalanmağa ehtiyac var».

 

Əli

 

Xalq Cəbhəsi.- 2013.- 20 iyun.- S.11.