Xəzərlər

 

Xəzəristanda türkcənin daha çox istifadəsinin geniş yayılması mənbələrdə öz əksini tapıb

II yazı

Xəzərlərin dili məsələsinə gəlincə pofessor N.Tağısoy bildirir ki, Xəzər imperatorluğunda müxtəlif xalqlar öz dillərində ünsiyyətdə olur, öz dinlərini qoruyurdular: «Burada göytürk, ərəb, yəhudi və kiril əlifbaları işlənirdi. Yəhudi, xristian, islam dinləri bu ölkədə geniş yayılmışdı. Xəzər şəhərlərində sinaqoqlar, kilsələr, məscidlər eyni dərəcədə fəaliyyət göstərirdi. Xəzərlər X yüzilin sonlarına qədər mövcud olmuş bir etnos idi. Bəzi mənbələrin verdiyi məlumatlarda qeyri-müəyyənlik və ziddiyyətlər mövcuddur. Özünə yer tutmuş bu dövlətin xəzər dilində anıla biləcək günümüzə kimi çatmış bir nümunə yoxdur, mənşələrinə gəldikdə isə təəccüb doğuran fikirlərə rast gəlinir. Bununla belə bir sıra tədqiqatçılar (ərəb, yəhudi və Bizans qaynaqlarına istinad edərək) xəzərlərin birmənalı şəkildə türk olmasını və bu gün türk dilinin Çuvaş ləhcəsində xəzər dilinin özünü təcəssüm etdirməsini müəyyənləşdiriblər. Onların çuvaş dilində ünsiyyətdə olmaları fikrini E.Kunik, V.Bartold, A.Zayonçkovski və digərləri irəli sürüblər. Bu fikrə Əl-Biruni də tərəfdar çıxır. Mənbələrdə qeyd olunur ki, BulqarSuvar şivələri (daşlar üzərindəki yazıya əsaslanaraq) türkcə xəzərcənin arasında olan bir dildir. Xəzər dilinə aid nümunələr arasında ünvanlar, adlar mühüm yer tutur. Bu ünvanların böyük bir qismi əski türk kitabələrində qalmaqdadır. Xəzərlərdən qalan şəxs adlarından və digər ad, söz və ifadələrin oxunuşları təsbit olunmuşları bunlardır: barsbek, baştuva, kundaçık, xaqan, xatun, tarxan, bəy, şad, tudun, ilteber, bolışçı, tanrı, xan, , sarı (sarıq), belenger (barangar), səməndər, bığındı, qaya kənd; Bizans qaynaqlarında çiçək (tzitzekion), ilbars (gilebaros), buseri (busiros); Mahmud Kaşğaridə: ben, bun, bal, azak, tuzdı, yalınık, kıpçak və oğuzlarla bir zümrədən olan şivələrlə bardacı, tuğradacı və uğralacı və s. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər. Bu adın özünün də mənası açılmalıdır. Xəzər xaqanlığı ilə bağlılığı olan Şimali Qafqaz hunlarının şəhəri Varaçan da bu yer adlarına əlavə olunmalıdır. Xəzər xaqanlığı etnik baxımdan bir-birindən fərqli olduğundan bir sıra qövmləri bir yerə toplamış bu xaqanlıqda dövlət dili kimi müxtəlif dillərdən istifadə də təbii qəbul edilməlidir. Xəzəristanda türkcənin daha çox istifadəsinin geniş yayılması mənbələrdə öz əksini tapıb. Bundan başqa bu yerlərdə bulqar türkcəsindən də istifadə olunurmuş. Sarkel qalasının adı bu baxımdan əhəmiyyətlidir. Məşhur ərəb səyyahı və coğrafiyaşünası İstahribulqar türkləri ilə xəzərlərin eyni dildən istifadə etdiklərini bildirir.

Dövrünə görə zəngin mədəniyyət daşıyıcısı olan xəzərlərdən bizə ibrani dilində yazılmış iki məktubdan başqa hər hansı yazılı abidə və əsərlər çatmayıb. Bunlardan biri 960-cı ildə əndəlüslü yəhudi elm və dövlət xadimi Haşday bəydən İshaç bəy Şapruta yazılan məktub, o biri isə naməlum xəzəristanlı müsəvi tərəfindən elə Yusuf xaqanın zamanında yazılmış bir məktubun Misirdə Fustatda Kanisat əl-Şamidə saxlanılan parçalarıdır. Müxtəlif yönümlərdən tədqiq olunmuş bu məktublar yaxın zamanlara qədər saxta kimi qəbul olunurdu. Y.Marquarta görə Yusufun adına aid edilən bu məktub Əbu Hamid əl-Əndəlüsinin səyahətnaməsini oxumuş bir nəfər tərəfindən 1140-cı illər dövründə uydurulduğu irəli sürülmüşdü. 1938-ci ildə M.Landau məktubların saxta olmadığını isbat edərkən qüvvətli dəlillər gətirdiyi zaman Topqapı sarayında mühafizə edilən İbn Haldunun yazdığına görə Haşdayın xəritəsi üzərində olan bir dəlilə görə Yusuf Xaqanla əlaqələrinin olduğundan danışır və məktubun saxta yox, orijinal olduğunu bildirir. Xəritənin üzərində bir dağ var ki, onun əzəmətli olduğu qeyd olunur. Haşday bunun Rum hüdudlarından Hazarana qədər gedib çatdığını bildirir. Xəzərlərin dilinə ad verilərkən onlar artıq miladdan sonra 650-965-ci illər arasında böyük imperatorluq qurmuşdular. Orta əsrlərin ən böyük dövlətləri arasında özünə yer tutan bu imperatorluğun sərhədləri qərbdə, qeyd etdiyimiz kimi, Kiyevdən başlayaraq, şimaldan Bulqar (Qazan) şəhərinə, cənubda Krım və Dağıstana, şərqdə isə Xarəzmə qədər uzanırdı. Xəzər türklərinin tarixi haqqında əski qaynaqlarda olan məlumatlar heçsistemliyetkin deyil. Böyük bir dövlət qurmuş xəzərlərin mənşəyi və dili ilə bağlı məsələlər də tam araşdırılmayıb. Bu gün Xəzər türkcəsinə aid Göytürk yazısına bənzər yazı ilə yazılmış üç hərfdən ibarət bir yazı var. Bu yazının əsas dili ibranicə olub Kembric Universitetinin kitabxanasında saxlanılan və Kiyevdə yaşayan müsəvi xəzərlər tərəfindən yazılmış bir məktubun sonunda tapılıb. Bu yazının çözümü Xəzər türkcəsinin xüsusiyyətləri haqqında heçtam məlumat almağa imkan vermir. Buna görə də xəzər türkcəsinin türk dilinin hansı qoluna aid edildiyi də müəyyən olunmamış qalır. Bu baxımdan yalnız əski qaynaqlarda əksini tapmış olan kişiyer adları müəyyən mənada çözüm üçün şərait yaradır. İndiyə qədər orta əsrlərdən qalma ərəb, fars, ibrani, erməni, gürcü, macar, rus, latın və bizans qaynaqlarında 50-dən çox xəzərcə ifadə təsbit edilib».

Xəzərlərdə toy mərasimi ilə bağlı tarixin qədim qatlarından günümüzə gəlib çıxmış məlumatlar da çox maraqlıdır. Hizami Tağısoy bildirir ki, Xəzər mədəniyyətinin buya digər tərəfləri haqqında fikir yürütmək üçün xaqanların saray həyatına, onların səfərlərinin təsvirinə və müsəlman əmirlərinə verilən qızlarına verdikləri cehizə görə müəyyən qənaətə gəlmək olar: «Məsələn, Xəzər xaqanının müharibədə əlinə keçən bir arabalı çadırı (ona «dərmə ev» də deyirlərmiş) haqqında belə deyilirmiş: arabanın hər tərəfi xalılarla döşənirmiş, üzərində qumaşla örtülü gümbəz yüksəlirmiş. Gəlinlə gələn 10 cehiz arabasının qapıları qızıl və gümüş lövhələrlə bəzədilirmiş, içəriləri isə samur dərisilə döşənirmiş. Bundan başqa daha 20 ədəd arabaya müxtəlif cür qızıl və gümüşdən olan qablar yığarlarmış. Xəzərlərdə dəfn mərasimi də çox maraqlıdır: «Xəzərlər Amu-Dərya ətrafında yaşadıqları dövrdə qədim oğuzlarda olduğu kimi ölüləri suda dəfn etmək adətindən istifadə edirlərmiş. Sonradan isə Zəki Vəlidi Toğan onların yaxma üsulunu tətbiq etdiklərinin rəvayət olunduğunu bildirir. Lakin buna baxmayaraq ibn Fazlan Xəzər xaqanlarının İdil (Volqa) çayında dəfn olunduqlarını söyləyir. Xaqan öldükdə cəsədini dəfn etmək üçün 20 otaqlı böyük bir ev tikilir, bu otaqlardan hər birində qəbir qazılır, onlar ufacıq daş tozu ilə döşənir, üzü kəc ilə örtülürmüş. Sonra İdildən (Volqadan) hər hansı bir qolu bu evin üstünə istiqamətləndirirlərmiş. Belə olduqda, xəzərlərin fikrincə, xaqanın cəsədinə nə şeytan, nə insan, nə həşərat, nə də qurd yaxınlaşa bilməzmiş. Dəfn mərasimi sona yetdikdən sonra dəfn edənləri də öldürərlərmiş ki, xaqanın hansı otaqda və qəbirdə dəfn edildiyi heç kimə məlum olmasın. Bu məzara «cənnət» deyirlərmiş. Məzar yüksək şəkildə işlənmiş qumaşla örtülərmiş. Bütün bunların hamısı xəzərlərin özünəməxsus mərasimlərə malik olduğunu göstərir. İstahri xaqanların türbələrinin su altında qalan yox, uzaqdan görünən binalar olduğunu anladır və qeyd edir ki, bu tipli binaların yanından keçən hər kəs mütləq səcdə edərmiş».

Xəzərlərdə xaqanlıq hakimiyyəti barədə danışan H.Tağısoy bunları deyir: «İbrani dilində olan yuxarıda qeyd etdiyimiz mətn ilk dəfə Qanuni Süleyman zamanında İstanbulda fəaliyyət göstərən yəhudi mətbəəsində 1543-cü ildə nəşr olunub, 1932-ci ildə rus alimi P.Kokovtsev tərəfindən hərtərəfli tədqiq edilib. Bu məktubda Yusuf xaqan özündən 340 il əvvəl (bu təqribən milad tarixilə 620-ci ilə təsadüf edir) müsəviliyi qəbul edən Bulan xaqandan başlayıb özünə qədər hökmranlıq etmiş 14 xaqanın adını çəkir. Orada Bulandan sonra Obaca, Hizkiya, Menaşe, Hanuka, İshaq, Sabulon, Moses, Nissi, I Harun, Menahem, Benyamin və II Harun kimi xaqanların adları çəkilir. Yusuf xaqan özü II Harun xaqanın oğluduro, 931-960-cı illər arasında xaqanlıq edib. Məktubda göstərilir ki, Xəzər xaqanları 620-ci ildən başlayaraq musəvilər olublar. Yəhudi adı daşıyan xaqanların eyni zamanda türk adları da varmış, bundan başqa orada qadınların da naiblik etdikləri bildirilir. Burada xaqanlığa tabe olan bəyliklərin sayı 28 göstərilib. Xəzərlərin hakimiyyətinin özünəməxsus cəhəti ondan ibarət idi ki, burada dövlət başçısı olan xaqan heç bir idarəçilik işlərinə qarışmırdı. O, yalnız dövləti təmsil edən simvolik rol oynayırdı. Ölkədə əsl iqtidar onun naibinə məxsus idi. O, xaqan tərəfindən dəyişdirilə, yaxud edam ediləsi şəxs olmaqla bir vəzifəni yerinə yetirirdi. Hakimiyyət xaqan bəyin (başqa türklərdə kağantaş, yaxud yuğruş) əlində cəmləşirdi. Özünü Xarəzmdə yüksək şəkildə təcəssüm etdirən bu dövlət sistemi ərəb müəllifləri tərəfindən xüsusi şəkildə təqdir edilib. İbn Fazlanın yazdığına görə «xəzər padşahı olan xaqan yalnız dörd ayda bir dəfə xalq qarşısında görünərmiş. Onu «Böyük xaqan» adlandırırlarmış, xəlifəsinə isə «Xaqan bəy», yaxud «Xaqan əbə» deyilirmiş. Orduya başçılıq edən, dövləti idarə edən, yadellilərə qarşı hərb elan edən, qonşu dövlətləri öz itaəti altında saxlayan məhz o imiş. O, hər gün böyük xaqanın hüzuruna buyurar, əlində bir çıraq (yanıb sona çatdıqdan sonra) ayaqyalın təzim edib içəri daxil olar, xaqanın taxtının sağ tərəfində oturar, problemlər və vəziyyət haqqında ona məlumat verərmiş. Ümumiyyətlə, böyük xaqan xalq ilə bir yerə gəlməz, onunla ünsiyyətdə olmaz, buya digər məsələ ilə bağlı üç naibindən başqa heç kimi qəbul etməzmiş. Ölkəyə aid işlərin, o cümlədən xaricidaxili problemlərin hamısı xaqan bəydən asılı və onun əlində imiş. Xaqan öz ətrafındakılarla səfərə çıxmağa hazırlaşdıqda bütün ordu komandanları da atlanarmış. Lakin onlarla xaqan, bəy arasında ən azı bir mil məsafə qalmalı imiş. Təbəələrindən hər hansı biri bu səfər zamanı xaqan bəyi görərsə, elə o andaca ona səcdə qılıb, üzüqoylu yerə uzanmalı və o, tamamilə ötüb keçənə qədər başını yuxarı qaldırmamalı imiş. Xaqan 40 il müddətinə seçilirmiş. Əgər bu müddət ərzində o, özü öz əcəli ilə vəfat etməzmişsə, onda onu görkəmini, ağlını, şüurunu itirib deyə, öldürürlərmiş. Əgər xaqanın düşmənə qarşı göndərdiyi ordu məğlubiyyətə uğrasaymış, yaxud kimsə qaçıb, düşmənə qarşı vuruşdan boyun qaçırarmışsa, komandanlar və onların xəlifələri öldürülər, mal-mülkləri, var-dövlətləri, sürüləri və silahları əllərindən alınarmış. Yəni xaqan öz tabeliyində olanları müvəffəqiyyətə görə mükafatlandırmaq, məğlubiyyətə görə isə cəzalandırmaq səlahiyyətlərinə malik imiş».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 21 iyun.- S.15.