«Milli Dram Teatrı
getdikcə cılızlaşır»
İlham
Namiq Kamal: «Əcnəbi reyissorlar gəldilər,
vaxtlarını kecirib getdilər»
Xalq
artisti İlham Namiq Kamalın APA-ya müsahibəsi
-
Sizin də rol aldığınız «Evləri köndələn
yar», «Bəylik dərsi», «Göz həkimi» tamaşalarını
televiziyalarda, demək olar, vermirlər. Sizə elə gəlmir
ki, bu əslində sizin də unudulmağınız deməkdir?
- Yox, mən
deməzdim vermirlər. «Mədəniyyət» kanalında mənim
tamaşalarımı vaxtaşırı verirlər.
Günün hansı saatı məsələsi ola bilər,
onu da telekanal özü müəyyənləşdirir. Əvvəllər
bir verilişi on dəfə verirdilər. İndi o zaman deyil
axı. Verilişlər, filmlər çoxdur. Mənim
tamaşalarımın, demək olar, hamısı «youtube»da
var, kim istəyir, girsin baxsın. Unudulmaq yalnız onda olar ki,
aktyor öz üzərində işləməz, passivləşər,
tamaşalarda oynamaz və s.
- Mədəniyyət
və İncəsənət Universitetində kafedra müdiri
vəzifəsində çalışırsınız.
Müsahibələrinizdən hiss etmişəm ki, tələbələrinizin
səviyyəsindən razı deyilsiniz…
- Test
adında bir tələ var, biz də o tələnin
içindəyik. Qabiliyyət imtahanına maraqlı,
istedadlı uşaqlar gəlirlər. Biz seçirik, istəyirik
həmin uşaqlar tələbəmiz olsun, onlar da testdən kəsilirlər.
Sonra məcbur olub balaca-balaca əmiləri, balaca-balaca
xalaları bir yerə yığırıq, onlara dərs
deyirik ki, ümumi işimiz getsin. Boy-buxunlu, səsi,
plastikası olan uşaqlara beş il ərzində biz ədəbiyyatı
da, tarixi də, xarici dili də öyrədə bilərik. Bizə
gələn tələbələr beşinci-altıncı
növ valideynlərin balalarıdır. Demək istəyirəm
ki…
- Yəni
kasıb balalarıdır…
- Dövlətli
balalarına ata-ana deyir tibb institutuna, hüquq fakültəsinə
sənəd ver. Bizə istedadlı uşaqlar gəlir. Amma
onlar da savad tərəfdən axsayırlar. Yenə deyirəm,
biz beş il ərzində onlara hər şeyi öyrədə
bilərik. Adama səs vermək, istedadlı eləmək isə
bizim əlimizdə deyil. Bu çətinliklər uzun illərdir
davam edir. Çıxış yolu kimi təklif etmişik ki,
qabiliyyət tələb edən ixtisaslarda test olmasın. Məsələn,
aktyorluğa ildə 80-100 nəfər gəlir. Olmaz ki, onlar
test imtahanından azad olsunlar? Bizim seçdiyimiz istedadlı
uşaqların əksəriyyəti testdən kəsilir,
qalır orta səviyyəlilər. Biz də məcburuq kursu
onların hesabına formalaşdıraq.
- Əksər
aktyorların maddi vəziyyəti yaxşı deyil…
- Bizim tələbələr
universiteti bitirən kimi teatrlara gedib 120 manat maaşa işləmək
məcburiyyətində qalırlar. Amma savadsız bir qabyuyan
restoranda 500 manatdan aşağı maaşa qab yumur. Yaxud mənə
elə bir kababçı göstərə bilməzsiniz ki,
900 manatdan aşağı maaşa restoranda kabab çəksin.
Mənim yetişdirdiyim tələbə isə 120 manata işləyir.
Təsəvvür edirsinizmi? Başqa heç bir işlə də
məşğul ola bilmir. Məsələn, Musiqili Komediya
Teatrında saat 11.00-dan 14.00-a qədər tamaşa, 14.00-dan
16.00-a qədər rəqs məşqləridir. Saat altıda
orkestrlə məşq bitəndən sonra isə tamaşa
başlayır. Bu adam hara getsin, hansı əlavə işlə
məşğul olsun? Ya gərək işləsin, ya da gedib
tamadalıq eləsin. Tamadalığa qurşanan gəncin də
qüruru ölür. Kiminsə əlinə baxan adam sabah səhnəyə
çıxıb padşah rolunu oynaya bilər? Amma mənə
elə gəlir ki, prezidentin teatra olan diqqəti bu məsələləri
də həll edəcək.
- Gələcəkdə
120 manata işləmək məcburiyyətində qalan tələbəyə
teatr sevgisindən necə danışırsınız?
- Biz həmin
tələbəni sifariş edib çağırmırıq
ki… İkincisi də, bu sənəti seçəndə onun
ürəyində sevgi olur. Bilirsiniz, biz teatra necə
nağıllar aləmi kimi baxırdıqsa, onlar da
nağıl kimi baxırlar. Bizim vaxtımızda kinostudiya da,
teatrlar da tam gücü ilə işləyirdi. Aktyor
televiziyada, radioda çıxış edəndə qonorar
alırdı. İndi belə şeylər yoxdur. Hansı kanal
sənətçilərə pul ödəyir?
- Niyə
hesab edirsiniz ki, sənətini sevən, özünə
hörmət edən aktyor tamadalıq eləməz?
- Əlbəttə,
eləməz!
- Bəs
həmin aktyor necə dolansın? Bunu
düşünmürsünüz?
- Onu mən
bilmirəm. Bu, həmin adamın şəxsi işidir,
özü bilər. Çünki aktyor sənəti o qədər
müqəddəs sənətdir ki, bu sənətin sevgisini
içində daşıyan adam heç kimin qabağında əyilməz
ki, mənə nəsə verəcək, onun dediyini eləyim.
Aktyorun qüruru ölərsə, ondan aktyor olmaz. Aktyorun məni
və qüruru olmalıdır.
- O
qürurla, «mən»lə qarın doymur…
- Doymur,
işləməsin. Ölümdür bəyəm? Ya
dözüb öz sənətini davam etdirsin, ya da başqa
işlə məşğul olsun. Ya dözsün, ya da
ucuz-ucuz qiymətə səviyyəsiz seriallara çəkilsin.
- Siz də
hesab edirsiniz ki, bizim seriallar səviyyəsizdir?
- Siz
özünüz də bilirsiniz ki, bizim o səviyyədə
serialımız yoxdur. Bu yaxınlarda Nuşirəvan Məhərrəmli
də dedi ki, seriallarımızın səviyyəsi yüksək
deyil. Bizim seriallarda rejissor, ssenari, rəssam işi, aktyor
ansamblı çatışmır. Hansı normal sənətkar
gedib 20-30 manata seriala çəkilər? O gün bizim sənətkarlardan
biri dedi ki, mənim günümə 30 manat, balaca bir itinkinə
isə 50 manat verdilər. Təsəvvür edirsiniz? Bunu demək
lazımdır. Kim belə şeyləri özünə
sığışdırırsa gedir,
sığışdırmırsa, imtina edir, çəkilmir.
- Sizi
seriallara dəvət edirlər?
- Mən
bu işdən uzağam. Birincisi, gərək biləm ki,
qarşımdakı rejissor kimdir. Peşəkar adam olarsa, əlbəttə,
çəkilərəm. Bir də görürsən bu sahənin
adamı deyil, əlinə bir az pul düşüb, gəlib
serial çəkir. Mənim pula elə dəhşətli
ehtiyacım yoxdur. Professoram, kafedra müdiri vəzifəsində
çalışıram, prezidentin fərdi təqaüdçüsüyəm,
teatrda çalışıram, tamaşa hazırlayıram.
Ümumi götürəndə, mənim ehtiyacım yoxdur.
Özü də serialları, demək olar, izləmirəm.
Qardaşım Cəfər Namiq Kamal «Space»də yayımlanan «Üç
bacı» serialında çəkilir, bir-iki dəfə ona
tamaşa eləmişəm. Qardaşım olduğuna görə
demirəm, amma o serialı bəzəyən elə Cəfərin
oynadığı Maarif roludur. Bu serialı «Üç
bacı» yox, «Maarif və üç bacı» da adlandıra bilərdilər.
- Son illərdə
çəkilən bədii filmlərimiz niyə
tamaşaçı sevgisi qazana bilmir?
- Yenə
deyirəm: filmi rejissor çəkir. Məsələn,
«Qaynana» filmini Hüseyn Seyidzadə çəkib. Hüseyn
Seyidzadə ondan əvvəl «Dəli Kür»ü, «Yenilməz
batalyon»u, «O olmasın, bu olsun»u çəkmişdi. Bu filmlər
bu günə qədər yaşayır, elədirmi? Rejissor
işi varsa, deməli, kino da var, teatr da var. Məsələn,
nəyə görə deyirlər Tofiq Kazımovun teatrı?
İndi Tofiq Kazımov yoxdur, nə edək? Gərək
gözləyək ki, heç olmasa, Tofiq simasında bir
rejissor yetişsin?
- Mədəniyyət
və İncəsənət Universitetində rejissorluq
fakültəsi var, hər il onlarla tələbə məzun
olur. Yəni son on ildə bir rejissor yetişmədimi?
- Yox, elə
deyil! Azərbaycanda 28 teatr var. Həmin məzunları bu
teatrlar arasında bölmək çox çətindir.
Prezidentin sərəncamı ilə bizim 90 illik yubileyimiz qeyd
olunacaq. Orda universitetin hərtərəfli inkişafı ilə
bağlı göstərişlər var. Bizim indi söhbət
etdiyimiz bu tədris teatrı altı mərtəbəli olacaq.
Universitetin binaları artırılacaq, yeni laboratoriyalar
yaradılacaq. Bizim universitet uzun illərdir Energetika Texnikumunun
binasında yerləşib. Rektorun zəhməti, əməyi
ilə xeyli əlavə işlər görüldü, amma
bunu kökündən dəyişmək lazımdır. Bir
var kosmetik dəyişiklik, bir də var kökündən.
-
Müsahibələrinizin birində demisiniz ki, bizim nəsil
tükənəndən sonra ölkədə böyük
peşmançılıq yaşanacaq. O
peşmançılıq nə ola bilər?
- Bizim nəsildən
olan Yaşar Nurini, Səməndər Rzayevi, Vəfa Fətullayevanı,
Telman Adıgözəlovu itirdik. Bu mənada, bəli,
peşmançılıq olacaq. Ya bizlər dünyadan tez
köçürük, ya da cavanlar yerimizi tutmağa gecikirlər.
- O
cavanların içində gələcəyin İlhamı,
Yaşarı, Səməndəri varmı? Kimlərin
adını çəkə bilərsiniz?
- Musiqili
Komediya Teatrında Əkbər Əlizadə, Çingiz Əhmədov
çox maraqlı aktyorlardır. Mənim tələbələrimdən
Ruslan, Səməd Xasıyev, Gülnarə Əzizova
istedadlı uşaqlardır.
- Siz də
düşünürsünüz ki, bizdə
gülüşü ucuzlaşdırıblar?
- Bilmirəm
bizdə gülüş ucuzlaşıb, ya yox, amma bir şeyi
demək istəyirəm: gülüş
düşündürücü olmalıdır. Aktyor dediyi
sözün mənasını bilməlidir.
-
«Bakılı oğlanlar»ın, «Bu şəhərdə»nin
çıxışlarını nəzərdə tutursunuz?
- Yox-yox,
mənim onlarla işim yoxdur, işlərinə qarışmaq
istəmirəm. Biz teatrdakı gülüşdən
danışırıq. «Bakılı oğlanlar»ın da, «Bu
şəhərdə»nin də konsertlərini ara-sıra izləyirəm.
Özfəaliyyətdir də… Niyə özfəaliyyət
olmasın? Gedib boş-boş, avara-avara işlərlə məşğul
olunca, qoy özfəaliyyətlə məşğul olsunlar.
- Yəni bu iki komandanın işini ciddi yox, özfəaliyyət səviyyəsində qəbul edirsiniz?
- Əlbəttə. Başqa nə demək
olar? Yəni peşəkar
kimi necə baxmaq olar? Heç cür mümkün deyil.
Peşəkar olanın məktəbi olmalıdır. Adil
İsgəndərov, Rza Təhmasib mənim müəllimlərim
olublar. Mən bu adamlardan görüb-götürmüşəm.
Axı bu adamların müəllimi kim olub?
- Rafael və
Coşqun Gənc Tamaşaçılar Teatrında
çalışıblar, Hüseynağa Atakişiyevin yetirmələridirlər…
- Mənim
onlarla işim yoxdur. Onlar tamam başqadırlar.
İstedadlı uşaqlardır, universitet bitiriblər,
bacardıqlarını edirlər.
- Milli
Dram Teatrının səviyyəsi, təqdim etdiyi tamaşalar
qənaətbəxşdirmi?
- Bu teatr
günü-gündən zəifləyir. Ansambl çox zəifləyib,
kim istədi, orda tamaşa hazırlayır, nə səviyyədə
desən, tamaşalar hazırlanır. Yəni o, Milli Dram
Teatrı deyil. Biz Tofiq Kazımovun teatrını orda görə
bilmirik.
- Bunun
günahını kimdə axtarmaq lazımdır?
- Teatra təyin
olunan məmurlarda.
-
Teatrın rəhbəri İsrafil İsrafilovdur…
- Hər
bir teatrın tənəzzülə uğraması onu idarə
edən məmurların dünyagörüşü ilə
bağlıdır. İnsan gərək teatrı öz səviyyəsinə
salmasın, özündən yüksəkdə görsün.
Siz bu teatrın tamaşalarına baxmısınız?
- «Şah
və şair», «Qatarın altına atılan qadın»,
«Teleskop» tamaşalarına baxmışam…
-
Hamısı da yüksək səviyyədədir?
- Sizin
fikrini bilmək istərdim…
- Milli
Dram Teatrı getdikcə cılızlaşır. Bilirsiniz, əvvəllər
teatra aktyor götürəndə tamaşaçı onun
görkəmini, səs çalarını görürdü.
İndi hamı bir səslə danışır. Heç kim
ayırd edə bilmir ki, məsələn, bu İlhamın səsidir,
bu Fuad Poladovun səsidir, bu Turabovun səsidir. Hamının
ağzından çox cılız, bəsit bir səs
çıxır. Elə bil, bu adamların nəfəsləri
yoxdur. Bəs bu adamları teatra niyə
götürmüşük? Bu, böyük bir bəladır,
dərddir.
- Bu
cür aktyorlar Milli Dram Teatrına necə yol tapırlar?
- Onu məndən
soruşmayıblar da. Məndən soruşsaydılar, deyərdim,
götürməyin.
- Teatr
islahatlarının tərkib hissəsi kimi əcnəbi
rejissorlar işə cəlb olundu. Əgər bunu eksperiment
kimi qəbul etsək, effekti necə oldu?
- Vallah, heç nə hiss olunmadı. Bizə Efros səviyyəsində rejissor gəlmədi axı. Bizə adi rejissorlar gəldilər, vaxtlarını keçirib getdilər. Yəni öz səviyyələrində tamaşa hazırlayıb getdilər. Bu gün bizdə o rejissorlardan daha potensiallı, istedadlı rejissorlar var. Məsələn, Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov. Bu rejissorlardan niyə istifadə olunmur? Onların özünə ayrıca teatr vermək lazımdır. Niyə verilmir? Özü də deyim ki, uşaq da deyillər. Demək, kiməsə bunlar sərf eləmir.
Xalq Cəbhəsi.-
2013.- 21 iyun.- S.14.