Cəmiyyətimzin erkən nikah problemi

 

Dadaş Əhmədov: «Öz övladınızın həyatına erkən nikahlarla balta çalmayın»

Ailə dövlətin əsası, özəyi və özülüdür. O, möhkəm olmalıdır ki, üzərində qurulan, formalaşan cəmiyyət də möhkəm, insanların rifahı yüksək olsun. Mütəxəssislər bildirir ki, son zamanlar artan zorakılıqlar, insan alveri, xəstəliklər, kimsəsiz uşaqlar həm də erkən nikahların bir fəsadıdır. Ailələr gələcəkdə onu gözləyən faciələri nəzərə almadan öz övladlarını bu quyuya atmaqla məşğuldur. Müsahibimiz Azərbaycan Uşaq Birliyi Uşaq Sığınacağının direktoru Dadaş Əhmədovla erkən nikahların cəmiyyətə gətirdiyi faciələr və onların səbəbləri haqda danışdıq.

- Erkən nikahlar niyə bu qədər geniş yayılıb?

- Çünki insanlar bir çox hallarda erkən nikahlardan gələcək təhlükələri bilmirlər. Siz gedib hər hansı valideynlə söhbət etsəniz, onun bundan xəbəri olmadığını görəcəksiniz. Bir dəfə Lerikdən gələndə yolda qalmış bir ailəni maşınıma götürmüşdüm. Təmamilə imkansız bir ailə idi. Qadının qızı, oğlu və nəvəsi vardı. Dedi ki, qızım 17 yaşındadır. Soruşdum bəs uşaq? Dedi ki, 14 yaşında olanda ərə vermişəm. Qızının evliliyi zamanı çəkdiyi zülümlərdən danışdı. Soruşdum, bəs niyə erkən yaşda ərə verdin? Dedi ki, qorxdum qaçırar. Baxmayaraq ki, qızını ərə verdiyi insan artıq iki dəfə evli olmuşdu. Qadının məntiqi yalnız ona çatırdı ki, qaçırmamaq üçün övladını ona könüllü verməlidir.

İctimai Səhiyyə İslahatlar Mərkəzi (İSİM) YUHİSEF-lə birgə təlimlərində maraqlı bir sistem haqda danışdılar. Sistem analara davranışı dəyişmək təklif edir. Bundan erkən nikahların qarşısını almaq üçün bir təsir mexanizmi kimi istifadə etmək olar. Tədbir zamanı məlum məsələylə əlaqədar təkliflər sənədi hazırlamalı idik. İndiana Universitetindən gəlmiş mütəxəssislə bir qrup yerli mütəxəssis bir xeyli müzakirələrdən sonra qərara gəldik ki, burada əsasən oğlanın valideyninə təsir edilməlidir. Yəni Azərbaycan qanunlarına əsasən yetkinlik yaşına çatmamış qızla evlənmə zamanı məhz oğlan məsuliyyətə cəlb edilir. Qızın valideyni məsuliyyətdən qaça bilər. Təbii ki, burada iş kompleks şəkildə aparılmalıdır. Həm hər iki tərəfin valideynləri ilə, həm də evlənmək istəyən cütlüklərlə. Hətta mənə Lənkəranda 11 yaşında qızın 18 yaşında oğlana qoşulub qaçmasını danışmışdılar. Qızdan niyə belə etdiyini soruşanda cavab vermişdi ki, oğlanı sevirəm. Düzü mən anlamadım ki, o yaşda qız necə sevə bilər. Yəni burada tərbiyədən də çox şey asılıdır.

O uşaq ümumiyyətlə sevginin, ailənin nə olduğunu anlamır. O cür davranışının da səbəbi çoxdur. Səbəblərə seriallar, telefon, internet, valideyn laqeydliyi, təhsil sisteminin yarıtmazlığı aid ola bilər. Hər halda səbəb bir deyil. Bizdə çox işlər qanundan kənar baş verir. Baş verənlərin təhlili korrupsiya amilini, təhsil sisteminin yarıtmazlığını daha qabarıq üzə çıxarır. Məsələn, biz Bakı məktəblərinin birinə getmişdik. Məktəbin direktoru sayılıb seçilən müəllimlərdən idi. Davranışlarında problemlər olan şagirdlərlə işləmək istədiyimizi bildirdik. Direktor müəllimləri yığdı və bizə qarşı bunt başladı. Dedi ki, bizim uşaqlar dərsdə sakit otururlar, tənəffüs vaxtı da hamı sakit durur. Bu qəribə bir haldır. Çünki əgər uşaq yalnız sakit durursa, bu artıq xəstəlikdən xəbər verir. Uşaq sakit durmamalıdır. Xülasə, həmin məktəbdə uşqlarla işləməyə imkan vermədilər. Bir müddət sonra işlədiyimiz ərazidə monitorinqə getdik. Avtobusların birində konduktorun uşaq olduğunu gördük. Onunla söhbətdə məlum oldu ki, nizam-intizamın əla olduğu iddia edilən həmin məktəbin şagirdidir. Bildirdi ki, direktora haqqını ödəyir və dərsdən yayınmağı qeydə alınmır. Halbuki həmin direktor məktəbdə heç bir problemin olmadığını iddia edirdi.

- Erkən nikahların yaratdığı əsas problemlər nədir?

- Bir böyük problem var. Haqqında danışılmır, yalnız susurlar. Uşaqlarda yaranan erkən cinsi həvəs. Vaxtilə Sovet dövründə kinolar nümayiş etdirilərkən hansı yaş dövrünə aid olduğu qeyd edilirdi. İndi bir çox yeniyetmələr arzu etdikləri hər kateqoriyalı filmə baxa bilirlər. Bu da öz fəsadlarını verməkdədir. Bu təkcə psixoloji deyil, həm də fizioloji məsələdir. Erkən nikahlarla bağlı ginekoloqlar bir həyəcan təbili çalmaqdadırlar. Belə ki, qızlarda 14 yaşında aybaşı tsikli başlayır. Bundan təxminən 3-4 il ərzində onun cinsi kontakta olması gələcəkdə o insanın xərçəngə tutulma ehtimalını yüksəyə qaldırır. Valideynlərə məhz bunu çatdırmaq lazımdır. Öz övladınızın həyatına erkən nikahlarla balta çalmayın. Məslən, belə bir hadisə olmuşdu. Lənkəranda ailə 13-14 yaşında qızını ərə verib, hamiləlik dövründə onda problemlər yaranıb, əməliyyata məruz qalandan sonra məlum olub ki, artıq o, bir daha ana ola bilməyəcək. Yəni ailə quran insanlar bu öhdəliyə psixoloji, fizioloji cəhətdən hazır olmalıdırlar.

Masallının yanaşı iki kəndi var. Bir kənddə kimin daha tez ailə quracağına aid yarış gedir. İkinci kənddə isə kimin ali məktəbə qəbul olacağı üzrə yarış gedir. Mənə elə gəlir ki, cəmiyyətin özündə təhsillə bağlı belə bir yarış olmalıdır. İnsanlar geyimilə deyil, təhsili ilə yarışmalıdır.

- Müsəlman ölkələrində, eləcə də Avropa ölkələrinin müsəlman əhalisi arasında erkən nikahların yayılmasını nəylə izah edərdiniz?

- Burada bir yalançı dini motivlər var. Müsəlmanlar həmişə əsas gətirirlər ki, peyğəmbər özü belə deyib və eləyib. O, Aişə ilə evlənəndə sonuncunun 10 yaşı vardı. Hətta bəzən 9 deyirlər. Peyğəmbərin adından belə istifadə etməkdən çəkinmirlər. Belə bir hədis misal çəkilir ki, «birinci aybaşına qədər qızını ərə verən ata nə xoşbəxtdir». Sözə bax… Bu uşaqdır. Sadəcə bunu kimlərsə, öz əməllərini pərdələmək üçün uydurub. Peyğəmbər belə sözü deyə bilməzdi. Həmçinin çoxsaylı tarixi faktlarla sübut etmək olar ki, Aişə ilə peyğəmbər evlənəndə birincinin 16-17 yaşı var idi. Peyğəmbərin müasirlərinin xatirələri, həmçinin Aişə xanımın söylədikləri bünü sübut edir. Məsələn, Aişə xanım deyirdi ki, atamla (Əbu Bəkir — red.) peyğəmbər filan mövzuda söhbət edirdilər. Həmin o mövzu da konkret vəyhdir. O vəyhin gəldiyi tarix məlumdur. Bütün tarixləri üst-üstə gələndə məlum olur ki, Aişə xanım ərə gedəndə 16-17 yaşı olub. Kimsə hardasa öz niyyətlərinə haqq qazandırmaq üçün dindən istifadə edir. Siğə fikirləşirlər. Hazırda sığınacağımıza bir xanımı qəbul etmişik. Kimsə onu siğə edibmiş. Əslində siğə anlayışı müsəlman ölkələrinin hamısında yoxdur. Azərbaycanda siğəyə rast gəlmək olar, İranda isə geniş yayılıb. Bu müvəqqəti nikah nəyə haqq qazandırır? Mən gəldim sizin evinizə, qalmağa yerim yoxdur, siz isə naməhrəmsiniz. Gedib hansısa dua oxumaqla naməhrəm olur məhrəm. Adam bir həftə qalandan sonra çıxıb gedir. Fərqi nəymiş ki? Biz ona yenə də vətəndaş nikahı deyirik. Eyni situasiyadır. Bir var qanunsuz əxlaqsızlıq, bir də var qanunla əxlaqsızlıq.

- Erkən nikahların sayının yüksələn templə qalxması nə vəd edir?

- Bu xəstəliklərin artması deməkdir, insan alverinin genişlənməsini vəd edir. Çünki erkən nikahlar inan alverini doğuran faktorlardan biridir. Xüsusilə, cənub bölgəsində qızları nikah adı ilə İrana aparmaq kimi təcrübələr var. Hətta ailənin qohumu da ola bilər. Bir çox hallarda elçi gələnlər ailəyə yalnız foto göstərirlər. Toy olandan sonra məlum olur ki, qızı ya çox yaşlı birisi alıb, ya da onu yavaş-yavaş əxlaqsızlığa vadar edirlər. Sonra da digər ölkəyə satırlar. Erkən nikah həm də cinsi zorakılıqdır. Statistika göstərir ki, fahişələr arasında aparılmış sorğuların nəticəsində məlum olub ki, onların 80 faizi cinsi zorakılığa məruz qalaraq psixologiyasında travma yaranıb. Sonra da həyatlarını bu şəkildə davam etdirirlər. Erkən nikahları qanuni cinsi zorakılıq adlandırmaq olar. Təbii ki, bu da əxlaqın pozulmasına gətirib çıxarır. Keçmiş Sovet dönəmində formalaşmış bir təhsil sistemi var idi və ailə məsələlərinə çox ciddi yanaşılırdı. Biz onu bərpa etməliyik.

- Çox zaman ailələr qızları təhsildən daha tez ayırır. Hiyə cəmiyyətdə qızların təhsilinə bu qədər qısqanclıq var?

- Bu küt bir streotipdir. Sovet dövründə belə bir hala rast gəlmək olmazdı. Yalnız sonradan formalaşdı. Hətta mənə belə bir hadisə danışdılar ki, ata 2 və 4 yaşında qızlarına hicab geyindirib. Bu yolverilməzdir. Məktəbli uşaqdır və onunla uşaq kimi rəftar edilməlidir. Ailədə və ya məktəbdə oğlan və ya qız deyə ayırmaq artıq diskriminasiyadır. Küt streotipi dağıtmaq çox çətindir. Bu cəmiyyətə etiraz kimi qiymətləndirilir. Bu artıq dövlətin işidir. Dövlət şagirdinin məktəbə gəlməsinə və təhsil almasına nəzarət etməlidir. Bu qanundur və hər bir vətəndaş bu qanuna riayət etməyə borcludur. Əgər uşaqların təhsildən yayınmasına, eləcə də erkən nikahlara görə bir-iki nəfər məsul şəxs cəzalanarsa, qarşısını almaq olar. Bərdədə erkən nikahlara qarşı iki dəfə səssiz etiraz olub. Bir toya gəlinin şagird yoldaşları məktəbli formasında gəlmişdilər. Digər erkən çalınmış toyda isə məktəblilər ağızlarını bağlayaraq oturmuşdular. Düzdü bunlar passiv etiraz formalarıdır və təbii ki, erkən nikahın qarşısını alacaq gücdə deyil. Amma bu ətrafdakıların düşünməsi üçün çox vacibdir.

- Çox zaman deyirlər ki, qızın gözü açılmamış ərə vermək lazımdır. Hiyə görə cəmiyyət gözü açılmış qızdan bu qədər çəkinir?

- Bu savadsız insanların mövqeyidir. Savadlı qız ailəni çox yüksəklərə qaldıracaq. Gözü açılmamış qızı almaq istəmək onu yaxşı idarə etmək arzusundan xəbər verir.

- Vətəndaş cəmiyyətinin əsasını təşkil edən ailəyə qeyri-ciddi münasibət dövlətin gələcəyinə nə vəd edir?

- Dövlətin gələcəyini şübhə altında qoyur. Yəni ki, nikah uşaq deməkdir, uşaq gələcəkdəki əsgər, peşə sahibi deməkdir. Savadsız insanların uşqları da nəticə etbarilə çox zaman savadsız olurlar. Bəzən bizə gələn ananın uşaqlarının atası fərqli olur. Bu uşaqlar təhsil almır, savadsız da böyüyürlər. Soruşuram, gələcəkdə onlardan hansı layiqli vətəndaşlar ala biləcəyik? Biz nə qədər danışsaq da, nə qədər iş görsək də dövlət bu işə qol qoymasa, müvəffəqiyyət qazanmaq çətin olacaq. Azərbaycan qanunvericiliyinə görə, uşaq dövlətə və ailəyə təhkim edilir. Dövlət nəzarət etməlidir ki, ailə uşaqla məşğul olsun. Ailənin bu öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə dövlət uşağı ailədən alaraq özü məşğul olmalıdır. Bütün dünyada sistem belədir və bizdə də belə olmalıdır. Təəssüf ki, Azərbaycanda bu sahədə problemlər çoxdur. Deyim ki, bütün problemləri həll etmək olar, sadəcə istək lazımdır.

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 26 iyun.- S.11.