Türk tayfaları bu torpaqların ilk sakinləri olublar

 

İslam Sadıq: «Əksər toponimlərimizin mənşəyini ərəb-fars, yunan, qafqaz dillərinə bağlamaq kimi yanlış ənənə yaranıb»

 

Zəngin tariximiz olduğu qədər də bu soraqları hələ istədiyimiz dərəcədə araşdırıb ciddi, davamlı sonuclara gələ bilməmişik. Ancaq bizi sevməyənlər tariximizlə bağlı hər şeyi istədikləri kimi təqdim etməyə çalışıblar. Bu cür yanaşma indi də davam edir. Araşdırmaçı İslam Sadıq

Şumer mətnlərində Azərbaycan soraqlarını — toponimlərini araşdıraraq maraqlı, gərəkli qənaətlərə gəlib: «Tarixin bir çox səhifələri min illər boyu qaranlıq qaldığına görə insan ağlı əl çatmayan, ün yetməyən dərinliklərdən qaynaqlanan neçə-neçə sirli-sehrli toponimlərin etimologiyası üzərində düşünüb, onları yozmağa, mənalarını açmağa cəhdlər göstərib. Ancaq tarixi bilgilərin azlığı bir sıra hallarda toponimlərin etimologiyasının açılmasında çətinliklər yaradıb. Çox zaman onların mənşəyi öz kökündən uzaqlaşdırılıb, başqa-başqa səmtlərdə axtarılııb. Bunlar da bir çox toponimlərimizin etimologiyası ilə bağlı heç bir elmi əsasa və məntiqə söykənməyən dolaşıq fikirlərin söylənməsinə səbəb olub. Nəticəsi isə bu gün göz qabağındadır. Toponimlərimizin əksəriyyətinin etimologiyası ilə bağlı yazılarda onların kökü yad dillərə bağlanıb, üstünə gah «alınma», «yad», «gəlmə», gah da «qarışıq» damğaları vurulub. Toponimlər müəyyən mənada dağlara bənzəyir. Dağın görünən tərəfi göz önündədir, onun haqqında danışmaq asan olur. Ancaq dağların görünməyən tərəfindən danışmaq üçün ya gedib onu gözünlə görməlisən ki, nə cür varsa, elə də təsvir edəsən, ya da gərək özündən nəsə uydurasan. Toponimlərin çoxu da belədir, onların bir üzü görünür, digər üzü yox. Toponimlərin əsl tarixi, mənşəyi və etimoloji mənası da dağlardan fərqli olaraq çox zaman onların görünməyən tərəfində gizlənir. Bu fikir xüsusilə qədim toponimlərə aiddir. Yaşı nisbətən az olan toponimlərin əksəriyyətinin etimologiyasının açılmasında çətinlik olmur. Toponimlərin tarixi bizdən uzaqlaşdıqca onların etimologiyasını doğru-düzgün açmaq üçün daha zəngin bilgilər tələb olunur. Hətta bir çox hallarda qədim qaynaqlarda rast gəldiyimiz bilgilər də ya azlıq edir, ya da özünü doğrultmur. Bir çox yanlışlıqlar, dolaşıqlıqlar məhz ondan irəli gəlir ki, adını qədim qoyduğumuz qaynaqlarda yazılanlar tutiya kimi qəbul edilir, onların təhrif olunduğu və ya saxtalaşdırıldığı bir çox hallarda heç kəsin ağlına gəlmir. Əgər bir fikri Herodot yazıbsa, «orda yanlışlıq ola bilməz» inamı əksəriyyətimizin beynində qəlibləşib və bunun əksini düşünmək istəmirlər. Halbuki belə qaynaqlardan bir çoxundakı bilgilərin yanlışlığı və saxtalaşdırıldığı açıqca görünür».

İ.Sadıq hesab edir ki, Azərbaycandakı bir çox qədim toponimlərin etimologiyasının bu günə qədər düzgün açılmaması, söylənən fikirlərin mübahisələrlə nəticələnməsi hər şeydən öncə onların haqqında əlimizdə olan bilgilərin azlığından irəli gəlir. Azərbaycan ərazisində arxeoloji qazıntıların kifayət qədər aparılmaması, qədim oğuz-türk torpaqları olan indiki Ermənistan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış bizim ulu babalarımızın yaratdıqları maddi mədəniyyətin gəlmələrin adlarına çıxılması da bu işlərdə böyük çətinliklər törədib. Adların dəyişdirilməsi, təhrifi və saxtalaşdırılması da öz işini görüb: «Bütün bunlardan sonra Azərbaycan tarixşünaslığında əksər toponimlərimizin mənşəyini ərəb-fars, yunan, qafqaz dillərinə bağlamaq kimi yanlış bir ənənə yaranıb. Hətta bir çox hallarda bu toponimlərin yaşının həmin dillərdən daha qədim olduğuna da göz yumulub. Bəlkə buna görə də ayrı-ayrı toponimlərin etimologiyası ilə bağlı elmdə yaranmış çoxvariantlılığın qarşısını almaq mümkün olmayıb. Bəzən bir toponim haqqında on müəllifin hərəsi bir fikir söyləyib, ancaq hamısı yenə havadan asılı qalıb, elmi cəhətdən əsaslandırılmayıb. Belə toponimlərin tarixinin qədimliyi unudularaq şəxsi və səthi mülahizələrin işığında etimoloji təhlilə üstünlük verilib ki, bunlar da çox zaman dağın görünməyən üzündən danışmağa bənzəyir. Bu gün dünyanın bir çox iri muzeylərində arxeoloqların İkiçayarasında, ona yaxın ərazilərdə, Anadoluda aparılmış qazıntılar zamanı tapdıqları iki yüz mindən artıq mixi yazılı gil lövhə var. İki yüz ilə yaxındır ki, bu yazılar oxunur və öyrənilir. Onların əksəriyyətində Azərbaycan tarixi ilə bağlı zəngin materiallara rast gəlinir. Toponimlərimizin etimologiyası ilə bağlı araşdırmalar aparan tarixçilərimiz bu materiallarla tanış olmadıqlarından Araz, Tovuz, Qazax, Quba, Qusar, Astara, Qəbələ, Şıxlar, Xızı, Abşeron, Mərdəkan, Şağan, Şurabad, Zaqatala, Xudat adlarının mənşəyi haqqında düzgün elmi fikir söyləyə bilməyiblər. Bəlkə bu toponimlərin belə qədimliyi və Şumerlə bağlılığı heç onların ağıllarına da gəlməyib. Qazax şəhəri Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qazax toponimi antroponim mənşəli etnonimdən yaranıb. Ona görə də bəzi alimlər doğru olaraq onun etnotoponim olduğunu yazır və qazax etnosu ilə bağlayırlar. Bu, əslində doğru fikirdir. Bəs qazax etnosu haqqında bilgilərin azlığı, onun necə yaranması öz həllini gözləmirmi? Etnonimlər əksər hallarda şəxs adlarıyla bağlı olur. Çünki bir atanın törəmələri çoxalıb nəsil əmələ gətirir, nəsil böyüyüb tayfalaşır. Bəs qazax etnosu və etnonimi haqqında nə bilirik? Şumerin ən qədim və iri şəhərlərindən biri sayılan Urun hökmdarı Qazaq olub.

Bu adın qədim yazılış forması Kazaqdır. Kaz/kas kökü onun kassit/quşçu tayfasından olduğunu göstərir. Kazaq/Qazaq/Qazax təmiz türk-şumer sözüdür. Qazax toponiminin antroponim mənşəli olduğu burdan aydın görünür.

Bir sıra qaynaqlarda qazax adlı türk etnosunun adı çəkilir. Q.Blaqova qazaxlardan bir türk tayfası kimi danışıb və onların qıpçaq tayfası ilə birlikdə Dəşti-Qıpçaqda yaşadıqlarını göstərib. Digər rus alimi A.Y.Samoyloviç qazaxların bir tayfa kimi qıpçaqlardan ayrıldığını vurğulayıb. Azərbaycan alimi Q.Qeybullayev hər iki alimin fikrilə razılaşaraq qazaxların Borçalıya və Qazax rayonuna eramızın VII əsrindən öncə gəldiklərini yazır. Q.Qeybullayevin «qazaxların Borçalıya və Qazax rayonuna eramızın VIII əsrindən öncə gəldikləri» fikri mübahisə doğurmaya bilməz. Burdakı «öncə gəlişin» tarixi əlli il də ola bilər, beş min il də. İndi biz bunu necə müəyyənləşdirə bilərik? Bizim bu gün Şumer-Azərbaycan etnosiyasi, etnomədəni bağlılıq müstəvisində apardığımız araşdırmalar göstərir ki, türk tayfalarının bu torpaqlara gəlmə olduqları haqqında danışmaq kökündən yanlışdır. Heç bir türk tayfası Azərbaycana başqa yerlərdən gəlməyib. Tarixin lap başlanğıcından türk tayfaları bu torpaqların ilk sakinləri olublar. Bu gün əldə olan tarixi materiallar belə fikirlərin nə vaxtsa, hansı məqsədləsə uydurulduğunu təsdiqləyir. Qazax və Ağstafa rayonlarında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət abidələri və Qazax toponiminin Şumerlə bağlılığı göstərir ki, qazax tayfası bu torpaqların ilk sakinləri olublar. Ürək ağrısıyla demək lazımdır ki, bu etnosun tarixi haqqında çox az bilgi var, ona görə qazaxların türk tarixindəki yeri və mövqeyi yetərincə araşdırılmayıb. İndi belə düşünmək olar ki, qazaxlar bir etnos kimi Ur çarı Qazağın törəmələrindən ibarət olub, öz adlarını da ondan götürüblər. Azərbaycanın Bərdə, Goranboy, Füzuli, Daşkəsən, Salyan və Qazax rayonlarındakı Qazaxlar, Qazaxlı, Qazaxyolçular, Qazaxbəyli, Qazaxbərəsi, Yəhərçi qazaxlar kimi kənd adları onların etnonim mənşəli olduğunu göstərir. Qazax köklü toponimlərə Qədim Azərbaycan torpaqları olan Dərbənddə, Borçalıda, Qərbi Azərbaycanda (Göyçə, İrəvan, Ağbaba, Zəngəzur və s.), həmçinin Güney Azərbaycanda və digər türk ölkələrində də rast gəlinir».

«Tovuz» toponiminə gəlincə, araşdırmaçı düşünür ki, Şumer tanrı adlarından birinin də izi Tovuz toponimində görünür: «Bu toponimin etimologiyası haqqında nə qədər yazılsa da, onun gerçək mənası hələ açıqlanmayıb. Bu toponimin mənşəyi gah Tovuz quşunun adıyla bağlanıb, gah daş oğuz kimi yozulub. Qaynaqlarda nə tovuz adlı etnosun, nə də tayfa başçısının adına rast gəlinmir. Ona görə müəlliflərin bu ehtimalları havadan asılı qalır. Lakin tovuz adlı etnosun olmadığını söyləməyə də heç bir əsas yoxdur. Digər yozumların isə nə elmi əsası var, nə də məntiqi uyarı. Quş adı da, Tovuz sözünün «xırda», «kiçik»mənaları da heç bir elmi məntiqə uyğun gəlmir. Deməli, bu günə qədər Tovuz toponiminin etimologiyası ilə bağlı söylənmiş fikirlərin heç biri inandırıcı elmi dəlillərlə sübuta yetirilməyib.

Şumer tanrılarından birinin adı Tammuz/Dumuzu olub. O, məhsuldarlıq və bərəkət tanrısıdır, İnanna/İştarın əridir. Akademik N.M.Nikolski hazırda türk təqvimindəki Tammuz ayının qədim şumerlərdə Tauz kimi yazıldığını göstərir. Türkiyədəki Tavr, yaxud Taurus kimi yazılan dağın qədim qaynaqlarda Tauz/Taurus yazılışına rast gəlinir. Burdakı Taurus adın semit və yunan dillərindəki təhrif formasıdır. Tammuz/Tauz/Tavuz/Tovuz yazılışları arasındakı cüzi fərqi əslində nəzərə almamaq daha doğru olar. Tovuz toponiminin Tammuz/Dumuzu tanrı adından yarandığını qədim qaynaqlarda rast gəlinən Tauz yazılış forması da təsdiqləyir. Bizə belə gəlir ki, Tammuzun Tovuza çevrilməsində heç bir qanunauyğunsuzluq yoxdur».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 26 iyun.- S.13.