Əbülfəz Elçibəy xatirələrdə
Elman Cəfərli: «Mənim yadımda Elçibəy əqidəli, əxlaqlı siyasətçi, namuslu vətənpərvər kimi qalıb»
Cavid İsmayıl: «Hakim ona təqsirləndirilən kimi yox, «Əbülfəz bəy» deyə, müraciət edirdi»
Aqil Camal: «10-12 nəfərlə Bəyin 60 illiyini qeyd etdik. Gecə saat 3-ə qədər bəyin, həmçinin Ramiz Rövşənin ovqatına kökləndik»
Dünən Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum günü idi. Yaşasaydı onun 75 yaşı tamam olacaqdı. Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə tamamlayıb. Daha sonra dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında müəllim və baş müəllim işləyib.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında indiki Əlyazmalar İnstitunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib.
Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb.
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri idi. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).
7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
Ölkədə vətəndaş müharibəsi qaçılmaz olanda Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və burada 4 il 4 ay yaşayıb.
1997-ci ilin 30 oktyabrında Əbülfəz Elçibəy Bakıya dönərək siyasi fəaliyyətini davam etdirib.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə — 63 yaşında olarkən qardaş Türkiyənin Ankara şəhərindəki Gülhanə klinikasında əbədiyyətə qovuşub.
Jurnalistlər «Xalq Cəbhəsi»nə bəylə bağlı xatirələrini bölüşdülər.
Jurnalist Elman Cəfərli bildirdi ki, Elçibəylə təmasda olmaq ona nəsib olmayıb: «Elçibəyi həyatda iki dəfə görmüşəm. Bir AXC-nin yubileyində, bir də partiya qərargahındakı otağından çıxanda. Elçibəyin missiyası hələ bitməmişdi. İstər daxili siyasətdə, istərsə də Güney Azərbaycan məsələsində. Elçibəy milli maraqlardan ötrü öz şəxsi mənafeyini, hətta sağlığını belə qurban verməyi bacaran adam idi. İran böyük dövlətdi, çoxları İrandan qorxur. Amma o, qorxmurdu. Onun zamanında Bakıda nə qədər güneyli vardı. Güney Azərbaycan problemi siyasi gündəmə daşınmışdı. O dünyasını dəyişəndən sonra Güneyə maraq azaldı. Elçibəy həm bizim, həm də güneylilərin kisəsindən getdi. Mənim yadımda Elçibəy əqidəli, əxlaqlı siyasətçi, namuslu vətənpərvər kimi qalıb. Elçibəyin adı tarixdə qalacaq».
Jurnalist Cavid İsmayıl bildirdi ki, Elçibəy onun atasının dostu olub: «Adını uşaqlıqdan eşidərdim evimizdə. Qəzetlərdə, toy şəkillərində görmüşdüm. Amma ilk dəfə canlı şəkildə 1990-cı ilin may ayında Əlyazmalar İnstitutunun qarşısında gördüm onu. 1998-ci ildə mətbuata gələndən sonra isə daha tez-tez təmasda olmaq şərəfinə nail oldum. Yadımdadı, Bakı Şəhər Məhkəməsində Əbülfəz Elçibəyə qarşı keçirilən prosesdə o, müttəhimlər kürsüsündə yox, zalda əyləşmişdi. Hakim ona təqsirləndirilən kimi yox, «Əbülfəz bəy» deyə, müraciət edirdi. Təbii ki, zal dolu idi, oturmağa yer tapmaq mümkün deyildi. Mənsə oturmağa yer axtara-axtara gedib müttəhimlər kürsüsünə çıxdım. O prosesi sona qədər müttəhimlər kürsüsündən izlədim».
Jurnalist Səbinə Əvəzqızı diqqətə çatdırdı ki, Əbülfəz Elçibəy onun tanıdığı bütün insanlardan fərqlidir: «Bu barədə yüzlərlə məqalə yaza bilərəm. Amma onu yaxından tanıdığım, evində olduğum, ev şəraitində, işdə, gəzintidə söhbət etmək imkanları qazandığım üçün özümü şanslı hesab edirəm. İli konkret xatırlamıram, amma «Yeni Müsavat» qəzetində işlədiyim dövr idi. Qəzetdə yeni bir rubrika yaratdıq «Çağırılmamış qonaq». İlkini də Əbülfəz bəylə hazırlamağa qərar verdik. Qəfldən qapılarını döyüb içəri keçdik. Niyyətimizi və rubrikamızın adını söylədim. Dedi ki, icazə verərmisiniz mən rubrikanıza yeni ad təklif edim. Fikrini belə izah etdi: «Çağrılmamış qonaq» adında bir neqotivlik var. Belə bir qonaq gələndə evdəkilər heç də məmnun olmurlar, siz mümkünsə əgər rubrikanın adını «Gözlənilməz qonaq» qoyun, çünki «gözlənilməz qonaq» həqiqətən də sözün müsbət mənasında sürpriz olan qonağa deyirlər. Və bu adla rubrika oxuculara qəzetin uzun illər ən çox oxunan yazılarını təqdim etdi. Müsahibə qurtardı, mənə yaxınlaşıb sakitcə dedi: «Sən bu günlərdə evlənirsən və eşitmişəm cehiz əvəzinə qaynanaya məhkəmə cərimələri aparırsan, səni qınasalar deyərsən cehizlərin ən böyüyü budur, bu tarixdir, qab-qacaq həmişə olur». Düzü jurnalistlərin şəxsi həyatına kimi bu qədər maraqlanması qürurumu oxşamışdı… Məncə elə belə də olmalıydı, axı o, ELÇİBƏY idi…».
Güneyli soydaşımız Əlirza Amanbəyli dedi ki, rəhmətlik bəy Güney azərbaycanlıların hər zaman qayğılarını çəkirdi: «Bakıda siyasi sığnacaq alan güneylilərin poroblemlərilə hər zaman maraqlanırdı. Bir gün Cəbhənin qərargahında (İndiki Sahil bağında olan keçmiş qərəgah) da bəylə görüşməyə getmişdim. O zaman güneyə qaçaq gedib gəlirdim və Bakıda olduğum müddətdə ya kirayə ev tuturdum, ya da hərəkatçı dostların evində qalırdım. Həmin gün bəyin qəbuluna çoxlu vətəndaş gəlmişdi, hərəsinin bir problemi vardı. Bəydən kömək istəyirdilər, bəy onların hamısını qəbul edirdi və problemlərini həll edirdi. Əksər vətəndaşlar sovet vaxtında ev növbəsində olduqlarını bildirirdilər. O zaman rüşvət vermək üçün pulları olmadığından ev ala bilmədiklərini bildirirdilər. Dərhal tapşırıq verirdi ki, onların işlərini araşdırsınlar və həmin vətəndaşları evlə təmin etsinlər. Səhv etmirəmsə 7-ci mikrarayondan çoxlu boş evlər vardı. Həmin gün bəlkə də 50 nəfərə ev ordeni verməyi tapışırdı və mənə dedi ki, «Əlirza bəy, bəlkə bu evlərdən birini də sənə verək? Onsuz da sənin artıq o taya getməyin çətinləşib. Gəl Bakıda səni evləndirək və mən özüm sənə elçilik edərəm». Dedim yox, bəy, qoy hələ Güney Azərbaycanın da istiqlalını alaq sonra evlənərəm. Dedi «onda gəl sənə bir ev götürək kirayələrdən canın qurtarsın, həm də güneydən gələn hərəkatçılar da orda qalar». Amma mən bilirdim ki, bəyin özünün hələ evi yoxdur. Fikirləşdim, necə ola bilər ki, prezident özü evsiz qalsın sıravi bir hərəkatçı ev alsın özünə. Dedim bəy, birinci siz özünüz hələ ev sahibi olun, biz harda gəldi qalarıq, narahat olmayın. Amma rəhmətlik son günlərinə qədər məni nə zaman görürdü deyirdi ki, «Əlirza bəy, tez ol, birini seç, elçi gedim səni evləndirək». İndi çox təəsüflənirəm ki, bəy mənim toyumda iştirak edə bilmədi. Amma bəyin ruhu hər zaman bizimlədi o bütün insanların ürəyində özünə yer aça bilib».
Əlirza Amanbəyli daha bir xatirəsini danışdı: «Bəy Kələkiyə təzə getmişdi. Mən də güneydən bəyin yanına görüşünə yollanmışdım. O zaman mənim hərəkat dostum güneyli Çingiz Göytürk də bəyin yanında qalırdı. Günorta vaxtları idi. Bəyin köməkçilərindən bir gəldi ki, o taydan jurnalistlər gəlib, bəydən müsahibə almaq istəyirlər. Baxın görün kimdir onlar. Çingizlə mən özümüzü onlara göstərmədən gizlincə baxdıq ki, iki nəfərdir, kameraları var. Amma onların görünüşü və hərəkətləri jurnalistə oxşamır kəşfiyatçıya daha çox oxşayırlar. Gəldik bəyin yanına dedik ki, bəy, onlar İranın xüsusi xidmət orqanlarının məmurlarıdır. Yəqin gəliblər sizdən yeni fikirlərinizi öyrənsinlər. Bəy dedi «eybi yoxdur, qoy gəlsinlər mən onlara müsahibə verəcəyəm». Çingiz bəy dedi ki, «bəy axı onlar jurnalist deyil və sizin fikirlərinizi Güney mətbuatına çıxarmayacaqlar». Bəy bildirdi ki, «narahat olmayın, onlar mənim Bütöv Azərbaycan haqqında fikirlərimi videoya çəkib aparıb öz aralarında müzakirə edəcəklər. Yəqin ki, müzakirə zamanı 5-6 yüz nəfər olacaqlar və onların əksəriyyəti Türk olacaq. Mənim fikirlərim onların 20 nəfərinə müsbət təsir etsə, bizim xeyrimizədir. Biz gördük ki, bəy həqiqətən də dahidir».
Jurnalist Aqil Camal dedi ki, 1998-ci ildə bəyin 60 yaşı tamam olurdu: «Biz «Turan» Gənclər Təşkilatından və Bütöv Azərbaycan Gənclər Təşkilatından olan 7-8 gənc qərara aldıq ki, bəyin doğum gününə öz gücümüzə bir məclis quraq, özünü də dəvət edək. Bu zaman yer məsələsi ortaya çıxdı, çünki hamımız kirayədə və ya yataqxanada yaşayırdıq. Uşaqlardan kiminsə təklifi ilə Nüşabə Sadıqlının evində məclisi təşkil etdik. Bir gün qalmış bəyi bu barədə məlumatlandırdıq, «özfəaliyyətimizə» bir az əsəbləşdi. Eyni zamanda, gənclərin bu hərəkəti xoşuna da gəlmişdi. «Daha kimi dəvət edək?» sorğusuna «Ramiz Rövşəni» demişdi. Beləcə, 1998-ci ilin 24 iyun günü Nüşabə xanımın evində 10-12 nəfərlə bəyin 60 illiyini qeyd etdik. Gecə saat 3-ə qədər bəyin, həmçinin Ramiz Rövşənin ovqatına kökləndik. O gün, bəylə bağlı xatirələrimdə ən anlamlı bir məqamdır».
Əli
Xalq Cəbhəsi.-
2013.- 25 iyun.- S.6.