Xəzər neft və qaz sərgisi beynəlxalq əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır

 

Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən ənənəvi “Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransı” ölkəmizi beynəlxalq əməkdaşlıq meydanına çevirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən bəri mütəmadi olaraq keçirilən bu mötəbər tədbirə isə maraq ildən-ilə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən illər ərzində keçirilən sərgilərdə dünyanın 70-dən çox ölkəsindən 5600 şirkət iştirak etmişdir. Bu il sayca 20-ci dəfə təşkil olunan sərgi də öz əhatəliyi və iştirakçıların sayı baxımdan diqqəti cəlb edir. Belə ki, yubiley sərgisində dünyanın 28 ölkəsindən 400-ə yaxın şirkət iştirak edir. Sərgi iştirakçılarından aldığımız rəyləri təqdim edirik.

 Zülfiyyə Şəmiyeva, "Bos Şelf" şirkətinin əməkdaşı: — Şirkətimiz Azərbaycanın neft sektorunda birgə müəssisə kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə “Azəri-Çıraq-Günəşli” layihəsinin birinci fazası çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərinin əsas podratçılarından olmuşuq. Adıçəkilən yataqların tammiqyaslı işlənməsi layihəsi üçün tələb olunan dayaq blokları da Heydər Əliyev adına Bakı Dərin Özülləri Zavodunun tikinti meydançasında “Bos Şelf” tərəfindən inşa edilmişdir. Nəhayət, 2010-cu ildə start verilmiş “Qərbi Çıraq” layihəsinə dair bp şirkətinin həyata keçirdiyi beynəlxalq səviyyəli tenderin qaliblərindən biri də məhz bizim şirkət seçilmişdir. Qeyd etmək istəyirəm ki, tender müqaviləsi ilə “Qərbi Çıraq” platformasının dayaq blokunun inşası hazırda yüz faiz yerli şirkət sayılan “Bos Şelf” tərəfindən həyata keçirilmişdir. Sevindirici haldır ki, artıq dayaq bloku dənizdəki həmişəki yerində quraşdırılmışdır. Göründüyü kimi, “Bos Şelf” şirkəti ötən müddətdə Azərbaycan neft sənayesinin infrastrukur imkanlarının genişləndirilməsinə mühüm töhfələr vermişdir.

Azərbaycanda ənənəvi olaraq hər il keçirilən “Xəzər neft və qaz” sərgisinə gəldikdə isə deməliyəm ki, bu tədbir neft sektorunda fəaliyyət göstərən bütün şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Hesab edirəm ki, burada iştirak etmək hər bir şirkət üçün olduqca əhəmiyyətlidir. Çünki şirkətlər ötən illər ərzində qazandıqları nailiyyətləri bu sərgidə nümayiş etdirmək imkanı qazanırlar. Bundan əlavə, hesab edirəm ki, sərgi, həm də gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu isə şirkətlərə yeni-yeni layihələrdə iştirak etmək fürsəti verir. “Bos Şelf” şirkəti 2003-cü ildən “Xəzər neft və qaz” sərgisində fəal iştirak edir. Bu möhtəşəm tədbirdə iştirak etmək, qeyd etdiyim kimi, bizə Azərbaycanın neft sektorunda həyata keçirilən layihələrdə əldə etdiyimiz nailiyyətləri göstərməyə çox yaxşı imkan yaradır. Sərginin təşkilatçılığı da olduqca yüksək səviyyədədir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, tədbirin keçirildiyi məkan çox möhtəşəmdir. Bütün bunlara görə şirkətimiz adından təşkilatçılara bir daha minnətdarlığımı çatdırmaq istəyirəm.

Xusan Eyyubov, SOCAR-AQŞ şirkəti baş direktorunun müşaviri: –Mən şirkətimizi müasir texnologiyalar üzrə təmsil edirəm. Şirkətimiz qazma sahəsində ixtisaslaşıb. 2008-ci ildə fəaliyyətə başlamışıq. Başlıca məqsədimiz regionda neft və qaz sahəsində yüksək texnologiyalar əsasında qazma işləri aparmaqdır. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti, eləcə də “Bahar Enerji” əməliyyat şirkətinin sifarişi əsasında neft və qaz quyularının qazılmasını həyata keçiririk. Azərbaycan neftçilərinin güçü ilə açılmış “Ümid” yatağında da qazma işləri sahəsində xidmətlər göstərmək istəyirik. Bu məqsədlə hazırda müvafiq danışıqlar aparırıq. Ümidvarıq ki, nailiyyətlərimiz sayəsində yaxın illərdə dünya miqyasında tanınacağıq.

Ötən illər ərzində Dövlət Neft Şirkətinin sifarişi ilə “Günəşli” yatağının dayaz hissəindəki 11 və 13 saylı özüllərdə 7-dək neft və qaz quyusu qazıb təhvil vermişik. Artıq Dövlət Neft Şirkətindən yeni layihə almışıq. Belə ki, ilk dəfə olaraq SOCAR-AQŞ 13 saylı özüldən maili, horizontal quyunun qazılmasını həyata keçirəcəyik ki, bu da şirkətimizə yeni təcrübə toplamaq baxımından olduqca əhəmiyyətlidir.

Bakıda keçirilən Xəzər neft və qaz sərgisində üçüncü dəfədir ki, iştirak edirik. Düşünürəm ki, bu möhtəşəm sərginin işinə qatılmaq ən azından sektorumuzu, əməkdaşlarımızı, bütövlükdə isə şirkətimizi həm yerli bazarda, həm də beynəlxalq səviyyədə tanıtmaq üçün əla fürsətdir. Hər il olduğu kimi, budəfəki sərgi də yüksək səviyyədə təşkil olunmuşdur. Onu da deyim ki, biz bu il may ayının əvvəllərində ABŞ-ın Hyuston şəhərində keçirilən beynəlxalq sərginin də iştirakçısı olmuşuq. Azərbaycan paytaxtında keçirilən bu sərgi Hyuston şəhərində təşkil olunmuş tədbirdən öz mötəşəmliyinə görə qətiyyən geri qalmır. Yeri gəlmişkən, sevindirici haldır ki, həmin sərgidə iştirak etmiş bir sıra beynəlxalq şirkətlər bizimlə maraqlanmağa başlamış və artıq onlardan müəyyən sorğular alırıq. Ümidvarıq ki, yaxın illərdə biz dünya miqyasında da tanınmış qazma şirkətlərindən birinə çevriləcəyik.

Kenan Yavuz, Socar Türkiyə Enerji A. S şirkətinin direktoru: –Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Türkiyənin ən böyük investisiya şirkətlərindən biridir. Belə ki, şirkət Türkiyədə 17 milyard dollarlıq bir layihə həyata keçirir. Həmin layihə çərçivəsində Türkiyənin nef-qaz, neft kimya sahələrində, eləcə də liman təsərrüfatında mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur. Bu işlər isə 2018-ci ilədək başa çatdırılacaq və beləliklə, SOCAR Türkiyə Enerji Türkiyənin 3 ən böyük şirkətindən birinə çevriləcək. Hazırda şirkətimiz Türkiyədə nəhəng tikinti işləri həyata keçirir. Təqribən 2 il sonra dəniz limanının inşası tamamlanacaq. Petkimdəki neftayırma zavodunun inşasına indiyədək 200 milyon dollarlıq iş görülmüşdür. 50 ay sonra isə zavodun tikintisi tamamilə başa çatdırılacaq. 2018-ci ilədək isə TANAP layihəsi çərçivəsində tikinti işləri bitəcək. Məlum olduğu kimi, SOCAR Türkiyə dünyanın böyük iqtisadiyyatına malik olan Türkiyənin ən aparıcı investisiya şirkəti olaraq bir qədər də güçlənəcəkdir. Çox sevindirici haldır ki, möhtərəm Prezident İlham Əliyev bu şirkətin fəaliyyətini həmişə diqqətdə saxlayır, onun uğurlu fəaliyyətinə hər an dəstək verir. Ümidvarıq ki, Dövlət Neft Şirkəti rəhbərliyinin hərtərəfli qayğısı sayəsində biz cənab İlham Əliyevin bu etimadını layiqincə doğrulda biləcəyik və gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Bakıda keçirilən “Xəzər neft və qaz” sərgisi çox gözəl təşkil olunub. Məlum olduğu kimi, sərgi beynəlxalq əməkdaşlıq baxımından da xüsusi əhəmiyyətə malikdir. Belə ki, tədbirin keçirildiyi zaman neft-qaz sektoru üçün son dərəcə vacib olan bir sıra müqavilələr imzalanır, yeni layihələr, yeni ideyalar meydana çıxır. Elə cənab Prezident İlham Əliyevin hər ilə sərginin açılışında iştirak etməsi, şirkətlərin nailiyyətləri ilə yaxından tanış olması, onlara dəstək verməsi də olduqca təqdiərəlayiqdir. SOCAR Türkiyə şirkəti olaraq biz altıncı dəfədir ki, bu möhtəşəm sərgidə iştirak edirik. Ümid edirəm ki, növbəti illərdə biz bu sərgidə daha böyük nailiyyətlərimizlə təmsil olunacağıq.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 7 iyun.- S. 4.