Azərbaycan dili qloballaşan dünyada

 

Qloballaşma həyatın ən müxtəlif sahələrini əhatə edən elə bir universal prosesdir ki, yüz, hətta min illər boyu  bir- birindən bu və ya digər dərəcədə ayrılıb təcrid olunmuş, parçalanmış,  diferensiallaşmış hadisələri - milli, yaxud regional xüsusiyyətləri, vərdişləri,  kompleksləri modern  texnologiyaların güclü təsiri altında  görünməmiş bir sürətlə bir- birinə yaxınlaşdırır,  qovuşdurur və nəticə etibarilə, çoxşaxəli əlaqələrlə səciyyələnən iqtisadi, ictimai- siyasi və mənəvi- ideoloji bütövlük yaratmaqla  əlahiddəliyi məhdudlaşdıraraq dünyada baş verən hadisələri, gedən prosesləri vahid məcraya salır. Əslində,  orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayan, lakin XX əsrin ortalarından etibarən  daha geniş vüsət alan (sürətlənən) qloballaşmanın əsas göstəricisi, yaxud atributu bütün dünyanı əhatə edən  genişmiqyaslı inteqrasiya və ya beynəlmiləl ünsiyyət- kommunikasiya  ehtiyacıdır.

Bu gün  dünyanın elə bir guşəsini təsəvvür etmək çətindir ki, orada baş verən hər hansı hadisənin  məsuliyyəti yalnız lokal xarakter daşısın və həmin məsuliyyəti bütövlükdə dünya (bəşəriyyət) öz üzərinə götürməkdən hər hansı səbəblə imtina etsin, yaxud görməməzliyə vursun. Əlbəttə, bu və ya digər hadisənin,  sözün geniş mənasında, şərhində maddi və ya mənəvi- ideoloji xarakterli məqsədlər, konyukturlar, maraqlar kifayət qədər dərindən iştirak edə bilər, ancaq bu, mahiyyəti  dəyişdirmir; belə ki, qloballaşmanı səciyyələndirən inteqrasiya, beynəlxalq ünsiyyət heç də həmişə obyektiv nəticələrə gəlməyi nəzərdə  tutmur və onun maraqlı, cəlbedici xüsusiyyətlərindən biri də elə  budur ki, müxtəliflikləri, fərqlilikləri bir araya gətirməklə yanaşı diskussiyalara,  müxtəlif  maraqların özünümüdafiəsinə və konyukturlara da geniş meydan açır.

Qloballaşma, hər şeydən əvvəl, beynəlxalq ünsiyyətin durmadan  miqyaslanmasını tələb edir ki, bu da “insanlar arasında ən mühüm ünsiyyət vasitəsi” (V.İ.Lenin) olan dilin (əslində, dillərin!) təbiətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu gün dünyada mövcud olan yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar ingilis, fransız, alman, ispan, Çin, ərəb, rus və s. dillərdir. Həmin dillərin içərisində isə ingilis dilinin xüsusi mövqeyi vardır. Müasir dünyada, o cümlədən də Azərbaycanda (Azərbaycan Respublikasında) ingilis dilinin nüfuzunun sürətlə artması müşahidə olunur ki, bunun ən azı iki səbəbi mövcuddur:

 

1) dünyanın (bəşəriyyətin) ümumi (universal) bir ünsiyyət vasitəsinə (dilə) getdikcə güclənən ehtiyacının olması;

2) ingilis dilinin belə bir ehtiyacı ödəmək üçün digər nüfuzlu dillərlə müqayisədə üstünlükləri.

 

Ümumiyyətlə, müasir dünyada mövcud olan dillərin belə bir “iyerarxiya”sını  təsəvvür etmək olar:

 

I. Əsas beynəlxalq dil (ingilis dili).

II. Beynəlxalq dillər (fransız, alman, ispan, Çin, ərəb, rus və s. dilləri).

III. Dövlət dilləri, yaxud milli dillər (türk, fars, portuqal, italyan, yunan, indoneziya və s. dilləri).

IV. Xalq dilləri (ləzgi, çeçen, Tibet, uyğur, Altay və s. dilləri).

V. Tayfa dilləri.

 

Təxminən iyirmi beş türk dilindən ona qədəri, o cümlədən Azərbaycan dili dövlət dilləri, yaxud milli dillər qrupuna aid olub həmin dillər üçün  səciyyəvi olan əlamətlərə malikdir. Bu dildə (və onun dialektlərində) əlli milyondan artıq insan danışır. Kifayət  qədər qədim (və zəngin) həm şifahi, həm də yazılı mədəniyyəti olan Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi XX əsrin  əvvəllərindən (1918- ci ildən) dövlət dili olsa da, onun  milli dil və ya müstəqil bir millətin dili kimi formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayır. Elə həmin dövrdən etibarən bir sıra qonşu  xalqlar - ermənilər, gürcülər, Dağıstan xalqları və s. regionun beynəlxalq ünsiyyət vasitəsi olaraq Azərbaycan türkcəsindən istifadə etmişlər. Lakin ölkənin müxtəlif xanlıqlara parçalanması, XIX əsrin əvvəllərində Şimalının Rusiya, Cənubunun isə İranın tərkibinə daxil edilməsi nəticəsində şimalda rus, cənubda isə fars dili yayılmağa, millətin dili sıxışdırılmağa məruz qalmışdır, bir neçə dəfə əlifbası dəyişdirilmişdir. Bununla belə Azərbaycan dili dövlət dili olaraq formalaşmış, dünya azərbaycanlılarının ümumünsiyyət vasitəsi kimi inkişaf etmişdir.

Qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi, tamamilə  təbiidir ki, hər bir azərbaycanlını milli təəssübkeşlik baxımından dərindən düşündürən məsələdir. Ümumiyyətlə isə, yuxarıda təqdim etdiyimiz təsnifat- “iyerarxiya”nın III qrupuna, yaxud səviyyəsinə aid olan dilləri aşağı- yuxarı eyni tale gözlədiyini nəzərə alsaq, onların gələcəyinin  proqnozlaşdırılmasında təxminən  eyni təsəvvür və ya qənaətlərdən çıxış etmək lazım  gəlir.

Professor Fəxrəddin Veysəlli ingilis dilinin dünyadakı  hegemonluğunu bu cür qiymətləndirir: “... qloballaşma  şəraitində ingilis dilinin hökmranlığı bu dilin anası sayılan ABŞ- ın və Böyük Britaniyanın iqtisadi, siyasi və hərbi vasitələrdən istifadə etməklə həmin dilin qəbul etdirilməsinə gətirib çıxardır ki, bununla da başqa  xalqların dillərinə və mədəniyyətlərinə öldürücü zərbə dəymiş olur”. Görkəmli dilçi “dünya dahilərinin bir neçəsinin yazıb yaratdığı dillərin”, o cümlədən Azərbaycan dilinin gələcək taleyi barədə bədbin fikirdədir. O qeyd edir ki, “indi gənclər qrammatikaya və tələffüz qaydalarına fikir vermirlər. Danışanda elə bil saqqız çeynəyirlər.  Onların dilində sms, top, hot, super, hendi, mobil, çat, download, portal, webside kimi yüzlərlə söz işlənir ki, heç onların fərqinə varmırlar. Bu sözlər qlobal dilin hücumudur, onları götürən dillərin isə fəryadıdır”.

Professor Fəxrəddin Veysəllinin  həyəcanlarını başa düşmək o qədər də çətin deyil... Qloballaşan dünyanın ümumünsiyyət vasitəsinə çevrilən ingilis dili, doğrudan da, ərəb, alman və ya fransız dili qədər dil- təfəkkür dahiləri yetirməmişdir. Lakin nəzərə almaq lazımdır ki, ingilis dilinin olduqca çevik, işgüzar, müasir dünyanın nəbzini tutan “polifoniya”sı, “diplomatiya”sı onunla konkurensiyaya girə biləcək heç bir beynəlxalq dildə yoxdur.

Vaxtilə Ferdinand de Sössür dili dəb- moda ilə müqayisə edirdi.  Və doğrudan da, dil ünsiyyət vasitəsi kimi müxtəlif ədalardan (hətta ədabazlıqlardan!), müasir  görünmək “stilizasiyalar”ından məhrum deyil. Ona görə də nə qədər “dağıdıcı” olursa olsun dünyanın ikinci, üçüncü və s. dərəcə - səviyyəli dillərinə  müəyyən “anomaliyalar”ın  az və ya çox daxil olmasına hər halda təbii baxmaq lazımdır. Bir də ona görə ki, həmin “anomaliya”-  neologizmlər elə ingilis dilinin özü üçün  də tarixi hadisə deyil, tamamilə yenidir... Və başqa dillərə “dağıdıcı” təsir edən nitq xüsusiyyətlərinin yalnız  ingilis dilinin təbiətindən irəli gəldiyini güman etmək də düzgün  olmazdı, çünki beynəlxalq ünsiyyət vasitəsinə çevrilən hər hansı dil tədricən, mənsub olduğu xalqın və ya millətin mental səlahiyyətlərinin coğrafiyasından kənara çıxmaqla transmilli əlamətlər qazanır.

Professor Fəxrəddin Veysəlli tamamilə düzgün müşahidə etmişdir ki, müasir Azərbaycan dilində son illər sadə, hətta müxtəsər cümlələrin  işlədilməsinə meyl artmışdır, lakin biz o fikirdə deyilik ki, “hər yerdə qısa cümlə işlətmək savadsızlığın və dil  səriştəsizliyinin əlamətidir”. Bugünkü dünyadan M.Füzulinin uzun  cümlələrini  nəinki danışıq dilindən heç yazı dilindən də  tələb etmək olmaz;  hər şeydən əvvəl ona görə ki, istər orta əsrlərin, istərsə də sonrakı dövrlərin cümləpərdazlığı hadisələrin sürətlə cərəyan etdiyi, şüurun dərhal  reaksiya verməli olduğu və təfəkkürün tempinin görünməmiş bir şəkildə yüksəldiyi  bugünkü dünya üçün tamamilə qeyri- təbiidir. Bu  ona oxşardı ki,  cərrah əməliyyat prosesində öz  assistentlərinə, məsələn, “Skalpel!”,  “Qayçı!”, “Bint!” əvəzinə “Zəhmət olmasa, mənə skalpel verin!”, yaxud “İndi isə, lütfən, qayçını gətirin!” deyə müraciət edəydi.

Professor Fəxrəddin Veysəllinin “bu gün özümüzdə istehsal olunan  məhsullara və ya öz düşüncəmizə uyğun şeylərə xarici adların verilməsi heç  cür başa düşülən deyil. “Bonaqua,  Nightbar, supermarket, medical club, Talkshow? Job Center? Service Point” kimi bildiriş xarakterli sözlərə nə ehtiyac  var, görəsən?” sual- etirazı da maraq doğurmaya bilməz. Lakin nəzərə alsaq ki, bütün bunlar, nə qədər paradoksal olsa da,  qloballaşmanın tələbindən (və təbii  olaraq!) irəli gəlir, onda professorun bu  həyəcan- etirazı da, çətin ki, özünü doğrultsun və ya ağrılı qəbul edilsin.

Ancaq fakt faktlığında qalır.

Azərbaycan Respublikasının mərkəzdən (Bakıdan, Naxçıvandan, Gəncədən və s.) uzaq bir kəndində  müasir tipli böyük bir mağaza açılıb üzərinə “supermarket” yazılırsa, buna tamamilə təbii baxmaq lazım gələcəkdir. Hətta həmin kəndin xüsusilə yaşlı əhalisi onu bir müddət köhnə adət ilə “dükan”  adlandırsa belə... Çünki qloballaşma milli dillərə və ümumən mədəniyyətlərə, birinci növbədə, paradokslarla daxil olur, ziddiyyətlər, görünən və ya görünməyən  qarşıdurmalar yaradır. Mahiyyət  isə bundan ibarətdir ki, qlobal (bütün dünya üçün ümumi, universal) olan hadisə milli (regional) olan qədər insan üçün maraqlı və ya cəlbedicidir.  Hələ orta əsrlərdə (eləcə də qədim dövrlərdə) öz  mifologiyaları, dini inamları olan müxtəlif xalqlar, etnoslar (məsələn, türklər, iranlılar, qafqazlılar) islam  dinini, yaxud dünyagörüşünü, yaxud da mədəniyyətini  məmnuniyyətlə qəbul edib ümumi  bir supermilli və ya superetnik  dünya yaratmadılarmı? Bununla belə türk türklüyündə, iranlı iranlılığında, qafqazlı qafqazlılığında qalmadımı?.. Odur ki,  dərhal elan etmək ki, “beləliklə, planetimizdə  monomədəniyyət formalaşır ki, bu da   bütün dünyanı məhvə doğru aparır", hələ çox tezdir,  başqa sözlə, lazımi qədər əsaslandırılmamış  mülahizədir.

Bizim fikrimizcə, təbii- tarixi bir proses olan qloballaşmadan çəkinmək, yaxud onu dərhal lənətləmək çıxış yolu deyil.

Bu baxımdan “Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzinin mövqeyi bizə daha maraqlı (və doğru) görünür. Mərkəzin nəşr etdiyi “Qloballaşmaya doğru” kitabında göstərilir ki,  “qloballaşmanın danılmaz faydaları bu prosesdən qorxmayan və bunu ən yaxşı şəkildə idarə etməyi bacaran ölkələr üçün məqbuldur. Azərbaycanın qloballaşmanın xaricində  qalmaması və bu prosesdə zərərinin minimum, faydasının  isə maksimum olmasına diqqət  yetirməsi vacibdir”. Kitabda öz əksini tapmış  belə bir mülahizə də diqqəti çəkir: “Qloballaşmanın  iradəmiz xaricində inkişaf edən və nəzarət edə  bilməyəcəyimiz bir proses olduğunu dərk edərək buna ciddi hazırlaşmamız tələb olunur. Bizcə, ölkəmiz qloballaşma prosesinə hazırlığa məhz təhsildən başlamalıdır” .

Azərbaycan, Türkiyə, Fransa, Almaniya, İngiltərə, ABŞ və Kanadada təhsil almış 50- dən çox mütəxəssisin  çalışdığı “Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzinin ümumi mövqeyi belədir ki, “qloballaşma, pozitiv və neqativ dəyər verilmədən, analitik olaraq düşünülməsi və həll edilməsi və ciddiyə alınması lazım gələn bir fenomendir”.

 

Biz hər hansı milli mövqedən, o cümlədən də milli  dil mövqeyindən  qloballaşmanı təqdir etməsək,  hətta ona müharibə elan eləməyə qalxsaq belə, bu təbii-tarixi proses- hərəkat qarşısına çıxan bütün maneələri vurub dağıdacaq və bəşəriyyətin çoxdan arzusunda olduğu və artıq kifayət qədər populyar ifadə ilə desək, “sərhədsiz dünya”nı reallaşdıracaqdır.  Kapitalizm də buna can atırdı, kommunizm də... Modernizmlə,  necə deyərlər, postmodernizmin də idealı bundan ibarətdir... Odur ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanıb Azərbaycan  Prezidentinin 2013- cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi çox mühüm tarixi hadisədir. Müasir dövrün tələblərini, konkret olaraq,  qloballaşma prosesinin fəlsəfəsini nəzərə alan Dövlət Proqramının məqsədi “Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılmasını,  Azərbaycan dilinin qloballaşma şəraitində zamanın  tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların  inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir” .

Dövlət Proqramında “qloballaşma” anlayışının, tamamilə doğru olaraq, geniş izahı, bu barədəki biri digərinə çox  zaman  zidd olan mülahizələrin icmalı verilməmişdir, lakin bu mühüm dövlət (və millət!) əhəmiyyətli sənədin meydana çıxmasının tarixi səbəbinin məhz qloballaşma (onun qaçılmazlığı) olması Proqramın, demək olar ki, hər  bir müddəasında öz əksini tapmış, nəticə etibarilə, ümumdünya miqyaslı - bütün bəşəriyyəti düşündürən proses — hadisəyə kifayət  qədər dərindən  (analitik) münasibət bildirmişdir:

“Bu gün Azərbaycan dilinin  milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin  yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır.  Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi  hazırki qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının  genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir” .

Burada biri digəri ilə  ən müxtəlif baxımlardan həm sıx bağlı olan, biri digərinin ardınca gələn, həm də qarşı- qarşıya dayanan  iki məsələ diqqəti çəkir:

 

1) dövlət müstəqilliyi əldə etdikdən sonra (və həmin müstəqilliyi ardıcıl bir şəkildə  möhkəmləndirərək)  Azərbaycan Respublikası dövlət dilinin həm ölkədə, həm də ölkədən kənarda istifadəsi miqyasının  genişləndirilməsi və dilçilik elminin inkişaf etdirilməsi üçün hər cür siyasi- ideoloji şərait- imkanlar yaratmışdır;

 

2) müasir dövr, yəni qloballaşma prosesi tələb edir ki, həmin şərait- imkanlardan faydalanmaqla Azərbaycan dilindən həm ölkədə, həm də ölkədən kənarda daha geniş istifadə, onun ictimai, siyasi və mədəni- intellektual nüfuzunun təmin edilməsi istiqamətində  tədbirlər görülsün.

 

Bu isə o deməkdir ki, Azərbaycan dili Azərbaycan Respublikasının (dövlətin!) və dünya azərbaycanlılarının (millətin!) tarixi sərvət- dəyəri olaraq müasir dünyada gedən qlobal proseslər, konkret olaraq, qloballaşma qarşısında dayanmışdır. Və o, kifayət qədər güclü müdafiə imkanlarına malik olması ilə yanaşı zamanın tələblərinə, çağırışlarına da cavab verməlidir.

Professor F.Veysəlli yazır: “Azərbaycan dilinin sabahı qloballaşmanın vüsətindən asılıdır. Biz nə qədər çalışsaq da, dünyada gedən iqtisadi, mədəni, geosiyasi təmərküzləşmənin dilə təsirinin qarşısını almaqda acizik. Bu gün dünyada qeyri- azərbaycanlılar dilimizi  öyrənməyə, ondan hər yerdə istifadə etməyə o qədər  də maraq göstərmirlər. Heç azərbaycanlıların özləri buna o qədər səy göstərmirlər”.

Ümumi dilçilik və ya dil nəzəriyyəsi üzrə  görkəmli mütəxəssisin mövqeyini, əlbəttə, dərhal şübhə altına salmaq fikrindən uzağıq, bununla belə bir sıra məsələlərə aydınlıq gətirmək istərdik...  Hər şeydən əvvəl, “qloballaşmanın vüsəti” yalnız “Azərbaycan dilinin sabahı”na yox müasir dünyanın Azərbaycan dilindən daha  geniş yayılmış, daha nüfuzlu,  məsələn, alman, fransız, rus, ərəb və s. dillərinin, hətta ingilis dilinin sabahına da əhəmiyyətli təsir edəcəkdir.  Ona görə də Azərbaycan  dilinin taleyi barədə “vaxtından əvvəl” narahat  olmağa, bədbinliyə qapılmağa elə bir ciddi əsas  yoxdur. “Qeyri- azərbaycanlılar"ın “dilimizi öyrənməyə, ondan hər yerdə istifadə etməyə o qədər də maraq göstərməmələri" məsələsinə gəldikdə isə,  burada, fikrimizcə, bir qədər realist olmaq, yaxud mövcud reallıqdan çıxış etmək lazımdır. Belə ki,  hər halda iyirmi- iyirmi beş il bundan əvvəl  dünyada Azərbaycan dilinə  bu qədər maraq təsəvvürə belə gəlməzdi ki, indi vardır... Biz demirik ki, hamı “hər yerdə” Azərbaycan dilini Azərbaycana (və Azərbaycan xalqına) məhəbbətindən öyrənmək istəyir, təbii ki, burada konyuktur maraqlar da az deyil və heç vaxt az olmayacaqdır; ancaq öyrənirlər və get- gedə  daha çox öyrənəcəklər... Vaxtilə bütün Hindistan (qədim dünya mədəniyyətinin  beşiklərindən olan nəhəng bir ölkə) Böyük Britaniyanın müstəmləkəsi olduğundan ingilis dilini öyrəndi. Və həqiqət naminə  etiraf etmək lazımdır ki, bu, ölkənin yüksəlişinə əhəmiyyətli təsir göstərdi. Bu gün də göstərməkdədir... Lakin məşhur zarafatda deyildiyi kimi, bir ingilis bir hindliyə lağ edəndə ki, siz bizim müstəmləkəmiz olmusuz, hindli  qürurla cavab verir: biz də sizin dilinizi öz müstəmləkəmizə çevirdik, onunla necə istədiksə o cür də davrandıq.

Bu gün  Fransada restoranda ingiliscə yaxşı bilən iddialı bir fransız qarsonuna ingilis dilində yemək sifariş verəndə  bir neçə dəfə özünü eşitməməzliyə vurursa, buna da təbii baxmaq lazımdır.

Və düşünmək olmaz ki, bu cür iddia (qürur!) azərbaycanlılar üçün səciyyəvi deyil. Hələ min il bundan əvvəl böyük  türk filoloq- mütəfəkkiri ərəblərə (və ərəb dilini bilən bütün xalqlara) türk dilini öyrətmək üçün məşhur “Divani- lüğət- it- türk”ünü yaratmışdı. “Divan”ın girişində isə göstərmişdi ki, türklərin ürəyinə yaxın olmaqdan ötrü onların dilini öyrənin" Odur ki,  professor F.Veysəllinin heç azərbaycanlılar özləri də Azərbaycan dilini öyrənməyə səy göstərmirlər qənaəti doğru sayıla bilməz. Əgər Azərbaycan  gəncləri bu gün dünyanın müxtəlif inkişaf etmiş dillərinə, xüsusilə ingilis dilinə geniş maraq göstərib, həyatda öz  yerlərini tutmaq, yüksək mövqelər  qazanmaq üçün həmin dilləri öyrənirlərsə, bunu Azərbaycan  dilindən imtina  kimi interpretasiya etmək olmaz.

Azərbaycan dilinin xüsusilə beynəlxalq nüfuzunun güclənməsində “neft amili”nin rolu diqqəti cəlb edir. Lakin bu rol F.Veysəllinin həddindən artıq milli vətənpərvərlik mövqeyindən güman etdiyi qədər də birbaşa deyil. Ona görə də  alimin “heç neft sənayesinin özündə belə bizim dilimizdə yaranan və sonra başqalarının işlətdiyi sözə və ya cümlə tipinə rast gəlmək olmur. Biz bu gün /Pipeline/ sözünü ingiliscədən götürüb dilimizə (boru kəməri/ kimi ifadə ilə tərcümə edirik. Halbuki /kəmər/ və  /boru/ sözləri dilimizdə işlənən  sinonimlərdir”  və s. mülahizələri mübahisə doğurur; belə ki, neft sənayesinin (və onun terminologiyasının)  yaranıb formalaşması dünyada  genişmiqyaslı bir hadisə olub yalnız Azərbaycanın  bu sahədəki uğurları ilə məhdudlaşmır.  Beynəlxalq dildə - ingilis dilində işlənən və təbii ki, kifayət qədər populyar olan pipeline termini Azərbaycan dilinə “boru kəməri” şəklində  çevrilmişdir ki, bu eyni uğurla “boru xətti” də ola bilərdi. Lakin “boru” sözü ilə “kəmər” sözünün  Azərbaycan dilində sinonimliyindən bəhs etmək doğru deyil... “Əgər biz əsrin müqaviləsini imzalayanda bu sözlərdən birini  müqavilənin mətninə salsaydıq və bütün dünya onu bu şəkildə işlətsəydi, onda biz deyə bilərdik ki, dilimiz də  qloballaşmada iştirak edir” şəklindəki təəssübkeşlik də beynəlxalq müqavilələrin hazırlanması texnologiyası baxımından o qədər də məntiqli səslənmir. Və buradan o nəticəni çıxarmaq da düzgün deyil ki, “deməli, beynəlxalq aləmdə Azərbaycan dilinin təsir dairəsindən danışmaq mənasızdır”. Ancaq professorun aşağıdakı  fikirləri tamamilə doğrudur ki, Azərbaycan dili “bu gün də böyük Azərbaycan xalqının  sayəsində yaşayır. Bunun ən qısa yolu  iqtisadiyyatımızın qüdrətli olmasından keçir.  Özümüz istehsal edib ad verə bilsək,  həmin ad bizim məhsulumuzla birgə dünyaya yayıla bilər".

İqtisadiyyatın, xüsusilə müasir texnologiyaların müxtəlif sahələrinə adlandırma baxımından artıq çoxdan nüfuz etmiş ingilis dili bütün dilləri nəinki  qabaqlamış, etnoqrafik əhəmiyyətli adlardan başqa, demək olar ki, bütün anlayışları (adları) ifadə etmək iddiasındadır.

Bu isə qloballaşma üzrə mütəxəssislərdə belə bir sual doğurur: “Homo Postindustriens hansı dildə danışacaq? Doğrudanmı yalnız  ingilis dilində?” . Və  həmin suala belə bir “qeyri- adi” cavab verilir: “Əslində, bu suala  taxılıb qalmaq  o qədər də önəmli deyil. Əsas odur ki, Homo Postindustriens qloballaşmanın yeni markasına çevrilməkdədir. Bu  çevrilmə dünyaının bir çox  qlobal problemlərinə də baxışları dəyişə  bilər. Görəsən,  bir- birinə oxşayan, eyni cür düşünən, eyni hədəflərə yol alan yeni çağın insanları arasında yenə ərazi münaqişələri, dini müharibələr - sivilizasiyaların toqquşması baş verəcəkmi? Əgər bütün bunlar baş verəcəksə, kimin  hansı dildə danışmasının nə mənası var?  Və ya doğrudan da, əgər baş verməyəcəksə,  Homo Postindustriensin də hansı dildə  danışmasının da heç bir əhəmiyyəti olmayacaq!”.

Müəllifin dil məsələsinə ərazi, yaxud din məsələsindən kənarda baxması doğrudur, çünki ünsiyyət vasitəsi olan dilin, yaxud dillərin gələcək taleyi həmin təsisatlardan birbaşa asılı ola bilməz. Keçən əsrin 50- ci illərində dilin “bazis”, yaxud “üstqurum” olub- olmaması  ilə bağlı sovet müzakirələri də göstərdi ki,  dil xüsusi hadisədir; onu nə “bazis”, yəni iqtisadi- maddi xarakterli, nə də “üstqurum”, yəni mənəvi- etnoqrafik xarakterli təsisatlara aid etmək olmaz. Lakin bütün dünya üçün ümumi- universal olan səhv təsəvvürlər dili həmişə mənəvi- etnoqrafik (mədəni!) hadisələr sırasına daxil etməklə özünü çıxmaza salmışdır.  Qloballaşma isə, onun  tərəfdarlarının, yaxud əleyhdarlarının nə düşünüb- düşünməmələrinə baxmayaraq, mövcud anlayış- təsəvvürlərə analitik izah tələb edir; elə bir izah ki, orada  yalnız bir metodoloji istinad mənbəyi var, o da insanın taleyidir. Millətindən, dinindən və coğrafiyasından asılı olmayaraq, insanın (cəmiyyətin!) taleyi necə olacaqsa, dilin də taleyi elə olacaqdır. Bu isə qorxu yaradır... “Dünyada qlobal dil məsələsi iki mühüm etirazla  müşayiət olunur. Bir tərəfdən bu, dil imperializmi qorxusunu yaradır...  İkinci etiraz isə milli azlıqların qlobal dil siyasətinə qarşı çıxmaları ilə bağlıdır”.

Bu isə o deməkdir ki, həm “dili beynəlxalq dilə çevrilmiş İngiltərənin özü belə linqvistik imperializmin geniş vüsət  almasından narahatdır”, həm də ingilis dilinin “təhlükə”sini hiss edən dillər... Məsələn, sonuncuların nümayəndəsi olan azərbaycandilli şair yazır:

 

Salamməlyküm!

 

Dillərin əcəli çatdı!

 

Əleyküməssəlam!..

 

...Bu hələ harasıdı:

 

Leyli ingilis dilində ölür,

 

Məcnun ingilis dilində  xiffət çəkir...

 

...Qəzzafini   bu dildə söyür Liviya.

 

Cəllad “Yasin”i bu dildə oxuyur...

 

...Yalıncaq Qarabağ camaatı ingilis dilində üşüyür,

 

ATƏT ingiliscə nağıl döşəyir! (Vaqif Bəhmənli).

Professor F.Veysəlli, tamamilə doğru olaraq, qeyd edir ki, “beynəlxalq səviyyədə qlobal dil  siyasətinə qarşı təkcə sayca az olan  millətlərin nümayəndələri mübarizə aparmırlar. Sayca yüz milyonlarla adamların  danışdığı alman, fransız, ispan, rus və s. dillərin təmsilçiləri də mübarizəyə qoşulduqlarını elan edirlər .

Məsələ isə təmsilçilərin hər hansı mübarizəyə  qoşulduqlarını elan etməkdə deyil... Burada hər hansı “milli” mövqedən  deklorativ qərarlar qəbul etmək əvəzinə  dünyanın (bəşəriyyətin!)  maraqları  (və taleyi!) səviyyəsində düşünmək daha məntiqli olardı. Bu isə millilikdən imtina deyil... Az və ya çox saylı millətlərin, xalqların, tayfaların tarixi  birliyindən ibarət olan  bəşəriyyət (dünya!) vahid bir ünsiyyət vasitəsinə can atırsa, buna qarşı çıxmaq, müharibə elan etmək  donkixotluq olardı.

Çıxış yolu hər bir millətin, sözün geniş mənasında, dünya birliyinə tarixin  müəyyənləşdirdiyi imkan, şərəf və ləyaqətlə  qovuşmasından (inteqrasiyadan) ibarətdir. Bu elə bir universal- tarixi prosesdir ki, ondan  qaçmaq yox, qorxmadan, çəkinmədən ona doğru getmək lazımdır.

Azərbaycan xalqı (ümumən türk xalqları)  heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq  inteqrasiyadan imtina etməmişlər.  Və dilimizdə olan minlərlə ərəb, fars, Avropa sözləri də bunu təsdiq edir. Həmin sözlər o sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi olan məişət- etnoqrafiya həyatına aid olan anlayışları deyil,  intellektual- elmi idrak sahələrini əhatə- ifadə edir ki, bu da Azərbaycan türklərinin beynəlxalq (ümumbəşəri) dəyərlərə heç vaxt biganə qalmadıqlarını və bundan sonra da biganə  olmayacaqlarını göstərir.

Bizim fikrimizcə, Dövlət Proqramı da millətimizin qloballaşma şəraitindəki tarixi maraqlarını uğurla əks etdirir.

Heç şübhə yoxdur ki, “Respublikada  dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və  nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı  ilə bağlıdır” .

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilinin - dövlət dilinin ictimai- siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilmişdir ki,  burada müstəqil Azərbaycanın 1995- ci ildə qəbul olunmuş Kostitusiyasında  Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları (2001), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı (2004), eləcə də “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və s. daxildir. Bununla belə, Dövlət Proqramında  deyildiyi kimi, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi  və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət  ruhunda tərbiyə olunması, ədəbi dilin  normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır” .

Dövlət Proqramının icrasına dair Tədbirlər Planına aşağıdakı məsələlər daxil edilmişdir:

 

1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi.

2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi.

3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi.

4. Azərbaycan dilnin öyrənilməsi və təbliği sahəsində informasiya- kommunikasiya texnologiyalarının tətbiqi.

5. Azərbaycan dilinin kütləvi informasiya  vasitələrində təbliği .

 

Göründüyü kimi, bu məslələrin hər birində biri digəri ilə sıx bağlı olan iki məqam- milli və ümumbəşəri (qlobal!) məqamlar ehtiva olunur; diqqəti cəlb edən cəhət isə odur ki, Dövlət Proqramında Azərbaycan dilinin milli tarixi imkanları qloballaşan dünyanın tələblərinə (çağırışlarına!) cavab verəcək bir səviyyəyə qaldırılmağa çalışılmış, bu baxımdan qarşıya çıxacaq maneələrin dəfə edilməsinə yönəldilmişdir. Və söhbət o maneələrdən gedir ki,  birinci növbədə, qloballaşmanın təbiətindən və ya konyukturlarından irəli gəlir, ikinci maneə isə milli özünəməxsusluq və ya qürurdan doğan iddialardır ki, bütün millətlər üçün səciyyəvidir.

Azərbaycan dilinin qloballaşan dünyadakı taleyi müxtəlif müəyyən və qeyri- müəyyən şərtlərlə bağlı olsa da, ən azı üç səviyyədə tədbirlərin görülməsi vəziyyətindən asılıdır:

 

1) Azərbaycan Respublikası daxilində Azərbaycan dilinin dövlət dili olaraq  inkişafının təmin edilməsi;

2) dünya azərbaycanlıları arasında bu dilin əsas ünsiyyət vasitəsi kimi ədəbi- normativ keyfiyyətdə yayılması;

3) nəhayət, dünyada Azərbaycan dilinə marağın gücləndirilməsi.  Əslində, biri digəri ilə sıx bağlı olan həmin səviyyələrin hər birində  Azərbaycan dilinin müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intellektual- mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir.

 

Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxaracaqdır, eyni zamanda təkmilləşmə (və inkişaf) istiqamətində geniş imkanlar da açacaqdır.

 

Nizami CƏFƏROV,

 

 professor,

 

AMEA- nın müxbir üzvü,

 

 Salatın ƏHMƏDOVA,

 

 filologiya üzrə fəlsəfə doktoru,

Aysel QƏRİBLİ,

 

 magistr

 

Xalq qəzeti.- 2013.- 7 iyun.- S. 5.