Gələcəyə
hayqıran nakam şair
Yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edən unudulmaz şair Mikayıl Müşfiqin 105 illik yubileyi münasibətilə təşkil edilmiş tədbir şairin Bakıdakı abidəsinin önündən başladı. Poeziyamızın qüdrətli sənətkarı, böyük ilham sahibi, nakam taleli şairin abidəsi önünə tər çiçək dəstələri qoyuldu və xatirəsi ehtiramla yad edildi. Sonra ədəbiyyatşünas alim, yazıçı, şair və tənqidçılərdən ibarət böyük bir heyət Mikayıl Müşfiqin anadan olduğu Xızı torpağına yollandı.
Ədəbi tənqidçi, filologiya elmləri doktoru professor Nizaməddin Şəmsizadə, professor Asif Rüstəmli, şair Oqtay Rza, əməkdar artistlərdən müğənni Mətanət İsgəndərli, bədii qiraət ustaları Eldost Bayram, Azad Şükürov, Zülfiyyə Eldarqızı və digərlərinin iştirak etdiyi tədbiri Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə açaraq bildirdi ki, ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır.
Natiq Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər İsayevin adından qonaqları salamlayaraq əlavə etdi ki, bu gün 29 yaşında repressiya qurbanı olmuş qeyri-adi ilham sahibi Mikayıl Müşfiqin anadan olmasının 105 illiyi münasibətilə onun doğma ocağına toplaşıb ruhunu şad edənlərin hər birinə öz dərin minnətdarlığımızı çatdırırıq. İlk növbədə isə xalqımızın milli-mədəni irsinin qorunmasına, ədiblərimizin əsərlərinin yenidən çap olunmasına diqqət və qayğı ilə yanaşan, onların yubiley mərasimlərinin keçirilməsini heç vaxt unutmayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müşfiqsevərlər adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə Mikayıl Müşfiqin 100 illik yubileyi 2008-ci ildə böyük təntənə ilə qeyd edildi.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə şairin poetik dünyasına zaman və ömür prizmasından yanaşaraq dedi:
-Heç kim Füzulinin cavanlıq, Mikayıl Müşfiqin qocalıq şəkillərini görməyib. Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq 29 yaşında ədəbiyyat üfüqlərində daim parlayan və heç zaman qocalmayan bir ulduza çevrilib.
“Bəxtiyardır o şair ki,
rübabında mühitinin
mahnısını çağırır,
Sonra bütün gur səsilə
gələcəyə hayqırır”
yazan Müşfiqin özü əslində o bəxtiyar şairlərdəndir və 105 ildir ki, onun “rübabından çıxmş mahnılar gələcəyimizə səs salaraq hayqırır. Söz mülkündə hünərini göstərən qələm və idrak gücünün hər şeydən üstün olduğunu təsdiqləyən şairin “Yenə o bağ olaydı” əsəri sadəcə bir şeir yox, ideal hisslərin bədii sözlə yazılmış poetik simfoniyasıdır.
Mikayıl Müşfiqin sənət dünyasının hər yarpağında şairin şəxsiyyəti ilə sözünün ahəngindəki cazibə vəhdət təşkil etmiş və bu münasibət ömrünün sonuna qədər yaradıcılığında öz əksini tapmışdır.
Yubiley tədbirində müşfiqsevərlərdən professor Asif Rüstəmli, şair Oqtay Rza, Xızı rayon Şurabad kənd məktəbinin direktoru Xatirə Şahverdiyeva çıxış edərək bildirdilər ki, Müşfiq yaradıcılığına verilən dəyər XX əsr poeziyasının söz dünyasının ədəbi nümunələrinin bir əsr sonrakı oxucu tərəfindən yüksək şəkildə qəbul olunan bədii qiymətidir. Yaradıcılığına məxsus olan coşğun hiss, həyəcan gələcək arzusu ilə qanadlanan xəyal şairin şeirlərində romantik bir vüsət almışdır. Mikayıl Müşviq demək olar ki, yaradıcılığında bədii təsvir vasitələrilə həyat lövhələrini o dərəcədə canlı və inandırıcı şəkildə yaratmışdır ki, bu nümunələrdə həyatın böyük bir hissəsini aydın şəkildə görmək mümkündür. O, epik lövhələr, lirik ricətlər ustası kimi də poeziya aləmində tanınmış, buxovlar içərisində mətinliyinin cəsarətini məhz nəzmə çəkdiyi misraları ilə göstərə bilmiş, oxucusu ilə özü arasında yaratdığı mənəvi körpüdə tərənnüm etmişdir.
1937-ci ildə Mikayıl Müşfiqi cismən məhv etdilər, həyatının çiçəkləndiyi vaxtda onu sevməyə, sevilməyə həsrət qoydular. Həyatının baharında Müşfiqi gülüzlü yarından ayırdılar, ona “Vətən xaini”, “xalq düşməni” damğası vurdular. Lakin Müşfiqin şeirləri susmadı və düz 76 ildir ki, ölümündən sonra “gələcəyə hayqırmaqda”, milli mənliyimizi qorumaqdadır.
Tədbirdə əməkdar artistlərdən müğənni Mətanət İsgəndərli, bədii qiraət ustaları Eldost Bayram, Azad Şükürov, Zülfiyyə Eldarqızı və Şəmistan Əlizamanlı şairin yaradıcılığından nümunələri səsləndirdilər. Sonra Şurabad kənd məktəbinin şagirdlərinin ifasında Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayış etdirildi.
Yubiley tədbiri başa çatdıqdan sonra qonaqlar və tədbir iştirakçıları Müşfiqin ev muzeyini ziyarət etdilər. Beləcə, xalqımızın poetik yaddaşından heç zaman silinməyəcək bir şairin poeziya aləminə səyahət başa çatdı və Müşfiq öz kükrək ilhamı ilə yenidən oxucularını sözün sehrində buraxdı.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2013.- 8 iyun.- S. 10.