Yeni Azərbaycan Partiyası növbəti
prezident seçkiləri
qarşısında monolit birlik
nümayiş etdirir
Yeni Azərbaycan Partiyası 21 il əvvəl blokada şəraitində olan Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş təsis konfransında yarandı. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan Partiyası qısa bir müddətdə ətrafına çoxlu sayda ziyalı, tanınmış ictimai-siyasi xadim topladı. Partiyaya olan bu axın xalqın ulu öndər Heydər Əliyevə olan inam və etibarından irəli gəlirdi.
Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadir idi. Bu dövrdə ölkədə vəziyyət çox ağır idi. Azərbaycanı qanunlar yox, ayrı-ayrı başıpozuq, səriştəsiz qruplar idarə edirdilər. Dövlətə və dövlət rəhbərinə inam tamamilə itmişdi, insan haqları və hüquqları hər addımbaşı pozulurdu, demokratiyadan əsər-əlamət yox idi. Vəzifə uğrunda didişmə gedir, hər şey dağıdılır, talan edilirdi. Hakimiyyətsizlikdən istifadə edən xarici qüvvələr yenicə müstəqilliyini qazanmış Azərbaycanı kiçik xanlıqlara parçalamaq istəyirdilər. Artlq ölkədə vətəndaş müharibəsi başlanmışdı. Səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi, uçuruma apardığı Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, müstəqilliyin qorunub saxlanılmasında və əbədiləşdirilməsində, milli dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. “Dünənin, bugünün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Bu təşkilatın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsinə, uzaqgörənliyinə və düşünülmüş siyasətinə əsaslanır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin prioriteti hesab edənYAP bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, inamın, etibarın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. YAP - ın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Həmin vaxtdan başlayaraq son 20 ildə Azərbaycanda müsbət istiqamətdə çox böyük dəyişikliklər baş verib.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurduğu YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 600 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.
Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın keçdiyi yola bir daha nəzər salınmış, müstəqilliyimizin möhkəmləndirilməsində və əbədi olmasında YAP-ın xidmətlərindən geniş söhbət açılmışdır.
Yeni Azərbaycan Partiyanın sədri, Prezident İlham Əliyev partiyanın V qurultayında geniş nitq söyləmişdir. Dövlətimizn başçısı demişdir ki,Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bizim partiyamız 20 ildir ki, iqtidardadır. Bir həftədən sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu 20 il ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında, xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər. Qeyd olunmuşdur ki, keçən qurultaydan ötən dövr ərzində Yeni Azərbaycan Partiyası daha da güclənmişdir. YAP-a böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv vardır. Bu, özlüyündə böyük bir göstəricidir. Partiyaya güclü axın onu göstərir ki, bu təşkilatın məramı, ideyaları çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti, ideyaları, cəmiyyətdəki rolu vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.
Ölkə başçısı müstəqil Azərbaycanın getdikcə inkişaf etməsində, beynəlxalq aləmə inteqrasiya olunmasında və reytinqinin artmasında YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətindən söz açaraq demişdir: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.
Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi – bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.
Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur”.
Ümummili lider Heydər Əliyev1993-cü ildə suverenliyini itirmək üzrə olan müstəqil Azərbaycanı xilas etdi. Müasir tipli partiya yaratmaqla ölkəyə yeni siyasi mədəniyyət gətirdi, ölkəni xaosdan qurtardı. Milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyasını formalaşdırdı. İctimai-siyasi quruluşun istiqamətini dəyişdi, ölkəni bazar iqtisadiyyatı sisteminə keçirdi. Mükəmməl daxili və xarici siyasət proqramı hazırlayıb həyata keçirdi. İnsan haqlarını, dövlətə inamı özünə qaytardı və güclü, qüdrətli, müstəqil Azərbaycan dövləti qurdu. Ulu öndər ölkənin bütün sahələrində əsaslı islahatlar apardı, AXC-Müsavat hakimiyyətinin dünyadan təcrid etdiyi Azərbaycanı dünyaya tanıtdı.
2003-cü ildən Yeni Azərbaycan Partiyasına güclü şəxsiyyət, yüksək liderlik keyfiyyətinə malik olan müasir təfəkkürlü, dünya liderləri arasında özünün qətiyyəti, işgüzarlığı, yüksək nüfuzu ilə seçilən möhtərm Prezidentimz İlham Əliyev rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, onun axıra çatdıra bilmədiyi quruculuq işlərini davamlı surətdə həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı dünya dövlətləri içərisində sayılan, təcrübəsinə istinad olunan, dinamik inkişaf edən ölkə səviyyəsinə çatdırıb.
YAP-ın sədri, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş partiyanın III və IV qurultaylarında nəzərdə tutulmuş proqramlar bütövlükdə yerinə yetirilib. Son on ildə qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Möhtərəm Prezidentimiz YAP-ın V qurultayında da bu inkişafı xüsusi vurğulayaraq demişdir: “Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur.
2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmişdir, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik etmişdir.
Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Biz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.
Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyillər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha da çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin”.
Ölkəmizdə daxili siyasətlə bağlı görülən iri miqyaslı işlərdən, uğurlu islahatlardan və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin uğurlu icrasından söhbət açan ölkə başçısı qeyd etdi ki, son on ildə Azərbaycanda çox böyük işlər görülmüşdür. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.
Azərbaycanın son ildə qazandığı uğurlar, iri layihələrin reallaşdırılması və ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin məntiqi nəticəsidr. Xalq Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Ona görə də əhali növbəti prezident seçkilərində də yenidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini açıq şəkildə bildirirlər. YAP - ın sədri İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir.
Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndələri cənab İlham Əliyevin növbəti prezident seçkilərində iştirakını xalqın qəlbinin dərinliyindən qopub gələn sosial sifariş hesab edir və həmişə olduğu kimi, xalqın səsinə səs verməyi özünün şərəfli borcu sayır. Məhz bu amillərə görə Yeni Azərbaycan Partiyasının V qurultayı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul etmişdir. Bu qərar yekdilliklə qəbul edilmişdir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 1.