Ağcabədidə seminar-müşavirə keçirilmişdir

 

İyunun 8-də Kənd Təsərrüfatı Nazirliyi Ağcabədidə heyvandarlıqda damazlıq-seleksiya işlərinə dair respublika seminar-müşavirəsi keçirmişdir.

Müşavirədə respublikamızın şəhər və rayonlarını təmsil edən maldarlıq üzrə dövlət və özəl damazlıq təsərrüfatlarının rəhbərləri, rayonların icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin və baytarlıq idarələrinin rəisləri, zootexniklər, süni mayalandırma texnikləri, “Aqrolizinq” ASC vasitəsilə damazlıq düyə alan sahibkarlar, habelə Ağcabədi rayonunun yerli icra və bələdiyyə orqanlarının, iri heyvandarlıq təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.

Müşavirə iştirakçıları əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanına gələrək ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Proqrama uyğun olaraq əvvəlcə Ağabəyli kəndində “Aqat-aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq təsərrüfatında seminar-müşavirənin praktiki məşğələsi başlamışdır.

Müşavirə iştirakçıları təsərrüfatın tövlələrində istehsalata tətbiq edilən mütərəqqi texnologiyalarla tanış olmuşlar. İştirakçılara  inəklərin yemləndirilməsi, buzovların bəslənilməsi, buynuzlarının yandırılması, süni mayalanmanın aparılması, süd sexində qrup halında inəklərin sağılması ilə bağlı məlumat verilmişdir.

Sonra seminar-müşavirə işini Ağcabədi rayon mədəniyyət evində plenar iclasla davam etdirmişdir.

Müşavirəni kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov açaraq əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə yüksək nailiyyətlərin əldə olunduğunu bildirmiş, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. A.Aslanov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq ölkədə ət istehsalının kəsilmiş şəkildə 340 min tona, süd istehsalının isə 2,4 milyon tona çatdırılmasının əsas vəzifə olaraq qarşıya qoyulduğunu bildirmişdir.

Nazir müavini heyvandarlığın intensiv inkişaf etdirilməsinin, ilk növbədə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə son 4 ildə ölkəyə 6 min 290 baş damazlıq heyvan gətirilmiş və onlar artaraq 12 min 600 başa çatmışdır.

Seminar-müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov “Respublikada damazlıq-seleksiya işlərinin vəziyyəti” mövzusunda məruzə etmişdir. Bildirmişdir ki, 2013-cü il yanvarın 1-nə olan məlumata görə, ölkədə 2712,7 min baş iribuynuzlu mal-qara olmuşdur. Son illərdə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sayəsində ölkədəki mövcud  iribuynuzlu heyvanların 46,4 faizi, o cümlədən inəklərin 65,2 faizi cinsya cinsi yaxşılaşdırılmış heyvanlardır.

Məlumat verilmişdir ki, “Aqat-aqroMMC-nin heyvandarlıq təsərrüfatında 2560 baş heyvan saxlanılır. Heyvanların 1395 başı inəklərdir. Burada il ərzində hər inəkdən 6710 litr süd sağılır. Hər gün süd emalı müəssisəsinə 22,3 ton süd göndərilir.

Qeyd olunmuşdur ki, heyvandarlıqda süni mayalandırmanın intensiv inkişafı üçün ölkəmizdə süni mayalanma proqramı həyata keçirilir. Respublikamızda Süni Mayalanma Mərkəzi istifadəyə verilmiş, yüksək keyfiyyətli toxum istehsalına başlanılmışdır. 2012-ci ildə ölkə üzrə 88 min 415 baş heyvan süni yolla mayalandırılmış və 59 min 449 baş bala alınmışdır. 2013-cü ildə 140 min, 2014-cü ildə 200 min, 2015-ci ildə 300 min baş inək və camışın süni yolla mayalandırılması proqnozlaşdırılır.

Müşavirədə “Ağcabədi rayonundakı “Aqat-aqroMMC-nin heyvandarlıq təsərrüfatı haqqında", “Heyvandarlıqda damazlıq-seleksiya işlərinin forma və metodları”, “Aqat-aqroMMC-nin heyvandarlıq təsərrüfatında damazlıq-seleksiya işləri" mövzularında məruzələr dinlənilmiş, özəl damazlıq təsərrüfatlarınınsüni mayalandırma texniklərinin bir qrupuna Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları və mükafatlar təqdim edilmişdir.

 

Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 2.