Azərbaycan Xalq Cümhuriyyətinin ideoloququrucusu

 

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 58 il ötür…

 

M.Ə.Rəsulzadə: «Azərbaycan Respublikası qısa bir zamanda məmləkətdə asayiş və intizamı yoluna qoydu»

 

Azərbaycan Xalq Cümhuriyyətinin ideoloququrucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatından 58 il (6 mart, 1955-ci il) ötür. 20-ci yüzilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövlətçilik tariximizdə mühüm hadisə idi. Bu tarixi, bənzərsiz hadisənin gerçəkləşməsində isə M.Ə.Rəsulzadənin müstəsna xidməti var.

M.Ə.Rəsulzadə «Çağdaş Azərbaycan tarixi» əsərində Azərbaycan Xalq Cümhuriyyətinin olduqca çətin dönəmdə, misilsiz hünər bahasına qurulmasından, hüquqi dövlət yönündə addımlardan bəhs edir: «Azərbaycan Respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə, 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı. Qonşu Türkİran dövlətləri də daxil olmaqla, başda Amerika Birləşmiş Ştatları böyük-kiçik bir çox dövlətlərlə münasibətlər yaradıldı».

Tarixçi Əkrəm Rəhimli bildirir ki, onun ömründə, yaradıcılığında milli dövlətçilik ideyası həmişə ön planda olub. M.Ə.Rəsulzadənin milli, hüquqi dövlət quruculuğu yönündə ideyaları həmişə Güney Azərbaycanda diqqət mərkəzindəydi: «Onun dövlətçilik, dünyəvilik baxışları bu gün Güney Azərbaycanda gedən azadlıq hərəkatı üçün də örnək olaraq qalır. Bu gün M.Ə.Rəsulzadənin kitabları əski əlifbada çap olunub xalq içərisində yayılır. Bu, ondan irəli gəlir ki, Rəsulzadənin irsi bir məktəb olaraq bu günGüney Azərbaycanda öyrənilir. Bu gün həmin məfkurənin həyata keçirilməsi uğrunda xalq mübarizə aparır».

Tarixçi-alim Əzizağa Ələkbərov bildirir ki, M.Ə.Rəsulzadənin yaratdığı dövlət o qədər də böyük bir ömür yaşamadı: «Ancaq zamanına görə başqa dövlətlərə nümunə olası bir çox işlər

gördü. 23 ay mövcud olan dövlətimizin gördüyü işlər yüksək dəyərləndirilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna kimi Şərqdə bu cür dövlət yaradılmamışdı. Əgər həmin dövlətimizi qoruyub saxlaya bilsəydik, bəlkə də indiki problemlərimiz bu dərəcədə olmazdı, belə zidiyyətlərlə üzləşməzdik. 70 ildə başımız çox bəlalar çəkdi. Dövlət bir imarətə bənzəyir. Binanı qurmaq üçün gərək olunan material tapılsa belə, ilk növbədə yaxşı bir ustaya ehtiyac var. Dövlət qurucusu bu deməkdir. 1918-ci ildə Azərbaycanda vəziyyət hədsiz mürəkkəb idi. Məhəmməd Əmin Rəsulzadə sanki yoxdan bir dövlət yaratdı. Ancaq xarici güclər dövlətimizin yaşamasına imkan vermədilər. Baxmayaraq ki, Azərbaycanda dünyaya nümunə olacaq demokratik ölkə qurulması üçün imkanlar yaranırdı. Türkiyənin başına o zaman bəlalar gətirilməsəydi, o, Azərbaycana hər mənada kömək edəcəkdi. Bu vəziyyət onu sübut edir ki, özünü dünyaya nümunə olaraq göstərən güclər əslində insani dəyərlərdən uzaq idilər. Azərbaycan özünün daxilindən gələn milli-insani imkanlara dayanaraq dünyaya sifətinin dəyişməz olduğunu göstərə bildi».

Ə.Ələkbərov ən çətin vaxtda — hər cür basqılara, terror əməllərinə məruz qaldığı 23 ay ərzində Azərbaycan dövlətinin beynəlxalq hüquqi prinsiplərə əməl etdiyini bildirir. Şübhəsiz, bu prosesdə Rəsulzadənin xidmətləri ayrıca idi: «Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu prosesində irəliləməyə başladı. Dilimizin qorunması, inkişafı ilə bağlı addımlar, mədəni sahədə görülən işlər və s. bu qəbildən idi. Təəssüf ki, vaxt darmacal idi. Bu problemləri həll etmək üçün ciddi kadrlara ehtiyac vardı. Cümhuriyyət qurucuları dünyəviliyin inkişaf etdirilməsi üçün gəncləri Avropa ölkələrinə təhsil almağa göndərdilər. Ancaq Azərbaycana Rusiya imperiyasının varisi olan Sovet imperiyası qoşun yeridərək müstəqilliyimizi amansızcasına boğdu. Rusiya Azərbaycanın müstəqilliyini ümumiyyətlə tanımadı. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının istəyi, eşqi Azərbaycanın hüquqi-demokratik dövlət olaraq varlığının yaşadılması, təsdiqi idi. Az qala yoxdan varlığını yaradan Azərbaycan üçün tam siyasi zəmin yox idi».

Yeri gəlmişkən, çağdaş dönəmlə bağlı danışan Ə.Ələkbərov bütün məqamlarda təhlükələrin olduğuna diqət çəkir: «Bugünkü Azərbaycan üçün də təhlükələr var. Müxtəlif ölkələrin iqtisadi maraqları mövcuddur. İndi Azərbaycanın dünyadakı mövqeyi özünü bir dövlət olaraq varlığının təsdiqidir. Azərbaycanın iqtisadi potensialı dövlətçiliyin yaşamasına xidmət edir. Digər tərəfdən hüquqi dövlət quruculuğu yolunda irəliləyən Azərbaycana qarşı maneələr törədən dövlətlər də mövcuddur. Məsələn, Fransa Minsk qrupunun üzvüdür. Ancaq erməninin mövqeyindən çıxış edir. Belə cəhdlər bir daha açıq-aydın göstərir ki, Azərbaycanın, habelə Türkiyənin mənafeyinə zidd olan belə hallar var. Bütün çətinliklərə baxmayaraq hüquqi-demokratik dövlət quruculuğu yönündə işləri davam etdirmək üçün Azərbaycan dövlətinin kifayət qədər potensialı mövcuddur. Azərbaycanın ordusu var, gəncliyi var, xalqımız var, bütün bunlar bizə sabaha ümidlə baxmaq üçün əsas verir. Azərbacanda hüquqi-normativ əsaslara malik dövlət quruculuğu üçün bütün qanunvericilik bazası var. Vətəndaşlarımız hər an dövlətə dayaq olmalıdırlar».

M.Ə.Rəsuzadə Azərbaycan istila edildikdən sonra — 30-cu illərdə SSRİ-nin milli ədəbiyyat üzərinə amansız yürüşünün mahiyyətini gözəl açır. Bu, əslində Sovetlərin dünyəvi dövlətçilik prinsiplərinə qarşı çıxması, imperiyaçılıq təfəkkürünə xas olaraq hərəkət etməsi idi: «Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda «proletar mədəniyyəti»ni bərqərar etmək istəyirdilər. Qısaca «proletkult» adlandırılan bu formulun mənası «formaca milli, məzmunca kommunist» olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi, ədəbiyyat da uzun zaman kommunizmə yabançı olan ideoloqların təsiri altında qalırdı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət «inqilab»dan əvvəlki qələm sahiblərinin əlində idi. 1921-ci ilin 5 oktyabr tarixli Bakıda çıxan «Kommunist» qəzetində o zamankı maarif nazirinin yazıçıların qurultayındakı çıxışında belə yerlərə rast gəlirik: «Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin «Müsavat» dövründən xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur) milli məktəbi təsirinə düşürmilli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və «Baxımsız Azərbaycan» şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar; indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər. Adları çəkilən şairlərin bir hissəsinin başqa yerlərə qaçaraq milli ideologiyanı tərənnüm etdiklərini də bilirik. Bakı mətbuatından öyrəndiyimizə görə, Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və Əhməd Cavad kimi yazıçılar sovet ədəbiyyatında millətçiliyi təbliğ etdiklərinə görə Yazıçılar İttifaqından xaric edilmişlər».

Professor Qüdrət Əbdülsəlimzadə qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cariperspektiv konturları onun lideri Məhəmməd Əmin Rəsulzadənin «Fikri, millisiyasi istiqlalın kökü — İstiqlaldır» ideyası əsasında formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi».

M.Ə.Rəsulzadə yazırdı: «Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi».

Torpaqondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı «Azərbaycan islahatları geniş torpaqları «ölü halında» (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi. Rəsulzadənin millət yanğısı, gələcəyimizə inamla xeyir-duaları həmişə bizi haqq-ədalətə çağıracaq».

Araşdırmaçı Faiq Ələkbərov M.Ə.Rəsulzadənin hüquqi dövlət quruculuğu yönündəki fəaliyyətini belə dəyərləndirir: «Azərbaycanın müstəqilliyni bütün dünyaya bəyan edən də M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şura olub. Azərbaycan Cümhuriyyətinin qurulmasında və onun fəaliyyətində M.Ə.Rəsulzadənin xüsusi yeri, rolu var. O, Azərbaycan Cümhuriyyətini qurmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, Şərq, müsəlman və türk dünyasında ilk demokratik cümhuriyyət qurulmasının nümunəsini göstərib. Demokratik cümhuriyyətin ideologiyasının nəzəri və praktik banilərinin başında duran M.Ə.Rəsulzadə sübut edib ki, müstəqillik yalnız zorakılıq, inqilab yolu ilə deyil, irəli sürülən siyasi-ideoloji, elmi-fəlsəfi prinsirlərin, aparılan düzgün siyasətin nəticəsində də əldə edilə bilər. Rəsulzadə və onun silahdaşlarının Cümhuriyyət üçün müəyyənləşdirdiyi daxilixarici siyasət, bu gün mövcud olan Azərbaycan Respublikasının yerinə yetirdiyi daxilixarici siyasi prinsiplərindən demək olar, fərqlənmir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 6 mart.- S.11.