«Açılmamış səhifələrin izi ilə»

 

  Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayevin 75 yaşı tamam olur. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Başkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə arxivdə böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru işləyib. 1984-cü ildən bu günə qədər Milli Arxiv İdarəsinin rəisidir. «XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. «Azərbaycan arxivi» jurnalının baş redaktorudur. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi, habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış edib.

Ermənilərin 1918-ci ilin əvvəllərindən Azərbaycanda türkə qarşı xüsusi amansızlıqla davam edən soyırım vəhşiliyinin acı xatirəsi hələ də nəsillərin yaddaşından silinməyib, şübhəsiz, bundan sonra heç silinməyəcək. A.Paşayevin «Açılmamış səhifələrin izi ilə» adlı kitabında bu yöndə araşdırma əsərlərinin bir qismi yer alıb. XX yüzilin əvvəllərindən başlayaraq, xüsusilə də Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılmış Xüsusi Təhqiqat Komissiyasının araşdırmalarına əsasən toplanılan faktlar əsasında o dövrdə soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlı kifayət qədər bilgi almaq olur. A.Paşayev bu məlumatları elmi şəkildə, tarixi prinsiplər əsasında sistemləşdirərək oxucuya təqdim edir, məntiqli nəticələr çıxarır. Məlum olur ki, Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin martında daha dəhşətli şəkildə həyata keçirilmişdi. Soyqırım Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçay, eləcə də Güney Azərbaycanın Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də törədilmişdi.

Bakıda 1918-ci il mart faciəsi ilə bağlı A.Paşayev ermənilərin Bakıda qırğın törətmək istəklərini tədricən planlaşmış şəkildə yaratdıqlarını sənədlərin, faktların dili ilə əsaslandırır: «1918-20-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişdilər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında yenə də Bakıdan başlayıb. Özübu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanıb amansızlıqla həyata keçirilmişdi. Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin Birinci Dünya Müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgəsini tərk etməsi olmuşdu. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş daşnak Stepan Şaumyan məharətlə istifadə etdi».

Tədqiqatçı qeyd edir ki, Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzədə baş verən hadisələrin səbəbkarının ermənilər olduğu açıqca görünür: «1918-ci il martın 17-də silahla ehtiyatsız davranmış və həlak olmuş Məmməd Tağıyevin cənazəsini Bakıya müşayiət edən müsəlman diviziyasının böyük bir dəstəsi Lənkərana yola düşmək istəyir. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizyonundan tərkisilah olunmağı tələb edir. Rədd cavabı aldıqda gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Sabahısı gün şəhərin erməni hissəsində silahlı erməni əsgərləri görünürlər. Onlar şəhərin bütün küçələrində səngərlar qazır, torpaqdaşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində səngərlər qazmağa başlayırlar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binası «İsmailliyə»də azərbaycanlıların yığıncağı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gəlir, erməni milli şurası və Daşnaqsütyun partiyası adından bildirir ki, əgər azərbaycanlılar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklər».

Ertəsi gün martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda ermənilərin yalan vədlərinə arxayınlaşmış şəhərin azərbaycanlı hissəsinə hücum başlanır: «Hücumda yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirlər. Xəzərdəki hərbi gəmilər ermənilərin provakasiyası ilə şəhərin azərbaycanlılar yaşayan hissəsini top atəşinə tuturlar. Ermənilər rus matroslarını inandırmışdılar ki, şəhərdə müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə toxunmurlar, top atəşini dayandırmışdılar. Hücum ərəfəsində şəhərdəki bütün ermənilər şəhərin azərbaycanlı hissəsindən erməni hissəsinə keçmişdilər».

Ermənilər Azərbaycan türklərinə qarşı görünməmiş dərəcədə vəhşiliklər törədirlər: «Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan «Məmmədəli» və «Zibilli dərə» deyilən yerlərdə onların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, 3-4 günlük körpələri süngülərin ucuna keçirirdilər. Şəhərin bu hissəsində çox az adama qaçıb canını qurtarmaq nəsib olmuşdu.» Məruzədə göstərilirdi ki, bu vəhşiliklərin şahidi olmuş adamlar danışanda özlərini ağlamaqdan saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri yerli-yerində nəql edə bilmirdilər: «Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınları öldürür, çalalara dolduraraq torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyidi tapılıb. Şahidlər deyirlər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başıaçaq, ayaqyalın qabaqlarına qatıb küçələrə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər».

A.Paşayevin Azərrbaycan Xalq Cümhuriyyətinin tarixi, görkəmli şəxsiyyətləri, «Molla Həsrəddin» jurnalının nəşri tarixibaşqa mövzularda çoxsaylı araşdırmaları onun səbirlə, inadla bubaşqa istiqamətlərdə araşdırma apardığını sübut edir. Ədəbiyyat və İnacəsənət Arxivinin direktoru Maarif Teymur Ataxan Paşayev haqında həmkar sözünü belə ifadə edir: «Ataxan Paşayevi 50 ilə yaxındır tanıyıram. O, Azərbaycanda arxiv işi sahəsində onillərdir çalışan ilk milli kadrlarımızdandır. Bu sahədə bilik və bacarığını arxiv işinə gələn milli kadrlara həmişə böyük bir sevgiylə öyrədib. İndiki Ədəbiyyat və İncəsənət arxivinə rəhbərlik etdiyi dövrdən bəri onun həmkarlarına qayğısını, işinə məsuliyyətini görmüşəm. Arxiv işi çox çətindir. A.Paşayev həmişə peşəsini sevib, ona ürəkdən bağlanıb. Onu 75 yaşı münasibətilə ürəkdən təbrik edirəm».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 1 may.- S.14.