Burax məni hayqırım…

 

Məmməd Əmin Yurdakul (1869-1944)

 

Türkün səmasına qara buludların çökdüyü, nazlı ayparanın boynunu bükdüyü, türkülərdə hüznün hakim olduğu, ürəklərin şəhid olan insanlar və əldən çıxan torpaqlar üçün izdirabla çırpındığı qarışıq dövrlərdə azadlıq və istiqlala olan eşqi ilə milləti ayağa qaldırıb onu hücuma səsləyəcək olanlar heç şübhəsiz ki, əlində qələm tutanlardır.

 

«Burax məni hayqırım, sussam sən matəm et

Unutma ki, şairləri hayqırmayan bir millət

Sevənləri torpaq olan yetim bir uşaq kimidir»

 

Burax məni hayqırım — deyən Məmməd Əmin Yurdakul da bu xüsusa diqqət çəkirdi. Bu yazımızda Məmməd Əmin Yurdakulun həyatına, ədəbi şəxsiyyətinə, «Türk Yurdu Cəmiyyəti» və «Türk Ocağı»nın quruluşundakı yerinə, «Türk Yurdu» dərgisinin ortaya çıxmasındakı himmətinə və Milli Mübarizədə mənəvi cəbhəmizi təhkim edən səylərinə toxunacağıq.

Məmməd Əmin Bəy 13 may 1869-cü ildə İstanbulun Beşiktaş məhəlləsinda doğulub. Atası balıqçı Halım Ağanın oğlu Saleh Rəisdir. Anası, Edirne ətrafında Hasköydə yaşaya, əslən Şebinkarahisarlı, ata peşəsi kömürçülük olan Əminə Xanımdır. Hamdulla Suphi Tanrıöver Saleh Rəis üçün: «Adı dilimizdə hər zaman xatırlanmalı olan bu mübarək adam iliklərinə kimi Türk idi. Oxuyub yaza bilmirdi; lakin köhnə Türklərin, köhnə qəzavatların hekayəsi ilə dolu olan ruhu, tarixi sevər oğluna oxutduğu beytləri, səhifələri dinlədikdən sonra «Ey fani günlər — deyə keçmişə həsrət duyar, bu günlərə görə utanardı» — deyir.

Məmməd Əmin Bəy yeddi-səkiz yaşlarında Saray Məktəbi də deyilən Sübyan Məktəbinə getməyə başlayır. Üç il sonra Beşiktaş Əsgəri Rüşdiyesinə daxil olur. Ardınca Mülküyə Məktəbinin idarəetmə bölməsinə yazılır, ancaq təsdiqnamə alıb təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1887-ci ildə Babı — ali Sədaret Dairəsi Sənəd idarəsində maaşsız katib kimi fəaliyyətə başlayır. İki il sonra hüquq məktəbinə yazılır. Madam Muttun maddi dəstəyi ilə ABŞ-a getmək, orada ingilis dilində öyrənmək və təhsilini davam etdirmək xəyali Madam Muttun qəfil ölümü ilə yerlə yeksan edir, hüquq məktəbinə geri qayıtmır. Babıali qələmində üç yüz əlli quruşla katib işləməyə başlayır. 1890-cı ildə Əbuzziya Mətbəəsində nəşr etdirdiyi «Fəzilət və zadəganlıq» adlı risaləni Sədrəzəm Cavad Paşaya təqdim edir. Cavad Paşa risaləni bəyənir və Məmməd Əmin Bəyi Rüsumatin (vergi idarəsinin) rəisi Həsən Fehmi Paşaya təqdim edir. Həsən Fehmi Paşa, Məmməd Əmin Bəyi yeddi yüz quruş maaşla əvvəl Rüsum təhqiqat idarəsində katib, bir müddət sonra da vergi idərsində sənəd şöbəsinin müdürlüyünə təyin edir. Məmməd Əmin bəy bu dövrdə İstanbulda olan Cəmaləddin Əfqani ilə tanış olur. Əfqaninin müridinə çevrilir. Cəmaləddin Əfqani haqqındakı dəyərləndirmələrində ifrata varmır, amma onu yüksək qiymətləndirir. Heyrət Karamana görə, «XIX əsr Şərqin düşüncə və siyasət həyatında əhəmiyyətli yeri olan Əfqaninin həyat hekayəsində hələ işıqlandırılması lazım olan nöqtələr mövcuddur. Bu vəziyyət özünün çox hərəkətli bir həyat yaşamış olmasından və qaynaqlarda bulunan məlumatlardakı ziddiyyətlərdən irəli gəlməkdədir

Ancaq bu dəqiqdir ki, «….bu böyük İslam mücəddidi, Türk vətənində Məmməd Əmin bəyi taparaq xalq dilində, xalq vəznində milliyyətpərvəranə şeirlər yazmasını təşviq etmişdir» (Ziya Gökalp). 1897-ci ildə yunan müharibəsi əsnasında Selanikdə «Əsr» qəzeti və İstanbulda «Məlumat» məcmuəsində nəşr edilən

 

«Mən bir Türkəm dinim, cinsim uludur

Sinəm, özüm atəş ilə doludur

İnsan olan vətəninin quludur

Türk övladı evdə durmaz gedərəm»

 

Anadoludan bir səs, yaxud cəngə gedərkən — misraları ilə başlayan şeiri milli həyəcanı artırır. Bu şeiri 1899-ci ildə nəşr edilən «Türkcə şeirlər» adlı kiçik şeir kitabına da salır. «Türkcə şeirlər» nəşr olunan kimi vətənpərvər duyğuları özündə əks etdirdiyindən təqdirlə qarşılanır.

Uzun müddət vergi idarəsində sənəd şöbəsinin müdiri vəzifəsində çalışan Məmməd Əmin bəy, gizli bir cəmiyyət olan İttihad və Tərəqqi ilə münasibəti və şeirlərində dövlət əleyhinə fikirlər səsləndirdiyinə görə Ərzurum vergi idarəsinə və hökumətin ikinci dəfə elanından bir müddət əvvəl Trabzon gömrük idərsinə göndərilir. 1909-cu ildə ilk İttihad və Tərəqqi hökumət tərəfindən ona mətbuat naziri vəzifəsi təklif edilsə də qəbul etmir. Dəniz donanmasında müşavir vəzifəsini boynuna götürür, ancaq qısa müddət sonra istefa verir.

Daha sonra bir il ara ilə Hecaz və Sivas qubernatorluğunda çalışır. 1910-cu ildə istefa verərək İstanbula qayıdır. Bu zaman 1908-ci ilin sonlarında aralarında Yusuf Akçura, Nəcib Asam və Uşaq Çələbi, Müftüoğlu Əhməd Hikmətin də olduğu bəzi ziyalılar tərəfindən Türk Dərnəyi qurulur və eyni adı daşıyan bir məcmuə nəşrə başlayır. Türk Dərnəyi daha sonra qurulacaq Türk dərnəklərindən fərqli olaraq Osmanlı qeyri-müsəlmanlarının və Osmanlı vətəndaşı olmayanların da üzv olmasına yol verir.

İttihat və Tərəqqinin rəsmiləri Məmməd Əmin bəyə «Türk Yurdu» məcmuəsindəki vəzifəsini tərk etməsini, İstanbul Mərkəzi mətbəəsinin müdirliyini qəbul etməsini təklif etsələr də Məmməd Əmin bəy qəbul etmir. 1912-ci ilin əvvəllərində «İttihat və Tərəqqi» Məmməd Əmin bəyi o istəməməyinə baxmayaraq vətənə xidmətin müqəddəsliyini qarşısına qoyurlar və o, Ərzurum qubernatorluğuna göndərilir. Məmməd Əmin bəy, «Türk Yurdu» cəmiyyəti və «Türk Yurdu» məcmuəsini Yusuf Akçuraya təhvil verərək Ərzuruma gedir. Ancaq 1913-cü ildə iqtidarını gücləndirən İttihat və Tərəqqi onu Sivas qubernatorluğundan istifa etməyə məcbur edir.

I Dünya müharibəsi dövründə Türk milləti birdən çox cəbhədə vuruşarkən Məmməd Əmin bəy Mosul millət vəkili idi. 1915-ci ildə «Dan səsləri» adlı kitabı nəşr olunur. Hərbiyə Nəzarəti, I Dünya müharibəsi zamanı Çanaqqala cəbhəsindəki bənzərsiz mübarizə və qəhrəmanlıqları təsbit etdirib bu qəhrəmanlıq dastanını digər cəbhələrə də yaymaq məqsədi ilə başlanan hərbi ədəbiyyatı yaratmaq fəaliyyətləri çərçivəsində İstanbul ədəbiyyat heyətini Çanaqqala cəbhəsinə göndərir.

Məmməd Əmin bəy də bu heyətə daxil idi və İstanbula qayıdandan sonra Çanaqqala qəhrəmanlarına ithaf etdiyi «Ordunun Dastanı» adlı kitabını nəşr etdirir. «Ordunun Dastanı» Mustafa Kamaldan bəhs edən ilk mənzum əsər olmaq baxımından önəmlidir. «Ordunun dastanı» kitabı «Orduya salam» və «Ordunun dastanı» adlı iki poemadan meydana gəlir. 678 misra olan «Ordunun dastanı» şeirinin son qitələri belədir:

 

«Ey, bu günə şahid olan sarp hasarlar

Ey, qəhrəman Məmməd Çavuş sipərləri

Ey, Mustafa Kamalların əziz yeri

Ey, torpağı qanlı dağlar, yanıq yarlar!

Sizlər burada gördügünüz böyük cəngi

Əldə qılınc parladıqca unutmayın;

Bu günü də bundan üç min il əvvəlki

Qəhrəmanlıq dövrü kimi unutmayın

 

1916cı ildə «Dəclə Qarşısında» adında müstəqil şeirlər kitabı, 1917-ci ildə «Hastabakıcı qadınlar» adlı kitabı nəşr olundu. Məmməd Əmin Bəy, 8 aprel 1921-ci ildə Ankaraya köçür. Milli mübarizə boyunca cəbhə gerisindən başda Ankara və Adana olmaq üzrə milləti səyə gətirmək üçün çalışır. Eyni əsər 1928-ci ildə «Mustafa Kamal» adı ilə təkrar nəşr olundu. «Kral Corc» mənsur əsəri ilə vətənə həyasızca və pərvasızca müsəllət olan «tək dişi qalmış canavar»a öz nifrətini bildirir.

Milli mübarizənin zəfərlə nəticələnməsindən sonra 2.TBBM Şebinkarahisar deputatı seçilir. Bir dövr sonra 3-cü dönəm Şebinkarahisar deputatlığı əsnasında Sərbəst Təriqətin qurucuları arasında Mehmet Emin bəyin də adı var. Qısa müddət davam edən bu sınağın nəticəsiz qalması maddi və mənəvi çətinliklərlə özünü göstərir. Daha sonrakı illərdə Atatürkün vəfalı tutumu ilə Urfa və İstanbul deputatı kimi Türkiyə Böyük Millət Məclisində yer alır. 1939-cu ildə nəşr etdirdiyi «Ankara» əsərində Atatürkü və inqilablarını nə qədər yüksək qiymətləndirdiyini yazır.

 

Gənc çağdaydım, özümü bir tikanlı yolda tapdım;

Hıçqırıqlar eşitdim, gül və bülbül bağlarından.

Fəlakətlər yığdım, Anadolu dağlarından;

Uzun sazlı aşiqlər diyarında şair oldum.

Həğmələr qoşdum, ahlarla, fəğanlarla Türk şeirinə,

Öz dilimlə hayqırdım, «Millətim, mənəm səni sevən- deyə;

Viran yurdun gəzdim, bir şəhərindən bir şəhərinə;

Saç və saqqal ağartdım mən də, «Vətən, vətəndeyə.

 

«Mənim ömrüm» — şeiriylə özünü izah edən vətənpərvər şair 14 yanvar 1944-cü ildə əbədiyyətə köçür. Çox sevdiyi vətən torpağıyla qucaqlaşan Məmməd Əmin bəy Zəncirliquyu qəbristanlığında dəfn olunur…

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- -3 may.- S.13.