Vətən həsrətli Almas İldırım

 

Maarif Teymur: «Dəhşətli əzab-əziyyətlərə tuş gələn ziyalılarımız heç zaman əqidələrindən dönməyiblər»

 

Onun topladığı bayatılar 1943-1947-ci illərdə İstanbulda «Azərbaycan nəğmələri» adı altında nəşr olunub

 

Azərbaycanın Sovet imperiyası tərəfindən işğalının 93-cü ildönümündə Vətəndən didərgin düşərək nakam tale yaşamış Almas İldırım haqında danışmaq gərəklidir. Ən azı ona görə ki, yeni nəsillər ulusumuzun azadlığı uğrunda canından keçənləri tanısınlar. Ötən yüzilin əvvəllərində Azərbaycanda milli mücadilə yönündə istəklər milli dövlətin qurulması ilə nəticələndi. Ancaq təəssüf ki, milli dövlətimizin ömrü uzun sürmədi. Bolşevik Rusiyası Azərbaycanı istila etdikdən sonra buradakı milli düşüncəli insanlara qarşı sözün hər mənasında repressiyalara başlandı. Repressiyalara, təqiblərə tuş gələn şəxslərdən biri də tanınmış şair Almas İldırım idi.

Azərbaycanda çox az adam tapılar ki, onun «Qara Dastan»ından, «Əsir Azərbaycanım»ından xəbəri olmasın. Adətən hər bir millət nəsə yaradanda onu artırmağa, qorumağa borcludur. Bir millət olaraq uca, qeyri-adi keyfiyyətlərimizlə yanaşı həm də yaratdıqlarımıza sözün əsl mənasında sahib dura bilməməyimiz də var. Almas İldırım irsinin tanınmış araşdırıcısı Maarif Teymur deyir ki, hər bir xalq qədimliyini, tarixi keçmişində baş verən qeyri-adi məqamları qorumağa, artırmağa borcludur: «Əgər xalq milli dəyərlərini qoruya bilmirsə, o zaman sabahını təhlükə altında qoyur. Ötən yüzil Azərbaycan xalqının taleyində çox keşməkeşli məqamlarla, tarixi hadisələrlə yadda qalıb. Hərdən mənə qəribə gəlir: görəsən, başqa millətlərin başına bu qədər bəlalar gəlsəydi, o, indi bizim kimi ayaqda dura bilərdimi? Düzdür, itkilərimiz az olmayıb, ancaq məhv olmamışıq. Bu qəbildən mədəniyyət, incəsənət xadimlərimiz xalqın milli ruhunun qorunması, zənginləşdirilməsi yönündə çox əziyyətlər çəkib. Onların faciəvi taleləri ilə barışması, əzablı həyat yolu bu gün hər birimiz üçün örnəkdir. Sürgünlərdə çürüyənlər, dəhşətli əzab-əziyyətlərə tuş gələnlər heç zaman əqidələrindən dönməyiblər. Belə şəxslərdən biri də şair Almas İldırımdır».

Almas İldırım 1907-ci ildə anadan olub. Gənc yaşlarından ədəbiyyata meylli olub. Azərbaycanda milli dövlətin qurulması, ədəbiyyatın, incəsənətin sırf milli yöndə inkişafı onun yeniyetmə duyğularına son dərəcə ciddi təsir edib. Azərbaycan bolşeviklər tərəfindən istila olunanda artıq onun həyata, dünyaya, yurda ciddi münasibəti formalaşmağa başlamışdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onun bəy nəslinə mənsubluğu sovet rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilir.

1926-cı ildə Süleyman Rüstəmlə birlikdə «Dün bugün» adlı şeir məcmuəsinin müəllifi olur. 1928-ci ildə şeirlərində ifadə olunan millətçiliyə görə Dağıstana sürgün edilir. Sürgündə «Dağlardan xatirələr», «Krımda axşamlar», «Səlimxan» və «Günah kimdədir?» və başqa şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb «Dağlar səslənərkən» şeirlər məcmuəsini nəşr etdirir. Kitab senzuradan keçmir, şair Azərbaycan Yazıçılar Birliyindən qovulur. Bu dəfə Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən agent (Əkbər Ruhi) belə nəticəyə gəlir: «A.İldırım ideolojimiz üçün zərərli bir insandır…».

1932-ci ildə Zivər xanımla ailə həyatı qurur. 30-cu illərdə onun imzası Aşqabadda məşhurlaşır. Aşıqlar onun şeirlərini toy şənliklərində oxuyurdular. Artıq Almas İldırım görür ki, izlənmələrdən qurtulmaq mümkün deyil, İrana mühacirət etməyə qərar verir. Ailəsi ilə gizli şəkildə ticarət karvanına qoşulub İrana yol alan Almas 3 aylıq cocuğunu da özü ilə aparır. İrana keçərkən həbs edilir. A.İldırımın xəfiyyə olduğunu zənn edirlər. 25 gün həbsdə qalır. Uzun müddət suda qalmaq onun böyrək xəstəliyi tapmasına səbəb olur. Bir müddətdən sonra xəfiyyə olmadığı bilinir, həbsdən buraxılır. Bir az Məşhəddə yaşayandan sonra Türkiyəyə gedir, Elazığ şəhərində yaşamağa başlayır. Davam edən can ağrıları gənc ömrünə ciddi şəkildə təsir edir. Böyrək xəstəliyindən əzab çəkən A.İldırım 1952-ci ildə 45 yaşında Malatyada vəfat edir.

Almas İldırımın həyat və yaradıcılığını tədqiq etmək həvəsindən danışan M.Teymur daha sonra deyir: «Ötən yüzilin 80-ci illərinin sonunda mərhum profesor Abbas Zamanov məsləhət gördü ki, Almas İldırımın həyat və yaradıclığını tədqiq edim. O zaman Almas İldırımla bağlı əlimizdə çox az soraqlar var idi. Bu sənədlərdən biri də 1925-ci ildə onun Bakı darülfunununda təhsil alması ilə bağlı idi. Azərbaycan bolşeviklər tərəfindən işğal edilənə qədər Almas İldırımın ailəsi imkanlı olması ilə tanınırdı. Vaxtilə Bakının Qala kəndində yaşayan ailəsi sonradan Çəmbərəkəndə köçübmüş. Hətta babasının və atasının 300 başa qədər iri buynuzlu mal-qarası varmış. Həm də ticarətlə məşğul olan atası və babası bolşeviklərin gəlişindən sonra əllərində olan bütün mal-mülkü dövlətə təhvil verirlər ki, onları sürgün etməsinlər. A.İldırım ailənin böyük oğlu olub».

1989-90-cı illərdə uzun axtarışlardan sonra araşdırmaçı Almas İldırımın xeyli həcmdə şeirlərini toplamağa müvəffəq olur: «1925-ci ilə aid Almas İldırımın avtoqrafı olan bir sənəd əldə etdim. Azərbaycan müstəqillik qazanan ərəfədə və ondan sonrakı mərhələdə Almas İldırım barəsində mətbuatda, radio-televiziyada bilgilər verilməyə başlandı. Bu, soydaşlarımızın onun haqqında təəssüratlarının formalaşmasına səbəb oldu. 1994-cü ildə onun şeirlərindən ibarət «Qara dastan» adlı kitabı işıq üzü gördü. Həmçinin Almas İldırımın gəzdiyi, yaşadığı yerlərdə yaradıcı axtarışlar apardım».

Almas İldırımın folklor toplayıcılığı da xüsusilə diqqətə layiqdir: «Onun Türkiyədə yaşadığı dövrdə Azərbaycan bayatılarını böyük bir sayğı, həvəslə toplaması dediklərimizə sübutdur. Topladığı bayatıların sayı 100-dən çoxdur. Bu bayatılar 1943 və 1947-ci illərdə İstanbulda «Azərbaycan nəğmələri» adı altında nəşr olunub. Hazırda arxivimizdə Almas İldırımın adına olan 666 saylı fond onunla bağlı sənədlərlə zəngindir. Tədqiqatçılarımız ardıcıl olaraq fondun sənədləri ilə maraqlanır».

2005-ci ilin dekabrında M.Teymura Türkiyəyə getmək qismət olub: «Orada A.İldırımın yaradıcılığını tədqiq edən Ənvər Xoca adlı bir tədqiqatçı ilə görüşdüm. O, şairin elmi tərcümeyi-halını bizim tədqiqatlarımız əsasında hazırlamışdı. Türkiyədə olarkən şairin 7 yeni şeirini tapdıq. Elazığ şəhərində Almas İldırımın imzasını gözəl tanıyırlar. Mənə şairin vaxtilə yaşadığı evi də göstərdilər. Orada bizim Göy gölə oxşayan, ancaq balaca bir göl var. Danışırlar ki, Almas İldırım bu gölün sahilində tez-tez oturar, əsir düşmüş yurdunu xatırlayarmış. Hər il Almas İldırımın xatirəsinə həsr olunmuş «Xəzər axşamları» uluslararası şeir yarışmaları təşkil olunur. Almas İldırım 18 ilə yaxın bu şəhərdə yaşayıb. Sonradan Malatyaya gedib, bir neçə ay yaşadıqdan sonra orada vəfat edib. Almas İldırım hüquq kontorunda çalışır, həm də müəllimlik edirmiş. Bütün çətinliklərə baxmayaraq şairlik aqibətindən əl çəkməyib. Bu müddətdə Azərbaycanı bir an da olsun, unutmayıb, yurdumuzun vəziyyəti ilə daim maraqlanıb. Şair 40-cı illərə qədər Azərbaycanda yaşayan bacısı Sona xanımla ardıcıl olaraq məktublaşıb. İkinci Cahan Savaşından SSRİ-nin qələbə ilə çıxması imperiyanın yenidən «dəmir pərdə»ni gücləndirməsi ilə nəticələnir. Bununla da Almas İldırımın daim həsrətini çəkdiyi Azərbaycanla əlaqələri qapanır. 80-ci illərin ortalarında professor Abbas Zamanov Yavuz Akpınara məktub yazır, ondan Almas İldırım haqqında məlumat verməsini xahiş edir. Hazırda A.Zamanovun məktubları onun öz adına olan fondda saxlanılır. Təxmin etmək olar ki, xəstəlikdən əziyyət çəkən, vətən həsrətli A.İldırım digər tərəfdən də maddi qayğıların əsiri idi. Almas İldırımın adına olan fondda onu tanıyanların xatirələrini toplamışıq. Yaradıcılığında qəriblik, qürbət mövzusu xüsusi yer tutur. Onun xəmiri vətənə sevgi ilə yoğrulmuşdu. Almas İldırım sovet quruluşuna bir şeir belə həsr etmədi. 1936-cı ildə məşhur «Əsir Azərbaycanım» şeirini yazdı. 50 misralıq «Qara dastan» özündə böyük bir tarixi yaşadır».

Bu gün Almas İldırımın yaradıcılığından soraqlar orta məktəblərin «Ədəbiyyat» dərsliklərinə daxil edilib. Tanınmış ozan Araz Elsəsin ifasında «Əsir Azərbaycanım» mahnısını hər bir soydaşımız böyük bir sevgi ilə dinləyib. Tanınmış bəstəkar Eldar Mansurov Almas İldırımın bəzi şeirlərinə mahnı bəstələyib.

İllər qabaq Bakıya qonaq gələn şairin oğlu Azər Almasla görüşümü xatırlayırım: çox sevdiyi Vətəni Azərbaycanda olmağının fərəhini sözlə ifadə etməkdə çətinlik çəkirdi, 1990-cı ildən bəri Azərbaycana gəlib-getdiyini deyirdi. Ana dilimizdə də yaxşı danışırdı. Almas İldırımı bir ata, şair, cəfakeş yurdsevər olaraq tərənnüm edirdi. Danışırdı ki, uşaqlığı 5-6 yaşından üzü bəri yadına gəlir: «Elazığda böyüdüm, boya-başa çatdım. Bu, mənim Almas İldırımlı günlərim idi. İlk duyduğum bu oldu ki, ağlım kəsəndən, gözümü dünyana gen açandan ailəmizdə yalnız «Azərbaycan» kəlməsini eşitdim. Atam mənə Türkiyənin xəritəsindən əvvəl Azərbaycanın xəritəsini göstərdi və öyrətdi. Atamın bütün dərdi-səri Azərbaycanla bağlı idi. Hər halda vətənini bu dərəcədə sevən adamlar çox olmur. Atamı ailə qayğıları bütün çətinliklərə baxmayaraq o qədər də düşündürməzdi, nəinki gecə-gündüz Azərbaycanın taleyini düşünürdü. O, vəfat edərkən 18 yaşımda idim. O zaman biz Malatyada yaşayırdıq, atam nahiyə müdiri işləyirdi. Təbiidir ki, yanımızda qohum-əqrəba yox idi. Atam dövlət törəni ilə torpağa gömüldü. İllər uzunu idi ki, o, böyrəklərinin bərk soyuqlaması nəticəsində yaranan fəsadlardan əzab çəkirdi. Ölən zaman gənclik onun arxasınca «Gülə-gülə, qoca türk» dedi. Mən 8 yaşında ikən öz otağında Azərbaycan köşəsi yaratmışdı. Yadımdadır, bütün məktəbyaşlı şagirdləri gətirər, Azərbaycanın xəritəsini onlara göstərər, «Azərbaycan buradır» deyə onlara başa salardı. Əlləri ilə bezin üstündə xəritə cızmışdı. Anam onun cızqılarını tikmişdi. Bakıya son gəlişimdə həmin xəritəni Əlyazmalar İnstitutuna təqdim etdim. Atam həmin xəritəni «Əsir Azərbaycanım» adlandırırdı. Xəritənin üzərində Azərbaycanın şəhərlərinin adları yazılmışdı. Həmin xəritəni bütünlüklə əzbərləmişdim». Almas İldırımın və Əhməd Cavadın şeirlərindən ibarət kitab 2006-cı ildə çap olunub. Kitabda hər iki şairə məxsus bir neçə şeir var ki, ilk dəfə bu kitaba daxil edilib.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 4 may.- S.13.