Qarabağ xanlığının işğalı

 

Kürəkçay faciəsi — Qarabağın Rusiya imperiyası tərəfindən faktiki işğalı tarixidir

 

208 il qabaq mayın 14-də Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında «Kürəkçay» müqaviləsi bağlandı. Bu dönəm Qarabağın Rusiya imperiyası tərəfindən faktiki işğalı tarixidir. Ötən onillərdə Qarabağın başına gələnlər Rusiyanın bu tarixi bölgəyə daim imperiya maraqlarından yanaşdığını dəfələrlə sübut etdi. Rusiya-İran müharibəsinin (1804-1813) ilk yekununa əsasən birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi mayın 14-də, ikinci müqavilə mayın 21-də imzalandı. Kürəkçay müqavilələrinə əsasən, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasına birləşdirilirdi. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Ancaq 1 il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildi. Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.

1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi «Gülüstan» müqaviləsinə gətirib çıxartdı. Həticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Tarixçi-alim Vaqif Abışov bildirir ki, həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi.

Qarabağ xanlığı 1748-1805-ci illərdə çağdaş Azərbaycan Respublikasının ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olub. Başqa Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranıb və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilib. «Gülüstan» və «Türkmənçay» müqavilələri nəticəsində Rusiya imperiyasının, daha sonra Sovet Azərbaycanının tərkibində olub. Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə gələn Nadir şahın öldürülməsi nəticəsində yaranmış Azərbaycan xanlıqlarından idi. Xanlığın əsasını Pənahəli bəy 1748-ci ildə qoyaraq özünü xan elan etmişdi. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi. Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. Şuşa qalası daha məşhur idi: əlçatmaz dağlarda yerləşirdi, tədricən xanlığın iqtisadi, siyasi paytaxtına çevrildi.

Tarixçi Mirzə Adıgözəl bəyin və başqalarının yazdığına görə, Şuşada həmişə barıt istehsal edən zavod işləyirdi. Xəncər, qılınc hazırlayan sənətkarlar, misgərlər daşdan müxtəlif istehsal vasitələri — dəyirman daşları, kirkirələr, daş qazanlar və başqa əşyaları hazırlayn ustalar da Şuşada yerləşirdilər. Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri daşdan və taxtadan hazırlanırdı. Bazar günləri isə istər Şuşada (həm də qala ətrafında) və bir çox mahallarda yarmarka tipli ticarət həftə bazarı təşkil edilirdi. İbrahim xanın dövründə xanlığın tacirləri Şəki, Şamaxı, Gəncə xanlıqlarında istehsal olunan ipəyi alıb onu xarici bazara çıxara bilmişdilər. Məşhur Qarabağ atları, Qarabağ xalçaları da ticarətin mühüm sahələri idi. İrana aparılan malların şəhərlər üzrə kömrük xərci müəyyən edilmişdi. Türkiyə Qarabağ tacirlərini özünə cəlb etmək məqsədilə onları bu xərcdən azad etmişdi. Qarabağ xanlığının heç yerdə işlənməyən özünəməxsus ölçü vahidləri vardı. Şuşada məşhur daş karxanaları ilə yanaşı 2 kərpic zavodu da vardı. Sabun bişirən müəssisə şəhəri və ətrafı sabunla təmin edirdi.

Qarabağ xanlığının Rusiya tərkibinə daxil edilməsi ərəfəsində Şimali Azərbaycanda əhalinin sayına görə Şirvan xanlığından (135.000) sonra ikinci yerdə olmuşdu. Həmin dövrdə Qarabağda 1 şəhər, 638 kənd olmuşdu, əhali 90 min nəfərə çatırdı. Salnaməçilərin fikrincə, xanlığın varlığı dövründə əhalinin sayı və sıxlığı təxminən iki dəfə artmışdı. Rusiya-İran müharibəsinin II hissəsinin qurtarmasını bildirən Türkmənçay sülh müqaviləsinin XV bəndinə əsasən ermənilərin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəticədə İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürüldü. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürüldü. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdı. Q.D.Lazarev, İ.F.Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürməyə çalışırdılar. Bu da təsadüfi deyildi, Osmanlı imperiyası, gürcü xanlıqları, İranla isə Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün gözəl ərazi idi. Buna görə də ermənilərin sonradan bura köçürülməsinə başlandı.

V.Abışov «Türkmənçay» müqaviləsinə qədər olan dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizə edir: «O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3 qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalına başlanıldı. 1804-cü ilin yanvarında Gəncə xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlar Rusiyaya meyl etməyə başladılar. Artıq qorxu prinsipi yaranmışdı. Qorxu həm də Qacarlar sarıdan idi. Gəncə xanlığı işğal olunandan sonra Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsinə keçmək haqqında razılığa gəlirlər. Azərbaycanın şimal xanlıqları birləşə bilmədilər. Rusiya bu vəziyyətdən məharətlə istifadə etdi, I Pyotrun vəsiyyətinə uyğun olaraq Azərbaycan xanlıqlarını işğala girişdi. Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər».

1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan «Kürəkçay» müqaviləsinə əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyub saxladı. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi.

Qısaca müqavilə haqda: «Kürəkçay» müqaviləsi Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədədir.

Kürəkçay çayı sahilində Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə Şəki xanı Səlim xan tərəfindən imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atıb. M.Adıgözəl bəy və M.Camal Cavanşir əslində Şəki xanlığının Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində Rusiyaya tabe edildiyini yazırlar: «Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi».

Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları müqavilə göstərir ki, imperiya Azərbaycan torpaqlarını işğal edib, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətiriliblər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur.

Bu hadisədən sonra Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya imperiyasından az sonra bərk ehtiyatlandığından 1805-ci il dekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi, «Kürəkçay» müqaviləsinə qoşulduğunu bəyan etdi, ərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min çervo xərac verməli idilər. Xanların hər birinə çar general-rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqı kəsilirdi.

Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi. Bu məqamlarda Azərbaycan xanlıqları artıq vəziyyətdən salamat çıxmaq haqqında da düşünməyə başladılar. Ancaq bəziləri üçün bu, fəlakətlə nəticələndi. Qarabağ xanı İbrahimxəlil xan ruslar tərəfindən qətlə yetirildi. Bu mənada Türkmənçay fəlakətinə qədər olan mərhələdə Azərbaycan xanlıqlarının daxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istər-istəməz dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhuna yetkin səviyyədə kökləndirilməməsi böyük mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları — Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Ancaq təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini gerçəkləşdirməkdə Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən gerçəkləşmədi.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 14 may.-S.14.