«Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz?»

 

Ömər Faiq Nemanzadə zəmanəsinin bütün insanlarını «geri qalan camaatın dərdinə qalmağa» çağırırdı

 

XX əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə «Qeyrət» mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.

Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı: «…Gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti dövründə o, dostu (C.Məmmədquluzadə) ilə əl-ələ verib irticanın hücumlarını dəf etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi». Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparmışdır. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: burada mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir. Onun yazıları «Şərqi-Rus», «Tərcüman», «Molla Nəsrəddin», «İrşad», «Həyat», «Açıq söz», «Sərvəti-fünun» və s. ədəbi məcmuələrdə çap olunurdu. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən «Heyrani», «Məşrutəçi», «Lağlağı», «Ümidvar», Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: «…Lakin ümidvar ümidini itirmirdi və ən əsası isə onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı, çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı — Ümidvarın qələmi ümid saçırdı».

Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu isə elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: «…Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz

Ömər Faiq zəmanəsinin bütün insanlarını — şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları «geri qalan camaatın dərdinə qalmağa» çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».

Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə — mətbuatda görürdü. Onun fikrincə «hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir Xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: «Onun (Ömər Faiqin -O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş, xalqının səadəti, tərəqqisi üçün elm, təhsil, məktəb, maarif, dil saflığı, əlifba, fəhlələr üçün həmkarlar təşkilatının zəruriliyi, tətil azadlığı, milli gəlir və sairə kimi ən vacib məsələlərdən yazmışdır».

«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»- deyən müəllif öz həmvətənlərini mənfəətxorlara, dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə», «dəhşətli vaqiələrdən» ayıltmağa səsləyirdi. Ömər Faiq Nemanzadə bütün publisistik yazılarında xalqla xalqın öz dilində danışırdı. Xalqa olan inamın nəticəsidir ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı: «Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».

Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı ki, «…Milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq» və s.. «Yazımız, dilimiz», «İkinci il»imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar».

«Eşq və məhəbbət» məqaləsində Ömər Faiq qeyd edir ki, dilimiz dünyadakı asan və gözəl dillərdən biridir. O, ana dilimizə həqarətlə baxanları və bu dildə danışmağı şəninə kəsir bilənləri kəskin tənqid edərək yazırdı: «Bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik

Xalq yazıçısı Elçinin qənaətinə görə «Faiqin yaradıcılığında xalqa məhəbbət anlayışı ilə dilə məhəbbət anlayışı bir-birindən ayrılmazdır, küll halındadır, bütövdür». Ana dilinə olan məhəbbətini onun milli təəssübkeşliyi ilə əlaqələndirən yazıçı fikrini aşağıdakı cümlələrlə yekunlaşdırır: «…Faiq üçün Azərbaycan dilinin təmizliyi və inkişafı uğrundakı mübarizə bilavasitə milli azadlıq və inkişaf uğrundakı mübarizənin əsas mərhələlərindən biri idi və bu son dərəcə aktual problem onun yaradıcılığında bir ana xətt təşkil edirdi. O, bir tərəfdən dilşünas — alim kimi elmi mülahizələrini söyləyir, digər tərəfdən isə publisistikası ilə Azərbaycan dilinin qarşısına çəkilən sədləri dəf etməyə, dili alçaldanların, ona yuxarıdan aşağı baxanların əsl simasını açıb xalqa göstərməyə çalışırdı və onun publisistikasının həyatiliyi, istedadı, hərarəti bu istəyə nail olurdu». Ömər Faiq Nemanzadə qabaqcıl bir ziyalı kimi millətin tərəqqisi yolunda görülən hər işi təqdir edirdi. Vaxtilə tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı qızlar məktəbinin fəaliyyətindən sevinərək Türkiyədə nəşr olunan «Sərvəti — fünun» qəzetinə bu barədə geniş məqalə yazmışdır.

Böyük maarifçi-publisistin fəaliyyəti çoxşaxəli olduğu qədər də zəngin olmuşdur. Ömər Faiq qeyd edirdi ki, hər bir kəs «öz millətini tanıyıb onun yolunda ağladığı, onun uğrunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada çaşıb qalmışız. Məqalədə müəllifin insan və millət haqqında düşüncələrini ehtiva edən cümlələrlə rastlaşırıq. «Sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir» deyənlərə özünü tanımağı, özünü dərk etməyi xatırladır. Soydaşlarına müraciətlə deyir ki, «niyə sənə «kimsən?» dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk olacaqsan».

Müəllif qeyd edir ki, dünyada şiə, sünni, babı, şeyxi adları yox ikən Türk adı var idi. Milli mədəniyyətimizin qədimliyindən söz açan məqalə müəllifi onun dünyada tanınmasını, xüsusilə yurddaşlarının öz varlığını, öz vücudunun qiymətini bilməyi, qəflət yuxusundan ayılmağı, özünə gəlməyi obrazlı bir dildə bəyan edir. Ömər Faiq dünya mədəniyyətinə qısa nəzər salır, bir sıra xarici ölkələrlə qədim türk mədəniyyətini müqayisə edir, müqayisə edərək də üstünlüyü xalqın əsrlər boyu yaratdığı və yaşatdığı zəngin sənət nümunələrinə verirdi.

Öncə qeyd etdiyimiz kimi, dil problemi Ömər Faiq yaradıcılığının əsas cövhəridir, mayasıdır, onun təməlini təşkil edir. Publisistik və mətbu fəaliyyətinin bütün mərhələlərində dil məsələsini diqqətdə saxlayan Ö.F.Nemanzadə bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu kompleks halda dəyərləndirmişdir. «Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır» — söyləyən Ömər Faiq bu problemin nə qədər ciddi olduğunu vurğulayır və yazır: «Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 14 may.- S.13.