15 May - Beynəlxalq Ailə
Günüdür
Azərbaycan cəmiyyətində ailə
hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə
ailə cəmiyyətin
əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
Bu mənada ailə
Azərbaycan dövləti,
Azərbaycan cəmiyyəti
üçün həmişə
müqəddəsdir.
“Zaman-Azərbaycan” qəzeti
öz saylarında bu mövzuya xüsusi önəm verir. Bu dəfə sizə Mingəçevirin
nüfuzlu ailələrindən
biri barədə məlumat verəcəyik.
Həmin
ailənin başçısı
uzun müddət müəllim kimi fəaliyyət göstərmiş,
hazırda təqaüddə
olan Sahib Hüseynovdur.
“Yaxşı münasibətlər,
saf niyyətlər üzərində qurulmuş
ailə həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl örnəkdir”, - sözləri
ilə söhbətə
başlayan Sahib müəllimin fikrincə,
cəmiyyətin əsasını
təşkil edən ailə müqəddəs
bir ocaqdır. Bu ocağın qorunması
isə onu quran tərəflərdən
çox asılıdır.
Daha sonra o, öz ailə tarixçəsindən söz
açdı: “1969-cu ilin
iyun ayında Gədəbəy rayonunun sayılıb seçilən
ailələrindən birinin
qızı ilə evlənmişəm. Onu da deyim ki, biz bir-birimizi
sevərək, heç
bir kənar müdaxilə olmadan ailə həyatı qurmuşuq. 3 övladımız,
5 nəvəmiz var. Övladlarımın
üçü də
ali təhsil
alıb. Onların tərbiyəsi sarıdan
da heç bir narahatçılığım
yoxdur. Buna görə həyat yoldaşıma minnətdaram.
Yəni
o, onların təlim-tərbiyəsi
ilə məndən çox məşğul olub. Yeri gəlmişkən, mənim fikrimcə, imkan daxilində kişinin həyat yoldaşının işləməməyi,
evdə oturub uşaqlarına baxmağı
daha yaxşıdır”.
Dediyinə görə,
elə bu səbəbdən həyat
yoldaşını işləməyə
qoymayıb: “Aza qane olub, övladlarımın
tərbiyəsini hər
şeydən vacib saymışam”. “Bəs ailədaxili problemləri necə həll edirsiniz?” sualına müsahibimiz: “Yalnız və yalnız aramızda olan mehribançılıqla”, - cavabını
verdi və
əlavə etdi: - Öz müşahidələrimə
əsasən deyə bilərəm ki, mehriban ailədə hər dürlü problemi çözmək mümkündür.
“15 mayın Beynəlxalq Ailə Günü kimi qeyd olunmasını
bilirsinizmi?” sualı isə Sahib müəllimin,
deyəsən, xətrinə
dəydi: “Ay bala, niyə bilmirəm, üstəlik, imkan daxilində hər il ailəmizdə bu günü də qeyd edirik.
Mənim
fikrimcə, ailə ilə bağlı keçirilən hər bir tədbir önəmlidir. Belə tədbirlər
gənc ailələrin
formalaşmasında mühüm
rol oynayır”. Bir qədər fikrə gedəndən sonra dedi: “Son zamanlar yeni qurulan ailələrin
bəzilərinin ömrü
az olur. Bu
isə həmin ailələrin sağlam təməl üzərində
qurulmamasından irəli
gəlir. Ona görə
də mənə elə gəlir ki, ailələrlə, xüsusilə, yeni ailə həyatı quranlarla maarifləndirici tədbirlərin mütəmadi
aparılması vacibdir.
Bilirsinizmi, ailə özü
mikrodövlətdir, yəni
kiçik bir dövlətdir. Bu isə o deməkdir ki, dövlətdə nə qədər qanunlar varsa, onların hamısı da bu kiçik
dövlətə şamil
olunmalıdır. Ailədə dünyaya gələn uşaq da görəndə
ki, onun boya-başa çatdığı
mühit qanunlarla idarə olunur, o da buna riayət
edəcək.
Bala, qayda-qanun
olan yerdə xoşbəxtlik olan şeydir, yəni qayda-qanun hər bir ailənin xoşbəxtlik açarı
olmalıdır. Yenə təkrar edirəm,
bunun da mayasını sevgi, qarşılıqlı anlaşma
təşkil etməlidir.
Bir də, gənclərə məsləhətim
budur ki, ailə quracaqları şəxsin zahirindən çox, onun daxili aləminə bələd olmağa çalışsınlar”.
Sahib müəllim daha sonra bildirdi:
“Etiraf edim ki, bəzi qadınlar
bir balaca maddi sıxıntı ilə qarşılaşanda
ailədə müxtəlif
söz-söhbət yaradırlar.
Hətta bəzi qadınlar bu kimi sıxıntıları
aləmə də bəyan etməyə can atırlar. Amma həmin qadınlar
unudurlar ki, onlar bununla mənsub
olduqları ailənin
təməl daşlarını
dağıdırlar. Qadın hər
cür çətinliyə
qatlaşmağı da
bacarmalıdır. Yadıma düşmüşkən,
son zamanlar telekanallarda
ailə ilə bağlı verilişlər
nümayiş etdirilir.
Orada elə məsələlərdən danışırlar
ki, adam
lap xəcalət çəkir.
Axı dədə-babalarımız da
deyib ki, ailə söz-söhbətsiz
olmaz, ailənin sirrini ancaq dörd
divar bilər. Daha nəyə lazımdır
ailədə yaşanan
xırda problemi ekranlara daşımaq?
Nə gizlədim, mən belə verilişlərin qəti əleyhinəyəm.
Zənnimcə, bizim ziyalılar
da bu məsələyə
müdaxilə edib, belə verilişlərə
son qoyulmasına çalışacaqlar.
Demirəm ki, ekranlarda
ailə ilə bağlı verilişlər
olmasın. Olsun, amma
maarifləndirici olsun.
Qoy gənclərimiz həmin verilişlərə baxıb,
özlərinə nəsə
götürə bilsinlər”.
Sahib müəllim söhbətini bu sözlərlə tamamladı:
“Bala, bilirəm, indi ailələr barədə yazı yazmaq heç də asan deyil.
Çünki ailə haqqında
hərənin öz fikri var. Bunlar da mənim fikirlərim
idi”.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 15 may.- S.14.