19 May — Türklüyün
tarixində dönüş
yaradan ulusal olay
Bu günü yaradan isə Atatürk idi
Tarixdə böyük mərhələlər
yaşanır, ötür,
ancaq onun içərisindəki ciddi
hadisələrin mənası
ölmür, itmir, ulusun ruh yaddaşına
yazılır, yüzillər
boyunca ona mənəvi güc verir. 19 May bu mənada
türklüyün tarixində
ciddi olaylardan biridir. Atatürkün qəhrəmanlığı — türklük ruhunu gerçək əməldə
bənzərsiz şəkildə
gerçəkləşdirməsi oldu. Mustafa Kamal Atatürk 1919-cu il
mayın 19-da Samsuna gəldi: bu, Türkiyənin tarixində
ciddi bir dönüş, xalqın,
dövlətçiliyin təsdiqinin
başlandığı gündür.
Bu günü yaradan isə Atatürk idi.
Türkiyəni Atatürkün varlığı,
yenilməz cəsarəti
xilas etdi. Milli kimliyimizi,
xarakterimizi, bəşəri
siqlətimizi, insansevərliyimizi
çağdaş dünya
gözəl tanıyır,
bilir, tanıdığı
dərəcədə də
görmək, etiraf etmək istəmir.
Çağdaş dönəmdə dünyada
türklüyə qarşı
açıq və gizli savaşların açıldığı bir
zamanda Atatürkü hər an yaşatmaq
gərəkdir. Əgər türklüyümüz
yaşayırsa, deməli,
Atatürk də yaşayır. Atatürk
az qala
yox yerdən Türkiyə yaratdı, onu var elədi.
İndi Türk xalqı o dərəcədə milli
ölçüyə əsaslanmalı
və özgəliklərdən
imtina etməlidir ki, varlığını
qoruyub saxlaya bilsin. Bu, Atatürkün
şəxsi, şöhrəti
üçün gərək
deyil, Türk xalqının sabahı üçün gərəkdir.
Atatürkün min bir əzabla
qurduğu Türkiyə
Cümhuriyyəti ideoloji
sarıdan mahiyyətcə
çıxış yolu
tapa bilmədi. Atatürk sözün böyük mənasında sərkərdə,
qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya
isə Türkçülük,
Batıçılıq və
İslamçılığın vəhdəti idi. O zaman Atatürk daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu,
bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə
ehtiyatlı olmalı idi. Atatürkdən sonra tədricən onun xətti inkişaf etmək əvəzinə səngidi:
o, siyasi gedişlərdən
çox üstün idi. Ölkədə dinin hegemonluğuna
son qoydu.
Mustafa Kamal Atatürk
1896-1899-cu illərdə Manastır
Hərbi məktəbini
bitirərək İstanbul
Hərb məktəbində
təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə
kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi
alır. Sonra Manastıra
3-cü Orduya təyin
olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya
göndərilir, Pikardi
Manevralarında iştirak
edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində
xidmətə başlayır.
Türk-İtalyan müharibəsində bir qrup yoldaşıyla
Tobruk və Dərnə bölgəsində
xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə
qalib gəlir. 1912-ci ilin martında
Dərnə komendantı
təyin olunur.
1912-ci ilin oktyabrında
Balkan müharibəsi başlayan
vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak
edir. Dimetoka və Ədirnənin
geri alınmasında böyük xidmətləri
olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə
yüksəlir. Hərbi Ataşe
vəzifəsi 1915-ci ilin
yanvarında sona çatır. Bu müddət ərzində
I Dünya Müharibəsi
başlayır, Osmanlı
İmperatorluğu müharibəyə
girmək məcburiyyətində
qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir,
Çanaqqalada Antanta dövlətlərinə qarşı
vuruşlarda böyük
şücaət göstərir.
Bu tarix türkün
varlığını sübut
etməsi baxımından
möhtəşəm əhəmiyyətə
malikdir. Bu savaş türkün Vətəninin içində
ona düşmən kəsilənlərə, onu
məhv etmək istəyənlərə qarşı
hünəri və ləyaqəti ilə dov gəlməsi idi. Məhz 1915-ci ildə Çanaqqala
uğrunda aylarla sürən savaşlar zamanı türkün düşmənlərinin məqsədi
çökməkdə olan
Osmanlı imperatorluğunun
timsalında Türkiyəni,
türklük duyğusunu
yer üzündən silmək, onu tamamilə dövlətsizləşdirmək
idi. Çanaqqala savaşı, bu
savaşda türklərin
dünyanı heyrətə
gətirən döyüşkənliyi
artıq 100 ilə yaxındır ki, heyrətamiz formada müzakirə mövzusu olaraq qalır. Bir xalqın özünü ən təhlükəli,
ölümcül məqamda
belə ayaqda saxlaması, qətiyyən
ümidsizləşməməsi, təhlükəyə qarşı
durmaq qüdrəti, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına
inanan, imkansızlıqdan
imkan yaradan, məğlubiyyəti ölüm
sayan türk mahiyyətcə həmişə
qələbə haqqında
düşünüb və
əksər hallarda buna nail olub. Çünki türk ruhunun
mayası başdan-binadan
xeyirlə yoğrulub.
Çanaqqala Birinci Dünya
Savaşı zamanı
Türkiyənin çarpışdığı
on cəbhədən biri
idi. Bu mübarizədə
Türkiyə müttəfiqlərindən
gözlədiyi yardımı
ala bilmədi. Ümumiyyətlə, Çanaqqala savaşları
8 ay yarım sürdü.
Bu savaşlar hər iki tərəf
üçün böyük
itkilərə səbəb
oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə
70 min əsgər göndərmişdi.
Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı.
Bunun 400
mini ingilis, 79 mini isə
fransız ordusundan idi. İngilislər
115 min ölü, yaralı,
əsir və məmələkətinə göndərilən
90 min xəstə olmaqla
205 min nəfər itirdilər.
Fransızlar isə 47 min nəfər
əsgər itirmişdilər.
Türklər bu döyüşlərdə
250 mindən çox əsgər itirdilər.
Çanaqqala döyüşündən sonra
1916-cı ildə Ədirnə
və Diyarbəkirdə
vəzifə alır,
general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin
ruslardan geri alınmasını təmin
edir. 15 avqust
1918-ci ildə Hələbdə
7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı
uğurlu müdafiə
təşkil edir.
Mondros Müqaviləsinin imzalanmasından
bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları qrupuna komandir təyin edilir, bu ordunun
ləğv edilməsindən
sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək
Müdafiə Nazirliyində
vəzifəyə başlayır.
Antanta dövlətlərinin Osmanlı
ərazilərini işğala
başlamalarından sonra
Mustafa Kamal 19 May 1919-cu ildə
Samsuna gəlir. 23
iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 Sentyabr
1919-cu ildə Sivas Konqresini
çağıraraq ölkənin
işğaldan təmizlənməsi
üçün izlənməli
yolu müəyyən
edir. 1919-cu ilin
dekabrında Ankarada həyəcanla qarşılanır.
23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla
Türkiyə Cümhuriyyətinin
qurulması yolunda əhəmiyyətli addım
atılır. Məclis və
hökumət başqanlığına
seçilərək Türkiyə
Böyük Millət
Məclisinin Qurtuluş
Mübarizəsinin uğurla
nəticələnməsi üçün
gərəkli qanunları
qəbul edib tətbiqinə başlamasını
təmin edir.
Bu gün Ankaranın
ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını
Türkiyənin sözün
əsl mənasında
yox olmaqdan qurtarmış böyük
Atatürkə bir daha insani sayğı
üstə kökləyir. Məhz onun
fitri sərkərdəlik,
dövlətçilik, qəhrəmanlıq
keyfiyyətləri sayəsində
artıq çökməkdə
olan Osmanlı imperatorluğunun qalıqları
üzərində Türkiyə
Respublikası quruldu.
Az bir
vaxt ərzində Türkiyə dövlətini
qurmaq, onun ideologiyasını müəyyənləşdirmək,
dövləti daim ayaqda saxlamaq üçün perspektivlər
fikirləşmək Atatürkün
hünərli zəka
sahibi olduğunu sübut etdi. Adətən belə cəhətlər çox
az insanlara
nəsib olur.
Bu gün Türkiyədə
Atatürkə olan hücumların artması
müşahidə edilir:
onun həyatının,
fəaliyyətinin müxtəlif
məqamları məqsədli
şəkildə müzakirə
mövzusuna çevrilir.
Atatürkü təftiş etmək
əslində Türkiyə
dövlətçiliyini onun
şəxsiyyətindən məhrum etmək istəyi daşıyır.
Ancaq Atatürk ölməzdir,
o, türk dövlətçiliyi
tarixində əvəzsiz
xidmətlərinə görə
həmişə yaşayacaq.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 17 may.- S.14.