Firudunbəy Köçərli — 150

 

Əziz Şərif: «Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür»

 

Tanınmış ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Əziz Şərifin Ədəbiyyat və İncəsənət arxivindəki 255 saylı fondunda Firidun bəylə bağlı yazısı onun yaradıcılığı haqqında təəssürat yaradır. Yazını redaksiyaya arxivin direktoru Maarif Teymur təqdim edib. Bildirək ki, Əziz Şərifin Firidun bəy haqqındakı yazısı tam halda ilk dəfə «Xalq Cəbhəsi» qəzetində işıq üzü görür.

 

I yazı

 

Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Firudun bəy Köçərli əhəmiyyətli yer tutur. Müəllim, ədib, tənqidçi, alim, ictimai xadim kimi Firudun bəyi bütün savadlı Azərbaycan yaxşı tanıyır və ona qarşı dərin hörmət bəsləyirdı. Onun azərbaycanca və rusca yazıb nəşr etdiyi məqalə və kitabçalarını hamı maraqla oxuyur və yüksək qiymətləndirirdi. Bütün ömrü boyu bu nəcib və fədakar mədəniyyət fədaisi Azərbaycan ədəbiyyatına aid material axtarır, tapır, toplayır və tədqiq edirdi. Firudun bəyin vaxtsiz və faciəli ölümündən sonra «Azərnəşr» 1925 və 1926-ci illərdə onun tərtib etdiyi iki qalın cilddən ibarət olan və bu gün də əhəmiyyətini saxlayan ədəbi materiallarını çap etdirib.

Şəxsən mən özüm Firudun bəy Köçərlini dəfələrlə görmüşdümsə də, onunla yaxından tanış deyildim. Atam isə onu tanıyır və haqqında mənə çox danışmışdı. Atamın arxivində Firudun bəyin 1911-ci ildə Tiflisdə çap edilmiş «Mirzə Fətəli Axundov həzrətlərinin təvəllüdündən 100 il mürur etmək münasibəti ilə yazılmış risaleyi-yadigaranə»si qiymətli bir yadigar olaraq qalır ki, bu kitabçanın baş səhifəsində müəllifin xətti ilə «Hümmətli və marifpərvər bəradərim Qurbanəli Şərifzadə cənablarına müəllifi tərəfindən töhfeyi- mühəqqəranədir. F. Köçərli, 23 noyabr 1911″ sözləri yazılmışdı.

Bu kitabca Mirzə Fətəlinin yubileyi ərəfəsində buraxılıb. O zaman yazıçının anadan olduğu il səhv olaraq 1811-ci il hesab edilirdi. Buna görə də onun yüz illik yubileyi 1911-ci ildə qeyd edilirdi. Gündəliyimdə yazılmış məlumata görə, təntənəli yubiley gecəsi Tiflisdə gürcü əyanları cəmiyyətinin teatrında dekabrın 5-də keçirilirdi. O axşam teatrda hazır olanlardan Cəlil Məmmədquluzadə ailəsi ilə, Ömər Faiq Nemanzadə, Firudun bəy Köçərli yadımda qalıblar. Atam da yubiley gecəsində iştirak edirdi. Onun arxivində o günlərdə «İrşad» qəzeti üçün yubiley gecəsi haqqında yazdığı məqalənin qaralaması qalıbki, bu sənəddən istifadə edərək bəzi təfsilatı oxuculara xatırlatmaq istəyirəm.

Teatr salonu tamaşaçılarla dolu idi. Mirzə Fətəlinin qızı Nisə xanım da lojaların birində əyləşmişdi. Səhnə böyük yazıçının rəsmi ilə bəzədilmişdi. O zaman Qori şəhərində yaşayıb müəllimlər seminariyasında dərs verən Firudun bəy Köçərli səhnəyə çıxıb Axundovun rəsminə təzim edəndən sonra Abbas ağa Qaibovun yubileyə həsr etdiyi şeirini oxumuşdu. Yubiley münasibəti ilə alınmış teleqram teleqramlar oxunandan Firudun bəy Köçərlinin dərin məzmunlu məruzəsi müxtəlif qonaqların təbrik nitqləri alqışlanandan sonra Tiflis artistlərinin iştirakı ilə Mirzə Fətəlinin «Molla İbrahim Xəlil kimyagər » komediyası Əbdürrəhimbəy Haqverdiyevin ona həsr etdiyi «Xəyalat» pyesi göstərilmişdi. Yubiley son dərəcə təntənəli maraqlı keçmişdi. Səhv etmirəmsə, Firudun bəy Köçərli ilə mənim ilk görüşüm həmin yubiley iclasında baş tutdu. Qocaman müəllim ədibin mənə göstərdiyi mehribanlığı bu gün qəlbimi sevinclə döyündürür.

Aradan illər keçdi. Mən Tiflisdə orta məktəbi qurtarıb ali təhsil dalınca Moskvaya yollandım. Bu illərdə yenə Firudunbəy Köçərli ilə gah Tiflis teatrında, gah «Molla Nəsrəddin» jurnalının redaksiyasında, gah da atam Tiflisə gələndə onun otağında təsadüfi görüşlərimiz olurdu. Hər dəfə Firudun bəylə atamın arasındakı səmimi möhkəm dostluq ifadələrini şahidi olur bununla fəxr edirdi. Firudun bəy Köçərli Qurbanəli Şərifzadə ilə səmimi dost imiş ki, 1917-ci il 4 (17) iyunda Şərifzadə vəfat edəndə Qoridən Bakıya «Açıq söz» qəzetinin redaksiyasına göndərdiyi «İzhari təəssüf» sərlövhəli məktubunu bu sözlərlə başlamışdı: «Əziz hörmətli bəradərimiz Qurbanəli Şərifzadənin gözləmədiyimiz bir hal zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi». «Açıq söz» qəzetinin 1917-ci il 15 iyun tarixli 498-ci nömrəsində çap edilmiş bu məktubun ictimai tarixi cəhətdən müəyyən əhəmiyyətinə görə ədibimizin qələmindən çixmış son əsəri olduğu üçün onu bütünlükdə buraya köçürməyi lazım bildim. Yuxarıda göstərilən ilk cümlədən sonra Firidun bəy yazırdı: «Mərhum hürriyyət ədalətin ən səmimi dostlarından biri olduğu üçün onun bu hürriyət əsərində tərki-həyat şayani təəssüfdür. Azadi kəlam əfkar onun müqəddəs arzularından birisi idi. O, heç bir vaxt da azadə danışıb rəy fikirlərini açıq aydın söyləməkdən çəkinməzdi. Millətimizin ruhu, həyatı, səadəti mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqda idi. Şərifzadənin məntiq üzrə söylədiyi şirin söhbəti hər kəsi maraqlandırırdı. Mərhumun gözəl süfətlərindən birisi onun ədəbiyyatımızın tərəqqisi yolunda hümmət etməsi idi. Harda bir ədib şair sədası eşitsəydi, onu arayıb ziyarət etməyi onunla dostluq yoldaşlıq əlaqəsini bağlamağı özünə borc bilərdi. Məşədi Qurbanəli kimi vücudların fovt ölüb getməsi millət üçün böyük bir yasdır. Vay o millətlərin halına ki, onların içindən M.Qurbanəlilər rəhmət edirlər yerlərinə başqaları ərsəyə yetişmirlər. F.Köçərli, 12 iyun 1917 Qori»

 

***

 

Aradan yenə illər keçdi. Zaqafqaziya şuralaşdı. Firidun bəy Köçərlidən yadigar qalan Azərbaycan ədəbiyyatının tarixinə aid materiallar çap edildi. Ədəbiyyatşünaslıq işləri canlandı. Mən öz qüvvətim daxilində bu sahədə çalışmaqdaydım. Bu uzun məzmunlu tarixin qısası budur ki, 1936-cı ilin noyabr ayında Tiflisdə Mirzə Fətəli Axundovun yenə bir arxivini tapmaq mənə qismət oldu. Bu arxivdə olduqca qiymətli materiallar, o cümlədən Puşkinə həsr etdiyi o günə qədər yalnız ruscaya tərcüməsi ilə şöhrət tapmış poemasınin avtoqrafı tapıldı. Bu tapıntı haqqında mənim gündəliyimdə saxladığım materiallarda müfəssəl məlumat var. Kazım Ələkbərinin sədrliyi ilə bir heyət tərtib edildi arxiv materiallarını yazıçının nəvəsindən alıb Bakıya gətirmək üçün Tiflisə göndərildi. Heyətə Məmməd Səid Ordubadi Vəli Xuluflu daxil idi. Mən heyətin katibi idim. Biz dekabr ayında Tiflisə gedib materialları siyahıya götürdük Bakıya gətirib Nizami adına Ədəbiyyat institutuna təhvil verdik.Bu hadisəyə aid rəsmi qeyri-rəsmi material bu günədək məndə qalıb.

Həmin günlərdə şəxsi həyatımda da müəyyən dəyişikliklər əmələ gəldi: Tiflisdən Bakıya köçüb «Azərnəşr»də təzə təşkil edilmiş şöbəyə baş redaktor təyin edildim. Bu şöbə Azərbaycan ədəbiyyatının rus dilində nəşri ilə məşğul idi.

1937-ci ilə məxsus gündəliyimdə bu sətirləri buraya köçürməklə əsas məsələyə keçirəm : «12 yanvar. Axşam saat 7-də Həmidıə xanımın yanına getdim ki, onunla birlikdə Firidun bəy Köçərlinin evinə gedək. Onun arxivinə baxmaq üçün Firidun bəyin xanımı bunu Həmidə xanımdan xüsusi xahiş eləmişdi. Getdik. Həmidə xanım məni Badsəba xanıma təqdim etdi. Bu, mədəni xanimdır. Firidunbəy kimi adamın təsiri dərhal duyulur. Mənimlə çox mehriban eyni zamanda ciddi danışırdı. Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılmış arxivindən söhbət açdı bu arxivi üzə çıxardığım üçün məndən razılıq etdi. Sonra öz ərinin arxivindən danışmağa başladı. Otağın bir küncündə duran iri sandığı nişan verərək Badsəba xanıma dedi: «Şübhə etmirəm ki, bu sandıqda olan yazılar da xalqımıza gərək olar. Firidun bəy bütün ömrü boyu axtarıb tapdığı yazıları, kitab-dəftəri burdadır. Bu sandığı qorxa-qorxa, əsə-əsə bu günə kimi saxlamışam, heç kəsə burdan bir vərəq verməmişəm. İndi sizin vasitənizlə mən bu sandığı hökumətə vermək istəyirəm. Sizin atanızı çox görmüşəm yaxşı tanıyıram. Bu sandıqdan onun da bir dəstə məktubu var».

Badsəba xanım sandığı açıb ordan sapla bağlanmış bir dəstə məktub çıxartdı, mənə uzatdı. Üzərində Firidun bəyin xətti ilə ərəb əlifbasında yazılmışdı: «Məktubati Qurbanəli Şərifzadə».

Sandığın içindəki yazıları bir-bir gözdən keçirməyə başladıq. İlahi, burda nələr var idi! «Molla Nəsrəddin», Sabir, Səhhət, İsmayıl bəy Qasprinski, Ömər Faiq, Əlimərdanbəy Topçubaşov, Salman Mümtaz daha kimlərin yüzlərlə məktubları səliqə ilə dəstələnmişdi. Məktublardan başqa müxtəlif əlyazmalarışeir, tərcümə, atalar sözü, tapmaca, nağıl, dastan, ədəbi parça, saysız-hesabsız bu kimi əsərlər!… Bunları açıb lap elə üzdəncə gözdən keçirmək üçün neçə gün lazım idi. Firidun bəyin bu arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 18 may.- S.14.