Qadınların cinsi istismara təhrik edilməsi problemi

 

Bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nikah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur

 

Bir çox hallarda gənc xanımların iş yerlərində cinsi istitismara təhrik edilməsi heç kəsə sirr deyil. İş elanlarının bir çoxunda da gənc xanımlara üstünlük verilməsi barədə də qeydə rast gəlinir. Avropa ölkələrində iş yerlərində cinsi istismara təhrik edilən qadınları müdafiə edən qanunlar var. İş yerində əgər qadına seksual xarakterli münasibət təklif olunursa, o, müvafiq quruma müraciət edə bilər. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir. Hüquqşunasların fikrincə, bu kimi hallar Mülki Prosessual Məcəllədəki boşluqdan irəli gəlir. Belə ki, «Gender bərabərliyinin təminatları haqqında» qanunun 11-ci maddəsi ilə, «Mülki Prosessual Məcəllə»nin 95.2 maddəsi ziddiyyət təşkil edir. «Gender bərabərliyinin təminatları haqqında» qanunun 11-ci maddəsində deyilir ki, seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiq yolverilməzdir. Bu maddəyə görə, seksual təzyiqə görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Amma indi elə bir vəziyyət yaranıb ki, seksual qısnamaya məruz qalan qadın onu cinsi əlaqəyə təhrik edən işəgötürəndən şikayət belə edə bilmir. Çünki yaxşı bilir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Təcrübə göstərir ki, hətta bunun üçün məhkəməyə müraciət etmək istəyən qadınlar da «ziyanın yarısından da qayıtmaq xeyirlidir» deyib fikirlərindən vaz keçirlər.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın bildirdiyinə görə, son illər iş yerlərində qadınların cinsi əlaqəyə təhrik edilməsi (seksual qısnama) hallarına tez-tez rast gəlinir: «Əvvəllər bizim Mərkəzə bir ildə iki-üç qadın ancaq müraciət edərdi. İndi bu rəqəm sürətlə artır». Mətanət xanımın sözlərinə görə, seksual münasibətə təhrik edilənlərin iş yerləri isə müxtəlifdir: «Onların arasında dövlət strukturlarında işləyənlər də var, özəl sektorda çalışanlar da. Amma dövlət strukturlarında çalışanlarla müqayisədə, özəl sektorda belə hallara daha çox rast gəlinir. Əgər seksual münasibətə təhrik edilən qadın təklifi qəbul etmirsə, ən yaxşı halda iş yerini itirməli olur». Belə hallarda seksual təzyiqə məruz qalan qadınlar çörəklə imtahana çəkilirlər. Qarşılarında konkret şərt qoyulur: «Ya təklifi qəbul etməlisən, yaxud işdən qovulursan».

Qadın onun işəgötürən tərəfindən cinsi münasibətə təhrik edildiyini məhkəmədə sübut etmək üçün ən azı bu barədə təklifi səsyazan qurğuyla qeydə almalıdır. Amma digər tərəfdən Mülki Prosessual Məcəllənin 95.2. maddəsi gizli yolla yazılmış səs və video yazını sübut kimi qəbul etmir. Bu zaman sual yaranır ki, qadın sübutu hansı yolla əldə etməlidir? Əlbəttə, sual cavabsız qalır. Çünki Mülki Prosessual Məcəllənin 95.2 maddəsində bildirilir ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İki qanunun arasındakı bu ziddiyyət «Gender bərabərliyinin təminatları haqqında» qanunun 11-ci maddəsinin işləməsinə imkan vermir. Belə çıxır ki, heç «Gender bərabərliyinin təminatları haqqında» qanununun qəbulunun heç bir əhəmiyyəti yoxdur».

Hüquqşünas Qurban Məmmədovun bildirdiyinə görə, seksual təzyiqlə bağlı cinayətlər bu səbəbdən bağlı qalır: «Həzərə alınmalıdır ki, seksual qısnamada söhbət iki adamın arasında gedir: «Qadın belə halda kimi inandıra bilər ki, işəgötürən onu cinsi münasibətə təhrik etdi. Belə çıxır ki, həmin qadın bu barədə hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquq mühafizə orqanı orada dinləmə vasitəsi qurmalı, videoçəkiliş aparmalıdır. Bunun real olmadığı, praktiki baxımdan mümkünsüzlüyünü hər kəs çox yaxşı bilir. Ona görə də, mütləq qanunla səs yazmanın, video çəkiliş aparmanın özbaşına əməliyyat tədbiri hesab olunması mütləq aradan qaldırılmalıdır». Vəkil bildirir ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində gender bərabərliyi belə məhdudlaşdırılmır. Məsələn, qonşu Rusiyada belə, qanun seksual qısnamaya məruz qalan qadına ona bu təklifi edənin səsini yazıb məhkəmədə ifşa etməyə imkan verir: «Şərt «Gender bərabərliyinin təminatları haqqında» qanunu qəbul etmək deyil. Qanun həm də elə yazılmalıdır ki, icra mexanizmi işləyə bilsin. Amma bizdə qanun qəbul olunur, icrası isə praktiki baxımdan mümkün olmur. Bu adına ləkə düşməsindən ehtiyatlanan, seksual qısnamaya məruz qalan Azərbaycan qadınının hüququnu daha da məhdudlaşdırır. Çünki seksual qısnamaya məruz qalan qadınların çoxu ailələrinin dağılmaması, yaxınları tərəfindən qınanmaya məruz qalmamaları üçün məsələni açıb-ağartmırlar».

Mətanət Əzizovanın belə faktların üzə çıxmamasında mentalitetin rolunun böyük olduğunu vurğuladı: «Əgər Mülki Prosessual Məcəllənin 95.2 maddəsi səs yazmanı, videoçəkilişi qadağan etməsəydi, qadınlar çox asan şəkildə onları cinsi əlaqəyə təhrik edən rəhbəri ictimaiyyət qarşısında ifşa edə bilərdilər».

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da sübutetmə faktının olmamasının işdə seksual qısnama hallarının artmasına gətirib çıxardığını söyləyir. Onun dediyinə görə, özəl qurumların əksəriyyətində qanunsuz işdən çıxarılmanın səbəbi seksual mürasibətə təhrikedilmə olur: «Dövlət müəssisələrində qadınlar əmək müqaviləsinə imza atdıqlarından, belə hallara az təsadüf olunur. Amma özəl müəssisələrdə əksər qadınlar müqaviləsiz işləyir. Ona görə də özəl qurumlarda dövlət orqanlarına nisbətən daha çox problem yaşanır. Belə hallarla bağlı bizə də müraciətlər olur».

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova isə deyir ki, rəsmi statistika olmasa da, kariyera baxımından ucalmaq istəyərkən qadınlar seksual qısnamalarla üzləşirlər: «Belə faktlar var və bu çox böyük problemdir. Bu zaman çoxları işdən azad olunmağa daha meyilli olurlar. Bizə bununa bağlı bir neçə müraciət olub, amma qadınlar bunu KİV-ə çıxarmaq istəmirlər. Çünki onda ümumiyyətlə, işlərini itirirlər. Heç bir işə götürən problemli qadın istəmir». İradə Cavadovanın dediyinə görə, seksual qısnamalar həm dövlət strukturlarında, həm özəl strukturlarda baş verir. Bir çox dövlət strukturlarında kameralardan istifadə olunur, amma qadınlar seksual qısnamalara məruz qaldıqlarını sübut edə bilmirlər. İradə xanım hesab edir ki, qanunvericilikdə belə hallara qarşı çox ciddi sanksiyalar olmalıdır.

«Sağlam Toplum» İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıyeva isə deyir ki, bir sıra Avropa ölkələrində qadınları cinsi istismara təhrik edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: «Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, bizdə insanları cəzalandırmırlar». Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir: «Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nikah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur». Lalə Mehralıyevanın fikrincə, Azərbaycanda gender bərabərliyi, xüsusilə də qadın hüquqları sahəsində qanunvericilik normaldır, sadəcə bu qanunların işləmə mexanizmini yaratmaq və cəmiyyətdə güclü maarifləndirmə işi aparmaq lazımdır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev isə bildirib ki, qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi Azərbaycan ictimaiyyəti üçün o qədər də xarakterik hal deyil. Belə hallara çox da rast gəlinmir: «Bəlkə ona görə ki, müraciətlər edilmir, məhkəmə araşdırmaları aparılmır və məsələ ictimailəşmir. Ancaq belə halların tez-tez baş verdiyini deyə bilmərəm. Qadın və ya kişi olmasından asılı olmayaraq hər kəsin hüquqları pozulursa, bunun üçün Cinayət Məcəlləsində konkret maddələr var. Vəzifədən, səlahiyyətlərdən sui-istifadə məhz belə hallar üçün nəzərdə tutulan və cinayət məsuliyyəti yaradan əməldir. Azərbaycan qanunvericiliyi işçilərin cinsiyyətə görə bölgüsünü aparmır. Cinayət maddəsində təhriketmə maddəsi var və buna görə də konkret cinayət məsuliyyəti nəzərdə tutulur. İstismara məruz qalan qadın da ola bilər, kişi də. Hüquq hamı üçün eynidir. Amma müraciət olmalıdır və fakt təqdim edilməlidir».

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, Azərbaycanda qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi problem adlandırılacaq səviyyədə deyil: «Hər hansı hüquq pozuntusu, o cümlədən cinsi istismara təhrik zamanı da hər bir insan, həmçinin qadınlar da hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bununla bağlı qanunlarda boşluq yoxdur. Şəxs polisə, prokurorluğa müraciət edir, ekspertiza aparılır, qarşı tərəf də yoxlanır və fakt təsdiqlənirsə, təhrikçi şəxs cinayət məsuliyyətinə cəlb edilir. Bu məsələdə çətinlik ondadır ki, mütləq sübut təqdim olunmalıdır, şahid olmalıdır. Amma istismara məruz qalmış qadın belə müraciət etməyə maraq göstərmir. Yaxud polisə gec müraciət edir. O zaman müraciət edir ki, artıq sübutlar itib. Tutalım, bu, mobil telefona göndərilmiş mesajdır, telefon zəngləridir və sair. Bunun üstündən xeyli vaxt ötüb və sübutları təqdim etmək artıq mümkün deyil. Şahid məsələsində də çətinlik yaranır. İnsanlar şəxsi maraqlarını güdərək, deyək ki, müəssisə rəhbərinə qarşı şahidlik etmək istəmirlər. İş yerini itirmək təhlükəsi var və s. Ona görə də qarşı tərəfi məsuliyyətə cəlb etmək çətinləşir. Ola bilsin ki, cinsi istismara təhrik edilmiş qadın bunu bildiyindən müraciət etməyə həvəsli olmur. Problem burasındadır ki, qadın işini itirməmək üçün əvvəlcə susur, qınaq obyektinə çevriləcəyindən ehtiyat edir. İşdən çıxarılandan sonra, ya da təhriklər intensivləşdikdən sonra müraciət edir. Əslində isə qadın bu proses başlayan andan hüquqlarının müdafiəsinə qalxmalıdır. Belə hallar üçün polis, həmkarlar ittifaqları var. Kollektivdə birlik olmalıdır. Hamı birləşib bu faktı ifşa etməlidir və həmin təhrikçi şəxs də ictimai qınaq obyektinə çevrilməlidir, onun məsuliyyətə cəlb edilməsinə nail olunmalıdır. İstənilən halda müraciətin predmeti olmalıdır. Çünki sui-istifadə hallarının olması da mümkündür».

Mehriban Zeynalova təklif edir ki, əgər iş yerlərində cinsi istismara təhrik hallarının artdığı hesab edilirsə, yaxşı olar ki, iş yerlərində sorğular keçirilsin: «Qadın susursa, onun problemini həll etmək mümkün deyil. Qadınlarımız isə hələ ki, susur».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 21 may.- S.13.