Əziz Şərif Firudunbəy Köçərlinin arxivi haqqında

 

«Firidunbəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim. Ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi»

 

Uğur

 

Tanınmış ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Əziz Şərifin Ədəbiyyat və İncəsənət arxivindəki 255 saylı fondunda Firidun bəylə bağlı yazısı onun yaradıcılığı haqqında təəssürat yaradır. Yazını redaksiyaya arxivin direktoru Maarif Teymur təqdim edib. Bildirək ki, Əziz Şərifin Firidun bəy haqqındakı yazısı tam halda ilk dəfə «Xalq Cəbhəsi» qəzetində işıq üzü görür.

 

II yazı

 

Bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, bu sandıqda onun izi olmasın. Hələ XVIII-XIX və daha qədim əsrlərə aid materiallar öz yerində. Burada Vaqif haqqında Mirzə Fətəli Axundovun əlyazması var idi.

Deməklə başa gələsi deyil. Adamın gözləri qamaşır.

Biz gecə saat birə qədər oturduq. Bu bir neçə saatın ərzində mən sandıqdakı materialın ancaq azacıq hissəsini gözdən keçirə bildim. Nəhayət, belə qərara gəldim ki, ölsəm də gərək bu qiymətsiz xəzinəni gün işığına çıxarım. Mərkəzi Komitədə məsələ qoymaq və lazım olsa, lap yuxarıya qədər getmək lazımdır. Gedərkən mən Badsəba xanıma öz sonsuz təşəkkürümü bildirdim və arxivi üzə çıxarmaq üçün var qüvvəmlə çalışacağıma söz verdim. Yazıq arvadın gözləri yaşardı…

Gündəliyindəki bu sətirlərdən başqa bir kağız parçası da o gündən xatirə qalıb. Görünür, sandıqdakı materialları gözdən keçirincə ayrı vərəqdə karandaşla qısaca siyahı tutmuşam. Zənnimcə, bu vərəqin məzmunu da oxucular üçün maraqsız olmaz. Başda 12.1.37 tarixi, sonra «Firidunbəy Köçərli» yazılıb.

Siyahıya bunlar yazılıb:

1. Qızıl balıq. Tərcümə. 1892, İrəvan.

2. Üç şam ağacı və nə yatmısan ay kəndli, 1895, Şuşa.

3. Firdosidən Sabirin tərcüməsi «Rəhbər»də çap edilib.

4. «Molla Nəsrəddin»in Köçərliyə məktubları.

5. 4-1-87, rusca; Nehrəmdən Türkcə öz hekayəsi haqqında.

6. 4-I-91. Nehrəmdən Türkcə «Səkinə» hekayəsi haqqında. Məktubdan cümlə: «Dəxi mənzuməni geri göndərməyin lüzumu yoxdur».

7. 13-II-91. Nehrəmdən gələn məktubdan cümlə: «mənzuməmi diqqətlə oxuyub qüsurlarını bəndəyə məlum edin məktubunuzda».

… 14-XII-? Nehrəmdən xəstəlik və dərman haqqında.

Bacısı haqqında. Bu məktubda Mirzə Cəlilin atası tərəfindən yazılmış sətirlərdə qızların təhsil almasına qarşı rəy ifadə edilir; Vaqif haqqında Mirzə Fətəli Axundovun Berje üçün rusca yazılmış məqaləsi…

Vərəqin hər iki tərəfində yazılmış bu sətirlər çox şübhə yaradır, tədqiqat üçün təzə məsələlər irəli sürülür. Çox təəssüf ki, bu suallara cavab vermək, şübhələri rədd və məsələləri həll etmək üçün bu gün əlimizdə heç bir tutarlı material yoxdur. Biz yalnız ehtimalla deyə bilərik ki, bəlkə Cəlil Məmmədquluzadənin bizə gəlib çatmamış və əlyazması Firidunbəy Köçərlinin arxivində qalmış «Səkinə» adlı hekayəsi və adı məlum olmayan mənzuməsi var imiş.

Yadımdadır ki, o zaman Firidunbəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim. Ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi.

Nəhayət, götürüb yuxarı orqana aşağıdakı məzmunda bir məktub yazdım. Məktubun rusca əlyazması və makinada çap olunmuş nüxsəsi məndə durur. Budur onun tercüməsi:

«Sizə məlum olduğu üzrə Firidunbəy Köçərli uzun illər boyu

Azərbaycan ədəbiyyatı tarixinə aid material toplamaqla məşğul olub və öz varlığının az-çox görkəmli olan bütün yazıçı və ictimai xadimləri ilə məktublaşıb. Azərbaycan ədəbiyyatının tarixinə aid onun hazırladığı materiallar sonra sovet hakimiyyəti dövründə, dörd cilddən ibarət olaraq nəşr edilib və bu günə kimi ən qiymətli yoxlama materialı kimi durur. F.Köçərlinin ədəbiyyat məsələlərinə olan canlı həvəsi, tanışlarının geniş dairəsi özünün isə Azərbaycan ziyalıları arasında güclü nüfuzu və şöhrəti onun qoyub getdiyi ədəbi irsin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Mən Firidunbəy Köçərlinin arvadı Badsəba xanımın saxladığı arxivin bir hissəsini çox ötəri gözdən keçirə bildim və qərara gəldim ki, bu arxivdə ədəbiyyatımızın yalnız uzaq keçmiş tarixini deyil, Köçərlinin müasiri olan və müntəzəm surətdə onunla məktublaşan yazıçı, şair jurnalistlərimizin ədəbi-ictimai fəaliyyətini də yüksək dərəcədə işıqlandıra biləcək son dərəcə qiymətli materiallar tapmaq olar.

Köçərlinin irsi bir çox Azərbaycan təşkilatlarına məlum idi. Elmlər Akademiyası Azərbaycan filialının xüsusi komissiyası ilə bir neçə ay bundan qabaq bu irslə müfəssəl tanış olmuşdu, lakin nə Akademiyanın Azərbaycan filialı, nə də Dil və Ədəbiyyat insititutu bu arxivi almaq və ondan istifadə etmək üçün bir tədbir görüb. Elmlər Akademiyası Azərbaycan filialının sabiq rəhbərliyi tərəfindən Firidunbəy Köçərlinin arxivindəki olduqca qiymətli ədəbi-tarixi materiallara bu kimi münasibətini qiymətləndirməkdən vaz keçərək, mən cəsarət edib yoldaş rəis, sizdən rica edirəm ki, göstərilən arxivlə yaxından tanış olmaq və nəticəni şəxsən sizə bildirmək üçün xüsusi komissiyanın təşkil edilməsi haqqında göstəriş verəsiniz».

1937-ci il 31 yanvar tarixli bu rəsmi məktubu Yazıçılar İttifaqının üzvi kimi imzalayıb sabahı gün fevralın 1-də yuxarı orqanda mədəniyyət şöbəsinin müdirinə təqdim elədim və ərizənin nəticəsini gözləməyə başladım. Mən güman edirdim ki, Mirzə Fətəli Axundovun arxivini almaq üçün təyin edilmiş komissiya kimi bu iş üçün də komissiya təyin ediləcək, mən də bu komissiyada olub arxivin tezliklə təhvil alınmasına çalışacağam. Lakin çox təəssüf olsun ki, belə olmadı.

Aradan günlər keçdi. «Azərnəşr»də işlərkən mən yuxarı orqanda mədəniyyət şöbəsinin müdiri ilə tez-tez görüşməli və bilavasitə vəzifələrimə aid məsələlər ətrafında onunla məsləhətləşməli olurdum. Bu hörmətli yoldaş sağdır və mən biləsi şəxsi təqaüdçüdür. Mən burada onun adını çəkmirəm, lakin işdir bu sətirlər onun nəzərinə çatsa, bəlkə bu hadisələri yadına sala və burada nəql edilən tarixi həqiqətləri təsdiq edə.

O zaman sovet xalqın son dərəcə gərgin günlər keçirirdi. Buna görə çox şeyi biz adi vətəndaşlar başa düşürdük. Ancaq məndə olan sənəd və gündəliklərdən belə məlum olur ki, ərizəni müdir yoldaşa verəndən bir neçə həftə sonra fevralın 27-də mənə xəbər verilmişdi ki, rəis mən qaldırdığım məsələni həllini maarif xalq komissarı Məmməd Sadıq Əfəndiyevə həvalə edib, mənə isə çatdırmağı tapşırmışdı ki, artıq belə işlərə qarışmayın.

Bu ikinci göstərişin mənasını və səbəbini anlamasam da tabe olmağa məcbur idim və artıq Köçərlinin arxivi ətrafında bir tədbir görməyi mümkün bilmirdim. Maarif xalq komissarına tapşırılmış məsələ həll edilməmiş qaldı, çünki komissarın biri getdi, biri gəldi, mən isə Bakıdan Tiflisə qayıtmalı oldum. Bir az sonra Böyük Vətən müharibəsi başlandı. Badsəba xanım Bakıdan rayona gedi. Sandığın başına nə gəldiyini bilmədim.

İndi təxminən otuz beş il keçəndən sonra bu əhvalatı xatırlatmaqda mənim yeganə məqsədim budur ki, gənc alimlərimiz, dalbadal namizədlik və doktorluq disertasiyaları müdafiə edən ədəbiyyatşünas və tarixçilərimiz axtarış aparsınlar, bəlkə birinin bəxti gətirdi, bu zəngin xəzinənin tapıb üzə çıxardı. Belə bir tapıntı demək olar ki, müasir mədəniyyətimizin tarixində inqilab olar, indi bilmədiyimiz çox şeyi bilər, şübhələrimizi rədd edər, məlumatımızı artırar, mədəniyyətimizi və elmimizi zənginləşdirərik.

Bu xatirəni yazıb hazırladıqdan sonra Bakıya gələndə öyrəndim ki, haqqında yazdığım arxivin özü əldə yoxdursa da, ondakı materialların müfəssəl siyahısı Akademiyanin Əlyazmaları fondunda var. Bu fonda müraciət etməli oldum. Fondun əməkdaşlarından filologiya elmləri doktoru hörmətli Əzizə xanım Cəfərzadə xahişimi mehriban qarşılayıb siyahını mənə göstərdi. Siyahı iki məktəbli dəftərində yazılmışdı ki, bunların birində müxtəlif əsərlərin əlyazmaları, ikincisində isə məktublar qeyd edilmişdi. Göründüyü kimi, birinci dəftərdə siyahıya alınmış əlyazmaların Firidunbəyin tərtib elədiyi Azərbaycan ədəbiyyatının tarixinə aid materiallar üçün toplanmış və istifadə edilmiş imiş.

İkinci dəftərdə isə sayca ən çox məktub yazan Sultan Məcid Qənizadə olmuşdu ki, siyahıda onun 1893-cü ildən 1917-ci ilə qədər 24 ilin müddətində yazdığı 78 məktubu qeyd edilmişdi. Bundan başqa siyahıda Abbas Səhhətin 27, Abdulla Şaiqin 24 (1908-1919-cu illər), Qori semnariyasında Azərbaycan şöbəsinin ilk müdiri məşhur müəllim Çernyayevskinin 24 məktubu, Ömər Faiq Nemanzadənin 23 (1905-1913-cü illər) Cəlil Məmmədquluzadənin 22 (1887-1913-cü illər) Eynəli Sultanovun 20, Salman Mümtazın 17 (1914-1917-ci illər) sonra da Sabirin, Nəriman Nərimanovun, Haqverdiyevin, Hüseyn Cavidin, keçmişlərdə Krımda nəşr edilən «Tərcüman» qəzetinin redaktoru İsmayılbəy Qasprinskinin, Qurbanəli Şərifzadənin və daha bir çoxlarının müxtəlif vaxtlarda yazılmış məktubları qeyd edilmişdi.

Bu siyahıda iki yüzə qədər tanınan, ya tanınmayan adamın adı çəkilmişdi ki, bunların hər birinin hər məktubu, heç şübhəsiz, yazıldığı vaxtın maraqla və əhəmiyyətli mədəni-ictimai hadisələrinə həsr edilmişdi, bu hadisələrdən xəbər verir. Bakıda vərəqlədiyim bu siyahı Firidunbəy Köçərlidən qalan arxivin nə qədər zəngin və mədəniyyətimizin tarixi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.

 

 

2 may 1971. Moskva-Bakı

 

Xalq Cəbhəsi.- 2013.- 24 may.- S.14.