Cahid Hilaloğlu: Azərbaycan dərdlisi
O, 1957-ci ilin mayın 28-də Azərbaycan bayrağını
Qız qalasının
üzərinə sancıb
Cahid Hilaloğlu (1928-1991) kimdir?
Hərdən bəzi yazılarda adı keçən bu şəxsin haqqında nə bilirik? Araşdırmaçı Əli
Şamil onunla bağlı araşdırma
aparıb. O, bildirir ki, yaradıcı insanlar, xüsusən də ədəbiyyat, incəsənət adamları
adətən sərbəstliyi
sevirlər. Ancaq onların hamısı arzularına çata bilmirlər. Dövranın
gərdişi çoxlarını
zamanın diktəsi ilə hərəkət etməyə məcbur edir: «Ülvi Həkim 1998-ci ildə Polşadakı KARTA qeyri-hökumət
təşkilatının ingilis,
rus və polyak dillərində «Dissidentskaya slovar»
(«Dissident sözlüyü») hazırlamağa başladığını
bildirdi və məni də o sözlüyün Azərbaycan
bölməsini hazırlamağa
dəvət etdi.
«Dissident sözlüyü» üçün məqalələr
hazırlayarkən indiki
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələrinin fəallığı
daha qabarıq gözə çarpırdı.
Bu, təsadüfi bir hal deyildi. Görünür,
Çingiz Abdullayev və Cahid Hilaloğlu
da xalqa öz sözlərini sərbəst demək həvəsi ilə o zamankı Azərbaycan Teatr İnstitutuna daxil olmuşdular. Onlar ikinci kursda
dərslərə yenicə
başlayanda Bakıda
«İldırım» qrupunun
üzvlərinin həbsləri
başlamışdı. Bu qalmaqallı məhkəmə
prosesindən Cahid və Çingiz kimi diribaş tələbələr xəbərsiz
qala bilməzdi. Görünür, gizli təşkilat qurma cəhdləri, gizli vərəqlər yazıb
küçələrə vurmaları xüsusi xidmət orqanlarının
diqqətini çəkibmiş».
Ə.Şamilin Cahid Hilaloğlu
ilə bağlı təqdim etdiyi məqamlar o dövrkü vəziyyəti öyrənməyə
ciddi əsas verir: «Yeniyetməliyində
və gəncliyində
soyadı Şirinov olan, sonralar Cahid Hilaloğlu kimi tanınan soydaşımız 1928-ci ildə
Ağdam şəhərində
anadan olub. Kiçik yaşlarında
ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Atası neft mədənlərində işləyir,
Cahid isə 13 saylı məktəbdə
oxuyurmuş. 1941-ci ilin
avqustunda İranın
Quzeyini işğal edən sovet qoşun birləşmələrinə
qoşulub valideynlərindən
xəbərsiz Arazı
keçən 13 yaşlı
Cahid iki il Güney Azərbaycanda
qaldıqdan və müxtəlif məşəqqətlərlə
rastlaşdıqdan sonra
yenidən Bakıya qayıdır».
1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul
olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə,
illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət
qalmasıyla barışmırdı.
O, fikirlərini bölüşməyə
həmdərd axtarırdı:
«Təhsil aldığı
ali məktəbdə
fikirdaşlarını tapır.
Çingiz Mirzağa oğlu Abdullayev və başqa yaşıdları ilə
kommunist diktaturasının
doğurduğu eybəcərlikləri
pisləyən vərəqələr
yazıb divarlara vururlar. Əhalini beynəlxalq təşkilatların
nəzarəti altında
demokratik seçkilər
keçirməyə, Azərbaycanı
SSRİ-nin tərkibindən
çıxarıb müstəqil
dövlət qurmağa
çağırırlar. Vərəqələr
xüsusi xidmət orqanlarının diqqətini
cəlb edir. Nəticədə Çingizi
ali məktəbdən
qovub «islah» olunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin
başqa üzvlərini
isə tənbeh edirlər. Ancaq bu cəza onları
yoldan döndərmir.
Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə
əlaqə saxlayır».
C.Hilaloğlu
1952-ci ildə institutu bitirib M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet Teatrında işə
başlayır. Burada işlədiyi müddətdə
quruluşdan narazılığını müxtəlif vasitələrlə
ifadə etsə də, hələlik ona qarşı sərt tədbirlər
görülmür: «1956-cı ildə quruluşun bütün
nöqsanlarının Stalinin adı ilə
bağlandığını, böyük və
hay-küylü bir kampaniya başlandığını
görən gənclər burada sərbəst fəaliyyət
göstərməyin mümkünsüzlüyünə tam yəqin
olaraq xaricə getməyi, mühacirətdə olan Azərbaycan
Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət
göstərməyi qərəra alırlar. Bəs xaricə
necə getməli? Rejm sərt, sərhədlər
bağlı. Güney Azərbaycanda iki il yaşamış
Cahid qaçmaq üçün ən münasib yer
İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara
böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət
Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə
getmək istədiklərini bildirirlər. İstəklərinə
də müsbət cavab alırlar. Onlar Azərbaycanın
böyük xəritəsini alır, Lerik dağlarında sərhədin
zəif nöqtəsini müəyyənləşdirir, oradan
İrana keçməyi planlaşdırırlar. Məqsədləri
oradan da Türkiyəyə keçib Çingiz Abdullayevin
mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan
Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi.
Çingiz
Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə
getməsinə icazə ala bilmir. O, Moskvaya pasport
qeydiyatından çıxmağa gedir. Orada amerikalı skripkaçı
İsaak Sternomun konsertinin afişalarını görür.
Xaricə getməyin yeni planını hazırlayır. Konsertə
bilet alır. İsaak Sternoma gül təqdim edərkən
Amerika səfirliyinin telefonlarını xəbər alır.
Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ
səfirliyinə zəng vurur və səfirliyin birinci katibi
Natyanel Devislə görüşür. O, Çingizin
xüsusi xidmət orqanlarının əməkdaşları
ilə əlaqəsindən şübhələnsə də,
istəyini dinləyir və təkrar görüş təyin
edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də
Çingiz səfirliyin hərbi attaşesi Frenklə
görüşsə də üçüncü
görüş ərəfəsində DTK əməkdaşları
tərəfindən yaxalanır. Beləliklə, onların
xaricə getmək cəhdi də baş tutmur. 1956-cı il
martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın
insanın iştirak etdiyi mitinqin təsiri nəinki
Gürcüstana, hətta onun sərhədindən uzaqlara da
yayılır. C.Hilaloğlu və dostları sovet ordusunun
Tbilisi şəhərində onlarla qocanı, qadını,
uşağı öldürməsini və həbsxanaya
atmasını pisləyirlər. Bu hadisələrin
üstündən 7-8 ay keçməmiş sovet ordusu
Macarıstanın müstəqilliyi uğrunda mübarizə
aparanları qan içində boğur. Cahidgil bu qanlı
qırğını da pisləyirlər».
1957-ci
ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 39-cu ildönümü münasibəti ilə
cümhuriyyətin üçrəngli bayrağını
Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar:
«Bu qərarın icrası ilə bağlı xatirələrdə
bir dolaşıqlıq, qeyri-dəqiqlik var. Yekdil fikir odur ki,
bayrağı Qız qalasının üzərinə
qaldıran Cahid Hilaloğlu olub. Bəs «Bu plan harada, kimlərin
iştirakı ilə hazırlanıb, necə həyata
keçirilib?» sualına xatirələr tam aydınlıq gətirmir.
Cahid Hilaloğlunun əməlləri DTK (KQB) tərəfindən
aşkarlanır. Onu ittiham edənlərə Cahid deyirmiş:
«Nədən Əfqanıstanda baş verənlər milli
azadlıq hərəkatı, Macarıstandakı isə əksinqilabi
qiyam adlandırılır?» Xüsusi xidmət orqanları isə
daha bu gənclərin «nazı ilə oynamaqdan bezib» sərt tədbirlər
planlaşdırır. Onu antisovet təbliğatı və təşviqatında
ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi
baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən
və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.
C.Hilaloğlu
cəza müddətini Moldova MSSR-in Dubrovski islah-əmək
düşərgəsində çəkir. Bura islah-əmək
düşərgəsi adlandırılsa da, əslində
siyasi məhbuslar üçün nəzərdə
tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin
ağırlığına, ona xüsusi nəzarətin
olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman,
fransız, ərəb, fars dillərini öyrənir.
Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə
də, uzun müddət işsiz qalır. 1969-cu ildə
Yerevanda yenidən bərpa edilmiş C.Cabbarlı adına Azərbaycan
Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə
başlayır. Orada da C.Hilaloğlunu dinc buraxmırlar. Gah səhnədən
söylədiyi sözün ayrı cür yozulduğuna
görə, gah tamaşaya qoyduğu əsər başqa
cür başa düşüldüyünə, gah da
yoldaşları ilə yeyib-içərkən söylədiyi
sağlıqdan millətçilik qoxusu gəldiyinə görə
«söhbətə» çağırırlar. 1971-ci ildə
Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin
Tədris Teatrında rejissor işləməyə
başlayır».
1976-cı
ilin aprelin 13-də öz ərizəsilə işdən gedən
C.Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində
yeni açılmış dövlət dram teatrında fəaliyyətə
başlayır, ömrünün sonunadək orada
çalışır: «1991-ci il mayın 30-da nömrəsi
bilinməyən bir «Volqa» avtomobili Cahidi vurur. Bu qəzadan həlak
olan C.Hilaloğlunu Ağdam şəhərində dəfn
edirlər.
C.Hilaloğlu
Azərbaycanın azad olacağı günün
yaxınlaşdığını duyurdu. Çox təəssüf
ki, həmişə arzusuyla yaşadığı günü
görə bilmədi».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 25 may.- S.14.