Vətəndaş cəmiyyəti və Milli-mənəvi dəyərlər

 

QHT-lər bu istiqamətdə bir sıra layihələr həyata keçirirlər

Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır.

Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin, milli-mənəvi dəyərlərin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan da fəal iştirak etməkdədir. Milli və bəşəri dəyərlərin sintezini dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar ölkəmizin dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmağa şərait yaradır. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.

1991-ci ildə Azərbaycan müstəqil dövlət quruculuğu yoluna qədəm qoyandan bəri öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı. Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

Media və Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə Hüseynovanın sözlərinə görə, hazırda Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inkişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur: «Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli-mənəvi dəyərlərə malik vətəndaşların yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub, tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir, vətəndaş kimi fəaliyyət göstərir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik insan nəzərdə tutulur. Ekspertlərin fikirincə, maddi və mənəvi inkişafda müvazinətin saxlanmasının beynəlxalq mədəni təşkilatlar səviyyəsində dəstəklənməsi dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnozları hələ də stimullaşdırmaqdadır. Fikrimcə, günümüzdə dövlətlə bərabər QHT-lərin də işinin əsas qayəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır. Təəssüf hissi ilə deməliyik ki, milli-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin də işlərində bir sıra nöqsanlar və çatışmazlıqlar mövcuddur. Bəzən bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir».

QHT sədri onu da qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarında olan QHT-lərin də üzərinə böyük məsuliyyət düşür: «Bu gün vətəndaşlarımızın milli ruhda tərbiyəsi, dövlətlə bərabər QHT-lərin də prioritet istiqamətlərindən biri olmalıdır. Bir şeyiqeyd etmək lazımdır ki, QHT-lərin inkişafı barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb. Xalqımızın böyük tarixi, zəngin mədəniyyəti var. Vətəndaş cəmiyyətinin aparıcı inistutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki, bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. QHT-lər bir məqamı da daim nəzərdə saxlamalıdırlar ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır».

Onu da vurğulayaq ki, qeyri-hökumət təşkilatlarının gənclərin vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun yüksəldilməsində oynadığı rolbu sahədə həyata keçirilməli olan işlər aktualdır. Çünki cəmiyyətin bu baxımdan maarifləndirilməsində vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Son zamanlarda ölkədə vətəndaş cəmiyyəti institutlarının ciddi dirçəlişi və fəallığı hiss olunur. Bu da ondan

ibarətdir ki, üçüncü sektorun fəaliyyətinin güclənməsi birinci növbədə dövlətin marağındadır və dövlət bu sahəyə xüsusi diqqət göstərərək QHT layihələrinin maliyyələşdirilməsinə vəsait ayırır.

Avropaya İnteqrasiya Mərkəzinin (AİM) sədri Şəhriyar Məcidov bildirib ki, bütün dünyanın qloballaşmainteqrasiya əsrini yaşadığı belə bir məqamda bu məsələ əslində əksər dövlətlərdə ümummilli səviyyələrdə düşünülməsi vacib olandaha çox milli kaloritin qorunub saxlanılması naminə atılması vacib olan addımlardan hesab edilir: «Amma bu problemi eyni zamanda mürəkkəb konseptual məsələ də hesab etmək olar. Burada problemin mürəkkəbliyi iki mühüm səbəblə əlaqədardır: birincisi, kosmopolit düşüncənin hakim olduğu məkan və zamanda biz QHT-lər olaraq vətənpərvərliyin, xüsusilə azərbaycançılıq məfkurəsinin və milli dövlətçilik ideyalarının məhz nə üçün gərəkli olduğunu gəncliyə aşılamağı bacarmalıyıq. Daha doğrusu, onun fəlsəfəsi dəqiqliklə dərk olunmalı və gənclik tərəfindən konseptual olaraq mənimsənilməlidir. İkincisi, əhalinin digər zümrələrindən fərqli olaraq, gənclik daha həssas təbəqədir və onun azad informasiya cəmiyyətinin və söz azadlığının hakim olduğu ölkəmizdə informasiya əldə etmə imkanları daha da genişdir və onların sürətli analiz etmək, sərbəst düşüncə qabiliyyətləri yüksəkdir. Amma bütün hallarda bu missiyanı məhz vətəndaş cəmiyyəti etməlidir. Əlbəttə, vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tuturonun vətənpərvərlik ideyalarının yaranmasında, milli

dövlətçilik şüurunun formalaşmasında və inkişafında rolu

danılmazdır».

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı isə qeyd edib ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir: «Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətənin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlidirlər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra etməkdədirlər. QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq

mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği, əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır».

Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir: «Bu dəyərlər sistemi mövcud olmadan cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, ölkəmizdə son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilir və keçirilməkdədir. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almalıdırlar. Eyni zamanda QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb

edir. Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir».

 

Cavid

 

Xalq Cəbhəsi.- 2013.- 25 may.- S.12.