Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizdə böyük zəfərdir

 

O zaman əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında milli, hüquqi dövlətin qurulması idi

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bütün Türk Dünyasının tarixi zəfəri idi. Professor Qüdrət Əbdülsəlimzadə bu fikirdədir: «Sivil dövlətçilik prinsiplərinə və atributlarına — çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. XIX yüzildən başlanan mürəkkəb ictimai-proseslərin gedişi Azərbaycan cəmiyyətində zamanın tələblərinə uyğun köklü dəyişiklikləri tarixi zərurət kimi irəli sürmüşdü. Xüsusilə XIX yüzilin sonu, XX yüzilin əvvəllərində bütövlükdə beynəlxalq aləmdə, o cümlədən də «qan və atəş» üzərində qurulmuş «millətlər həbsxanası» (Mirzə Bala Məmmədzadə) sayılan Çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması, habelə de-fakto tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həqiqətən misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Həsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri sayəsində «işıqlı ulduza» bənzətdikləri və «bir daha enməyəcəyinə inandıqları» «Millətin hüquqi, İstiqlalı, Hürriyyəti» amallı yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir. Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı — sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində reallaşması zəruriliyini nəzərə alsaq, Məhəmməd Əmin Rəsulzadənin sözləri nə qədər aktual səslənir: «Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir».

Q.Əbdülsəlimzadə düşünür ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş fəaliyyətini, onun iqtisadi-sosial siyasətini, beynəlxalq aləmdəki addımlarını düzgün qiymətləndirmək üçün ilk növbədə hakimiyyətə necə ağır miras qaldığını unutmamaq lazımdır: «O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis işləyirdi, maşınqayırma və metal emalı müəssisələrinin məhsul buraxılışı kəskin ixtisar olunmuşdu. Azərbaycan qəzalarında yerləşən mis mədənləri, pambıqtəmizləmə zavodları, ipək fabrikləri, habelə digər emal müəssisələri fəaliyyətini dayandırmışdı. Xəzər dənizində balıq ovu dəfələrlə azalmış, əkin sahələri ixtisar olunmuş, su təsərrüfatı sistemi dağılmış, taxılçılığa, maldarlığa, bağçılığa-meyvəçiliyə ciddi ziyan dəymişdi. Belə bir çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cariperspektiv konturları, onun lideri Məhəmməd Əmin Rəsulzadənin «Fikri, millisiyasi istiqlalın köküiqtisadi istiqlaldır» ideyası əsasında formalaşmışdı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını təşkil edən mülkiyyət — əmlak münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına dair müxtəlif variantların hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye sahələrinin inkişafına dair xətti, maliyyə-pul-valyuta siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri, ölkənin xarici iqtisadi-ticarət əlaqələrini genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fədakar və düşünülmüş fəaliyyəti əsil Milli Hökumət qayğılarının danılmaz ifadəsi idi. Milli Hökumətin dünya təsərrüfat həyatının acılı-şirinli təcrübəsinə əsaslanaraq konkret Azərbaycan reallıqlarını, eyni zamanda daxili-xarici təsir qüvvələrini nəzərə almağa çalışan iqtisadi tədbirlərinin həyata keçirilməsi gedişində təkamül yolunun seçilməsi, şübhəsiz, uzaqgörənlik və müdriklik kimi qiymətləndirilməlidir. Məhəmməd Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində hər bir yeni hakimiyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi: «Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi».

Torpaqondan istifadə məsələlərinə gəlincə, Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı «Azərbaycan islahatları geniş torpaqları «ölü halında» (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi. Belə bir yol, konkret reallıqları nəzərə alan uzaqgörən iqtisadi siyasətin nəticəsi idi. Mürəkkəb daxili və ziddiyyətli xarici vəziyyət şəraitində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ölkənin təsərrüfat həyatının müxtəlif sahələrinin bərpa olunub canlanması, habelə bu təməldə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, onun sosial qayğılarının həlinə çalışmışdı. Bütün çətinliklərə baxmayaraq ilk növbədə milli iqtisadiyyatın aparıcı sahəsi sayılan neft sənayesi böhran vəziyyətindən çıxarılaraq onun məhsullarının qonşu ölkələrə və dünya bazarına ixacına nail olunmuşdu».

Azərbaycan parlamentində neft istehsalı, satışı, onun üzərində nəzarətlə bağlı dəfələrlə hökumətin məlumatları dinlənilmiş, bu sahənin işinin yaxşılaşdırımasına dair bir sıra qanunverici sənədlər qəbul edilmişdi: «1918-ci ilin sonlarında Bakı-Batum neft kəmərinin bərpa olunub işə salınması Milli Hökumətin daxili vəziyyətinin sabitləşməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük rol oynamışdı. Təşkil olunub fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından sayılan milli pul vahidini tədavülə buraxmış, Azərbaycan Dövlət Bankı yaradılmış, maliyyə-kredit və vergi-gömrük sistemi formalaşdırılmış, Xəzər gəmiçiliyinin inkişafına ciddi qayğı göstərilmiş, Bakı-Culfa dəmir yolu xəttinin inşası başa çatdırılmış, Kür çayı üzərindən yeni körpü salınmış, ölkə ərazisində nəqliyyat rabitə, poçt-teleqraf, telefon əlaqələri nizama salınmış, xarici dövlətlərdə yüksək ixtisaslı milli kadrların hazırlanması işlərinə başlanmış, yeni məktəblər açılmış, yaşlı əhalinin savadsızlığını aradan qaldırmaq üçün xüsusi gecə kursları təşkil olunmuş, ilk ali təhsil ocağı sayılan Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı».

Milli Hökumətin sosial siyasət sahəsindəki tədbirləri ilk növbədə əhalinini müxtəlif təbəqələrinin — fəhlələrin, qulluqçuların, kəndlilərin, bütövlükdə xalqın maddi həyat-məişət səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdi: «Bu məqsədlə yaradılimış Əmək Hazirliyi, Fəhlə məsələləri üzrə Xüsusi Məsləhət Şurası, Baş Əmək Müfəttişliyi, arbitraj orqanları mədən və fabriklərdə işçilərin istehsal-əmək mühafizəsi, əməyin düzgün təşkili, kollektiv müqavilələrin bağlanması, sahibkarlarla işçilər arasında münaqişələrin qarşılıqlı razılaşmalar əsasında aradan qaldırılması, gününün müəyyənləşdirilməsi, əmək haqqının artırılması, sosial təminatın formalaşması, əhalininin sağlamlığı kimi məsələlərlə məşğul olub. Şərqin astanasında müstəqillik, demokratik dəyişikliklər, Azərbaycançılıq, müasirləşmə ideyalarının carçısı və onun əməli nümunəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti öz gərgin, səmərəli fəaliyyəti ilə əsil Milli Hökumət olduğunu sübut etdi. İllər keçəcək, qərinələr dolanacaq, yüzillər ötəcək, o unudulmaz günlərin, onun iştirakçılarının liderlərinin parlaq şöhrəti solmayacaq. Tarixi hadisələrin və siyasi xadimlərin, habelə əsil şəxiyyətlərin dəyəri, onların ümumiyyətlə, nə etdikləri ilə deyil, ilk növbədə əvvəlki nəsillərə, öz sələflərinə nisbətən yeni nələr etdikləri, qurduqları, yaratdıqları ilə müqayisədə ölçülüb qiymətləndirilir. Bu mənada Azərbaycan cəmiyyətinin milli-azadlıq hərəkatını canlandıran, proseslərə yeni nəfəs gətirən, onun önündə gedən, idarə edən, millətinin istiqlalı yolunda çalışan, «İstiqlal Bəyannaməsi»ni elan edən, Hökumət quran, parlament yaradan, müstəqilliyini beynəlxalq aləmdə tanıdan Vətən övladlarının adları, xidmətləri unudulmazdır. Milli oyanış və özünü dərkin ilkin addımları XIX yüzilin ikinci yarısından etibarən müxtəlif istiqamətli böyük maarifçi-demokratlar nəsli tərəfindən atılsa da, milli dövlətçilik, Azərbaycançılıq ideyası, müstəqillik amalları müstəvisində Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, xüsusilə «Azərbaycan dövlətçiliyinin elmi, nəzəri, konseptualideoloji əsasları»nı işləyib hazırlamış» (Nəsiman Yaqublu) Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu» (M.B.Məmmədzadə), habelə «xalqın tarixi yaddaşında, qanında və ruhunda dərin kök salmış milli istiqlal düşüncəsinə, inamiman gücünə söykənən» öndər şəxsiyyət tərəfindən» dövlət istiqlalını itirmiş bir xalqın və məmləkətin parlamentli, çoxpartiyalı dövlət formasının seçilməsi, tariximizin ən böyük nailiyyəti və hadisəsi» (Şirməməd Hüseynov) mərtəbəsində, zirvəsində qiymətləndirilməlidir. Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur. Onun millət yanğısı, gələcəyimizə inamla xeyir-duaları həmişə bizi haqq-ədalətə çağıracaq».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 28 may.- S. 11.