Ədəbi mühitdə 1937-ci il repressiyası

 

Yaradıcılıq təşkilatlarında yazarlar bir-birinə qarşı qaldırılır, iclas və plenumlarda yaradıcılıq işindən daha çox siyasi mövqe ortaya qoyulurdu

Ötən yüzilin 20-30-cu illərində Azərbaycanda həyata keçirilən repressiya ədəbiyyata təsirini göstərdi. Professor Bədirxan Əhmədov ədəbiyyat və repressiya: xarakteri, genezisi və yanaşma meylləri mövzusunda araşdırma aparıb. O, bildirir ki, 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır: «Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar Stalin və Beriyanın repressiya «sunamisi» bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Repressiyanı dəyərləndirmədə hansı metodoloji meyarlar əsas götürülməlidir? Doğrudanmı kütləviliyi ilə anoloqu olmayan bu hadisə bu qədər sadə mexanizm üzərində («kimsə kimisə satıb», «filankəsin donosu əsasında güllələnməyə məhkum edilib», «yeni quruluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb», «filankəsi satdığı üçün sağ qalıb» və s.) qurulub? Bu sualları artırmaq da olardı, lakin dolğunluğu ilə repressiyanın mahiyyətini ifadə etmir. Ona görə ki: Repressiya — bir fərdin digərinə qarşı törətdiyi lokal hadisə deyil, sovet dövlət aparatı tərəfindən törədilmiş ictimai-siyasi məzmunlu kütləvi hadisədir. Repressiya — ədəbi hadisə deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi aksiyadır. Repressiya — milli hadisə olmadığı üçün onun nədənlərini yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu gün mötəbər sənəd kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və saxta faktlara əsaslandığından oradakı ifadələrin doğrudanmı həmin şəxsə mənsub olub-olmadığı, ona məxsus olsa belə hansı yollarla alındığı nəzərə alınmalıdır». İstintaq sənədlərinin əksəriyyətində insanların böyük bir qismi Mərkəzdə Stalinə, yerlərdə (Azərbaycanda M.C.Bağırov) I katiblərə olunan sui-qəsdlərdə iştirakına görə günahlandırılırdı. Buna baxmayaraq istintaq zamanı dindirmələr, demək olar, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını təşkil edirdi.

O ki qaldı şair və yazıçılara, xalq içərisində məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq aparılıb, saxta ittihamlarla günahlandırılıblar. Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə istintaq işini özündə ehtiva edir; ancaq istintaq daxilində o qədər subyektiv amillər olub ki, onların təfərrüatına getmək böyük və sistemli bir araşdırma tələb edir. Təkcə bunu demək kifayətdir ki, hər bir işdə olan bütün informasiyaları olduğu kimi qəbul etmək çətindir. Araşdırmalar göstərir ki, bütün bu ittihamların əsasında saxta və yalançı şahidlər, təsdiq olunmayan müstəntiq xəyalının məhsulu olan «faktlar» dayanırdı. 1956-cı ildə bəraət sənədlərində həmin şahidlərin verdiyi ifadədə 37-ci il ifadələrinin müstəntiq tərəfindən yazıldığı, yaxud saxtalaşdırıldığı qeyd olunurdu. Araşdırmalarımıza görə, repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmayıb. Bəzi xatirələrdən də aydın olduğu kimi, sağ qalanların böyük əksəriyyəti «veş-meşoku» hazır vəziyyətdə hər axşam aparılacağını gözləyirdi. Yaxud bu gün repressiya maşınının sükanı arxasında oturanın özü bir neçə gün sonra repressiya meyvəsini dadmalı olurdu. Hətta ən yüksək səviyyədə repressiya maşınını idarə edənlərin ya özləri, ya da ailə üzvləri qurban gedirdilər. Kommunist partiyasının görkəmli üzvlərinin bu aqibəti yaşaması ilginc faktlardan biridir. Yaxud repressiyanı birbaşa həyata keçirən orqanın (NKVD-nin) başında duran Yejovun cəmi bir-iki ildən sonra (1939) göndərdiklərinin dalınca getməsi repressiyanın anatomiyasının nə qədər mürəkkəb olduğunu göstərir.

Bütün bu mürəkkəbliklər repressiyanın xarakterini açmağın, Azərbaycan ədəbi prosesində oynadığı məşum rolu ortaya çıxarmağın asan olmadığını göstərir. Birdən-birə 1937-ci ildə siyasi hərarətin bu qədər qalxması, cəmiyyətdə «kim kimi» məsələsinin qarşıda kəskinliklə dayanması cəmiyyətin özünün deyil, siyasi hakimiyyətin problemi idi. Bu gün dost olan sabah «düşmən»ə və yaxud əksinə çevrilə bilərdi. Dünən «nazir», MK katibi olan bu gün «terrorçu», yaxud «imperalizm agenti», «müsavatçı», «millətçi», «pantürkist» və ya «panislamist» kimi damğalanırdı. Bu istiqamətdə keçirilən tədbirlər yalnız şəxsiyyətlərə qarşı yönəlmir, xalqın milli-mənəvi, mədəni genosidinə səbəb olurdu; tarixi mədəniyyət abidələri dağıdılır, yüz illərlə yaşı olan məscidlər, minarələr, abidələr uçurulur, qiymətli əlyazma və kitablar yandırılır. Kommunist S.M.Kirova qarşı terror ölkədə «əksinqilabçılar»a, «millətçilərə» (müxalifət yox idi) qarşı mübarizəni bir qədər də gücləndirir. «Xalq düşmənləri»nin aşkarlanması prosesi Azərbaycanın bütün ərazisində həyata keçirilir və xalqın başı üzərində «qara kabus» dolaşmaqda davam edir. Əvvəlcə elə Azərbaycanda sovet hakimiyyətinin yaradılmasında «müstəsna» xidmətləri olan Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Sultanov, D.Bünyadzadə, R.Axundov həbs edilir, mətbuatda onların «xalq düşməni» obrazı yaradılırdı. Ayrı-ayrı şəhər, rayon zəhmətkeşlərinin bütün detallarına qədər hazırlanmış mitinqlərində bu insanlara «lənətlər yağdırılır», onların məhkum olunmasını tələb edir, yaxud əgər həbs olunmuşsa, bu hərəkəti «alqışlayırdılar». Bütün ölkə üzrə fasiləsiz mitinqlər gedir, hər gün yeni məhkəmələr qurulurdu».

Araşdırmaçı hesab edir ki, yaradıcılıq təşkilatlarında da eyni ab-hava davam edirdi; ittifaq üzvləri bir-birinə qarşı qaldırılır, iclas və plenumlarda yaradıcılıq işindən daha çox siyasi mövqe ortaya qoyulurdu: «Azərbaycan ədəbi mühitində repressiya hərarəti 1937-ci ilin əvvəlindən yüksəlir. Yazıçılar İttifaqının iclası (28 yanvar) özünün siyasi fonunun kəskinliyi ilə əvvəlkilərdən fərqlənir. Yazıçılar «antisovet trotskiçi, ziyançı, diversiyaçı, cəsus» və s. haqqında danışaraq bu cür hadisələrə nifrət hisslərini bildirirlər. İclasın axırında qərar qəbul edilir. Qərarda deyilirdi: «Biz insan ruhunun mühəndisləri (bu ifadə İ.V.Stalinə məxsus edilirdi) olan yazıçılar Stalin adı ilə nəfəs alır, Stalin epoxası ilə qidalanırıq. Biz Stalinizmi canımızdan artıq sevirik, ona qarşı qalxan xain, murdar və çirkin əllərin kəsilməsini onun həyatına terror hazırlayan zəhərli ilanların başının kəsilməsini tələb edirik. Biz yazıçılar gələcək əsərlərimizdə sinfi düşmənlərin bu həyasız metodlarını bədii obrazlarla ifadə edərək onların bütün qalıqlarını ifşaya qalxacağıq».

Həmin ilin martında Yazıçılar İttifaqında keçirilmiş plenumda 4 məsələ müzakirəyə qoyulmuşdu. H.Cavid məsələsi, M.Müşfiq məsələsi, Ə.Cavad məsələsi, Y.Vəzir məsələsi. Plenum üç gün davam etmiş, demək olar, bütün yazıçı və şairlər özünütənqid ruhunda çıxış etmişdilər. Şübhəsiz, əsas tənqid hədəfləri H.Cavid, M. Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. Bu da plenumun gündəliyindən irəli gəlirdi. H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi: «Yazıçılar içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişib. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmayıb». Bütün çıxışlar əsasən tənqidi notlar üzərində qurulsa da, sənətkarlar haqqında müsbət fikirlər də səslənirdi: «Bununla belə Cavidin ikinci əhəmiyyətini qeyd etmək lazımdır. O, bizim kinoya gəlib qeyd etmiş ki, o, «Koroğlu» teması (burada H.Cavidin yazmaq istədiyi «Koroğlu» nəzərdə tutulur-B.Ə.) üzərində işləmək istəyir. Söz ustası Cavid kino üçün müəyyən iskeleti olan inqilabi nöqteyi-nəzərlə bizim xalqın inqilab mübarizəsini göstərən bədii əsərin üzərində danışmaq istəyirəm…» Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq ədəbi cameənin Cavidə şəxsi münasibəti həmişə yaxşı olub, ona böyük hörmətlə yanaşılıb.

Y.V.Çəmənzəminli «Studentlər» romanını «kontrevolyunsion» mahiyyətli əsər hesab edənlərə özünümüdafiə məqsədilə deyirdi: «İndi bu gün Oktyabr inqilabının XX illiyinə aid iki əsər hazırlayıram. Birisi Vaqif dövrünə aid 15 peçatlıq list romandır (sonralar «Qan içində» adı ilə dərc olunan əsərini nəzərdə tutur-B.Ə.). İkinci, Mingəçevir məsələsi barəsində ən aktual məsələdir. Mən zənn edirəm ki, aktual sahədə nə qədər əsər yazmışam, hamıdan yaxşı olacaqdır». Çıxış edənlərin əksəriyyəti H.Cavid, Ə.Cavad, Y.Vəzirə olan münasibətdən fərqli olaraq M.Müşfiq yaradıcılığına qayğı ilə yanaşmağın vacib olduğunu vurğulayıblar. Hətta plenumda iştirak edən MK nümayəndəsi Ayna Sultanova özü Müşfiq haqqında müsbət fikirlər söyləmişdi. Plenumun ikinci günü (19 mart) M.Müşfiq öz çıxışında «dərin bir səmimiyyətlə» özünün keçmiş səhvlərini «etiraf etmiş» və özünü yenidən qurmaq istədiyini söyləmişdi.

Ən maraqlı cəhətlərdən biri-plenum iştirakçılarının həmin gün axşam xalq xanəndəsi Xanın konsertinə birgə getmələridir. Göründüyü kimi, Yazıçılar İttifaqının bir neçə gün (18-21 mart) davam edən plenumu qərəzli tənqidlər, ittihamlarla yanaşı mədəni tədbirlərlə də müşayiət olunur. Daha bir neçə ay keçir, ədəbi təşkilatda repressiyanın aparılması üçün məqam gözlənilir. Belə bir məqam Azərbaycan K(b)P XIII qurultayında reallaşır. İyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev, H.Sultanov və başqalarını «əksinqilabçı», «xalq düşməni» elan edir. O, öz nitqində Yazıçılar İttifaqını da yaddan çıxarmır: «Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar! Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdı».

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 30 may.- S.14.