Əsir düşmüş
uşaqlarımız…
Qarabağda gedən döyüşlər zamanı əsir düşmüş, həyatını və uşaqlığını itirmiş körpələrin bir çoxunun taleyi hələ də naməlumdur
Dünyanın ən məsum sualını əsir düşmüş uşaq verib: «Ana, uşaqları balaca güllələrlə öldürəcəklər?» Dünyanın bütün diplomatları, milyardlara sahib pul hərisləri, insan qanı üzərində torpaqlar qəsb edən generalları, orduları bu sualın qarşısında acizdir. Dünya, pul, mal-dövlət, qızıl, hakimiyyət bu məsumiyyət və günahsızlığın qarşısında parlaqlığını itirir.
Dünyanın bütün uşaqları bir-birinə bənzəyirlər; öz ərköyün və şıltaq təbiətləri, məsum baxışları, şirin gülüşləri ilə. Onlar isə kimsəyə bənzəməzlər; naməlum qalan taleləri ilə. Qarabağda gedən döyüşlər zamanı əsir düşmüş, həyatını
və uşaqlığını itirmiş körpələrin bir çoxunun taleyi hələ də naməlumdur. Dünyaya uşaq gəlir ki, sevinc gətirsin; ata qəlbinə təpər, ana ürəyinə fərəh kimi. Onlar isə həm valideynlərinə, həm də Azərbaycana öz boylarından, yaşlarından da böyük və ağır dərd yükü qoyub qeyb oldular!
Əsir, İtkin düşmüş və Girov Götürülmüş Vətəndaşlarla bağlı Dövlət Komissiyasının məlumatına görə, əsir, itkin düşmüş 4030 nəfərdən 877-sinin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1401 nəfər azad edilib. Onlardan 342 nəfər qadın, 1058 nəfər kişidir. Eyni zamanda 175 nəfəri isə uşaqdır (64 nəfər azyaşlı qız). Erməni silahlıları tərəfindən əsir və girov götürülmüş uşaqların bir çoxunun taleyi hələ də naməlumdur və Ermənistan rəsmi dairələri bu barədə danışmaqdan imtina edirlər.
Xocalı şəhərinin işğalı zamanı 1987-ci il təvəllüdlü Rəcəb Elxan oğlu, 1988-ci il təvəllüdlü Səbinə Elxan qızı və 1992-ci təvəllüdlü Məhsəl Elxan oğlu anaları Hüseynova Mehriban Allahverdi qızı ilə birlikdə ermənilər tərəfindən girov götürülüblər. Keçmiş hərbi əsir Mayıl Məmmədovun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevanda istintaq təcridxanasında görüb. Lakin erməni tərəfi hələ də Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
Xocavənd rayonunun Qaradağlı kənd sakini Tağıyev Mamed Qaçay oğlunun bildirdiyinə görə, 1993-cü ildə Abo adlı bir erməni milis işçisi ratsiya ilə ona Hüseynova Mehribanın üç uşağı ilə birlikdə Xankəndindəki uşaq bağçasında saxlanıldığını bildirib.
3 yaşlı Aygün 1993-cü Kəlbəcər rayonunun işğalı zamanı 14 yaşlı bacısı Nəsibə, qardaşları 13 yaşlı Azər, 10 yaşlı Məzahir, 9 yaşlı Bəxtiyar, 12 yaşlı Yaşarla birlikdə girov götürülüb. 14 iyul 1993-cü ildə Nəsibə, Azər və Bəxtiyar girovluqdan azad edilmişlər. Aygün, Yaşar və Məzahir isə girovluqda qalmışlar. 1993-cü ildə cəbhə xəttində keçirilmiş görüş zamanı ermənilərin Azərbaycan tərəfinə təqdim etdiyi azərbaycanlı əsir və girovların siyahısında Aygün Quliyevanın da adı olmuş və onun Xankəndində saxlanıldığı göstərilmişdir.
7 yaşlı Bəndəliyev Xəyal Elbrus oğlu Kəlbəcər rayonunun işğalı zamanı ailəsi ilə birlikdə şəhərdən çıxarkən girov götürülüb. Keçmiş girov Müşfiq Əliyev Xəyalın ermənilər tərəfindən girov götürülməsini təsdiq etmiş, onun naməlum istiqamətə aparıldığını bildirmişdir. Xəyalın erməni girovluğundakı taleyi o andan naməlumdur. Onunla birlikdə girov götürülən Tural Əliyev də bu gün taleyi məlum olmayan girovların sırasındadır. Girov götürüləndə Turalın 11 yaşı vardı. 1993-cü cəbhə xəttində Azərbaycan tərəfinə təqdim edilən siyahıda Turalın da girov saxlanıldığı göstərilib.
Qubadlı rayonu işğal olunarkən ataları İzzət Məcnunov və anaları Afilə Məmmədova qızı ilə birlikdə girov götürülmüş 11 yaşlı Məcnunova Səkinə İzzət qızı və onun bacısı 15 yaşlı Gülafənin Xankəndi şəhərindəki uşaq bağçasında saxlanılması faktını onlarla birlikdə saxlanılmış Elman Babayev təsdiq edir.
Ailəsi ilə birlikdə girov götürülmüş Füzuli rayon sakini, 7 yaşlı Vaqif Rəhimovun Xankəndində saxlanılması isə əsir və girovların dəyişilməsi ilə bağlı ermənilərlə aparılan danışıqlar zamanı məlum olub. Lakin erməni tərəfi girovları gətirmədiyindən dəyişilmə baş tutmayıb. Qardaşının bildirdiyinə görə, 1994-cü ildə Xankəndi alayının rəisi Elmira Ağayan telefon əlaqəsi zamanı onların Hadrut rayonunun Edilli kəndində mülki şəxslər tərəfindən saxlanıldığını demişdir.
6 yaşlı Səlim Əliyev qardaşı 12 yaşlı Səbuhi ilə bərabər Xocalının işğalı zamanı girov götürülüblər. Beynəlxalq Amnistiya Təşkilatından Ann Burlinin imzası ilə 1993-cü ildə Dövlət Komissiyasına daxil olmuş məktubda Səbuhi və Səlim Əliyevlərin, o cümlədən, 5 yaşlı Samir Cəfərovun girov saxlanıldığı qeyd edilib. Lakin indiyədək bu uşaqlar haqqında da heç bir məlumat yoxdur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1.03.2004-cü il tarixli məlumatına görə, münaqişə zonasında əsir və girov götürülməsi faktı ermənilər tərəfindən danılan şəxslərdən 18 nəfəri 14 yaşına qədər olan uşaqlardır. Girov götürülən zaman onlardan ən böyüyü — Gülafə 14 yaşında, ən kiçiyi Məhsəl isə cəmi ay yarımlıq idi. Girov götürüləndən sonrakı taleyi məlum olmayan bu 18 uşaq valideynləri və qohumları tərəfindən axtarılır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi bütün məsələlərdə olduğu kimi burada da beynəlxalq hüquq normaları ilə bərabər, həm də ən adi insani dəyərlərə məhəl qoymadan bu uşaqların girov götürüləndən sonrakı taleyi haqqında susmaqdadır.
Azərbaycanın və beynəlxalq qanunların nəzarətindən çıxmış Dağlıq Qarabağ ərazisində bu gün hüquqi normalara əməl edilmir. Ermənistan artıq dünya mətbuatında insan orqanlarının və ümumən, insan alverində donor kimi öndə gedən ölkələr siyahısındadır. Əsir və girov götürülmüş, lakin bu gün itkin kimi axtardığımız vətəndaşlarımızın bu baxımdan da hədəfdə olduğunu demək mümkündür. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanın ən ağırı məhz itkin düşmüş uşaqlar problemidir. Azərbaycan üçün problemin ağrılı tərəfi də uşaqlarımızın axtarışının məhz göstərilən yerlərdə aparmaq imkanında olmamağımızdır. İstər əsir, girov və itkinlərin axtarışı, istərsə də insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bu sahədə öz bacarıqsızlıqlarını və gücsüzlüklərini nümayiş etdiriblər. Lakin erməni tərəfinin sayğısızlığı həmişə cavabsız qalıb ki, son nəticədə bunun zərbəsi təkcə Azərbaycana deyil, bütün bəşəri dəyərlərə dəyəcək.
15 yaşlı Məmmədova Nəzakət İsrafil qızı Şuşa şəhərinin işğalı zamanı atası ilə birlikdə girov götürülmüşdür. Uzun müddət uşağın gözü qarşısında atasının heysiyyətinə toxunulmuş, ləyaqəti alçaldılmış, döyülüb incidilmiş, qulağı kəsilmiş, qızmar dəmirlə bədəni dağlanmış, bir sözlə, ömürlük mənəvi və fiziki şikəst edilmişdir. Yalnız bütün bunlardan sonra ermənilər atanı buraxmış, qızı isə daha bir neçə ay girovluqda saxlayaraq ona dəhşətli işgəncələr vermiş, ata-anası ermənilər tərəfindən bitib-tükənməyən şantajlara, tələb və hədə-qorxulara məruz qalmış, nəhayət, Nəzakət Məmmədova 1993-cü ilin aprel ayında dörd milyon rus rubluna ailəsinə satılmışdır. Ağdam rayonunun işğalı zamanı bir ailənin 6 üzvü, o cümlədən iki uşaq və iki qadın girov götürülmüşdür. Ermənilər Xaqani Əliyevin qayınatasını və səkkiz yaşlı oğlunu güllələyib öldürmüş, həyat yoldaşı Könül Əliyevanı güllə ilə vurub ömürlük şikəst etmişlər. Ən acınacaqlısı isə odur ki, ermənilər yaraladıqları 3 yaşlı Şövqü Əliyevin qolunu müalicə etmək əvəzinə onun bazu sümüyünü əzələ qatı ilə birlikdə ehtimal ki, transplantasiya məqsədi ilə kəsib götürmüş, uşağı ömürlük şikəst etmişlər.
Girov götürüləndə iki yaşı olan Nurlanə Kərimova ömrünün erməni girovluğunda keçmiş dörd ayı ərzində qolundan və başından aldığı ciddi zədələrdən görmə qabiliyyətini itirmişdir. Lakin balaca Nurlanənin ən böyük və ömürlük itkisi özünün və övladının başına açılan vəhşi oyunlara, çəkdiyi hədsiz mənəvi və fiziki təhqirlərə dözə bilməyən anasının ölümü olmuşdur. Səmayə Kərimova müntəzəm alçaldılmalarla o həddə çatdırılmışdır ki, ana iki yaşlı balasını taleyin ümidinə buraxaraq iki dəfə intihara cəhd edərək venasını kəsmiş və nəhayət, zəhər içib özünü öldürmüşdür. 15 yaşlı Quliyeva Ofeliya Əli qızı Kəlbəcər rayonunun işğalı zamanı sol qolundan güllə yarası almış halda girov götürülüb. Baxımsızlıq və müalicə aparılmaması səbəbindən Ofeliyanın həmin qolu fəaliyyətdən
qalmışdır. Ofeliya nəinki girovluqdan azad edilməmiş, əksinə, erməni nəzarətçisi avtomat atəş ilə onu yaralamışdır. Qolundan şikəst olmuş Ofeliya yalnız bir il yarımdan sonra erməni əsiri ilə dəyişdirilib.
Şahidlərin ifadələrinə görə, susuz qalan uşaqlara ermənilər su əvəzinə sidik, yemək əvəzinə isə sidiklə
qarışdırılmış jmıx (mal-qara yeməyi) veriblər. Ermənilər öldürülmüş azərbaycanlıların qızıl dişlərini çıxarır,
üstlərindəki qızıl əşyalarını qarət edirmişlər. Zirzəmidə saxlandıqları müddətdə ermənilər cavan qızları və gəlinləri ayırıb, başlarını divara vurub huşsuz vəziyyətə salaraq naməlum istiqamətdə aparmışlar. Yuxarıda qeyd olunanlar ermənilər tərəfindən törədilmiş cinayət faktlarının az bir hissəsidir. Əsirlikdə olduğu müddətdə zərdablı Pənah İskəndərova Qubadlıdan olan, əsir götürülmüş qadınlar qulluq ediblər: «Qarnımdan aldığım yara çirk elədiyi üçün ermənilər Qırmızı Xaçın həkimlərini çağırıb məni onlara təqdim etdilər. Beləcə, Qırmızı Xaçın qeydiyyatına alındım. Sonra məni xərəklə Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Çox dəhşətli mənzərə idi. Azərbaycanlı qadınları, uşaqları erməni əsirliyində, çıxılmaz vəziyyətdə görmək mənim üçün çox dəhşətli idi. Onları bu vəziyyətdə görəndən sonra özümü demək olar ki, unutmuşdum. Çoxunun adını xatırlamasam da, onları görsəydim, əllərindən, ayaqlarından öpərdim. Çünki yaram ağır olduğundan, çirk elədiyindən onlara verilən işgəncələrə, yaralı olmalarına baxmayaraq, nəzarətlərini mənim üzərimdən əsirgəmirdilər. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram: Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü».
Əsirlikdə qalmış və taleyi naməlum olan körpələrin fotoşəkillərə baxmaq, bu baxışlardakı suallara, bu oğurlanmış təbəssümlərə dözmək çətindir! Onlar bizim üçün uşaq kimi qalıblar. Amma artıq onları uşaqlıqdan ən azı 20 ildən də çox zaman məsafəsi ayırır. Bu zamanda biz çox şey qazandıq, itirdiklərimizin ən ağrılı yarası məhz onlardır. İtkin uşaqlar! İndi onlara necə deyək ki, 1 İyun Beynəlxalq Uşaqlar Gününüz mübarək…
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 31 may.-
S.13.